Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-598/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “X1 Malzemeleri Ticaret Limited” şirkətinin nümayəndələri Hacı Öztürk və Nümayəndə, cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə daşıma xidmətinin dəyərinin və vurulmuş zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-365/2020 nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək: 1) 2.000 ABŞ dolları məbləğdə daşıma xidmətinin dəyərinin; 2) nəqliyyat vasitəsi gömrükdə qaldığına görə park pulu 2.641 ABŞ dollarının; 3) nəqliyyat vasitəsi gömrükdə qaldığına görə beynəlxalq daşımaçılıq qaydalarına əsasən 74.850 ABŞ dollarının; 4) gömrük çıxış pulu 10.000 ABŞ dollarının; 5) viza alınmasına görə 235 ABŞ dollarının; 6) nəqliyyat vasitəsi hərəkətsiz qaldığı üçün sıradan çıxmış detallarının dəyişdirilməsinə görə tələb olunan məbləğ 30.000 ABŞ dollarının; 7) sürücü Hacı Öztürkə vurulan maddi və mənəvi zərərin əvəzi kimi 1.000.000 ABŞ dollarının; 8) Gürcüstandan keçid pulu 2.000 ABŞ dollarının; 9) sürücünün Azərbaycanda qalma xərcləri 29.940 ABŞ dollarının; 10) hüquqi yardıma görə vəkilə ödənilən 4.640 ABŞ dollarının; 11) Türkiyə gömrüyündən keçdikdən sonra nəqliyyat vasitəsinin dəyərinin 1/10-i qədər vergi məbləği 5.000 ABŞ dollarının; 12) Nümayəndə hüquqşünas kimi göstərdiyi xidmətlərə görə 16.000 ABŞ dollarının və 13) əldən çıxmış gəlirlərə görə iddiaçıya vurulmuş 150.000 ABŞ dolları məbləğdə zərər olmaqla, cavabdehdən cəmi 1.327.306 ABŞ dollarının və məhkəməyə ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı, cavabdehin “Rey-Nak Limited” şirkəti ilə bağladığı müqaviləyə əsasən, cavabdehə məxsus malları (rəf sistemlərini) maşına yükləyib Azərbaycan Respublikasına gətirmişdir. Cavabdeh razılaşdırılmış məbləğdən 1.600 ABŞ dolları ödəmiş, mal təhvil verilərkən ödənilməli olan 2.000 ABŞ dolları isə ödənilməmişdir. Buna görə də cavabdehdən 2.000 ABŞ dolları daşıma xidmətinə görə borc, maşının gömrükdə qalması ilə əlaqədar dəymiş ziyan, vizanın bitməsinə görə ödənilməli olan xərc, maşına dəymiş ziyanın əvəzi, H.Öztürkə vurulmuş maddi və mənəvi ziyanın əvəzi, Gürcüstanda yaranan keçid pulu, sürücünün otel, yemək və digər xərclərinə görə, vəkilə hüquqi xidmətə və digər məhkəmə xərcləri üçün ödənilmiş vəsaitlər, Türkiyə Respublikası gömrüyündən keçərkən ödənilməli olan, habelə hüquqi şəxsin gəlirdən məhrum olmasına görə əldən çıxmış faydanın əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, “... iddiaçı və cavabdeh arasında müqavilə münasibətləri mövcud deyil, ona görə cavabdehin iddiaçı qarşısında müqavilədən əmələ gələn öhdəliyi yoxdur.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, "xxxx" MMC tərəfindən cavabdehə satılmış malların daşınması üçün “Rey-Nak Limited” şirkəti ilə müqavilə bağlanmış, yükü sahibinə çatdırmaq 61-K-3570 nömrəli maşının sahibi Hacı Öztürkə tapşırılmışdır. Yəni, “Rey-Nak Limited” şirkəti ilə iddiaçı arasında müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus malları daşımışdır. İddianın əsaslılığına dair işdəki sübutlar məhkəmə tərəfindən nəzərə alınmamış, hakim ekspertizanın cavabını rəsmi olaraq iddiaçıya göndərməmişdir. Sonuncu iclasda iddiaçının nümayəndəsinin iş materialları ilə tanış olması ilə əlaqədar iclasın təxirə salınması barədə verdiyi vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-520/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 21/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndələri şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, Türkiyə Respublikasının hüquqi şəxsi, yük göndərən “X2. Ltd” şirkətindən aldığı 10 ton yükün Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşınması üçün yük alan cavabdeh ilə “Rey-Nak Limited” şirkəti arasında bağlanmış müqavilədə yüklərin yüklənmə tarixi xx.xx.2018-ci il, daşımanın həyata keçiriləcəyi nəqliyyat vasitəsinin qeydiyyat nişanı 61-K-3570 / 61-K-3571, sürücünün adı və soyadı Hacı Öztürk, daşıma xərci 2.600 ABŞ dolları, daşıma müddəti 5 gün olaraq göstərilmiş, ödəniş şərti - Bakı gömrüyündə “Rey-Nak Limited” şirkətinin hesabına köçürülməsi nəzərdə tutulmuşdur. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə “Rey-Nak Limited” şirkəti arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı, “Rey-Nak Limited” şirkəti tərəfindən daşınmalı olan cavabdehə aid yüklərin daşınmasını öz üzərinə götürmüş, həmin müqavilədə daşıma xərci kimi 2.600 ABŞ dollarının ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilədə malların çatdırılacağı yer kimi “Bakı - İL MMC” olaraq göstərilmişdir. “Rey-Nak Limited” şirkəti tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixdə elektron poçtla məktub göndərilərək, müqavilənin ləğv olunduğu və “Rey-Nak Limited” şirkətinin cavabdehin mallarını daşımayacağı bildirilmişdir. Cavabdehin tarixi və nömrəsi qeyd edilməyən məktubunda göstərilmişdir ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən N10860 sürücü H.Öztürkə 2.000 dollar nəqliyyat vasitəsi cavabdehin anbarında olduğu zaman veriləcəkdir. İddiaçı ilə Hacı Öztürk arasında xx.xx.2017-ci il tarixli 243 nömrəli əmək müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən H.Öztürk sürücü vəzifəsində işləyir, iş yeri Azərbaycan Respublikasıdır, işçiyə ümumi saatlıq (tam ödəmə) 300 ABŞ dolları məbləğdə əmək haqqı ödəniləcəkdir. İddiaçı ilə Nümayəndə arasında xx.xx.2017-ci il tarixli 282 nömrəli əmək müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən Nümayəndə rəhbərlik yanında böyük hüquq məsləhətçisi vəzifəsində işləyir, iş yeri Azərbaycan Respublikasıdır, işçiyə ümumi saatlıq (tam ödəmə) 500 ABŞ dolları məbləğdə əmək haqqı ödənəcəkdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Gömrük müşavirliyinə göndərilmiş xx.xx.2019cu il tarixli 1000-210/0xx-xx/015506 nömrəli məktubda göstərilmişdir ki, H.Öztürk “sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”ndan idarə etdiyi “DAF” markalı 61K3570/61K3571 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini gömrük orqanlarının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanca qoymaqla çıxarıla bilər. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli Nöksan aktının kserosurətinə görə, “Daf” markalı 61-K-2570 / 61-K-3571 nömrəli Türkiyə qeydiyyat nişanlı tırın xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının Gömrük Terminalının dayanacağında parklanaraq istifadəsiz qaldığı üçün ümumilikdə 36.430 manat dəyərində hissələri yararsız vəziyyətə düşmüşdür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1453/2019 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər "Rey-Nak" Limited şirkətinə və Hacı Öztürkə qarşı "Rey-Nak" Limited şirkəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliyin tam icrasını gecikdirməklə vurulmuş ziyan əvəzi olaraq 24.090,29 manat, əldən çıxmış faydaya görə 42.600 manat məbləğdə pulun "Rey-Nak" Limited şirkətindən alınaraq "xxxx" MMCyə verilməsi, “X2aret Limited şirkəti ilə bağladığı müqavilə əsasında "xxxx" MMC tərəfindən alınmış, cəmi dəyəri 14.200 ABŞ dolları olan əmlakın - bir ədəd rəf sistemləri və bir ədəd kassa sistemlərinin cavabdeh H.Öztürkdən alınaraq "xxxx" MMC-yə verilməsi və cavabdeh H.Öztürkə sahibliyin qadağan edilmiş özbaşnalıq yolu ilə pozulmasının qadağan olunması, pozulmuş hüquqların bərpası ilə əlaqədar "xxxx" MMC tərəfindən ödənilmiş 540 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq "xxxx" MMC-yə verilməsi tələblərinə dair iddiası rədd edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, “... tərəflər arasında yükün daşıma üçün cavabdehə ödənilməli olan ödənişin başqa üsulla, və ya hər hansı başqa qaydada ödənilməli olması, və ya ödənilmə anının hər hansı başqa qaydada müəyyən edilməsi barədə sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə iclasında hər iki tərəfin izahatları il müəyyən edilmişdir ki, cavabdehlə iddiaçı arasında mübahisə cavabdeh ödəniş edildikdən sonra malı boşaldacağını bildirməsi, iddiaçının isə ödənişi etməyərək, mal boşaldıldıqdan sonra ödəniş edəcəyini bildirməsi səbəbindən yaranmışdır. Qeyd edilənləri, yükdaşıyanın ona çatası daşıma haqqına və xərclərin kompensasiyasına əsasən yükə girov hüququna malik olması barədə qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz.” Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş 2- 1(103)-1224/2021 xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Hacı Öztürkün apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-931/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı qismən, iddiaçının ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə tələbin rədd edildiyi hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, iddiaçının ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, “... iddiaçı Hacı Öztürk idarə etdiyi 61K3570/61K3571 qeydiyyat nişanlı DAF markalı qoşqulu yük avtomobili vasitəsi ilə xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-nin adına “X2 Ltd Şti” şirkəti tərəfindən göndərilmiş “metal mebel” yükünü Azərbaycan Respublikasının ərazisinə gətirmiş və həmin mallar xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş və buraxılışına icazə verilmişdir. İddiaçı idarə etdiyi və ölkəyə gətirdiyi yükün daşınma vasitəsi olan yük avtomobilini Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirdiyi üçün Respublikaya daxil olduğu xx.xx.2018ci il tarixdə “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilmişdir. “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısından” çıxarılmaq üçün müvəqqəti gətirilmiş nəqliyyat vasitəsi ölkədən çıxarılmalıdır, yaxud aparılması məcburi olan nəqliyyat vasitəsini aparmayan şəxs müvəqqəti gətirdiyi nəqliyyat vasitəsini gömrük orqanlarının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanması barədə müraciət etməli və nəqliyyat vasitəsinin gömrük nəzarəti altında saxlanılması təmin olunmalıdır. Lakin iddiaçı ilə "xxxx" MMC arasında mübahisə yarandığından iddiaçı həmin malları boşaltmaqdan imtina edərək bu günədək qeyd olunan nəqliyyat vasitəsində saxlamışdır və nəqliyyat vasitəsini gömrük postundan çıxartmaqdan imtina etmişdir. Qeyd olunan səbəblərdən iddiaçının müvəqqəti gətirdiyi, aparılması məcburi olan nəqliyyat vasitəsinin Respublikadan çıxarılması və ya nəqliyyat vasitəsinin gömrük nəzarəti altında saxlanılmasının təmin olunması mümkün olmamışdır. Həmçinin avtomobilin içərisindəki yük müvafiq vergi bəyannaməsi ilə "xxxx" MMC-nin adına rəsmiləşdirildiyindən həmin yükün cavabdeh tərəfindən saxlanca götürülməsi də mümkün olmamışdır. ... ... iddiaçının Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirdiyi nəqliyyat vasitəsi Respublikaya daxil olduğu xx.xx.2018-ci il tarixdən «Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı»na daxil edilsə də, iddiaçı həmin müddət ərzində müvəqqəti gətirdiyi və aparılması məcburi olan həmin nəqliyyat vasitəsini ölkə ərazisindən çıxarmaq öhdəliyi daşımış, lakin bunu təxminən 3 il müddətində etməmişdir. ... ... iddiaçı aparılması məcburi olan Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirdiyi nəqliyyat vasitəsini Respublikanın gömrük ərazisindən kənara aparmaq öhdəliyi daşısa da, bunu etmədiyinə görə inzibati xəta törətmiş, lakin bu inzibati xəta ilə bağlı cavabdeh inzibati orqan tərəfindən icraat başlanılmamışdır. Belə ki, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçı idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə təxminən 3 ilə yaxın müddətdə “Sərhədkeçmə zamanı xüsusi diqqət” siyahısında saxlanılıb, müvəqqəti gətirdiyi nəqliyyat vasitəsini ölkə ərazisindən çıxarmamasına görə iddiaçı barəsində inzibati xəta üzrə icraat cavabdeh inzibati orqan tərəfindən başlanılmadığı halda isə, eyni zamanda onun cavabdeh tərəfindən “Sərhədkeçmə zamanı xüsusi diqqət” siyahısında saxlanılması qanunsuz olmuşdur.” İşin mübahisəsiz hallarına görə, tərəflər arasında bilavasitə daşıma xidmətinin həyata keçirilməsi ilə bağlı yazılı və ya şifahi formada müqavilə bağlanmasa da, iddiaçı tərəfindən cavabdehə məxsus yüklər Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşınmış, daşıma xərci olaraq 1.600 ABŞ dolları ödənilmiş, cavabdeh, “Rey-Nak” Limited şirkəti ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş daşıma xərcinin qalan hissəsini, yəni 1.000 ABŞ dollarını H.Öztürkə təqdim edərək yükü boşaltmaq istəmiş, lakin H.Öztürk yükü təhvil verməkdən imtina edərək, ona 2.000 ABŞ dolları ödənilməsini tələb etmiş, nəticədə yük nəqliyyat vasitəsi ilə birlikdə gömrük orqanında qalmışdır. Belə ki, ölkəyə xx.xx.2018-ci il tarixdə daxil olan mallar xx.xx.2018-ci il tarixdə cavabdehin adına rəsmiləşdirilmiş və buraxılışına icazə verilmiş, iddiaçının sürücüsü H.Öztürk, tərəflər arasında mübahisə yarandığından malları boşaltmaqdan imtina edərək, bu günədək qeyd olunan nəqliyyat vasitəsində saxlamış, nəqliyyat vasitəsini gömrük postundan çıxartmaqdan imtina etmiş, avtomobilin içərisindəki yük müvafiq vergi bəyannaməsi ilə cavabdehin adına rəsmiləşdirildiyindən həmin yükün gömrük orqanı tərəfindən saxlanca götürülməsi də mümkün olmamışdır. İddiaçı (onun sürücüsü H.Öztürk) Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və aparılması məcburi olan nəqliyyat vasitəsini Respublikaya daxil olduğu xx.xx.2018-ci il tarixdən keçən müddət ərzində ölkə ərazisindən çıxarmaq öhdəliyi daşısa da, bunu indiyədək etməmiş, etmədiyinə görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş, lakin bu inzibati xəta ilə bağlı gömrük orqanı tərəfindən icraat başlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür; Maddə 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir; Maddə 860.1. Daşıyıcı ona çatası daşıma haqqına və xərclərin kompensasiyasına əsasən yükə girov hüququna malikdir. Yükə girov hüququnun əldə edilməsinə bu Məcəllənin 182-ci maddəsinin müddəaları şamil edilir. Yük göndərənin yükün mülkiyyətçisi olmadığı, lakin həmin yük barəsində yük göndərənin yükün mülkiyyətçisindən sərəncam vermək səlahiyyəti olması ilə əlaqədar daşıyıcının vicdanlı olduğu hallarda da yükə girov hüququ əldə edilir; Maddə 860.2. Əgər daşıyıcı öz girov hüququnu həyata keçirirsə, yükün çatdırılması yalnız mübahisəli məbləğin məhkəmədə depozitə qoyulduğu halda tələb edilə bilər. Bu məbləğ fraxt verənin girov hüququ barəsində yükü əvəz edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın:
9. Yükün daşınmasına görə ödəmələr 9.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmadıqda, avtomobil nəqliyyatı ilə yük daşınmasına görə haqqın ödənilməsi qaydası müqavilə ilə müəyyən edilir; 9.2. Yükün daşınmasına və göstərilmiş digər xidmətlərə görə daşıyıcıya sifarişçi tərəfindən ödənilməli olan daşıma haqqı avans şəklində müvafiq ödəniş sənədləri (ödəniş tapşırıqları və ya tələbləri, çeklər, veksellər, akkreditivlər) vasitəsilə və ya nağd pul şəklində ödənilməlidir. Sifarişçi ilə daşıyıcı arasında əldə olunmuş razılıq əsasında yüklər daşınmaya daşıma haqqı ödənilənədək qəbul edilə bilər. Bu halda daşıma haqqının məbləğindən gecikdirmənin hər gününə görə sifarişçidən dəbbə pulu tutulur. Dəbbə pulunun miqdarı müqavilə ilə müəyyən edilir; 9.5. Yüklərin daşınması üçün yekun hesablaşma daşıyıcının təqdim etdiyi hesab əsasında sifarişçi tərəfindən yerinə yetirilir. Yerinə yetirilmiş daşımaya görə hesab əmtəənəqliyyat qaiməsi əsasında, xidmətin saat hesabı ilə göstərildiyi hallarda isə yükgöndərən (yükalan) tərəfindən təsdiq olunmuş yol vərəqələrində olan məlumatlar əsasında tərtib edilir; 9.6. Müqavilə ilə digər hesablaşma qaydası nəzərdə tutulmadıqda, daşıyıcı yekun hesablaşma üçün 10 gün müddətində sifarişçiyə hesab təqdim etməli və həmin hesaba müvafiq sənədləri əlavə etməlidir; 9.7. Yerinə yetirilmiş daşımaya görə sifarişçinin daşıyıcıya vaxtı keçmiş debitor borcu olduqda, daşıyıcı daşınan yükləri özündə saxlaya bilər;
39. Daşımalara görə hesablaşmalar 39.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanmış müqavilə ilə müəyyən edilir; 39.2. Yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesablaşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, yükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Maddə 499.2. Aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
MPM-in: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə qismən razılaşır. İlk olaraq, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “39. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, pul vəsaitinin daşımanı həyata keçirən şəxsə verilməsinə dair mal sahibinin imzalı və möhürlü məktubu mövcud olsa da, apellyasiya məhkəməsi həmin məktubu nəzərə almamışdır.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə aşağıda qeyd olunanlara əsasən razılaşdığını bildirir.
41. Belə ki, iş materiallarından göründüyü kimi cavabdehlə “Rey-Nak Limited” şirkəti arasında daşıma müqaviləsi mövcud olmuş, müqavilədə yüklərin yüklənmə tarixi 2018-ci il 6 sentyabr, daşımanın həyata keçiriləcəyi nəqliyyat vasitəsinin qeydiyyat nişanı 61 K3570/61 K 3571, sürücünü adı və soyadı Hacı Öztürk, daşıma xərci 2600 ABŞ dolları, daşıma müddəti 5 gün olaraq göstərilmiş, ödəniş şərti – Bakı gömrüyündə Şirkətin hesabına köçürülməsi nəzərdə tutulmuş, daha sonra isə, iddiaçı ilə “Rey-Nak Limited” şirkəti arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Şirkət tərəfindən daşınmalı olan cavabdehə aid yüklərin daşınmasını öz üzərinə götürmüş, həmin müqavilədə də daşıma xərci kimi 2600 ABŞ dollarının ödənilməsi nəzərdə tutulmuşdur. Hər iki müqavilə eyni tarixdə bağlanmış, yükü daşımalı olan avtomobilin nömrəsi və sürücünün adı eyni olmuş və yükün boşaldılmalı olduğu yer kimi ilk müqavilədə Bakı gömrüyü, digərində isə “Bakı-İL MMC” olaraq göstərilmişdir.
42. Bundan başqa, cavabdehin iş materiallarında olan məktubunda 2018-ci il 6 sentyabr tarixli müqaviləyə əsasən, sürücü Hacı Öztürkə 2000 ABŞ dolları vəsaitin ödəniləcəyi göstərilmişdir (bax §4). ...
47. Konstitusiya Məhkəməsi tərəfindən verilən şərhdə göstərilən mövqe baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh fəaliyyət qabiliyyətli subyekt kimi hüquqi şəxs olaraq “Rey-Nak” Limited şirkəti ilə müqavilə bağlamış, daha sonra sonuncu ilə iddiaçı arasında yükün iddiaçı tərəfindən daşınması barədə birinci müqavilə ilə eyni mahiyyət daşıyan müqavilə bağlanmış, cavabdeh isə bunu bəyənərək etiraz etməmişdir. Beləliklə aydın olur ki, tərəflər arasında cavabdehə məxsus yükün daşınması ilə bağlı müqavilə mövcud olmuş, yük Azərbaycan Respublikasının gömrük sərhədinə çatdırılmış, cavabdeh tərəfindən buna etiraz və irad bildirilməmiş, mübahisə yalnız ödənilməli olan məbləğlə bağlı yaranmışdır.
48. Bundan başqa, iş materiallarında olan iddiaçı tərəfindən “X2aret Limited ŞTİ”-yə göndərilmiş 2018-ci il 18 sentyabr tarixli “Fatura” adlanan sənəddə İstanbul şəhərindən Bakı şəhərinə çatdırılma üçün 1600 ABŞ dollarında vəsaitin ödənilməsi öz əksini tapmışdır (iş.v 82, cild İ). Məhkəmə kollegiyası hesab edir ki, “Fatura” adlanan sənəddə göstərilən məbləğin kimin tərəfindən və nə üçün ödənilməsinin aydınlaşdırılması da əhəmiyyət kəsb edən amildir. Həmçinin, işə apellyasiya instansiyasında baxılarkən məhkəmə iclasında H.Öztürk 1000 ABŞ dolları vəsaitin gömrük üçün 600 ABŞ dolları vəsaitin isə onun özü üçün Elit şirkəti tərəfindən göndərildiyini bildirərək daşıma üçün 2.000 ABŞ dolları borcun qaldığını qeyd etmişdir. Həmçinin, məhkəmə iclası protokollarından da görünür ki, cavabdehin nümayəndəsi 1600 ABŞ dollarının nağdsız qaydada ödənildiyini, lakin bu vəsaitin kimə ödənildiyini bilmədiyini, 1000 ABŞ dolları borcun qaldığını, daha sonra isə H.Öztürklə mal anbara gələrsə ona 2000 ABŞ dolları ödəniləcəyi barədə danışıq olduğunu bildirmişdir (bax cild 2, iş.v 111, 116). Cavabdeh həmçinin, 2000 ABŞ dolları vəsaitin sürücü H.Öztürkə ödəniləcəyini göstərən məktub da göndərmişdir ki, əvvəlki məhkəmə araşdırmaları zamanı onun direktorunun göstərilən müqavilədəki və bilavasitə həmin müqavilə ilə əlaqədar olaraq göndərilmiş məktubdakı imzasının və müəssisənin möhürünün həqiqiliyi mübahisələndirilməmişdir (iş.v 77, cild İ).
49. Mülki Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məhkəmə kollegiyası hesab edir ki, H.Öztürkə 2000 ABŞ dolları ödəniləcəyi barədə danışığın olması və 1600 ABŞ dolları nağdsız ödəniş barədə cavabdehin ifadəsinə istinad olunan normanın göstərişi baxımından qiymət verilməsi, ümumiyyətlə cavabdeh tərəfindən hər-hansı məbləğin “X2aret Limited ŞTİ”-yə, iddiaçı və yaxud cavabdehə köçürülüb-köçürülməməsi, həmçinin 1600 ABŞ dolları vəsaitinin kimin tərəfindən və ya kimin göstərişi əsasında verilməsi, H.Öztürkün qeyd etdiyi kimi 1000 ABŞ dollarının hansı gömrüyə, nə vaxt və nə üçün ödənilib-ödənilmədiyi müəyyənləşdirilməklə qiymətləndirilməsi işin tam, obyektiv və hərtərəfli aydınlaşdırılması prinsipi baxımından əhəmiyyət kəsb edən amillərdir. ...
59. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iddiaçı həmçinin işgüzar nüfuza dəymiş zərərin və H.Öztürkə dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini də tələb etdiyindən, cavabdeh tərəfindən müqavilə üzrə borcun qanunsuz və əsassız olaraq ödənilmədiyi müəyyən olunarsa bu zaman iddia tələbinin göstərilən hissələri ilə bağlı ədalətli məhkəmə araşdırmasının aparılması zərurəti meydana çıxacaqdır. Belə ki, iddiaçı ona məxsus olan avtomobilin və onunla əmək münasibətlərində olan H.Öztürkün uzun müddət başqa bir ölkənin ərazısində qalaraq oradan çıxarıla bilməməsinin onun işgüzar nüfuzuna təsir etməyəcəyindən sığortalana bilməzdi.” MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarının göstərişlərinin icra olunması məqsədilə, həmin göstərişləri tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə etmiş və dispozitivlik prinsipinin tələblərini onlara xatırladaraq, hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları mötəbər sübutlarla sübut etməli olduğunu izah etmişdir. Ali Məhkəmənin qərarının ilk göstərişi məhkəmə kollegiyası tərəfindən icra olunarkən müəyyən edilmişdir ki, iddiaçıya 1.600 ABŞ dolları mal göndərən “X2. LTD” şirkəti tərəfindən ödənilmişdir. Sonuncunun işdə olan tarixsiz-nömrəsiz məktubunda da bundan bəhs olunmuş və göstərilmişdir ki, H.Öztürkə, səhv başa düşüldüyü üçün, 600 əvəzinə 1.600 ABŞ dolları ödənilmişdir. İşgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi isə iddia ilə tələb olunmamış, iddia ərizəsindən və ona əlavələrdən göründüyü kimi, iddiaçı yalnız sürücü H.Öztürkə vurulmuş maddi və mənəvi zərəri tələb etmişdir.
Beləliklə, məhkəmə kollegiyasının araşdırması sabit olur ki, cavabdeh imza və müəssisənin möhürünün həqiqiliyini mübahisələndirilmədiyi məktubu ilə 2.000 ABŞ dolları vəsaitin sürücü H.Öztürkə ödəniləcəyini qəbul etdiyi üçün iddia həmin tələbə dair hissədə təmin olunmalı, bu əsasla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, MPM-in: Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. İddiaya digər hissələrdə mahiyyəti üzrə hüquqi qiymət verdikdə isə məlum olur ki, iddianın qalan (2-13-cü) tələbləri əsassız olduğuna görə təmin edilməməlidir. İlk olaraq, iddianın təmin edilən ilk tələbi ilə 2, 3, 4, 5, 6, 8, 9, 11 və 13-cü (nəqliyyat vasitəsi gömrükdə qaldığına görə park pulu 2.641 ABŞ dolları; nəqliyyat vasitəsi gömrükdə qaldığına görə beynəlxalq daşımaçılıq qaydalarına əsasən 74.850 ABŞ dolları; gömrük çıxış pulu 10.000 ABŞ dolları; viza alınmasına görə 235 ABŞ dolları; nəqliyyat vasitəsi hərəkətsiz qaldığı üçün sıradan çıxmış bəzi detallarının dəyişdirilməsinə görə tələb olunan məbləğ 30.000 ABŞ dolları; Gürcüstandan keçid pulu 2.000 ABŞ dolları; sürücünün Azərbaycanda qalma xərcləri 29.940 ABŞ dolları; Türkiyə gömrüyündən keçdikdən sonra nəqliyyat vasitəsinin dəyərinin 1/10-i qədər vergi məbləği 5.000 ABŞ dolları; əldən çıxmış gəlirlərə görə iddiaçıya vurulmuş 150.000 ABŞ dolları məbləğdə zərərin ödənilməsi) tələbləri arasında hüquqi bağlılıq mövcud deyil. Belə ki, qeyd olunan tələblər o halda iddianın ilk tələbi ilə bağlı və bu baxımdan əsaslı sayıla bilərdi ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinin gömrük ərazisində qalması və oradan çıxarıla bilməməsi, o cümlədən Azərbaycan Respublikası ərazisini tərk edə bilməməsi bilavasitə sürücü H.Öztürkün iradəsindən (iddiaçıdan) asılı olmazdı. Lakin bu faktın əksi, yəni sürücü H.Öztürkün ona 1.000 deyil, 2.000 ABŞ dolları ödənilməsini tələb edib, təhvil verməkdən imtina edərək, yükü nəqliyyat vasitəsi ilə birlikdə gömrük ərazisində saxlamasının onun öz iradəsindən (iddiaçıdan) asılı olması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiqini tapmışdır. Çünki, iddiaçı (sürücü H.Öztürk) əgər ona ödənilməli olan daşıma xidmətinin dəyərinin 1.000 deyil, 2.000 ABŞ dolları olması, yaxud ümumiyyətlə ona ödənilmədiyi ilə razılaşmırdısa, artıq cavabdehin adına rəsmiləşdirilmiş və buraxılışına icazə verilmiş malları sonuncuya təhvil verərək, nəqliyyat vasitəsini gömrük və ölkə ərazisindən çıxarmaq imkanına malik idi və onun bu imkanı hazırda da qalmaqdadır. Məhz bu anlamda iddiaçı yükü cavabdehə təhvil verib, nəqliyyat vasitəsini gömrük və ölkə ərazisindən çıxardıqdan sonra daşıma haqqının ona ödənilmədiyi irəli sürülən qismini hüquqi yollarla, o cümlədən məhkəmə müdafiəsi yolu ilə sonuncudan tələb edə bilərdi ki, hazırkı iddia ilə də bu imkandan istifadə edilmişdir. İşin bu halına daşıyıcının ona çatası daşıma haqqına və xərclərin kompensasiyasına əsasən yükə girov hüququnun realizəsi də təsir etmir. Belə ki, Mülki Məcəllənin qeyd olunan müddəası daşıyıcıya həmin normanın məqsədlərini aşaraq, Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və aparılması məcburi olan nəqliyyat vasitəsini ölkə ərazisindən çıxarmaq öhdəliyini öz istəyilə pozmaq hüququ vermir. Fərz olunsa ki, iddianın 2-13-cü tələblərinin hüquqi müqəddəratı ilk tələbə hansı qiymətin verilməsindən və onun həllindən asılı deyil, yəni həmin tələblər ilk tələb əsaslı sayılmadan da qaldırıla və təmin oluna bilərdi, o halda 2-13-cü tələblər iddiaçı mötəbər sübutlar təqdim etmədiyi üçün əsassızdır. İddiaçı tərəfindən təqdim olunan, "xxxx" MMCnin tərtib etdiyi xx.xx.2020-ci il tarixli Nöksan aktında da yalnız malların siyahısı verilmiş, qiymətlərin götürüldüyü mənbələr göstərilməmiş, sıradan çıxmış hissələrin vəziyyəti təhlil olunmamış və bu barədə foto şəkillər (video çəkiliş və sair) əlavə olunmamış, həmin hüquqi şəxsin hansı sahədə fəaliyyət göstərməsi və bu barədə rəy verməyə səlahiyyətli olub-olmaması, habelə rəyi imzalayan şəxsin kimliyi qeyd olunmamışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan kommersiya mübahisələrində tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Sübutların qiymətləndirilməsi isə hüquqi proses olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, “... 2000-ci ilədək qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 14-cü maddəsi müəyyən etmişdi ki, məhkəmə təqdim olunmuş materiallarla və izahatlarla kifayətlənməyərək, işin həqiqi hallarını, tərəflərin hüquq və vəzifələrini hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Həmçinin həmin Məcəllənin 49-cu maddəsinin ikinci hissəsində təsbit olunmuşdur ki, təqdim edilmiş sübutlar kifayət olmadıqda, məhkəmə tərəflərə və işdə iştirak edən digər şəxslərə əlavə sübutlar təqdim etməyi təklif edir və ya sübutları öz təşəbbüsü ilə toplayır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. ... Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini inkişaf etdirərək, ilk növbədə qeyd etməyi lazım bilir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin “Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir” və Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinin “Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır” müddəaları ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. ... Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. … Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir.” Bundan əlavə, iddianın 9-cu və 12-ci (sürücünün Azərbaycanda qalma xərcləri 29.940 ABŞ dollarının ödənilməsi; Nümayəndə hüquqşünas kimi göstərdiyi xidmətlərə görə 16.000 ABŞ dollarının ödənilməsi) tələbləri, həmçinin, sürücü H.Öztürk və Nümayəndə işdə olan əmək müqavilələrinə əsasən iddiaçının işçiləri və iş yerlərinin Azərbaycan Respublikası olduğu, əmək müqavilələrinin ləğv edilmədiyi və hazırda da qüvvədə olduğu məhkəmə kollegiyasının iclasında eyni zamanda iddiaçının nümayəndələri kimi çıxış edən həmin şəxslər tərəfindən təsdiq edildiyi üçün, əsassızdır. İddianın 13-cü (əldən çıxmış gəlirlərə görə iddiaçıya vurulmuş 150.000 ABŞ dolları məbləğdə zərərin ödənilməsi) tələbi ilə bağlı həm də iddiaçının onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri ilə bağlı Mülki Məcəllənin 443.4cü maddəsində nəzərdə tutulan sübutlar da təqdim olunmamışdır. İddianın 7-ci (sürücü H.Öztürkə vurulan maddi və mənəvi zərərin əvəzi kimi 1.000.000 ABŞ dollarının ödənilməsi) tələbi də əsaslı deyil. Belə ki, iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, başqa sözlə, həmin tələblə H.Öztürk iddia qaldıra bilərdi. İddianın 10-cu (hüquqi yardıma görə vəkilə ödənilən 4.640 ABŞ dollarının ödənilməsi) tələbi də əsassızdır. Belə ki, vəkilin göstərdiyi yardıma görə 4.640 ABŞ dollarının ödənildiyini təsdiq edən sənəd Məhkəməyə təqdim olunmamışdır.
Bununla yanaşı, məhkəmə kollegiyası işin sonrakı xüsusatlarının nəzərə alınmasını zəruri sayır. Belə ki, MPM-in: Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; Maddə 6. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun: Maddə 3. Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər; Maddə 7. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ədalət mühakiməsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə kollegiyası qəbul edir ki, iddianın yuxarıda müzakirə edilən qaydada həlli tərəflər arasında illər boyu davam edən mübahisəni tam həll etmir. Halbuki, ədalət mühakiməsinin yüksək statusu və nüfuzu tələb edir ki, məhkəmə tərəfindən mübahisələrə ağlabatan müddətdə baxılsın və ədalətli qərar qəbul edilsin. Bu kontekstdə, iddiaçı tərəfindən cavabdehə göstərilən daşıma xidmətinin dəyərinin ödənilməsi iddiaçının nəqliyyat vasitəsinin gömrük və ölkə ərazisindən çıxarılması, nəqliyyat vasitəsində olan malların isə cavabdeh tərəfindən təhvil alınması problemini çözmür. Məhkəmə kollegiyasının bununla bağlı tərəflər arasında barışıq əldə olunması barədə səyləri də uğurla nəticələnməmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, baxmayaraq ki, hazırkı mübahisənin predmeti sözügedən halları əhatə etmir, həmin hallar xüsusi əhəmiyyət kəsb etdiyi, habelə hazırkı işin tərəflərinin iştirak etdiyi bütün məhkəmə proseslərində ortaya çıxdığı və bundan sonra da çıxacağı üçün tərəflər arasında uzun müddət davam edən mübahisənin ədalətli həllinə nail olmaq məqsədilə qeyd olunan hallara da hazırkı qətnamə ilə hüquqi qiymət verilməli və həll edilməlidir. Bu baxımdan, iddia qismən təmin olunmaqla yanaşı, daşımanın ödənilməmiş qalan dəyərini təşkil edən 2.000 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla məbləği cavabdeh tərəfindən iddiaçıya ödənildikdən sonra “DAF” markalı 61-K-3570 / 61-K-3571 Türkiyə Respublikasının dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan cavabdehə məxsus malların ona təhvil verilməsi vəzifəsi iddiaçının, həmin malların təhvil alınması vəzifəsi cavabdehin, Bakı gömrük postunda olan “DAF” markalı 61-K-3570 / 61-K-3571 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin gömrük ərazisindən götürülməsi və Azərbaycan Respublikasından çıxarılması vəzifələri iddiaçının üzərinə qoyulmalıdır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanunsuz və əsassızdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və mübahisə, iddia qismən təmin olunmaqla, müzakirə edilən qaydada həll edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı “X1 Malzemeleri Ticaret Limited” şirkətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-365/2020 nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Daşıma xidmətinin dəyəri 2.000 (iki min) ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla məbləği cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı “X1 Malzemeleri Ticaret Limited” şirkətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. 2.000 (iki min) ABŞ dolları cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı “X1 Malzemeleri Ticaret Limited” şirkətinə ödənildikdən sonra:
1. “DAF” markalı 61-K-3570 / 61-K-3571 Türkiyə Respublikasının dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan cavabdeh "xxxx" MMC-yə məxsus olan malların ona təhvil verilməsi vəzifəsi iddiaçı “X1 Malzemeleri Ticaret Limited” şirkətinin üzərinə qoyulsun;
2. “DAF” markalı 61-K-3570 / 61-K-3571 Türkiyə Respublikasının dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan ona məxsus malların təhvil alınması vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun;
3. Bakı gömrük postunda olan “DAF” markalı 61-K-3570 / 61-K-3571 Türkiyə Respublikasının dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin gömrük ərazisindən götürülməsi və Azərbaycan Respublikasından çıxarılması vəzifələri iddiaçı “X1 Malzemeleri Ticaret Limited” şirkətinin üzərinə qoyulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Elnur Həsənov Azər Hüseynov