Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-593/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı “Alliance Logistics” FZKO-nun cavabdeh OOO “X1 kompaniya“ya qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1003/2024 nömrəli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “Alliance Logistics” FZKO iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh OOO “Pervaya tronsportnaya loqistiçeskaya kompaniya” arasında bağlanmış 19 oktyabr 2018-ci il tarixli, ALF-011 №-li Nəqliyyat-Ekspedisiya müqaviləsinə əsasən müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən ödənilməmiş 1.729.319,93 ABŞ Dolları məbləğində əsas borcun, ******* ABŞ Dolları məbləğində cərimə borcunun, ilkin mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 4064.8 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 vəsatət verərək işin başqa məhkəmədə baxılmaq üçün aidiyyatı üzrə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1003/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin vəsatət təmin edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1003/2024 nömrəli qərardadının ləğv edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi üzrə mülki işin məhkəmənin icraatına qəbul edilməklə davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 35, 39, 40, 44 və 45-ci maddələrin tələbi qaydasında Bakı Kommeriya Məhkəməsinin icraatında olan 2(113)-1003/2024 nömrəli mülki işin adiyyətı üzrə başqa məhkəmədə baxılmaq üçün göndərilməsi barədə məhkəməyə vəsatət təqdim edilmişdir. Belə ki, bu mülki iş Bakı Kommersiya Məhkəməsində deyil, məhkəmə aidiyyətı üzrə Rusiya Federasiyasının müvafiq məhkəməsində baxılmalıdır. İddiaçı “Alliance Logistics” FZKO X2, cavabdeh “Pervaya transportno-loqistiçeskaya kompaniya“ MMC isə Rusiya Federasiyasında qeydiyyatdan keçmişlər. İddiaçı tərəf xx.xx.2018-ci il tarixli ALF-011 nömrəli müqavilənin 6.2-ci bəndinə istinad edərək Azərbaycan Respublikasının məhkəməsinə müraciət etmiş və mülki iş icraata qəbul edilmişdir. Lakin bu mülki iş məhkəmənin icraatına qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 39 və 40-cı maddəsində nəzərdə tutulan tələb pozulmuşdur. Belə ki, tərəflər arasında mülki münasibətlər Azərbaycan Respublikası MM-nin 46-cı fəsilinin 2 paraqrafında nəzərdə tutulan yük daşıma münasibətlərindən irəli gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin müstəsna aidiyyətına dair 39.3-ci maddəsinin tələblərinə əsasən “Yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir”. Azərbaycan Respublikası MPM-nin müqavilə aidiyyətına dair 40.4-ci maddəsinin tələbinə əsasən, mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Yəni Qanunun qeyd edilən tələbindən aydın şəkildə görünür ki, yük daşımalarla bağlı müqavilə münasibətlərindən irəli gələn mübahisələrin məhkəmədə baxılması zamanı müqavilə adiyyatına dair razılaşma tətbiq edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 35, 39, 40 və 44-cü maddəsində nəzərdə tutulan “İddianın cavabdehin olduğu yerə görə verilməsi”, “Müstəsna aidiyyət”, “Müqavilə aidiyyətı“ və “məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi” tələblərinə əsasən: - Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; - Yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir; - Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; - İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Bakı Kommeriya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1003/2024-039 nömrəli qərardadı ilə verilmiş ərazi aidiyyəti barədə vəsatət təmin edilməmişdir. Həmin qərardad cavabdeh hüquqi şəxsin hüquqlarına toxunduğu üçün Azərbaycan Respublikası MPM-nin 267 – 269-cu maddələrinin tələbləri qaydasında bu qərardaddan şikayəti vermişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab etmişdir ki, şikayət rədd edilməlidir. Çünki tərəflər arasında olan hazırkı mübahisədə cavabdeh yük daşıyan tərəf deyildir. Şikayət ərizəsində cavabdehin nümayəndəsi yük daşımalarla bağlı müqavilə münasibətlərindən irəli gələn mübahisələrin məhkəmədə baxılması zamanı müqavilə adiyyətinə dair razılaşma tətbiq edilə bilmədiyini qeyd etmişdir. Halbuki MPM-nin 39.3-cü maddəsində yük daşımalarla bağlı müqavilə münasibətlərindən irəli gələn bütün mübahisələrin deyil, yalnız yük daşıyanlara qarşı iddiaların müstəsna aidiyyəti müəyyən olunmuşdur. Bundan başqa cavabdehin nümayəndəsi ərazi aidiyyətini mübahisələndirərək işin baxılması üçün başqa məhkəməyə göndərilməsini xahiş etsə də, dəqiq olaraq hansı məhkəməyə göndərilməsini qeyd etməmişdir. Lakin onun şikayətdəki mövqeyinə əsasən cavabdehin yükdaşıyan olaraq qəbul edilib işin Rusiya Federasiyasının müvafiq məhkəməsinə göndərilməli olduğu anlaşılır. Halbuki mülki prosessual qanunvericilikdə işin ərazi aidiyyəti üzrə başqa ölkənin məhkəməsinə göndərilməsi ilə bağlı norma mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.3-cü maddəsinə əsasən yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir. 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.5-ci maddəsinə əsasən işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası şikayətə münasibətdə qeyd edir ki, MPM-in 39.3-cü maddəsində yük daşıyanlara qarşı verilmiş iddianın aidiyyəti tənzimlənmişdir. Cavabdehin isə yük daşıyan olmaması bu maddənin hazırkı işdə tətbiq edilməsini istisna edir. Məhkəmə kollegiya hesab edir ki, vəsatətin hüquqi əsası olmadığı üçün birinci instansiya məhkəməsi haqlı olaraq vəsatətin təmin edilməməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1003/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-593/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-593/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver