Məhkəmə qərarları › İş №2-2(103)-590/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-590/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-590/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-2 (113)-227/2021 saylı qətnaməsindən (hakim Z.Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən 479039,64 manat ƏDV daxil borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 10.12.2019cu il tarixinə 718536.79 manat dəyərində ƏDV daxil mal satılıb təhvil verilmişdir, malın dəyərinin 239497,15 manatı cavabdeh tərəfindən ödənilmiş, qalan 479039,64 manatı bu günə kimi ödənilməmişdir. Qeyd edilən borcun mövcudluğu 31.05.2020-ci il tarixli üzləşmə aktı ilə təsdiq edilir. Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-2 (113)-227/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 467021,40 manat ƏDV daxil borc tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-2 (113)-227/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 24.12.2015-ci il tarixli, HA 016/1215 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən malın təhvil-təslimi və çatdırılması (daşınması) müqavilənin ayrılmaz tərkib hissəsi olan spesifikasiya(lar)da qeyd edilən şərtlər əsasında həyata keçirilir. Müqavilənin 4.3-cü maddəsinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Həmin müqavilənin 4.4-cü maddəsinə görə malın təhvil-təsliminə dair akt imzalandıqdan sonra alıcı malı qəbul etmiş sayılır. Bundan sonra alıcı müqavilənin 2.1-ci maddəsində göstərildiyi kimi spesifikasiya(lar)da müəyyən edilən ödənişin forması və qaydasına uyğun olaraq ödəniş aparır. Lakin məhkəmə prosesi zamanı iddiaçı malların cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə təqdim edə bilməmişdir, yalnız üzləşmə aktı təqdim etməklə kifayətlənmiş, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi üzləşmə aktını əsas götürmüş və belə bir əsassız qətnamə qəbul etmişdir. İddiaçı iddia tələbində göstərilən məbləğin nəyin əsasında yaranmasını, malların təhvil-təslimini bildirən sənədləri məhkəməyə təqdim etməli idi. Bundan əlavə məhkəmə qətnaməsinin təsviriəsaslandırıcı hissəsində məhkəmə xərclərinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq bölüşdürülməli olmasını bildirmiş, dövlət rüsumu kimi ödənilmiş 30 manatın 28,03 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, yerdə qalan 1,97 manatını isə iddiaçıya aid edilməsini göstərmiş, lakin qətnamənin nəticə hissəsində cavabdehdən 29,24 manat pulun tutulmasını qət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyb, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-2 (113)-227/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apelyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apelyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Ona görə də apelyasiya baxışının predmetini həmin hissə təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 24.12.2015-ci il tarixli HA016/1215 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı satmağı, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları iddiaçıdan almağı və malın müqabilində iddiaçıya müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli qarşılıqlı üzləşmə aktından (əsli) görünür ki, cavabdeh 18.02.2020-ci il tarixinə iddiaçıya həmin tarixə 467021,40 manat borc qalığı olduğunu təsdiq etmişdir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən bu borcun ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən iddiaçıdan alınmış mallara görə ödəniş edildiyini, borcun tələb olunan məbləğdən az olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 443.1-ci, 443.5-ci, 567-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad edərək işdəki sübutları nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış 24.12.2015-ci il tarixli HA016/1215 nömrəli alqı-satqı müqaviləsi iddiaçı tərəfindən cavabdehə mallar satıldığı və cavabdehin həmin müqavilə üzrə qalıq borcunun 467021,40 manat təşkil etdiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia qismən-cavabdehdən 467021,40 manat pulun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, 18 fevral 2021-ci il tarixli qarşılıqlı üzləşmə aktını təsdiq etməklə cavabdeh alqısatqı müqaviləsi üzrə iddiaçıdan mal aldığını və həyata keçirilmiş ödənişlərdən sonra 467021,40 manat məbləğində qalıq borcu olduğunu qəbul etdiyindən, o cümlədən işə birinci instansiya qaydasında baxılarkən iddiaya etirazında müqavilə üzrə malların təhvil verildiyini mübahisələndirmədiyindən iddiaçı tərəfindən təhvil-təslim aktlarının sübut qismində məhkəməyə təqdim edilməməsi iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Eyni zamanda məhkəmə xərclərinin bölüşdürülməsi (iddia 97,49 faiz hissədə təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun həmin hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir) hissəsində məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilmədiyindən və xərclər MPM-nin 119.1-ci maddəsinin tələbinə uyğun bölüşdürüldüyündən, tutulmuş rüsumun məbləğinin qətnamənin mətnində 28,03 manat, nəticə hissəsində 29,24 manat qeyd edilməsi qətnamənin apelyasiya qaydasında ləğvi üçün əsas ola bilməz. Məhkəmə izah edir ki, tərəflər MPM-nin 228-ci maddəsinə əsasən qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-2 (113)-227/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-2 (113)-227/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar