Məhkəmə qərarları › İş №2-2(103)-60/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-60/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-60/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, ilk iddia üzrə iddiaçı “İddiaçı”in cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk və Cavabdeh MMC-nin cavabdeh “İddiaçı”ə qarşı "pul" tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli e-2- 2(113)-2657/2021 nömrəli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəqiqləşdirərək cavabdehdən 2.978.526,40 ABŞ dolları məbləğində əsas borcun, pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz məbləğində hesablanmış 79.155,36 ABŞ dolları məbləğində faizin, 13.07.2021-ci il tarixdən hesablanmaqla 2.978.526,40 ABŞ dolları məbləğində pulun tam ödənilməsinə qədər hər təqvim günü üçün 408,20 ABŞ dolları məbləğində faizin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə (satıcı qismində) cavabdeh (alıcı qismində) arasında 21/18/SA nömrəli 01 mart 2018-ci il tarixli alqı- satqı müqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan mallar sifariş etmiş və iddiaçı cavabdehin sifarişləri əsasında cavabdehə ümumilikdə 17.207.588 ABŞ dolları məbləğində mal təqdim etmişdir və cavabdeh həmin malları faktiki olaraq qəbul etmişdir. 17.207.588 ABŞ dolları məbləğində malın cavabdeh tərəfindən iddiaçıdan qəbul etməsi faktı 36 sayda gömrük bəyannamələri ilə sübut edilir. Bəyannamələrin “valyuta və malların ümumi invoys dəyəri” adlanan 22-ci qrafasında cavabdehin iddiaçıdan qəbul etdiyi malların ABŞ dollarında invoys dəyəri göstərilmişdir. 36 sayda gömrük bəyannamələrində göstərilən bu məbləğləri topladıqda cəmi 17.207.588 ABŞ dollar məbləği alınır. Beləliklə, gömrük bəyannamələri ilə sübut olunur ki, cavabdeh 21/18/SA saylı 01.03.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıdan invoys dəyəri ümumilikdə 17.207.588 ABŞ Dollar olan mal qəbul etmişdir. Bundan əlavə, bəyannamələr ilə sübut olunur ki, iddiaçı cavabdehə mallara dair bütün tələb edilən sənədləri, o cümlədən mallar üzrə hesabfaktura (invoys) təqdim etmişdir, çünki bəyannamələrdə həmin hesab-fakturaya (invoys) istinad edilir və iddiaçı tərəfindən hər hansı bir sənəd təqdim edilməmiş olsaydı, malların gömrük rəsmiləşdirilməsi baş tutmuş olmazdı. Cavabdeh müqavilə üzrə malları iddiaçıdan qəbul etməsinə və hesab faktura almasına baxmayaraq bu günədək onların dəyərini tam şəkildə iddiaçıya ödəməmişdir. Cavabdeh iddiaçıdan faktiki aldığı 17.207.588 ABŞ dolları məbləğində malın yalnız 14.229.061,60 ABŞ dolları hissəsini ödəmiş, yerdə qalan 2.978.526,40 ABŞ dollan məbləğini ödəməmişdir. İddiaçı malların dəyərinin tam ödənilməsi barədə cavabdehə pretenziya məktubu göndərməsinə baxmayaraq, cavabdeh malların dəyərini hələ də ödəməmişdir. İddiaçı Cavabdeh MMC cavabdeh “İddiaçı”ə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi və cavabdehdən 8.048.061,3 ABŞ məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində qeyd edildiyi kimi tərəflər arasında müqavilə bağlanmış, lakin həmin müqavilə üzrə onlara təhvil verilmiş malların dəyəri 17207588 ABŞ dolları deyil, ******* ABŞ dolları təşkil edir. Həmin mallara görə tərəflərindən cavabdehə 14229061,6 ABŞ dolları məbləğində pul ödənilmişdir. Göründüyü kimi, alınan mallara görə onların dəyərindən 2 dəfə artıq pul ödənilməsinə baxmayaraq, onlardan əlavə olaraq pul ödənilməsi tələb edilir. Cavabdeh əsassız varlanma ilə əlavə pul tələb edir, cavabdeh onların keçmiş rəhbərliyi ilə əlbir olaraq onların vəsaitlərini mənimsəyir. Bununla bağlı hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir. Bundan əlavə, müqavilə imzalanarkən onların baş direktorunun belə bir müqaviləni imzalamağa səlahiyyəti olmamışdır. Həmin müqavilənin imzalanması səlahiyyəti onların Nizamnaməsinin 10.11.5-ci maddəsinin tələbinə əsasən Direktorlar Şurasının səlahiyyətlərinə daxildir. Həmin müqavilənin imzalanmasına isə Direktorlar Şurası tərəfindən razılıq verilməmişdir. Razılıq olmadığından hər iki hüquqi şəxsin rəhbəri öz şəxsi mənafelərinə uyğun olaraq əlbir şəkildə belə bir addım atmışlar. Bakı Kommersiya Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2-2(113)-2657/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən 2.978.526,40 ABŞ dolları məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 79.155,36 ABŞ dolları məbləğində faiz, ümumilikdə 3.057.681,76 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “İddiaçı”ə ödənilməsini, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2-2(113)-2657/2021 saylı qətnaməsinin qismən ilk iddianın təmin edildiyi hissədə ləğv edilərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəmiyyətin səlahiyyətsiz şəxsi tərəfindən imzalanmış 21/18/SA nömrəli, 01 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə sonradan bəyənmə və sonradan verilən razılıq halları mövcud olmamışdır. Belə ki, Cavabdeh MMC-nin nizamnaməsinin 10.11.5-ci bəndinə əsasən cəmiyyətin təsdiq edilmiş büdcəsində olmayan və dəyəri 3.000.000 ABŞ dollarından yuxarı olan müqavilələrin və ya mahiyyətcə eyni predmet təşkil edən silsilə müqavilələrin, borc alma və borc vermə əməliyyatları daxil olmaqla istənilən öhdəliyin təsdiqi Direktorlar Şurasının səlahiyyətlərinə daxildir. Belə olan halda Direktorlar Şurasının məlumatı olmadan həmin müqavilə üzrə alınan malların gömrük rəsmiləşdirmələrinin həyata keçirilməsi və ya alınan malların dəyərinin Cavabdeh MMC tərəfindən ödənilməsi əqdin bəyənilməsi kimi qiymətləndirilə bilməz. Bunanla da işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357, 358.2 və 360.2-ci maddələrini mübahisəyə səhv tətbiq edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin sonradan bəyənilməsinə dair düzgün nəticəyə gəlməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, işə baxan məhkəmə mübahisəyə birbaşa aidiyyatı olan Mülki Məcəllənin 339.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Həmin Məcəllənin 49.4.4-cü maddəsinə əsasən, hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması nəticəsində hüquqi şəxsə və onun səhmdarına dəyən ziyana görə məsuliyyət daşıyır. Belə ki, məhkəməyə təqdim olunmuş “X3” tərəfindən tərtib olunmuş 03 avqust 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, həmin alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMCyə satılmış 18 adda avadanlıqların cəmi bazar dəyəri 5.329.350 ABŞ dolları təşkil edir. Həmin rəydə avadanlıqların dəyəri birbaşa istehsalçının məlumatları, eləcədə oxşar avadanlıqları istehsal edən müəssisələrin məlumatları əsasında müəyyənləşdirilmiş və mötəbərliliyi şübhə doğurmur. “Satılan Sifarişləri”ndə qeyd olunan 11 adda avadanlıqların ümumi dəyəri on bir milyon ABŞ dolları təşkil edir, o zaman Cavabdeh MMC-yə satılmış avadanlıqların dəyərinin iki dəfədən çox şişirdilməsi müəyyən olunur. Cavabdeh MMC sonradan apelyasiya şikayətinə əlavə təqdim etmiş, əlavədə göstərilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində “İddiaçı” şirkətinin təsis olunduğu yer Çin Xalq Respublikası, otaq 1048, bina nömrə 339, Qilianshan yolu, Shanghai, baş direktoru Xu hao olaraq göstərilmişdir. Lakin nümayəndəyə verilmi etibarnamədə və digər sənədlərdə isə “İddiaçı” şirkətinin təsis olunduğu yer Honq Konq, ünvanı isə Vanchai, Hennesy road 253-261, X2, otaq 80 8/f olaraq göstərilmişdir. Etibarnamədə qeyd edilən, yəni Honq Konqda təsis olunan şirkətin illiik maliyyə dövriyyəsi hesabatına əsasən həmin şirkətin 2019-202-ci illərdə dvriyyəsi 0 bərabər olub. Bu fakt təsdiq edir ki, etibarnamədə göstərilən şirkət Cavabdeh MMC ilə bağladığı müqavilənin tərəfi deyildir. İddiaçının nümayəndəsi Vəkil1 verilən etibrnamə əsasında onun müqvilənin tərəfi olan şirkəti təmsil etmək hüququ yoxdur. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv olunmaqla iddia rədd olunmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia üzrə Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli 2-2(113)-2657/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında 01 mart 2018-ci il tarixli 21/18/SA nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə 2 saylı Əlavəyə əsasən müqavilənin tarixi 31 dekabr 2020-ci il tarixinə qədər müəyyən edilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin ümumi qiyməti Satınalma Şifarişində müəyyən olunur və ona uyğun oalraq ödənilir. Ödəniş ABŞ dolları ilə həyata keçiriləcəkdir. Başqa qayda tərəflərlə Satınalma Şifarişində razılaşdırılmayıbsa, təchiz edilmiş malların dəyəri satıcı tərəfindən təqdim edilmiş hesab əsasında 30 gün ərzində satıcının bank hesabına ödənilir. Müqavilənin 3-cü bəndinə əsasən əgər müəyyən edilmiş tarixdə alıcı çatdırılması nəzərdə tutulmuş malları qəbul edə bilməyəcəksə və ya malların qəbulu alıcı tərəfindən gecikdiriləcəksə, bu halda alıcı gecikmənin səbəbi və qəbul olunmanın mümkün olan vaxtı haqqında satıcını dərhal yazılı şəkildə xəbərdar edir. Əgər alıcı malları 8-ci maddədə göstərilən səbəbdən başqa səbəbə görə qəbul edə bilmirsə, bu halda Satıcı yazılı şəkildə Alıcıdan malların hər hansı məqsədə uyğun vaxtda qəbul olunmasını tələb edə bilər. Müqavilənin 9.1 və 9.2-ci bəndlərində qeyd edimişdir ki, müqavilədən irəli glən mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə Azərbaycan Respublikasınn qanunvericiliyinə uyğun olaraq Azərbaycan məhkəmələrində həll olunacaq. İddiaçı qeyd edilən müqavilə şərtlərinə əsasən iddia ərizəsi ilə 8.05.2021-ci i tarixdə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 02.06.2021-ci il tarixli sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə “İddiaçı” tərəfindən Cavabdeh MMC-yə göndərilən malların gömrük bəyannamələri təqdim edilmişdir. İş materiallarına sifarş verilən mallarla bağlı Cavabdeh MMC tərəfindən göndəilmiş satınalma sifarişləri əlavə edilmişdir. İşin mübahisəsiz halıdır ki, “İddiaçı” tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş malların 14.229.061,60 ABŞ dolları dəyərində olan hissəsi ödənilmişdir. Cavabdeh MMC-nin iddiaya etirazında və qarşılıqlı iddia ərizəsində irli sürdüyü mülahizələrdən biri bundan ibarətdir ki, müqaviləni MMC-nin adından bağlamış baş direktorun belə bir müqaviləni imzalamağa səlahiyyəti olmamışdır. Bu mülahizə onunla əsaslandırılır ki, MMC-nin Nizamnaməsinin 10.11.5-ci maddəsinin tələbinə əsasən cəmiyyətin təsdiq edilmiş büdcəsində olmayan və dəyəri 3.000.000 ABŞ dollarından yuxarı olan müqavilələrin və ya mahiyyətcə eyni predmet təşkil edən silsilə müqavilələrin, borc alma və borc vermə əməliyyatları daxil olmaqla istənilən öhdəliyin təsdiqi Direktorlar Şurasının səlahiyyətlərinə daxildir. Həmin müqavilənin imzalanmasına isə Direktorlar Şurası tərəfindən razılıq verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinin və MPM-nin 77.1-ci maddəsinin tələbinə görə müqavilə bağlanarkən Cavabdeh MMC-nin baş direktorunun 3.000.000 ABŞ dollarından yuxarı lan məbləğdə müqavilə bağlamaq səlahiyyətə malik olmamasının qarşı tərəfin bildiyini və ya bilməli olduğunu sübut etmək vəzifəsi Cavabdeh MMC-nin üzərinə düşdüyü halda Cavabdeh MMC bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Məhkəmə qeyd edilən normalara əsasən hesab etmişdir ki, hazırkı alqı-satqı müqaviləsi Cəmiyyətin səlahiyyətsiz şəxsi tərəfindən imzalansa da, Cəmiyyət həmin müqavilə üzrə alınan malların gömrük rəsmiləşdirilmələrini həyata keçirməklə və dəyərinin əksər hissəsini ödəməklə həmin əqdi (müqaviləni) bəyəndiyindən tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 01.09.2018-ci il tarixdə bağlanmış müqavilənin Cavabdeh MMC tərəfindən mübahisələndirilməsi üçün MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət ötürülmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin müqavilə üzrə təhvil verilmiş malların dəyərinin əslində 17.207.588 ABŞ dolları deyil, 6.181.000 ABŞ dolları təşkil etməsi, həmin mallara görə tərəflərindən cavabdehə onların dəyərindən 2 dəfə artıq pul ödənilməsi barədə dəlili məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2-2(103)-1167/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli 9/8214 saylı ekspert rəyinə əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya sifariş verilən malların ümumi dəyərinin 18.745.722,0 ABŞ dolları, “İddiaçı” şirkəti tərəfindən Cavabdeh MMC-yə göndərilən (gömrük bəyannamələri mövcud olan) malların invoys dəyərinin (bəyannamələrin 22-ci qrafasında nəzərdə tutulmuş) cəmi 17.207.588,0 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuşdur. Bu da təsdiq edir ki, Cavabdeh MMC-nin sifarişi əsasında “İddiaçı” şirkəti tərəfindən Azərbaycan Respublikasına gətirilmiş və alıcıya təhvil verilmiş mallar qarşılıqlı iddia ərizəsində qeyd edildiyi kimi 6.181.000 ABŞ dolları deyil, 17.207.588 ABŞ dolları dəyərində olmuşdur. Məhz buna görə də “İddiaçı” şirkətinə Cavabdeh MMC tərəfindən 14.229.061,60 ABŞ dolları ödəniş edilmiş, təhvil alınmış malın dəyərindən 2.978.526,40 ABŞ dolları məbləğində borc ödənilməmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, ödənilmiş vəsaitin geri qaytarılması barədə qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmənin bu mövqeyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 567-ci, 598.1-ci, 598.2-ci, 600.1-ci, 600.4-cü, 445.7-ci maddələrinə istinad edərək ilk iddianın əsas borcun və pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 %-lə 79.155,36 ABŞ dolları (31.12.2021-ci ildən 13.07.2021-ci il tarixədək 194 gün üçün) faiz borcunun tutulması hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinə əlavədə Cavabdeh MMC-nin irəli sürdüyü mülahizələrlə bağlı məhkəmə qeyd edir ki, iddiaçının həmin mülahizələri qarşılıqlı iddia ərizəsində və ilk dəfə verilmil apellyasiya şikayətində irəli sürülmüş mülahizələrlə ziddiyyət təşkil edir. Belə ki, Cavabdeh MMC həm hazırda ona qarşı iddia irəli sürmüş şirkətin onunla alqı-satqı müqaviləsi bağlamış “İddiaçı” şirkəti olmadığını iddia edir, həm də həmin şirkətə qarşı qaldırdığı qarşılıqlı iddianı müdafiə edərək müqavilə üzrə həmin şirkətə ödənilmiş pul vəsaitinin bir hissəsinin geri qaytarılmasını tələb edir. Məhkəmə ik iddia üzrə cavabdehin apellyasiya instansiyası mərhələsində irəli sürdüyü mülahizələri əsassız hesab edərək qeyd edir ki, hüquqi şəxsin hüquqi və fakitiki fəaliyyət göstərdiyi ünvanların, o cümlədən direktorunun sonradan dəyişilməsi, hətta bir neçə direktorunun olması mümkün olduğundan “İddiaçı” şirkəti tərəfindən nümayəndə A.Canməmədova və digərlərinə verilmiş etibarnamədə şirkətin ünvanının və direktorun adının müqavilədə qeyd edilənlərdən fərqli olması həmin şirkətin başqa bir hüquqi şəxs olması və hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun omadığına dair nəticəyə gəlmək üçün əsas deyil. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilədə və nümayəndəyə verilmiş etibarnamədəki möhür əksinin eyni olması, müqavilənin və digər sənədlərin surətlərinin iddiaçıda olması, həmin sənədlərin apostil edilməsi belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh MMC-nin iddianın əsl iddiaçı tərəfindən irəli sürümədiyinə dair ehtimallara əsaslanan və hər hansı mötəbər sübutla təsdiq edilməyən mülahizələri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia üzrə cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli 2-2(113)-2657/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə Cavabdeh MMC apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli e-2-2(113)-2657/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar