Məhkəmə qərarları › İş №2-2(103)-594/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-594/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-594/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı MTK-nın nümayəndəsi Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, X3 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh1 MMC-nə qarşı maddi zərərin əvəzinin ödənilməsinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2 (81)-1160/2019 saylı qətnaməsindən (hakim Fərid Mədətli) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cəmiyyəti Cavabdeh1 MMC- nə qarşı “borcun ödənilməsi”nə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-dən 8.900 manat məbləğində pul vəsaiti, 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MTK-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx xxxx 2019-cu il tarixli FGSG/RDM-1/25 saylı müqavilə mövcuddur və həmin müqaviləyə əsasən cavabdeh “X8 Group” MMC İddiaçı MTK-nə məxsus Bakı şəhər, Xətai rayon, Ağ şəhər yaşayış kompleksində olan binanın mühafizəsini təmin edir. xx xxxx 2019-cu il tarixdə həmin binada 3*95+50NZXHE180 markalı kabel itkisi aşkarlanmışdır. Kabelin yoxa çıxması nəticəsində İddiaçı MTK-ya 8900 manat dəyərində maddi ziyan dəymişdir. xx xxxx 2019-cu il tarixdə hadisə yerinə baxış keçirilmiş və cavabdeh şirkətin direktor müavini Əhmədov Pərviz, xidmət rəisi Əliyev İlqar, MTK-nın sədr müavini Səlimov Sarvan və böyük anbardarı Mustafayev Ramizin iştirakı ilə akt tərtib edilmiş və imzalanmışdır. İtmiş kabel cavabdehin əməkdaşı olan Feziyev Elxan adlı şəxsin iştirakı ilə xx.xx.2019-cu il tarixli ******* saylı qaimə-faktura əsasında MTK-ya qəbul edilmişdir. Cavabdeh “X8 Group” MMC aramızda olan xx xxxx 2019 tarixli müqavilənin 5.1 bəndinə əsasən “Mühafizəçilərin ehtiyatsızlığı, sayıqsızlığı nəticəsində sifarişçiyə dəymiş maddi zərəri (ümumi obyekt üzrə bütün avadanlığın, mal- materialın, bütün maddi qiymətlərin digər şəxslərdən tərəfindən oğurluğu, talan və qarət edilməsi, qəsdən məhv edilməsi və s.) ziyana görə məsuliyyət daşımağı öhdəlik götürmüşdür. Hesab edirlər ki, müqavilə öhdəliyinə əsasən dəymiş maddi zərər cavabdeh tərəfindən ödənilməlidir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1 və 442.1, 752.1, 759.1-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (81)- 1160/2019 saylı qətnaməsi ilə İddiaçı MTK-nın iddiası təmin edilərək Cavabdeh1 MMCdən 8.900 manat məbləğində pul vəsaitinin, 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MTK-ya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları tam araşdırmamış, sübuta yetirilməmiş hallara istinad edilmiş, işə qərəzli yanaşmışdır. İtmiş kabelin alınması barədə sənədlər (qaimə-faktura) qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Malın alqı-satqısı barədə heç bir müqavilə bağlanmamış, ödəniş qanuna zidd olaraq nağd həyata keçirilmişdir. İtmiş kabelin mülkiyyətçisinin iddiaçı olması barədə sübutlar olmadığından ona heç bir ziyan dəyməmişdir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışında malı satan şirkət “xxxxxx” MMC qeyd edildiyi halda, qaimə-fakturada “xxxxxxxxxxx” MMC göstərilmişdir.. Eyni zamanda malı alan şirkət kimi “Ağ şəhər” qeyd edilmişdir. Kabelin cəmi 47 metri yox olduğu halda məhkəmə cavabdehdən 100 metr kabelin dəyərini tutmuşdur. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 5.19-cu bəndinə əsasən kabelin itkisi mühafizəçilərin ehtiyatsızlığı, sayıqsızlığı nəticəsində baş vermiş neqativ hallara (oğurluq, talan, qarət və s.) görə baş verdiyində itki nəticəsində iddiaçıya dəyən maddi zərər ödənilə bilərdi. İşdə həqiqətən kabelin oğurlanması, qarət edilməsini, əgər belə hadisə baş vermişsə bu hadisənin mühafizəçinin sayıqsızlığı nəticəsində baş verməsini təsdiq edən sübut yoxdur. xx.xx.2019-cu il tarixli aktda kabelin oğurlanması, qarət edilməsi deyil, yoxa çıxması göstərilmişdir. Həmin kabelin iddiaçının öz əməkdaşları tərəfindən tikintidə istifadə edilməsi istisna olunmur. Kabelin oğurlanması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mövcud deyil. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, X4 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı MTK-nın nümayəndəsi Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (81)-1160/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında mühafizə xidmətinin göstərilməsinə dair bir il müddətinə xx xxxx 2019-cu il tarixdə FGSG/RDM-1/25 saylı müqavilə bağlanmışdır. Müqavilənin 5.15-ci maddəsinə əsasən obyektin mühafizəsi zamanı kənar şəxslər tərəfindən obyektə maddi ziyan vurulması hallarında dərhal “Sifarişçi”yə məlumat vermək və səlahiyyətli nümayəndə gələnə qədər hadisə yerini mühafizə etmək cavabdehin öhdəliyinə aid edilmişdir. İşin mübahisəsiz hallarından görünür ki, mühafizəsi cavabdehə həvalə edilmiş iddiaçıya məxsus obyektdə mövcud olan dəyəri 8900 manat olan 100 metrlik 3*95+50NZXHE180 markalı kabelin 47 metrinin mövcud olmadığı xx xxxx 2019-cu il tarixdə aşkar edilmiş, bu hal cavabdeh şirkətin direktor müavini Əhmədov Pərviz, xidmət rəisi Əliyev İlqar, MTK-nın sədr müavini Səlimov Sarvan və böyük anbardarı Mustafayev Ramizin iştirakı ilə tərtib edilmiş aktla rəsmiləşdirilmişdir. Müqavilənin 5.19-cü bəndinə əsasən mühafizəçilərin ehtiyatsızlığı, sayıqsızlığı nəticəsində sifarişçiyə dəymiş maddi zərəri (ümumi obyekt üzrə bütün avadanlığın, mal materialın, bütün maddi qiymətlilərin digər şəxslər tərəfindən oğurluğu, talan və ya qarət edilməsi, qəsdən məhv edilməsi və s.) ziyana görə məsuliyyət daşımaq icraçının hüquq və vəzifəsinə aid edilmişdir. İddiaçı müqavilənin qeyd edilən bəndinə, MM-nin 21.1-ci, 21.2-ci maddələrinə istinad edərək dəymiş ziyanın cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdehin iddiaya etirazının və apelyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, itmiş kabelin iddiaçının mülkiyyətində olması mötəbər sübutlarla (yazılı alqısatqı müqaviləsi, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş qaimə faktura ilə) təsdiq olunmur. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, “xxxxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixli arayışı və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iddiaçının anbardarı X1 və “xxxxxx” MMC-də elektrik vəzifəsində işləyən X2 ifadələri ilə iddiaçı tərəfindən həqiqətən “xxxxxx” MMC şirkətindən xx xxxx 2019-cu il tarixdə 8900 manat dəyərində 3*95+50NZXHE180 markalı kabel alındığı təsdiq olunur. Məhkəmə hesab edir ki, rəsmi reyestrinin aparılması tələb edilməyən daşınar əşyalarla bağlı alqı-satqı müqavilələrinin şifahi qaydada bağlanması mülki qanunvericiliklə qadağan edilmədiyindən və həmin əmlakın iddiaçıya məxsus mühafizə olunmalı olan obyektdə olduğu işin mübahisəsiz halı olduğundan kabelin satışı ilə bağlı ******* saylı qaimə-fakturanın satıcı şirkət tərəfindən düzgün tərtib edilməməsi (alıcının və satıcının adının düzgün qeyd edilməməsi, müəyyən rekvizitlərin olmaması), o cümlədən alınmış malın dəyərinin nağd qaydada ödənilməsi kabel üzərində iddiaçının mülkiyyət hüququnun mübahisələndirilməsi üçün əsas ola bilməz. Cavabdeh tərəfindən sözügedən kabelin dəyərinin 8900 manatdan aşağı olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin digər dəlili ondan ibarətdir ki, kabelin bir hissəsinin yoxa çıxmasının mühafizəçinin ehtiyatsızlığı, sayıqsızlığı nəticəsində baş verdiyi sübut edilməmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə də razılaşmır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixdə FGSG/RDM-1/25 saylı müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış kompleksinin mühafizəsini təmin etməyi üzərinə götürmüşdür. Qeyd edilən müqavilənin şərtlərinə əsasən mühafizədə olunmalı olan obyektin etibarlı mühafizəsini təmin etməyə görə məsuliyyət cavabdehin üzərinə düşdüyündən mühafizə olunan dövrdə obyektdə mövcud olan əmlakın yoxa çıxmasında mühafizəçinin təqsirinin olmadığını sübut etmək vəzifəsi (sübutetmə yükü) cavabdehin üzərinə düşdüyü halda cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.9-cu maddəsinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Göstərilən normaların tələblərinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədiyinə görə iddiaçıya vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Apelyasiya şikayətində eyni zamanda qeyd edilmişdir ki, kabelin cəmi 47 metri yox olduğu halda cavabdehdən 100 metr kabelin dəyərinin tutulması əsassızdır. Məhkəmə cavabdehdən dəyəri tələb edilən kabelin 3*95+50NZXHE180 markalı elektrik kabeli olduğunu və calaq edilərək istifadə edilməsinin texniki cəhətdən mümkün olduğuna dair işdə sübutlar olmadığını nəzərə alaraq hesab edir ki, 100 metrlik kabelin bir hissəsinin yoxa çıxması onun tamlığını pozaraq əldə edildiyi məqsəd üçün istifadə edilməsini istisna etdiyindən kabelin tam dəyərinin cavabdehdən tutulması barədə məhkəmənin mövqeyi əsaslıdır. Lakin məhkəmə izah edir ki, cavabdeh dəymiş ziyanı ödədikdən sonra kabelin qalıq hissəsini iddiaçıdan tələb etmək hüququna malikdir. Apelyasiya şikayətinin dəlilləri mötəbər sübutlarla təsdiq edilmədiyindən, məhkəmə şikayəti əsassız hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (81)-1160/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 MMC-nin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (81)- 1160/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar