Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-591/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1259/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında 28 oktyabr 2022-ci il tarixli MC-21/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcıya hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən əlavələri ilə nəzərdə tutulan malları tədarük etməyi, alıcı isə bu müqavilənin ödəniş şərtləri əsasında bu malları qəbul edib onların razılaşdırılmış dəyərini satıcıya ödəmək barəsində öhdəlik götürmüşdür.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı Cavabdeh sifarişi əsasında printerlər üçün katric (toner), ehtiyat hissələri satışını həyata keçirir.
3. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən, mallar alıcıya təhvil verildikdən sonra, alıcı 02 ay ərzində satıcının bank hesabına malların dəyərini tam olaraq köçürməlidir. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5675,64 manat əsas borc, 1021,62 manat ƏDV borcu, həmçinin 12 ay üçün vurulmuş ziyana görə 552,48 manat məbləği, eləcə də mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcini (100 manat) və cəmi 7349,74 manat məbləğin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı bildirir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən mallar xx.xx.2022-ci il tarixində alıcıya təhvil verilmişdir. Lakin, alıcı ödənişlərini tam olaraq bu günə qədər ödəməyərək satıcı qarşısında 5675,64 manat əsas borc, 1021,62 manat ƏDV daxil olmaqla cəmi 6697,26 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini xx.xx.2022-ci il tarixindən başlayaraq artıq 12 aydan çoxdur ki, icra etməkdən qəsdən yayındığına görə Mülki Məcəllənin 449.2-ci maddəsinə əsasən cavabdeh iddiaçıya qaytarmalı olduğu pul vəsaitini uzun müddət qaytarmamaqla, ondan qanunsuz istifadə etmiş və ona zərər vurmuşdur.
6. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmiş və iddiaya münasibətini bildirməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1259/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 5675,64 manat əsas borc, 1021,62 manat ƏDV borcu, cəmi ƏDV daxil 6697,26 manat məbləğində borcun, həmçinin 100 manat mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə və onun əlavəsinə görə satıcı qaimədə göstərilmiş sayda və istifadə üçün yararlı keyfiyyətdə malları təqdim etməli idi. Lakin elektron qaimədə göstərilmiş və satılmış rəngli kartriclər təqdim edildikdən sonra yararsız və keyfiyyətsiz vəziyyətdə olduğu aşkar edilmişdir. Buna görə cavabdeh "xxxx" MMC ilə dəfələrlə əlaqə saxlamış və satılan keyfiyyətsiz malların keyfiyyətli mallarla əvəz edilməsini xahiş edilmişdir. Lakin, satıcı (iddiaçı) tərəfindən verilən keyfiyyətsiz və yararsız malların keyfiyyətli mallarla əvəz edilməsi tələbi yerinə yetirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
16. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
19. Belə ki, tərəflər arasında 28 oktyabr 2022-ci il tarixli MC-21/22 nömrəli alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
20. Bu baxımdan kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir.
21. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.
22. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.
23. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokolunda iddiaçı tərəfindən cavabdehə təqdim olunacaq malların adı, markası (çeşidi, növü), miqdarı, ölçü vahidi, qiyməti göstərilmiş və həmin razılaşma protokolu hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
24. Eyni zamanda, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli göstərilmiş xidmətin və malların təhvil verilməsi barədə aktdan görünür ki, "xxxx" MMC Cavabdeh 10099,48 manat məbləğində (ƏDV daxil) mal təhvil verilmiş və həmin akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
25. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 039390 nömrəli EBCK seriyalı elektron qaimədən görünür ki, "xxxx" MMC Cavabdeh 10097,26 manat (ƏDV daxil) məbləğində mal təhvil vermişdir.
26. Cavabdeh həmin malların təhvil verilməsini, əsas borcun 5675,64 manat və ƏDV borcunun 1021,62 manat təşkil etməsini mübahisələndirmir.
27. Qeyd olunanlara əsasən müəyyən edilir ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh ƏDV daxil 10097,26 manat məbləğində mal satmış, sonuncu borcun bir hissəsini ödəsə də, 5675,64 manat əsas borcu və 1021,62 manat ƏDV borcu qalmışdır.
28. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən ödənilməyən 6697,26 manat (ƏDV daxil) məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
29. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində gedən icraatdan məlumatlı olsa da, iddiaya etiraz etməmiş və malların qüsurlu olmasına istiad etməmişdir. Apellyasiya şikayətində isə tərəflər arasında bağlanmış müqaviləyə istinad edərək, müqavilə üzrə malların keyfiyyətsiz olması faktına əsaslanmışdır. Kollegiya hesab edir ki, hazırda həmin faktlar nəzərə alına bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, cavabdeh istinad etdiyi halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1259/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Cavid Hüseyn
Ziya Şirinov