Məhkəmə qərarları › İş №2-2(103)-589/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-589/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-589/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı "xxxx" Firmasının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması və müqavilə üzrə öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2-2(113)-2872/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Firması (satıcı) və "X10" MMC (alıcı) arasında bağlanmış 2022-ci il 5 iyul tarixli malların alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin şərtləri əsasında müvafiq malları satmağı, alıcı isə həmin malların qiymətini ödəməklə onları qəbul etməyi öz öhdələrinə götürür. Alqı-satqı müqaviləsinə eyni tarixli əlavə ilə onun 3-cü bəndinə 3.5-ci maddə əlavə edilmiş, həmin maddəyə əsasən alıcı öhdəlik götürür ki, 2023-cü il 31 dekabr tarixinə qədər 6.000 litr dizel yanacaq qatqısı sifariş edəcək, alacaq və dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəyəcək. Hazırda iddiaçı cavabdehdən pulun ödənilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Firması iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək onunla "X10" MMC arasında bağlanmış 2022-ci il 5 iyul tarixli alqı-satqı müqaviləsinə eyni tarixli edilmiş əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 6.000 litr dizel yanacaq qatqısının dəyərini təşkil edən 312.000 manatı iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının anbarından götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, dövlət rüsumunun əvəzini təşkil edən 100 manatın və hüquqi xidmətə görə ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə şərtinin icrası üçün mal sifariş etmiş və Azərbaycan Respublikasına idxal etmişdir. Buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərini icra etməmiş, razılaşdırılmış malları sifariş etməmiş, almamış və qiymətini ödəməmişdir. Göstərilən mallar hal-hazırda da iddiaçının anbarındadır və yer tutur. İddiaçı anbarı icarəyə götürür və orada artıq mal saxlamaqla bir az da artıq zərər edir. Malın dəqiq adı "X9 1L" gedir (artikul kodu 1975) və 1 litrinin qiyməti 52 manatdır. Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2-2(113)- 2872/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin izahatlarına əsasən hazırkı müqavilə üzrə cavabdeh tərəfindən, ümumiyyətlə, hər-hansı sifarişin verilməməsi müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə cavabdehdən qəbul edilməsini tələb etdiyi 6.000 litr dizel qatqısının hazırda iddiaçıda mövcud olması barədə sübut təqdim edilməmişdir. Belə ki, müqavilədə satılacaq mal kimi dizel qatqısı göstərilmişdir. İddiaçı tərəfindən məhkəməyə qeyd edilən malın tərəflərindən alınması ilə bağlı yük gömrük bəyannamələri təqdim edilsə də, həmin bəyannamələrdə 6.000 litr həcmdə dizel qatqısının alınması öz təsdiqini tapmır. Beləliklə, tərəflərin əvvəlki qarşılıqlı münasibətlərində yaranmış praktika nəzərə alınmalı, cavabdeh tərəfindən 6.000 litr həcmdə dizel qatqısının alınması ilə bağlı sifarişinin, malın alınması ilə bağlı iradə ifadəsinin olmaması, tərəflər arasında satılacaq malın adı, çeşidi, qiymətinin razılaşdırılmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında hər-hansı öhdəliyi yaranmamışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 404.2, 405.1, 567, 598.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində alqı-satqı müqaviləsi və eyni tarixdə də əlavə razılaşma imzalanmışdır. İmzalar və möhürlər mübahisələndirməmişdir. Müqavilənin və əlavə razılaşmanın etibarlılığı da tərəflər arasında mübahisələndirilməmişdir. Müqaviləyə əsasən əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 31 dekabr 2023-cü il tarixinə qədər 6.000 (altı min) litr dizel yanacaq qatqısının dəyərini iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının əldə etmək öhdəliyini cavabdeh "X10" MMC öz üzərinə götürmüşdür. Cavabdeh həmin müqavilə öhdəliyini icra etməkdən heç bir üzrlü səbəb göstərmədən yayınmışdır. Birinci instansiya məhkəməsinə həmin malın iddiaçı tərəfindən Azərbaycan Respublikasında idxal edilməsi faktı gömrük sənədləri ilə sübut edilmişdir. Buna baxmayraq məhkəmə öz qətnaməsində həmin faktı inkar etmişdir. Qətnamənin 26-cı bəndində məhkəmə qeyd etmişdir ki, iddiaçı 6.000 litr dizel qatqısının hazırda onda olmasını sübut etməmişdir. Halbuki, iş materiallarında olan arayışdan görünür ki, həmin malların hal-hazırda iddiaçının anbarında mövcud olması təsdiq olunur. İddiaçı cavabdeh qarşısında öhdəliklərini icra etmək məqsədi ilə pul vəsaiti sərf etmiş və bu günə qədər həmin malları anbarında saxlamışdır. Cavabdeh isə həmin malları 100% avans qaydasında dəyərini ödəmək şərti ilə xx.xx.2023-cü il tarixinə qədər alacağını öhdəsinə götürmüş, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.2, 599.1-ci maddələrinin tələblərinə biganə qalaraq öhdəliyini icra etməmişdir. Bununla da iddiaçının bu öhdəliyin icrasının məhkəmə qaydasında təmin edilməsini tələb etmək kimi subyektiv hüququ yaranmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan müəyyən edilmiş hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli 2-2(103)-1037/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşaraq qeyd etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mübahisə predmeti olan müqavilə real müqavilə olduğundan və iddiaçı malın mövcudluğunu sübuta yetirə bilmədiyindən və nəticə etibarı ilə malı cavabdehə vermədiyindən, eləcə də cavabdeh malı sifariş edərək götürmədiyindən müqavilə qüvvəyə minməmişdir. Odur ki, hazırkı müqavilənin icra edilməsi tələbi təmin edilə bilməz. Beləliklə, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 385.1, 404.1, 404.2, 442, 443.1, 448.1, 567, 568.1, 579.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 19 dekabr tarixli Qərarına və MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 116/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarı ilə İddiaçı Firmasının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-1037/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində real və konsensual müqavilələrin mahiyyətini və fərqlərini düzgün izah etsə də, konkret olaraq mübahisəli müqaviləni real müqavilə kimi qiymətləndirməklə maddi hüququn tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 27) görə, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Göründüyü kimi, konsensual müqavilələrdə tərəflər öz öhdələrinə gələcəkdə konkret öhdəliklərin yerinə yetirilməsini götürürlər. Yəni, konsensual müqavilələr gələcəyə yönəlik müqavilələrdir. Hazırkı halda da müqavilənin əlavəsi ilə müqavilənin özünə yeni maddə əlavə edilmiş, həmin maddənin şərtinə uyğun olaraq alıcı öz üzərinə konkret öhdəlik götürmüşdür ki, 2023-cü il 31 dekabr tarixinə qədər 6.000 litr dizel yanacaq qatqısı sifariş edəcək, alacaq və dəyərini bu Müqavilənin şərtlərinə uyğun ödəyəcək. O da qeyd olunmalıdır ki, məhkəmələrin istinad etdikləri sözügedən əlavə razılaşmaya görə, “Bu əlavə razılaşma tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissədir. Əlavə tərəflərin iradə ifadəsinin hüquqi forması olmaqla müqavilənin şərtlərinə olan qeyri-müəyyən halların aradan qaldırılması, xüsusi şərtlərin müəyyən olunması və ticarət münasibətlərinin səmərəliyinin artırılması məqsədilə bağlanılır.”. Əlavə razılaşmanın digər şərtində isə nəzərdə tutulmuşdur ki, “Bu əlavə razılaşma məzmununda başqa hal müəyyən olunmayıbsa, imzalandığı andan qüvvəyə minir. Daha əvvəl imzalanmış sənədlərlə hazırkı əlavə razılaşmanın şərtləri arasında ziddiyyət yarandıqda tarix etibarilə daha yeni şərtlər tətbiq olunur.”. Əlavə razılaşmanın istinad olunan şərtlərindən aydın olur ki, alıcı (cavabdeh) öz üzərinə 2023-cü il 31 dekabr tarixinə qədər 6.000 litr dizel yanacaq qatqısını sifariş edəcəyi, alacağı və dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəyəcəyi barədə konkret öhdəliklər götürmüş, əsas müqavilənin tərkib hissəsi olan həmin şərt müqavilə şərtlərindəki qeyri-müəyyənliyin aradan qaldırılaraq xüsusi şərtlərin müəyyən olunması məqsədilə razılaşdırılmış, əlavə razılaşma imzalandığı andan qüvvəyə minərək tərəflər üçün məcburi qüvvə almış, eləcə də əsas müqavilə ilə əlavə razılaşmanın müddəaları arasında ziddiyyətin yaranacağı təqdirdə məhz əlavə razılaşmanın şərtlərinin üstün götürüləcəyi nəzərdə tutulmuşdur. Məhkəmə Kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə istinad edərək və yuxarıda qeyd olunan əlavə razılaşmanın şərtlərini nəzərə alaraq o nəticəyə gəlir ki, sözügedən razılaşma əslində apellyasiya instansiyası məhkəmənin hesab etdiyi kimi real deyil, məhz konsensual müqavilədir, həmin müqavilə imzalandığı gündən qüvvəyə minmiş, qüvvəyə mindiyi tarixdən də alıcının onunla öz üzərinə götürdüyü öhdəlik məcburi xarakter almışdır. O da qeyd olunmalıdır ki, hüquq ədəbiyyatında özündə konkret ikitərəfli (qarşılıqlı) öhdəlikləri əks etdirən və əvəzli xarakter daşıyan müqavilələrin böyük hissəsinin, o cümlədən alqı-satqı müqaviləsinin, xüsusilə də yazılı alqı-satqı müqaviləsinin onların şərtlərinin məzmunundan asılı olaraq əksər hallarda məhz konsensual xarakter daşıdığı geniş şəkildə ifadə edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” 2018-ci il 11 iyun tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. O da qeyd olunmalıdır ki, cavabdeh əvvəlcədən öhdəlik şəklində öz üzərinə götürdüyü sifarişi verməməklə faktiki olaraq müqavilənin icrasından imtina etmişdir. Məhkəmə Kollegiyası hesab etmişdir ki, hazırkı halda iddiaçının əlavə razılaşma ilə şərtləşdirilmiş 6.000 litr dizel yanacaq qatqısının bugünkü dəyərini ödəməklə həmin malları anbardan götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi istinad olunan normanın tələbinə də (“əşyanı qəbul etməyi tələb edə bilər”) uyğun olmuşdur. Eyni zamanda, alqı-satqı müqaviləsinin bir növü olan göndərmə müqaviləsinə görə, mal göndərən-sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür (MM-in 627.1-ci maddəsi). Qanun, göndərmə müqaviləsində müəyyənləşdirilmiş əsaslar olmadan alıcı mal göndərəndən malı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə də mal göndərənə alıcıdan malı ödəməyi tələb etmək hüququnu vermişdir (MM-in 635.4-cü maddəsi). Beləliklə, alıcı istər alqı-satqı müqaviləsi, istərsə də bu müqavilənin bir növü olan göndərmə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi pozaraq malı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə, satıcı həmin malın qəbul edilməsi və dəyərinin ödənilməsi vəzifəsinin alıcının üzərinə qoyulmasını tələb etmək hüququna malikdir. Digər tərəfdən, Məhkəmə Kollegiyası hesab etmişdir ki, mübahisəli müqaviləni ilkin müqavilə kimi qiymətləndirmək də mümkün deyildir. Belə ki, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (MM-in 402.1-ci maddəsi). Hazırkı halda isə alıcı (cavabdeh) öz üzərinə 31 dekabr 2023-cü il tarixinə qədər 6.000 litr dizel yanacaq qatqısını sifariş edəcəyi, alacağı və dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəyəcəyi barədə konkret öhdəliklər götürmüşdür. Göründüyü kimi, mübahisəli müqavilədə konkret tarixdə 6.000 litr dizel yanacaq qatqısının alınmasına dair əsas müqavilənin bağlanacağı deyil, cavabdehin konkret tarixə qədər 6.000 litr dizel yanacaq qatqısını alacağı nəzərdə tutulmuşdur. Beləliklə, müqavilə ilə cavabdehə öz seçimi ilə 2023-cü il 31 dekabr tarixinədək ayrı-ayrı partiyalarla, yaxud birdəfəlik 6.000 litr dizel yanacaq qatqısını tam həcmdə almaq imkanı verilmişdir. Bundan başqa, mübahisəli müqavilə məzmun etibarilə 2023-cü il 31 dekabr tarixinə qədər yalnız 6.000 litr dizel yanacaq qatqısı üçün tam həcmdə sifarişin verilməsini deyil, həmçinin həmin malların alınması və dəyərinin ödənilməsi ilə bağlı bütün hərəkətlərin başa çatdırılmasını da özündə ehtiva edir. İddiaçının malın mövcudluğunu sübuta yetirə bilmədiyinə dair apellyasiya instansiyası məhkəməsinin dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin məsələ icra mərhələsində həll edilməli olduğundan ümumiyyətlə hazırkı məhkəmə icraatında sübutetmə predmetinə daxil deyildir. Belə ki, icra mərhələsində mövcud malın həcminin az olduğu aşkar ediləcəyi təqdirdə, iddiaçıya ödənilmiş pul vəsaitinin artıq hissəsinin cavabdehə qaytarılması mümkündür. Göstərilənləri ümumiləşdirərək Məhkəmə Kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüququn tətbiqində yuxarıda qeyd olunan pozuntulara yol vermiş, nəticədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamənin qüvvədə saxlanılması mümkün deyildir. Bununla belə, sifariş verilməli olan 6.000 litr dizel yanacaq qatqısına görə cavabdehin ödəməli olduğu pul vəsaitinin həcmi aşağı məhkəmə instansiyalarında konkret müzakirə və qiymətləndirmə predmeti olmadığından hazırda bununla bağlı birmənalı nəticəyə gəlmək mümkün deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-1037/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda əks etdirilmiş hüquqi mövqelərə uyğun olaraq, qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən müqavilə üzrə sifariş verilməli olan mala görə cavabdehin ödəməli olduğu pul vəsaitinin həcmini dəqiq müəyyən etməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir”. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Proses iştirakçılarının izahatı: Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Firmasının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 və cavabdehin nümayəndəsi-vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

422. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 596.3. Alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən- sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 635.4. Müqavilədə müəyyənləşdirilmiş əsaslar olmadan alıcı mal göndərəndən malı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə mal göndərən alıcıdan malı ödəməyi tələb edə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarı.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında 5 iyul 2022-ci il tarixli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 31 dekabr 2023-cü il tarixinə qədər 6.000 (altı min) litr dizel yanacaq qatqısının dəyərini iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının əldə etmək öhdəliyini cavabdeh "X10" MMC öz üzərinə götürmüşdür. Müqaviləylə eyni tarixli əlavə ilə 3.5-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən, alıcı öhdəlik götürür ki, 2023-cü il 31 dekabr tarixinə qədər 6.000 litr dizel yanacaq qatqısı sifariş edəcək, alacaq və dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəyəcək. Hazırda iddiaçı da məhz 6.000 litr dizel yanacaq qatqısının dəyərini təşkil edən 312.000 manatı (iddiaçının bildirdiyinə görə) iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının anbarından götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələb edir. Birinci instansiya məhkəməsi isə tərəflərin əvvəlki qarşılıqlı münasibətlərində yaranmış praktika nəzərə alınmalı, cavabdeh tərəfindən 6.000 litr həcmdə dizel qatqısının alınması ilə bağlı sifarişinin, malın alınması ilə bağlı iradə ifadəsinin olmaması, tərəflər arasında satılacaq malın adı, çeşidi, qiymətinin razılaşdırılmadığını nəzərə alaraq hesab etmişdir ki, bununla da cavabdehin iddiaçı qarşısında hər-hansı öhdəliyi yaranmamışdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, işin müəyyən edilmiş hallarına tərəflərin qarşılıqlı münasibətləri baxımından qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən müəyyən edilir ki, konsensual müqavilələrdə tərəflər öz öhdələrinə gələcəkdə konkret öhdəliklərin yerinə yetirilməsini götürürlər. Yəni, konsensual müqavilələr gələcəyə yönəlik müqavilələrdir. Hazırda müqavilənin əlavəsi ilə tərəflər arasında bağlanmış müqavilənin özünə yeni maddə əlavə edilmiş, həmin maddənin şərtinə uyğun olaraq alıcı öz üzərinə konkret öhdəlik götürmüşdür ki, 31 dekabr 2023-cü il tarixinə qədər 6.000 litr dizel yanacaq qatqısı sifariş edəcək, alacaq və dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəyəcəkdir. Əlavə razılaşmadan həmçinin görünür ki, bu əlavə razılaşma tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissədir. Əlavə tərəflərin iradə ifadəsinin hüquqi forması olmaqla müqavilənin şərtlərinə olan qeyri-müəyyən halların aradan qaldırılması, xüsusi şərtlərin müəyyən olunması və ticarət münasibətlərinin səmərəliyinin artırılması məqsədilə bağlanılır. Bu əlavə razılaşma məzmununda başqa hal müəyyən olunmayıbsa, imzalandığı andan qüvvəyə minir. Daha əvvəl imzalanmış sənədlərlə hazırkı əlavə razılaşmanın şərtləri arasında ziddiyyət yarandıqda tarix etibarilə daha yeni şərtlər tətbiq olunur. Beləliklə əlavə razılaşma ilə müəyyən edilir ki, alıcı (cavabdeh) öz üzərinə 31 dekabr 2023-cü il tarixinə qədər 6.000 litr dizel yanacaq qatqısını sifariş edəcəyi, alacağı və dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəyəcəyi barədə konkret öhdəliklər götürmüş, əsas müqavilənin tərkib hissəsi olan həmin şərt müqavilə şərtlərindəki qeyri-müəyyənliyin aradan qaldırılaraq xüsusi şərtlərin müəyyən olunması məqsədilə razılaşdırılmış, əlavə razılaşma imzalandığı andan qüvvəyə minərək tərəflər üçün məcburi qüvvə almış, eləcə də əsas müqavilə ilə əlavə razılaşmanın müddəaları arasında ziddiyyətin yaranacağı təqdirdə məhz əlavə razılaşmanın şərtlərinin üstün götürüləcəyi nəzərdə tutulmuşdur. Göründüyü kimi sözügedən razılaşma məhz konsensual müqavilədir, həmin müqavilə imzalandığı gündən qüvvəyə minmiş, qüvvəyə mindiyi tarixdən də alıcının onunla öz üzərinə götürdüyü öhdəlik məcburi xarakter almışdır. Bundan başqa Məhkəmə Kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” 2018-ci il 11 iyun tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Məhkəmə Kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, işin faktiki halları ilə müəyyən edildi ki, cavabdeh əvvəlcədən öhdəlik şəklində sifariş verilməsini öz üzərinə götürüb, lakin həmin sifarişi verməməklə faktiki olaraq müqavilənin icrasından imtina etmişdir. Göründüyü kimi alıcı (cavabdeh) əslində qüvvəyə minən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da əlavə razılaşmanın şərtini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1 və 448.2-ci maddələrinin tələbləri baxımından cavabdeh əlavə razılaşmada öz üzərinə götürdüyü və bilavasitə özünün risk dairəsinə daxil olan öhdəliyi qəsdən icra etməməklə onu təqsirli şəkildə pozmuşdur, buna görə də məsuliyyət daşımaqdadır. Hazırda da iddia tələbi cavabdehin icra etməməklə pozduğu konkret müqavilə şərtinə əsaslanır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.3cü maddəsinə əsasən alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının əlavə razılaşma ilə şərtləşdirilmiş 6.000 litr dizel yanacaq qatqısının anbardan götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi istinad olunan normanın tələbinə də uyğun olmuşdur. Göründüyü kimi mübahisəli müqavilədə konkret tarixdə 6.000 litr dizel yanacaq qatqısının alınmasına dair əsas müqavilənin bağlanacağı deyil, cavabdehin konkret tarixə qədər 6.000 litr dizel yanacaq qatqısını alacağı nəzərdə tutulmuşdur. Bununla da müqavilə ilə cavabdehə öz seçimi ilə 31 dekabr 2023-cü il tarixinədək ayrı-ayrı partiyalarla, yaxud birdəfəlik 6.000 litr dizel yanacaq qatqısını tam həcmdə almaq imkanı verilmişdir. Lakin işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh müqavilənin icrasından imtina etmiş, birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını düzgün araşdırmayaraq yanlış nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası hazırda sifariş verilməli olan 6.000 litr dizel yanacaq qatqısına görə cavabdehin ödəməli olduğu pul vəsaitinin həcminə münasibətdə qeyd edir ki, iddia tələbində eyni zamanda qeyd edilmişdir ki, malın dəqiq adı "X9 1L" gedir (artikul kodu 1975) və 1 litrinin qiyməti 52 manatdır. Bununla belə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-116/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarının 41-ci bəndində qeyd edilmişdir ki, əlavə razılaşmanın istinad olunan şərtlərindən aydın olur ki, alıcı (cavabdeh) öz üzərinə 31 dekabr 2023-cü il tarixinə qədər 6.000 litr dizel yanacaq qatqısını sifariş edəcəyi, alacağı və dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəyəcəyi barədə konkret öhdəliklər götürmüş, əsas müqavilənin tərkib hissəsi olan həmin şərt müqavilə şərtlərindəki qeyri-müəyyənliyin aradan qaldırılaraq xüsusi şərtlərin müəyyən olunması məqsədilə razılaşdırılmış, əlavə razılaşma imzalandığı andan qüvvəyə minərək tərəflər üçün məcburi qüvvə almış, eləcə də əsas müqavilə ilə əlavə razılaşmanın müddəaları arasında ziddiyyətin yaranacağı təqdirdə məhz əlavə razılaşmanın şərtlərinin üstün götürüləcəyi nəzərdə tutulmuşdur. Həmin qərarın 62-ci bəndində qeyd edilmişdir ki, yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda əks etdirilmiş hüquqi mövqelərə uyğun olaraq, qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən müqavilə üzrə sifariş verilməli olan mala görə cavabdehin ödəməli olduğu pul vəsaitinin həcmini dəqiq müəyyən etməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir. Göründüyü kimi “X9 1L" (artikul kodu 1975) dizel yanacaq qatqısının dəyərinin müəyyən edilməsi iş üzrə tərəflər arasında yaranmış hazırki mübahisənin həlli üçün zəruri olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya baxışı zamanı iş üzrə obyektiv nəticəyə gəlmək üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır. Təqdim edilmiş "xxxx" MMC-nin 18 iyul 2025-ci il tarixli, MEB-197-0625 saylı məktubu ilə daxil olmuş rəyindən görünür ki: Birinci sual üzrə - iddiaçının istifadəsində olan və iddia etdiyi kimi icarəyə götürdüyü anbarda saxlanılan 6.000 litr dizel yanacaq qatqısı mövcuddur. İkinci sual üzrə - qablaşdırma, markası, həcmi - 1 qutuda 6 ədəd 1 litr həcmində olan, baş hissəsində plomblu plastik qapaq daşıyan, yüngül metaldan istehsal edilmiş, üzərində istehsalçı tərəfindən çap edilmiş, mala aid məlumatları daşıyan, silindrik formada orijinal qablaşma; Markası - “X11-Zusatz” Üçüncü sual üzrə - alış qiyməti, gömrük rüsumları, ƏDV - alış qiyməti: 72640 manat, gömrük rüsumları: 11459 manat, ƏDV: 15814 manat (Qeyd: ƏDV qiymətin maya dəyərinə daxil edilmir), cəmi maya dəyəri - 88320 manat. Dördüncü sual üzrə - bir ədədinin qiyməti, ümumilikdə hazırkı real bazar dəyəri -1 ədəd malın bazar dəyəri (maya dəyəri marja): 14.72 + 40% = 20.6 manat, 6.000 ədəd malın ümumi bazar dəyəri: 20.6 x 6000 = 123,600 manat. Göründüyü kimi iddia ərizəsində malın 1 litrinin qiyməti 52 manat olması göstərilsə də, təqdim edilmiş rəydə həmin qiymət 20.6 manat müəyyən edilmişdir. Bununla bağlı Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mütəxəssis rəyi hər-hansı bir üstünlüyə malik deyil. O, sübutların yalnız bir növüdür və məhkəmə tərəfindən sərbəst şəkildə, lakin məcburi olaraq işdəki digər bütün sübutlarla əlaqəli və müqayisəli şəkildə qiymətləndirilir. Mütəxəssis rəyi çox vaxt mürəkkəb faktiki halların aydınlaşdırılmasında həlledici rol oynasa da, onun məhkəmə tərəfindən tənqidi təhlili vacibdir. Belə ki, mütəxəssis rəyində onun əsaslandırılmış olması, istifadə olunmuş tədqiqat metodları, alınmış nəticələrin aydın və anlaşıqlı şərh edilməsi tələb olunur. Təqdim edilmiş rəydən görünür ki, xx.xx.2025 tarixində, iddiaçınin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsindəki anbarda yerləşdirilən mallara "xxxx" MMC-nin qiymətləndirici mütəxəssisi tərəfindən vizual baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tədqiqat predmeti olan dizel yanacaq qatqısı “X11-Zusatz” malı eyni anbarda daşınma paletləri üstundə, üzərində tipoqrafik üsülla çap edilmiş istehsalçının logotipləri, etiketləri və digər məlumatlarını daşıyan, orijinal qablaşmada (karton qutularda) yığılmışdır. Hər karton qutunun daxilində 6 ədəd, hər birisi 1 litr həcmində olan, baş hissəsində plomblu plastik qapaq daşıyan, yüngül metaldan istehsal edilmiş, üzərində istehsalçı tərəfindən çap edilmiş, mala aid bütün zəruri məlumatları daşıyan, silindrik formada orijinal qablara doldurulmuş məhsullar mövcudur. Baxış zamanı qiymətləndirici mütəxəssis ümumi mal kütləsindən, təsadüfi seçmə üsulu ilə, 5 müxtəlif qutunu açaraq, daxilindəkiləri yoxlamış və fotoşəkillər çəkmişdir. Bundan sonra, malların ümumi sayı müəyyən edilərək, tədqiqat predmeti olan dizel yanacaq qatqısı “X11-Zusatz” malının 6 min ədəd sayda, hərəsi 1 litr həcmində, ümumi 6.000 litr həcmində mövcudluqu təsdiq edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş, tədqiqat predmetinə aid satınalma, daşınma və idxal sənədlərinə əsasən, yük gömrük bəyannamələrinin tarixinə alış qiymətləri, gömrük rüsumları və ƏDV hesablanmaqla, ayrılıqda qiymətlər müəyyən edilmişdir. Nəticə etibarı ilə 1 ədəd malın bazar dəyəri (maya dəyəri marja): 14.72 + 40%(marja) = 20.6 manat, 6.000 ədəd malın ümumi bazar dəyəri: 20.6 x 6.000 = 123,600 manat olması müəyyən edilmişdir. Göründüyü kimi mütəxəssis rəyi tərtib edilərkən mallara vizual baxış keçirilmiş, həmçinin tədqiqat predmetinə aid satınalma, daşınma və idxal sənədlərinə əsasən, yük gömrük bəyannamələrinin tarixinə alış qiymətləri, gömrük rüsumları və ƏDV hesablanmaqla, ayrılıqda qiymətlər müəyyən edilməklə nəticəyə gəlinmişdir. Bu hal iddiaçı tərəfindən təsdiq olunur. Belə ki, ekspertiza keçirilməsi barədə verdiyi vəsatətində iddiaçı "xxxx" MMC xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinin 1, 2, 3-cü sualların cavablarına etirazları olmamasını göstərmişdir. Bu isə mütəxəssis rəyinin qeyd edilən suallar üzrə cavablarının mübahisəsiz qaydada qəbulu kimi qiymətləndirilir. Həmçinin qeyd edilən mütəxəssis rəyini şübhə altına alan hal müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 13 avqust 2025-ci il tarixli hesabatından görünür ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin “Liqui Moly X9” (1 litr) məhsulunun bazar dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, 2025-ci ilin avqust ayına olan orta pərakəndə satış qiymətinin 53 AZN (4 mənbədə) sabit qalması, məhsulun rəqabətli və stabil qiymət siyasəti ilə satıldığını göstərir. Həmçinin "xxxx" MMC tərəfindən təqdim edilmiş CVN/A 13-083/2025 saylı 14 avqust 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən “Liqui Moly X9” (1 litr) dizel yanacaq qatqısının Azərbaycan Respublikası ərazisində 1 ədədinin (1 litr) və ümumilikdə (6.000 litr) bazar dəyəri 14 avqust 2025-ci il tarixinə 53,0 (əlli üç) manat/1 ədəd, 53,0 (əlli üç) manat x 6.000 ədəd= 318.000,0 (üç yüz on səkkiz min) manat təşkil edir. Göründüyü kimi "xxxx" MMC tərəfindən verilmiş hesabatda “Liqui Moly X9” (1 litr) məhsulunun 1 litrinin dəyəri ilə müəyyən edilmiş məbləğlə təqdim edilmiş digər iki rəy arasında kifayət qədər fərqlər mövcud olsa da, kollegiya hesab edir ki, təqdim edilən rəylər "xxxx" MMC-nin 18 iyul 2025-ci il tarixli, MEB-197-0625 saylı məktubu ilə daxil olmuş rəyinin əsassız olması qənaətinə gəlmək üçün əsas verməmişdir. Belə ki, həmin rəylər mallara baxış keçirilmədən, sadəcə ixtisaslaşmış satış mərkəzlərindən eləcə də online mağazalardan əldə edilmiş məlumatlara əsasən tərtib edilməklə əldə edilmiş nəticənin əsaslı olması baxımından işin halları ilə uyğun olmamışdır. Başqa sözlə, rəylərdə yalnız malın bazar dəyərləri müəyyən edilmişdir. Qeyd edilənlərlə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, 1 ədəd malın bazar dəyəri (maya dəyəri + marja): 14.72 + 40% = 20.6 manat götürülməklə, 6.000 ədəd malın ümumi bazar dəyəri (20.6 x 6000) 123.600 manat müəyyən edilməli və həmin vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya bu qənaətə gələrkən iddiaçının tərəflər arasında bağlanmış etibarlı olan müqavilədə malın adının və qiymətinin də göstərilməməsini nəzərə almışdır. Belə ki, malın dəqiq adının "X9 1L" olmaqla (artikul kodu 1975) və 1 litrinin qiymətinin 52 manat olması yalnız iddia ərizəsində istinad olunmuşdur. Kollegiya da iddia ərizəsində qeyd olunan məbləğləri təsdiqi olmadığı üçün sübut kimi qəbul etmir. Həmçinin kollegiya qeyd edir sözügedən qatqının da adının məlum olmasından sonra onun dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyləri təqdim edilmiş, lakin işdə olan bu rəylər arasında daha dolğun və ətraflı rəy vermiş "xxxx" MMC tərəfindən verilmiş hesabatı sübut növü kimi qiymətləndirmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş hesabatda “Liqui Moly X9” (1 litr) məhsulunun 1 litrinin dəyəri ilə müəyyən edilmiş məbləğin orta bazar marjasının ortalama 40% ilə qəbul edilməsi ilə verilmiş qiymətlə iddiaçının tələb etdiyi qiymətin (orta bazar marcası ilə) arasında olan kəskin fərq onu göstərir ki, tərəflər arasında bağlanmış etibarlı olan müqavilədə malın adının və qiymətinin də göstərilmədiyi halda ididaçının onu tələb etdiyi qiymətdə cavabdehdən ödənilməsini iddia etməsi bir növ hüquqdan sui-istifadədir. Kollegiya həmçinin də qeyd edir ki, müqaviləni və ona olan əlavənin qanuniliyini qəbul etməyən, lakin buna baxmayaraq onu mübahisələndirməyən cavabdehin həm də iddiaçı tərəfindən iddia edilən qiymətlə bağlı müqaviləyə etiraz etməsi də anlaşılandır. Məhkəmə Kollegiyası xüsusilə qeyd etməyi zəruri sayır, iddiaçının tələbinin əsası kimi istinad etdiyi mövqeyində qeyd etdiyi kimi, bir malın real bazar qiymətinin formalaşmasında onun maya dəyərinin üzərinə gələn təkcə ticarət əlavəsi (marja) deyil, həm də işçilərin əmək haqqı, ölkədaxili logistika, anbar, reklam və marketinq, mənfəət vergisi, ofis xərcləri və bu kimi digər mühüm xərclər də əlavə olunmasını nəzərə alınması kimi dəlilləri əsassızdır. Belə ki, məhz elmi ədəbiyyatda bir malın real bazar qiymətinin formalaşmasında onun maya dəyərinin üzərinə gələn ticarət əlavəsi (marja) 10-20% faizdən artıq olması müşahidə olunmur. Bu hallara dair hətta mövcud ədəbiyyatlarda belə 20% artıq malın real bazar qiymətinin maya dəyərinin üzərinə gələn ticarət əlavəsi (marja) qoyulması inhisarçılıq kimi qiymətləndirilir və bu qanunvericiliyə görə qadağandır (İstinad edilən ədəbiyyat: Damodaran, A. (2012). İnvesment Valuation; Penman, S.H.(2013). X2 and Security Valuation; Palepu, K., Healy, P. & Peek, E. (2019). Business Analysis and Valuation). Beləliklə Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Firması ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 6.000 (altı min) litr dizel yanacaq qatqısının dəyərini təşkil edən 123.600 manatı İddiaçı Firmasına qabaqcadan ödəməklə həmin malları İddiaçı Firmasının anbarından götürmək vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin, hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyinin hazırlanması üçün tələb edilən 1.500 manat pul vəsaitinin 750 manat hissəsi İddiaçı Firmasından, qalan 750 manat hissəsi isə Cavabdehndən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405 və 420-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı Firması tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2-2(113)-2872/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Firması ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə, xx.xx.2022-ci il tarixli əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 6.000 (altı min) litr dizel yanacaq qatqısının dəyərini təşkil edən 123.600 (yüz iyirmi üç min altı yüz) manat İddiaçı Firmasına qabaqcadan ödəməklə həmin malları İddiaçı Firmasının anbarından götürmək vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia ərizəsinin, hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid aid edilsin. Apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyinin hazırlanması üçün tələb edilən 1.500 manat pul vəsaitinin 750 manat hissəsi İddiaçı Firmasından, qalan 750 manat hissəsi isə Cavabdehndən tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar