Məhkəmə qərarları › İş №2-2(103)-592/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-592/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-592/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı X5 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1098/2022 nömrəli qətnaməsindən (hakim Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən ƏDV daxil 114619,25 manat məbləğində əsas borc, ödənişin gecikdirilməsinə görə Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5730,96 manat məbləğində gecikmə faizinin, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat və 11 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X7 ilə "X4” MMC arasında imzalanmış 31 may 2018-ci il tarixli 77 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə mallar satmış, cavabdeh isə malları qəbul etmişdir. X7 müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edərək malları cavabdehə təhvil versə də, "X4” MMC müqavilə üzrə öhdəliklərinə əməl etməyərək iddia ərizəsi ilə müraciət olunan tarixədək malların dəyərinin bir hissəsini iddiaçıya ödəməkdən yayınmışdır. Borcunu ödəməsi ilə bağlı "X4” MMC-yə tərəfimizdən pretenziya göndərilsə də cavab verilməmişdir. Həmçinin, mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün "X4” MMC-yə mediasiyaya dəvət məktubu göndərilsə də, "X4” MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, cavabdehin müqavilə çərçivəsində iddiaçıya ƏDV daxil 114619,25 manat borcu yaranmış və cavabdeh borcunu 29 dekabr 2020-ci il tarixdə tərəflər arasında imzalanmış öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktı ilə bir daha etiraf etmişdir. Cavabdeh icra etməli olduğu pul öhdəliyinin icrasını gecikdirmiş və bununla da X7 əldə etməli olduğu gəlirdən faydalanmaq imkanından məhrum olunmuşdur. Cavabdeh özü isə qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.), həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin fəaliyyətinin kommersiya fəaliyyəti olduğunu nəzərə alsaq, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzib edilməzdir. Buna görə də, cavabdeh iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faiz ödəməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh ödənişini gecikdirdiyi borcun ümumi dəyərinin illik 5 %, yəni 5730,96 manat məbləğini iddiaçıya ödəməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1098/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 5730,96 manat faiz borcunun tutulması üçün heç bir əsas yoxdur. Tərəflər arasında bağlanan müqavilədə faiz borcunun hesablanması qeyd olunmamış eyni zamanda dəbbə pul və cərimə barədə əlavə razılaşma tərəflər arasında mövcud deyil. Hesab edirlər ki, məhkəmə cavabdehin iddiaçıya müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməli idi. İş üzrə ekspertiza təyin edilmiş olsaydı, məhkəmə obyektiv və ədalətli qətnamə qəbul etmiş olardı. Məhkəmə cavabdehin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatı, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1098/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan X7 ilə "X4” MMC arasında bağlanmış 31 may 2018-ci il tarixli, 77 saylı alqı-satqı müqaviləsinə əsasən X7 – “satıcı” bu müqavilənin ayrılmaz tərkib hissəsi olan "X3 və ya (elektron) qaimə-fakturada göstərilən mal-materialları “alıcı”ya satmağı, “alıcı” isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Müqavilənin predmeti olan malların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə ayrıca tərtib ediləcək və hər iki tərəfdən imzalanacaq müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 və ya (Elektron) qaimə fakturaya uyğun olaraq müəyyən edilir. İş materiallarında olan EAAK seriyalı, 006159 saylı 23 iyun 2018-ci il tarixli elektron qaiməyə əsasən 26585,28 manat dəyərində mal, EAAN seriyalı, 693175 saylı 19 noyabr 2018-ci il tarixli elektron qaiməyə əsasən 11800 manat dəyərində mal, EAAN seriyalı, 863745 saylı 27 noyabr 2018-ci il tarixli elektron qaiməyə əsasən 11800 manat dəyərində mal, EAAO seriyalı, 436738 saylı 17 dekabr 2018-ci il tarixli elektron qaiməyə əsasən 20060 manat dəyərində mal, EAAN seriyalı, 496196 saylı 19 dekabr 2018-ci il tarixli elektron qaiməyə əsasən 5900 manat dəyərində mal, EAAP seriyalı, 381227 saylı 22 yanvar 2019-cu il tarixli elektron qaiməyə əsasən 5575,13 manat dəyərində mal, EAAZ seriyalı, 218595 saylı 30 avqust 2019-cu il tarixli elektron qaiməyə əsasən 81420,02 manat dəyərində mal, EBAC seriyalı, 625094 saylı 19 noyabr 2018-ci il tarixli elektron qaiməyə əsasən 118102,24 manat dəyərində mal, EBAG seriyalı, 695282 saylı 25 fevral 2020-ci il tarixli elektron qaiməyə əsasən 82600,01 manat dəyərində mal, EBAE seriyalı, 866910 saylı 17 aprel 2020-ci il tarixli elektron qaiməyə əsasən 354867,57 manat dəyərində mal "X4” MMC-yə verilmişdir. İş materiallarında olan 29 dekabr 2020-ci il tarixli öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktına əsasən "X4” MMC X6 29 dekabr 2020-ci il tarixə 114.619,25 manat borcu olduğunu təsdiq etmişdir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş müqaviləyə əsasən malların təhvil verildiyi tarix (elektron) qaimə fakturanın “alıcı” tərəfindən imzalandığı (təsdiq edildiyi) tarix hesab edilir. “Alıcı” və “satıcı” arasında ödənişin qaydası, forma və müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan "X1” göstərilən qaydada və formada ən geci 20 iş günü ərzində bank ödənişi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən edir ki, tərəflər arasında alqı – satqı müqaviləsi bağlanmış, satıcı müqaviləyə uyğun olaraq malları alıcıya təhvil vermiş, iddiaçının bildirdiyinə görə alıcı aldığı malın dəyərini qismən ödəmiş, lakin 114.619,25 manat dəyərində malın pulunu satıcıya ödəməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə iclasında cavabdeh tərəfin iştirakı təmin olunmamış və məhkəmə cavabdehin iddiaçıya müqavilə üzrə borcunun olubolmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məlumat verilsə də, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qanunun tələbindən göründüyü kimi, iş üzrə o halda ekspertiza təyin edilə bilər ki, xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti olsun və bu barədə vəsatət vermiş şəxs hansı sualların izah edilməsinə zərurət olduğunu əsaslandırsın. Hazırkı işdə cavabdeh hansı sənədlər üzrə hesablama aparılmalı olduğunu əsaslandırmadığından, 29 dekabr 2020-ci il tarixə iddiaçıya olan borcun məbləğinin 114.619,25 manat olduğuna dair üzləşmə aktı olduğundan, həmin tarixdən sonra isə borc üzrə ödəniş edildiyinə dair sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən məhkəmə hesab edir ki, işdə hesablanması xüsusi bilik tələb edən sənədlər olmadığı üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi dəyərdə malların təhvil verilməsinin cavabdeh tərəfindən mübahisələndirilməməsi və cavabdehin iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrə hər hansı etiraz etməməsi, qaimələrdə qeyd edilmiş malların təhvil verilmədiyinə dair pretenziya göndərməməsi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh həmin malları təhvil almışdır. Cavabdeh malların təhvil verilməsini mübahisələndirmədiyindən, iddiaçının təqdim etdiyi sübutların mötəbərliyinə etiraz etmədiyindən, o cümlədən malların dəyərinin tam ödəməsinə dair sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutlar əsasında mübahisəni düzgün həll etmiş, iddianı tam təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2.-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən normalara əsasən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 114619,25 manat əsas borca üzləşmə aktı tərtib olunduqdan sonra 1 il üçün illik 5% miqdarında hesablanmış 5730,96 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehdən MM-nin 445.7-ci maddəsinə əsasən tutulmuş faiz ödənişi dəbbə pulu və cərimə olmadığından tərəflər arasında bu barədə yazılı razılaşma olmaması əsası ilə faiz tələbi hissəsində iddianın rədd edilməli olduğuna dair şikayətin dəlili əsassızdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 1098/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1098/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar