Məhkəmə qərarları › İş №2-2(103)-596/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-596/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-596/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı pul vəsaitinin hesabdan köçürülməsi və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-220/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, 59.520 ABŞ dolları məbləğdə pul vəsaitinin “xxxx” ASC-nin hesabından Rusiya Federasiyasının “RusAqroEksport” şirkətinin bank hesabına köçürülməsinin cavabdehlər tərəfindən təmin edilməsi, pul vəsaitinin köçürülməsi tapşırığının verildiyi 22.04.2020-ci il tarixdən köçürmə əməliyyatı tam başa çatdığı tarixə qədər hər gün üçün 59.520 ABŞ dolları məbləğdə vəsaitin 0,01%-i miqdarda cərimənin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.03.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı ilə Rusiya Federasiyasının “RusAqroEksport” şirkəti arasında ümumi dəyəri 5.000.000 ABŞ dolları məbləğdə olan 3, 4-cü sinif buğdanın ölkəmizə idxal olunması məqsədilə 30.07.2019-cu il tarixdə P07/2019 nömrəli müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə və ona 07.04.2020-ci il tarixdə edilmiş 2 nömrəli Əlavə Razılaşmaya əsasən 4-cü sinif 525 ton, bir tonun dəyəri 195 ABŞ dolları olmaqla, ümumi dəyəri 102.375 ABŞ dolları təşkil edən buğda ölkəmizə idxal olunmuşdur. Razılaşmada pul vəsaitinin ödənilməsi müddəti 22.04.2020-ci ilə qədər müəyyən edilmiş və eyni zamanda ödəmənin tam və ya qismən əvvəlcədən aparılmasının mümkünlüyü də qeyd edilmişdir. Bununla bağlı “RusAqroEksport” şirkəti 14.04.2020-ci il tarixli 6 nömrəli ödəmə fakturası təqdim etmişdir. Müqavilənin 7.2-ci bəndinə əsasən çatdırılan malların ödənişi gecikdirildiyi təqdirdə, alıcı satıcıya gecikdirilən hər gün üçün ödənilməmiş malın dəyərinin 0,01%-i miqdarında cərimənin ödənilməsi öhdəliyini qəbul etmişdir. İddiaçı idxal olunan buğda məhsulunun dəyərinin bir hissəsinin “RusAqroEksport” şirkətinə ödəməsini həyata keçirmək üçün “xxxx” ASC-də olan cari USD hesabından 59.520 ABŞ dolları məbləğdə vəsaitin köçürülməsinə dair 22.04.2020-ci il tarixdə ödəniş tapşırığı vermiş və tapşırıq həmin tarixdə “xxxx” ASC-nin “Çıraq” şöbəsi tərəfindən icraya qəbul edilmiş və ştampla təsdiq edilmişdir. “xxxx” ASC-nin rəsmi şəxsləri ilə dəfələrlə köçürmə barədə əlaqə saxlanılmış və 59.520 ABŞ dolları məbləğdə vəsaitin köçürülməsi barədə məlumat verilərək bildirilmişdir ki, vəsait Mərkəzi Bank tərəfindən saxlanılmışdır. Bu məsələlərə aydınlıq gətirilməsi və pulun köçürülməsinə köməklik üçün iddiaçı 04.05.2020-ci il tarixdə rəsmi qaydada Mərkəzi Banka və Əmanətlətin Sığortalanması Fondunun Himayəçilik şurasının sədrinə müraciət etmişdir. Lakin Rusiya şirkəti 05.05.2020-ci il tarixdə məktub ünvanlayaraq, 59.520 ABŞ dolları pul vəsaitinin onların transit hesabına daxil olmadığını bildirmişdir. AR Mərkəzi Bankı tərəfindən 12.05.2020-ci il tarixdən “Banklar haqqında” AR Qanununa əsasən “xxxx” ASC-nin lisenziyası ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçının cari USD hesabından 22.04.2020-ci il tarixdə 59.520 ABŞ dolları pul vəsaitinin köçürülməsinə sərəncam verilən anda “xxxx” ASC fəaliyyətdə olmuşdur. “xxxx” ASC-nin fəaliyyət göstərməsi üçün verilmiş bank lisenziyası 12.05.2020-ci il tarixdən ləğv edildiyi üçün bu tarixə qədər aparılan bank əməliyyatları qanuni hesab edilməlidir. Belə ki, “xxxx” ASC-nin idarə olunması üzrə idarəetmə orqanlarının bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri qüvvədə olmuşdur. Bu səlahiyyətlər 27.04.2020-ci il tarixdə cavabdeh Mərkəzi Bank tərəfindən təyin olunan müvəqqəti inzibatçıya keçmiş və bununla belə Bankın lisenziyasına uyğun fəaliyyəti 12.05.2020-ci il tarixə qədər qüvvədə olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür; 973.1-ci maddəsinə görə, ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-3(103)-132/2020 nömrəli iş üzrə 14.05.2020-ci il tarixli qərarı ilə “xxxx” ASC müflis elan edilmişdir. “Banklar haqqında” AR Qanununun: 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır; “Bankın müflis elan olunmasının nəticələri” adlı 72.1-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Göründüyü kimi, iddiaçının pul vəsaitinin onun “xxxx” ASC-də olan hesabından üçüncü şəxsin bank hesabına köçürülməsi tələbinin qanuni əsasını MM-in 973.1-ci maddəsi təşkil etsə də, bu norma ləğv prosesində olan banklara, o cümlədən iş üzrə “xxxx” ASC-yə tətbiq oluna bilməz. Çünki, qanunverici bankların iflası proseduruna xüsusi hüquqi rejimin tətbiq olunmasını tələb etmiş, bu məqsədini “Banklar haqqında” Qanunun 72.1-ci maddəsində açıq bildirmişdir. Bu baxımdan, “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hər nə qədər bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirsə də, onun bu səlahiyyətlərinin dəqiq siyahısı “Banklar haqqında” Qanunun 71.7-ci maddəsində əks olunmuşdur ki, bunlar da əsasən iflas prosesinin qısa müddətdə və uğurla başa çatdırılmasına yönəlmişdir. Eyni əsaslarla, Mərkəzi Bankın hər hansı qaydada tələbə cavab verməli olan subyekt kimi iddiaçı qarşısında məsuliyyət daşımasının əsasları işdən müəyyən edilmir. X1 tərəfindən saxlanılması barədə dəlilinə dair isə heç bir mötəbər sübut təqdim olunmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddianın pul vəsaitinin köçürülməsinə dair ilk tələbi əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan cərimənin ödənilməsi barədə ikinci tələb də, müzakirə edilmədən rədd edilməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-220/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar