Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-589/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı kommersiya işi Açar söz: lizinq müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlununu katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2-2(113)- 455/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus texnoloji avadanlığın lizinqə verilməsi barədə 25 may 2010-cu il tarixli 05-LA/10 nömrəli müqaviləyə əsasən lizinq verən qiyməti 732060 manat olan soyuducu anbarın avadanlıqlarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verməyi, lizinq alan avadanlığın dəyərindən 47100 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
3. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2010-cu il tarixli 05-LA/10 nömrəli müqaviləyə əsasən cavabdehin ümumi ödənişi 112270 manat, gecikdirilmiş borcu 360590 manat, cərimə borcu isə 480713,67 manat təşkil edir. Maliyyə arayışından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(105)-01/2018 sayqlı qətnaməsi ilə tutulmuş məbləğ nəzərə alınmaqla qalıq borc hesablanmışdır.
4. Cavabdehin "xxxx" ASC ilə bağladığı xx.xx.2010-cu il tarixli 05-LA/10 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimələrin hesablanması qrafikindən görünür ki, cavabdehə 2015-ci ilin İİİ rübündən gecikdirilmiş borca görə cəmi 78760,80 manat məbləğində cərimə borcu vardır.
5. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli 05-LA/10 nömrəli müqavilə üzrə 360590 manat gecikdirilmiş borcu və hesablanmış 480713,67 manat cərimə məbləğini qısa zaman ərzində iddiaçıya ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(102)-463/2019 saylı qətnaməsindən görünür ki, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli 2-2(85)- 119/2019 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası üzrə cavabdehdən 25 may 2010-cu il tarixli 05-LA/10 nömrəli müqavilə üzrə xx.xx.2015-ci il tarixədək yaranmış 277.800 manat əsas borc, 118.357 manat cərimə tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli 05-LA/10 nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixə 360590 manat gecikdirilmiş borcun və hesablanmış 480713,67 manat cərimə borcunun və hüquqi yardımla bağlı 350 manat, cəmi 841653,67 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 05-LA/10 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) soyuducu anbar avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2010-cu il tarixli 05-LA/10 nömrəli müqavilə üzrə 360590 manat gecikdirilmiş borcu və hesablanmış 480713,67 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-455/2022 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh əsas borc üzrə 360590 (üç yüz altmış min beş yüz doxsan) manat, 15000 (on beş min) manat cərimə, hüquqi yardıma görə 350 (üç yüz əlli) manat, cəmi 375940 (üç yüz yetmiş beş min doqquz yüz qırx) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli 9/2633 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2010-cu il tarixli 05-LA/10 saylı müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdehin xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-yə (Aqroservis ASC) ödənilməli olan borcu əsas borc üzrə 619790 manat, cərimə borcu üzrə 480713,67 manat təşkil edir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 25 may 2010-cu il tarixli 05-LA/10 nömrəli lizinq müqaviləsi imzalanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 360590 manat gecikdirilmiş borcu yaranmışdır. Buna görə həmin borcun tutulmasına dair iddia tələbi əsaslı hesab edilmişdir.
12. Əsasla borcla bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli 9/2633 nömrəli ekspert rəyinin giriş hissəsində ekspert qarşısında qoyulmuş sual kimi adıçəkilən qərardadın nəticə hissəsinin düzgün göstərilməsinə baxmayaraq, rəyin təsviri və nəticə hissələrindən görünür ki, rəydə cavabdehin maliyyə arayışının verildiyi xx.xx.2021-ci il tarixə deyil, xx.xx.2022-ci il tarixə olan borcu müəyyən edilmişdir.
13. Cərimə borcu ilə bağlı hissədə məhkəmə MPM-nin 467-ci maddəsinə əsasən iddianı qismən 15000 manat hissədə təmin etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-455/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini və yenidən ekspertiziya təyin edilməsi ilə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus texnoloji avadanlığın lizinqə verilməsi barədə 25 may 2010-cu il tarixli 05-LA/10 nömrəli müqaviləyə əsasən lizinq verən qiyməti 732060 manat olan soyuducu anbarın avadanlıqlarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verir. Avadanlıq Xırdalan şəhərində quraşdırılacaqdır. Lizinq alan avadanlığın dəyərindən 47100 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.3-cü bəndinə əsasən texnoloji avadanlığa mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Sözügedən müqaviləyə 01 saylı əlavədə cavabdeh tərəfindən 2010-2019-cu illər üzrə ödənilməli məbləğlər qeyd olunmuşdur. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2010-cu il tarixli 05-LA/10 nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş borcu 360590 manat, cərimə borcu isə 480713,67 manat təşkil edir. Cavabdehin "xxxx" ASC ilə bağladığı xx.xx.2010-cu il tarixli 05-LA/10 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimələrin hesablanması qrafikindən görünür ki, onun 2010-2018-ci illər üzrə cəmi 78760,80 manat məbləğində cərimə borcu vardır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli 05-LA/10 nömrəli müqavilə üzrə 360590 manat gecikdirilmiş borcu və hesablanmış 480713,67 manat cərimə məbləğiniqısa zaman ərzində iddiaçıya ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli 9/2633 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2010-cu il tarixli 05-LA/10 saylı müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdehin xx.xx.2022-ci il tarixədək "xxxx" ASCyə (Aqroservis ASC) ödənilməli olan borcu əsas borc üzrə 619790 manat, cərimə borcu üzrə 480713,67 manat təşkil edir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
17. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddə- müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddə- müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddə-lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddə- lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.12.4-cü maddə- lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır
“"xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı: 1-ci bənd-Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı: 4-cü bənd- mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödənilsin, mövcud qalıq portfeldən yığılan vəsaitin bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq hesabına köçürülsün.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 102.2-ci maddə-məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-455/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, 25 may 2010-cu il tarixli 05-LA/10 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə cavabdeh lizinqverərə soyuducu anbarın avadanlıqların lizinqə verilməsinə görə 47100 manat ilkin ödənişlə birgə 732060 manat ödəməli idi. Öhdəliyin icra müddəti üçün müəyyən edilmiş 10 il başa çatdığı halda cavabdeh lizinq müqaviləsi üzrə cəmi ilkin ödənişlə birgə 112270 manat ödəniş etmiş, qalan borcu ödəməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli 2-2(85)-119/2019 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası üzrə cavabdehdən 25 may 2010-cu il tarixli 05-LA/10 nömrəli müqavilə üzrə xx.xx.2015-ci il tarixədək yaranmış 277.800 manat əsas borc tutulmuşdur. Qalan hissədə əss borcun ödənildiyi cababdeh tərəfindən sübut edilmədiyindən iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslıdır.
22. Cavabdeh apellyasiya şikayətində iş üzrə təkrar ekspertiza keçirilməsini istəsə də, ekspert rəyi ilə hansı hissədə razı olmadığını qeyd etməmiş, apellyasiya şikayətində mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün konkret əsas göstərə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli 9/2633 nömrəli ekspert rəyi ilə cavabdehin ödənişi nəzərə alınmaqla hal-hazıradək ödənilməli olan əsas borcu düzgün hesablandığından (ekspert Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(85)-119/2019 saylı qətnaməsi ilə cavabdehdən tutulmuş əsas borcu nəzərə almadan hesablama aparmışdır), cavabdeh tərəfindən məhkəməyə ödəniş sənədləri təqdim edilmədiyindən, cərimə borcu isə məhkəmə tərəfindən azaldılaraq cəmi 15.000 manat müəyyən edildiyindən iş üzrə təkrar ekspertiza təyin edilməsi üçün qanuni əsas yoxdur.
23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 455/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-455/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.