Məhkəmə qərarları › İş №2-2(103)-593/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-593/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-593/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1172/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 12/S saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə üzrə göstərilmiş xidmətlərə görə 6775 manat borc məbləğinin, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,1 %-i həcmində cərimə kimi 4026,92 manat vəsaitin və 127 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 10928,92 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1172/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 12/S saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə üzrə göstərilmiş xidmətlərə görə 6775 manat borc məbləği, 350 manat cərimənin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 127 manat dövlət rüsumunun 83,76 manat məbləğinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, qalan 43,24 manat məbləğin isə İddiaçınə aid edilməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş müqavilədə şirkət rəhbərinin kimliyi və vəzifəsi düzgün yazılmamışdır. Müqavilədə şirkətin direktoru kimi göstərilən şəxs əslində müşahidə şurasının sədridir. Şirkətin nizamnaməsinə əsasən həmin şəxsin şirkəti təmsil etmək səlahiyyəti yoxdur. Məhkəmədə müqavilə mübahisələndirilməsə də, onun hüquqi sənəd kimi qəbul olunması düzgün deyil. Müqavilənin 2.1.1-ci və 2.1.2-ci bəndlərinə əsasən sifarişçi icraçıya avtomobilin təmiri ilə əlaqədar sifariş verməli, icraçı isə avtomobilə texniki baxış keçirib, qüsurlar barədə sifarişçiyə məlumat verməli idi. Lakin, iddiaçı nə sifariş barədə sənədi, nə də qüsurlar barədə sənədi məhkəməyə təqdim etməmişdir. Müqavilənin Cavabdeh MMC ilə bağlanmasına baxmayaraq, iddiaçının məhkəməyə təqdim etdiyi təmir kartlarında, hesabfakturalarda, qiymətlərin razılaşdırılması protokollarında, ödəyici qismində "xxxx" MMC yazılmışdır. Bu sənədləri imzalayan şəxsin kimliyi və vəzifəsi haqqında məlumatlar da mövcud deyil. "xxxx" MMC-nin adı 2009-cu ildən dəyişdirilərək Cavabdeh MMC olmuşdur. Müqavilə də Cavabdeh MMC ilə bağlanmışdır. Məhkəməyə iddiaçı tərəfindən təqdim olunan qaimələrdə, qaimənin hansı sənəd əsasında tərtib olunduğunu bildirən qrafada, sənəd adı əvəzinə avtomobilin dövlət qeydiyyat nömrəsini yazılmışdır. Bundan əlavə, qaimələr o halda çap olunmalıdır ki, qarşı tərəfin elektron vergi sistemində şəxsi kabineti olmasın. Ştrix kod ilə çap olunan qaimədə, onun qarşı tərəfə çatdırılmasını sübut edən “təhvil verdim” və “təhvil aldım” yerləri möhür və imzalarla təsdiqlənməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, icraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli 12/S saylı Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında sonuncunun avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdehə məxsus **-AB-*** dövlət qeydiyyat nişanlı “Audi” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil ümumilikdə 2430,80 manat, xx.xx.2020-ci il tarixində göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil ümumilikdə 5563,70 manat təşkil etmişdir. Cavabdeh borclu məbləğin ƏDV hissəsi olan 1219,50 manat məbləği xx.xx.2022-ci il tarixdə iddiaçının depozit hesabına köçürmüş, qeyd olunan xidmətlərə görə 6775 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən cavabdehdən 6775 manat borcdan əlavə yaranmış borcun hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,1 %-i həcmində cərimə kimi hesablanan ümumilikdə 4026,92 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh iddiaya etiraz edir və etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 12/S saylı müqavilə mahiyyət etibarı podrat müqaviləsidir. Çünki cavabdeh iddiaçıya məxsus nəqliyyat vasitələrinə servis xidmətlərini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək, cavabdehə məxsus nəqliyyat vasitələrinə servis xidmətlərini göstərmiş, cavabdeh isə həmin xidmətlərin dəyərini ona ödəməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ********** saylı və xx.xx.2020-ci il tarixli ********** saylı hesablardan, xx.xx.2020-ci il tarixli EBAN seriyalı 527718 saylı və xx.xx.2020-ci il tarixli EBAP seriyalı 551577 saylı elektron qaimələrdən, ********** saylı və ********** saylı təmir kartlarından görünür ki, iddiaçı tərəfindən cavabdehin 10AB187 dövlət qeydiyyat nişanlı avtomobilə göstərilmiş texniki xidmətin dəyəri ümumilikdə 7994,5 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir xidmət göstərilməsəydi, o, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bundan əlavə işin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 370,80 manat və 848,70 manat olmaqla, ümumilikdə 1219,50 manat iddiaçının depozit hesabına köçürülmüşdür. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətləri qəbul edilməsi və həmin xidmətlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 6775 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə həmin hissədə iddia əsaslıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən “Sifarişçi” təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci bəndində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,1 %-i həcmində cərimə ödəyir. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh göstərilən xidmətlərin dəyərini, elektron qaimələrin göndərilməsi tarixlərini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 350 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh MMC-nin dəlillərinə dair qeyd olunur ki, cavabdeh birinci instansiya məhkəməsində tərəflər arasında bağlanmış müqaviləni və müqavilədəki möhür əksinin cavabdehə məxsus olduğunu mübahisələndirməmişdir. Ona görə də hazırda müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasına istinad etməsi əsassızdır. Həmçinin elektron qaimələrdə alıcı qismində Cavabdeh MMC-nin adı qeyd olunmuşdur. Digər sənədlərdə, yəni təmir kartları və razılaşdırma protokollarında sifarişçi qismində "xxxx" MMC adının qeyd olunmasının mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Çünki şikayətdə də qeyd olunduğu kimi "xxxx" MMC Cavabdeh MMC-nin əvvəlki adı olmuşdur. Bundan əlavə cavabdeh elektron qaimələrdə adı çəkilən və servis sənədlərində qeyd olunan nəqliyyat vasitəsinin də ona məxsus olması faktını mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Həmçinin qətnamənin mübahisələndirilən hissəsinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1172/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar