Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-59/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “X2 Ürünleri ve X1 Sanayi ve Ticaret Limited” şirkətinin vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə müqavilə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2880/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 197.750 ABŞ dolları məbləğdə borc və bu borc nəticəsində əldən çıxmış 59.325 ABŞ dolları gəlir məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 197.750 ABŞ dolları məbləğdə pulun ödəniş günü manata uyğun məzənnə ilə iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, iddianın təmin edilməyən hissədə ləğv edilib, həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qanunvericilik əldən çıxmış fayda ilə bağlı əmlakdan məhrum olma və habelə hüququn pozulmasını tələb edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə iddiaçının 6 il müddətində əmlakından – 197.750 ABŞ dolları pul vəsaitindən məhrum olması, bunun nəticəsində əmlakından sərbəst istifadə edə bilmək hüququnun pozulmasının iddiaçını adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etməsi məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirilmiş və məhkəmə əslində iddianı təmin etdiyi hissədə bu sübutları qiymətləndirməklə qəbul etmişdir. Bundan başqa, qanunvericiliklə və məhkəmənin də qeyd etdiyi kimi əldən çıxmış fayda ehtimala əsaslandığından və həm də gələcəyə aid olduğundan, onun sübut etmək üçün hər hansı digər sübutların - məhkəmənin qeyd etdiyi kimi müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi absurtdur. İddiaçı bu vəziyyəti nəzərə alaraq, əldən çıxmış faydanı ən aşağı həddə tələb etmişdir. Belə ki, adi halda iddiaçı qeyd olunan pul vəsaitini banklarda depozitə qoymuş olsaydı illik aşağısı 8% divident alacaqdı. Lakin iddiaçı əldən çıxmış faydanı Azərbaycan Respublikası Milli Bankın üçot dərəcəsi ilə hesablamışdır ki, bu da illik 5% təşkil edir. Nəticədə, əldən çıxmış faydasını Milli Bankın illik uçot dərəcəsi ilə qəbul etdikdə 197.750 x 5% = 9.887,5 x 6 il = 59.325 ABŞ dolları təşkil etmişdir. Bu halın əlavə sübutuna heş bir zərurət yoxdur. Bu hal iddianın birinci hissəsi ilə bağlı olduğundan həmin hissəyə dair sənədlərlə də əldən çıxmış faydanın dəyəri müəyyən edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia rədd olunan hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə də təmin olunması xahiş edildiyi, cavabdehin apellyasiya şikayəti mümkün sayılmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə yalnız iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Belə bir yoxlama ilə işdən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən öhdəlik-hüquq münasibətləri yaranmış, cəmi 237.750 ABŞ dolları məbləğdə kimyəvi preparatlar cavabdehə satılmış, cavabdeh sonuncusu 2016-cı ilin iyun ayı omaqla cəmi 40.000 ABŞ dolları məbləğdə ödəniş etmiş, xx.xx.2018-ci il tarixli Üzləşmə aktı ilə cavabdehin iddiaçıya 197.750 ABŞ dolları məbləğdə borcunun qaldığı təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianın rədd olunan hissəsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “... əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Həmçinin qeyd edilməlidir ki, zərərin əvəzinin ödənilməsində məqsəd ərizəçinin mümkün qədər pozuntu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Məhkəmə hesab edir ki, əldən çıxmış faydanın tələb edilməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, əldən çıxmış fayda tələb edən şəxs sadəcə zərərin mövcudluğunu deyil, həm də onun miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməli olduğu halda iddiaçı tərəf bunu edə bilməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Madə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır; Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan normaları mübahisəyə tətbiq etdikdə məlum olur ki, iddiaçının tələb etdiyi 59.325 ABŞ dolları əldən çıxmış fayda qanuna əsasən zərərdir, bu zərər iddiaçıya cavabdeh tərəfindən pul məbləğinin ödənilməsini gecikdirməsi nəticəsində vurulmuşdur, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğdə tələbini təsdiq edən sübutları təqdim etməmişdir, üstəlik, iddia ərizəsində iddiaçı bu tələbini hüquqi cəhətdən Mülki Məcəllənin 443.1 və 445.1-ci maddələri ilə əsaslandırmış, həmin Məcəllənin Mərkəzi Bankın bank uçot dərəcəsini tətbiqini nəzərdə tutan 439.3 və 449.1-ci maddələrinə istinad etməmişdir, cavabdeh öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etmədiyini mübahisələndirmir. Bundan əlavə, Mərkəzi Bankın uçot faiz dərəcələri 2016-cı ilin sonunda və 2017-ci ildə 15%, hazırda isə xx.xx.2022-ci il tarixdən etibarən 7,75% olmaqla, iddiaçının tələb etdiyi 5%-dən daha çoxdur. Odur ki, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınaraq, pul məbləğinin ödənilməsi gecikdirildikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmalı, bu tələblərə Mülki Məcəllənin 445.7-ci maddəsi tətbiq olunmalıdır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır. Belə ki, cavabdeh pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində vurduğu zərərin məbləğini və hesablanma müddətini mübahisə etmir, iddiaçının hesablamaları və müddəti sadə riyazi qaydaya əsaslanır, iş materiaları ilə təsdiq olunur, düzgündür. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı deyil, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin həmin hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia təmin edilməli, apellyasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2880/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsi yoxlanılan - iddia rədd edilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə iddia təmin edilsin. 59.325 (əlli doqquz min üç yüz iyirmi beş) ABŞ dolları məbləğdə pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə qiyməti üzrə manatla Cavabdeh MMC-dən tutularaq iddiaçı “X2 Ürünleri ve X1 Sanayi ve Ticaret Limited” şirkətinə ödənilsin. İddiaçının apellyasiya şikayəti təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-59/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-59/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver