Məhkəmə qərarları › İş №2-2(103)-595/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-595/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-595/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması, lizinq obyektinin qaytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1066/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/7639 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixədək 956,36 manat gecikdirilmiş əsas borc və 232,59 manat cərimə məbləği olmaqla ümumilikdə 1188,95 manat məbləğində pulun və 60 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması, 1 ədəd “Sürüm SM185” (Hidravlik) markalı tamburlu otbiçənin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1066/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə 136 (bir yüz otuz altı) manat 56 (əlli altı) qəpik əsas borc, 35 (otuz beş) manat cərimə məbləği olmaqla ümumilikdə 171 (bir yüz yetmiş bir) manat 56 (əlli altı) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İstehsal ili 2021-ci il, şassi nömrəsi 0657 olan “Sürüm” markalı "SM 185" (hidravlik) model 1 (bir) ədəd tamburlu otbiçən Cavabdeh alınaraq saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, həmçinin Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 9 (doqquz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1066/2024 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: Bakı Kommersiya Məhkəməsi isə qətnamənin 40-cı bəndində "Lakin qeyd edilən daxili lizinq müqaviləsində müqavilə münasibətlərinə xitam veriləcəyi və mübahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilməmişdir" mövqeyini bildirmişdir. Llalbuki istinad edilən normada qanun "mübahisəsiz" anlayışına yer vermiş, pul məbləğinin alınmasında dair hər hansı maneə və ya şərtin olacağına istinad etməmişdir. Bakı Kommersiya Məhkəməsinin qeyd olunan xüsusatları nəzərə almadan, öz mülahizəsi əsasında əsas borcun ödənilməsinin azaldılaraq ödənilməsinə qərar vermişdir. Həmçinin qətnamənin 43-cü bəndində müqavilənin 14.2-ci maddəsinə istinad edərək "Lizinq verən Lizinq alana yazılı məlumat verməklə müqavilənin 14.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun qiymətə sata və ya təkrar lizinqə verə bilər.Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir. Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa və ya lizinq obyektinin mövcud bazar dəyəri Lizinq alanın borc məbləğindən azdırsa, Lizinq verən Lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər" mətninin müddəalarını məhkəmədə baxılan işə aid etmişdir.Halbuki həmin maddə artıq geri alınmış lizinq obyektinin "taleyi" ilə bağlıdır. İndiki halda "ortada" lizinq obyekti yoxdur. Texnika hələ də lizinq alandadır. Məhkəmə iddia edir ki, artıq müqavilə birtərəfli qaydada ləğv olunub və lizinq obyekti geri alınıb. Lizinq obyektinin geri alınması hissəsində məhkəmə qərarı cavabdeh tərəfindən icra olunmazsa, texnika gizlədilərsə, məhv edilərsə, lizinq obyekti hansı formada dəyərləndiriləcək? Bu cür sual meydana çıxır. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Yəni Qanun ödəniş qrafiki üzrə ödənilməsi müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsini Lizinq alanın öhdəliyi kimi müəyyən etmiş, burda heç bir istisnaya yer verməmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının 6.1.1-ci bəndinə əsasən texnika üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir. Məhkəmə isə qətnamənin 40-cı bəndində ilkin ödənişin alınmasını heç bir normaya istinad etmədən sərbəst iradə ifadələrinə uyğun olaraq tərəflərin müəyyən etdiyi qənaətinə gəlmişdir. Halbuki, lizinq münasibətləri spesifik münasibətlər olmaqla yanaşı, subsudiyanın tətbiqini nəzərdə tutan qeyd edilən daxili maliyyə lizinqi müqaviləsi "dövlətin qoyduğu qaydalar" əsasında bağlanıb. Minimum 20 faiz ilkin ödəniş icra edilməzsə subsidiyanın tətbiqi ilə bağlı müqavilə münasibətləri baş tutmayacaq.Yəni bu Prior Leasing ASC-nin ozunun istəyinə uyğun müəyyən etdiyi şərt deyil. Həmçinin Məhkəmə 40-cı bənddə Həmçinin Məhkəmə 40-cı bənddə ödənilmiş avans məbləğini bu cür ifadə etmişdir ki, "Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir". Halbuki, yuxarıda da qeyd edildiyi kimi, avans ödənişi lizinq obyektinin əldə edilməsi üçün Lizinq alan tərəfindən ödənilmiş ödəniş deyil, dövlətin müəyyən etdiyi "qaydadır". Mülki qanunvericilikdə "lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir" anlayışı yoxdur. Hətta tərəflər arasında bağlanmış müqavilədə "Avansa" dair ayrıca anlayış vardır. Müqavilənin 5-ci bəndində qeyd edilmişdir: “Avans-lizinq müqaviləsi ilə müəyyən edilmiş qaydada və şərtlərdə Lizinq alanın lizinq müqaviləsi üzrə icrasını təmin edən ödənişlərin hesabına ödədiyi pul məbləğidir". Göründüyü kimi nə qanunvericilikdə, nə də müqavilədə avans lizinq alan tərəfindən əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Texnika da Lizinq alan ödədiyi avans hesabına əldə edilməmişdir. Məhkəmə mübahisələndirilən hissə barədə iddiaçının mövqeyini soruşmamış, bu barədə hər-hansı sual verməmişdir.İddiaçının iddianın müdafiə hüququ kobud şəkildə pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

7. İddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

9. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

10. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

11. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilməyən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli KTA-KTT-22/7639 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdeh tərəfindən seçilmiş kənd təsərrüfatı aqreqatını - “Sürüm SM 185” (Hidravlik) markalı 2021-ci il istehsalı 0657 şassi nömrəli 1 ədəd tamburlu otbiçəni öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən lizinq müqaviləsi üzrə lizinq obyektinin qiyməti 4099 manat təşkil etmiş, həmin məbləğin 1560 manatlıq hissəsi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiya edilmiş, 819,8 manat avans məbləği, 1719,2 manat lizinq obyektinin qalıq dəyəri, 155,42 manat lizinq verənin mükafat məbləği olmaqla lizinq ödənişlərinin ümumi məbləği 2694,42 manat razılaşdırılmışdır. Lizinq obyekti cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verilmiş, lizinqin müddəti isə xx.xx.2022ci il tarixdən xx.xx.2024-cü il tarixədək 30 ay təşkil edir. Razılaşdırılmış lizinq ödənişlərinin ümumi məbləğindən 819,8 manat avans məbləği, 90,5 (32,5+58) manat lizinq ödənişi ödənilmişdir.

19. İddiaçı lizinq obyektinin qaytarılmasını, xx.xx.2024-cü il tarixə olan 956,36 manat gecikdirilmiş lizinq ödənişlərinin və 232,59 manat cərimənin cavabdehdən tutulmasını tələb etmişdir.

20. Məhkəmə qeyd olunan normanın tələbini və tərəflər arasında bağlanılmış müqavilə şərtlərini nəzərə alaraq qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən iddiaçının lizinq ödənişlərini tələb etmək hüququ yaranmışdır. Belə ki, ödəniş qrafiki üzrə xx.xx.2022-ci il tarixdən müqavilənin birtərəfli qaydada ləğv edildiyi xx.xx.2023cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödənilməli lizinq ödənişlərinin ümumi məbləği 1104,18 manat (birinci ayın ödənişi: 32,48 manat + 18 ay x 57,31 manat + 2023-cü ilin 11ci ayının 21 günü üçün ödənilməli məbləğ: 57,31 / 30 * 21) olsa da, cavabdeh tərəfindən ümumilikdə 90,5 manat ödəniş edildiyindən qalıq məbləğ 1013,68 manat təşkil edir, həmçinin lizinq obyekti cavabdehin istifadəsində qalmaqda davam edir. İddiaçı isə 956,36 manat lizinq ödənişinin tutulmasını tələb edir.

21. Cavabdeh lizinq obyekti üzrə 819,8 manat məbləğində avans ödənişi etmiş, lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə alınmamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər. Lakin qeyd edilən daxili lizinq müqaviləsində müqavilə münasibətlərinə xitam veriləcəyi və mübahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilməmişdir.

22. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir.

23. Digər tərəfdən, tərəflər arasında imzalanmış daxili lizinq müqaviləsində də razılaşdırılmışdır ki, Lizinq verən Lizinq alana yazılı məlumat verməklə müqavilənin 14.1ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun qiymətə sata və ya təkrar lizinqə verə bilər. Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir. Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa və ya lizinq obyektinin mövcud bazar dəyəri Lizinq alanın borc məbləğindən azdırsa, Lizinq verən Lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər (14.2). Lizinq alan Lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq obyektini Lizinq verənə təhvil vermirsə və/və ya hər hansı bir səbəbdən lizinq obyektini bölünməz obyekt kimi müqavilənin ləğvi məbləğinin ödənilməsi üçün kifayət edən qiymətə ağlabatan müddət ərzində satmaq mümkün deyilsə, Lizinq verən Lizinq a ödənilməsini tələb edə bilər (14.3).

24. Göründüyü kimi, müqavilə birtərəfli qaydada ləğv edildikdən və lizinq obyekti qaytarıldıqdan sonra lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləğinin müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilməsi müqavilə şərtlərində də birbaşa əks olunmuşdur.

25. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbini təşkil edən 956,36 manat lizinq ödənişindən avans məbləği olan 819,8 manat çıxılmalı, lizinq ödənişinin tutulması barədə iddia tələbi 136,56 manat (956,36-819,8) hissəsində təmin edilməlidir.

26. Apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, məhkəmə əsassız olaraq mülahizəsi əsasında avans məbləğini əsas borcdan çıxmışdır. Belə ki, lizinq obyekti Halbuki həmin maddə (müqavilənin 14.1-ci maddəsi) artıq geri alınmış lizinq obyektinin "taleyi" ilə bağlıdır. İndiki halda "ortada" lizinq obyekti yoxdur. Texnika hələ də lizinq alandadır. Məhkəmə iddia edir ki, artıq müqavilə birtərəfli qaydada ləğv olunub və lizinq obyekti geri alınıb. Lizinq obyektinin geri alınması hissəsində məhkəmə qərarı cavabdeh tərəfindən icra olunmazsa, texnika gizlədilərsə, məhv edilərsə, lizinq obyekti hansı formada dəyərləndiriləcək? Bu cür sual meydana çıxır.

27. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə iddianı qismən təmin edərkən qətnamənin nəticə hissəsində lizinq obyektinin saz və işlək vəziyyətdə iddiaçıya qaytarılmasını qət etmişdir.

28. Apellyasiya şikayətində qeyd edilən hüquqi əsaslar avans məbləğinin ödəniş zamanı nəzərə alınmasını qadağan etmir. Məhkəmə isə əsaslandırılmış nəticəyə gəlmiş və qanunvericiliyin düzgün tətbiq edilməsi nəticəsində bu qənaətə gəlmişdir. Əks qənaət əsassız olaraq lizinq verənin varlanması və lizinq alanın mülkiyyət hüquqlarının pozulması ilə nəticələ bilərdi.

29. Qeyd edilənləri nəzərə alan kollegiya hesab edir ki, cərimə borcunun azaldılması da əsaslı və qanuni olmuşdur.

30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

32. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1066/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar