Məhkəmə qərarları › İş №2-2(103)-600/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-600/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-600/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Ərazi Tikinti - Planlaşdırma Mərkəzinə qarşı pul tələbi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2 (113)- 367/2021 saylı qətnaməsindən (hakim F.Qasımov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Ərazi Tikinti - Planlaşdırma Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 03.05.2012-ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə 3148,24 manat borc məbləğinin, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5%-i həcmində cərimə kimi 12535,22 manat vəsaitin və 30 manat pul məbləğinin cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi arasında bağlanmış 03.05.2012-ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən, sifarişçi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə məxsus avtonəqliyyat vasitələrinə İddiaçı MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 1.1-ci bəndinə əsasən, “İcraçı” öz üzərinə, sifariş əsasında “Sifarişçi”nin avtonəqliyyatına servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür, “Sifarişçi” isə görülmüş işi qəbul edir və hazırkı müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən,“Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 5 iş günündən gec olmayaraq aparmalıdır. Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə məxsus **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta” markalı avtonəqliyyat vasitəsinə 31.03.2018-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 628,94 manat təşkil etmiş, 20.07.2018-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 1734,60 manat təşkil etmiş, cavabdehə həmin borclarla bağlı hesab-faktura və e-qaimələr göndərilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği hal hazıradək ödəməkdən yayınmışdır. Belə ki, **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta markalı avtonəqliyyat vasitəsinə İddiaçı MMC tərəfindən 31.03.2018-ci il və 20.07.2018-ci il tarixlərində göstərilmiş xidmətlərin dəyəri ümumilikdə 2363,54 manat təşkil edir. Qeyd olunan mübahisənin həlli məqsədi ilə 19.09.2020-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və cavabdehə ödəniş olunmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən hal hazıradək heç bir ödəniş olunmamışdır. İddiaçı MMC ilə cavabdeh Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi arasında bağlanmış 03.05.2012-ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 5.4-cü maddəsinə əsasən, “Sifarişçi” təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. Cavabdehin borclarının yarandığı tarixdən iddia ərizəsi tərtib olunan tarixədək, yəni 06.10.2020-ci il tarixədək borcunu ödəməmişdir. Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsindən 2363,54 manat borcdan əlavə, 03.05.2012-ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 5.4-cü maddəsini rəhbər tutaraq yaranmış hər iki borca hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 %- i həcmində cərimə kimi hesablanan ümumilikdə 9891,02 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda 19.03.2019-cu il tarixdə Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Cavabdeh yaradılaraq əvəz edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2 (113)-367/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2 (113)-367/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş hesab faktura, e-qaimə və təmir kartlarına nəzər saldıqda İddiaçı MMC tərəfindən Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə məxsus avtonəqliyyat vasitəsinə texniki xidmətlərin və məhz hansı xidmətlərin göstərilməsini müəyyən etmək mümkündür. Həmin xidmətlərin göstərilməsini təkzib edən hər hansı hal müəyyən edilməmişdir. Belə ki, mübahisələndirilən qətnamədə iddianın rədd edilməsi, yeni yaradılan publik hüquqi şəxs kimi Ərazi Tikinti Planlaşdirma Mərkəzinin əvvəlki hüquqi şəxsin öhdəliklərinə görə cavabdeh olmaması, həmçinin İddiaçı MMC tərəfindən əsaslı sübutların təqdim olunmaması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 19 mart 2019-cu il tarixli 597 saylı Fərmanına əsasən, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında DövlətŞəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statusu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılmışdır. Əvvəla nəzərə almaq lazımdır ki, Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə məxsus olmuş bütün əmlak, eləcə də İddiaçı MMC tərəfindən xidmət göstərilmiş **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jeta” markalı avtonəqliyyat vasitəsi hal-hazırda Cavabdeh balansına keçmişdir. Odur ki, məhkəmənin yeni yaradılan publik hüquqi şəxs kimi Cavabdeh əvvəlki və əsasında yaradıldığı Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin hər hansı bir müddəa ilə nəzərdə tutulmadığına görə öhdəliklərinə cavabdeh olmamasına dair gəldiyi nəticə düzgün yanaşma hesab edilə bilməz. Belə ki, qanunun analogiyası ilə Mülki Məcəllənin müvafiq maddələrinə istinad edilərək qeyd edilən məsələ mübahisələndirilməməli idi. Əgər əvvəlki hüquqi şəxsin balansında olan bütün əmlak yeni yaradılmış hüquqi şəxsə təhvil verilirsə, bu həm də öhdəliklərin ötürüldüyünü özündə ehtiva edən amillərdəndir. Əks halda əvvəlki hüquqi şəxsin öhdəliklərinə bu formada xitam verilməsi ağlabatan deyildir. Məhkəmənin bu yanaşmasını rəhbər tutsaq, belə çıxır ki, İddiaçı MMC göstərilən xidmətlərə görə öz haqqını tələb etməsi üçün bütün vasitələrdən məhrum olmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 Məhəmmdəli oğlu apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2 (113)-367/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 03.05.2012-ci il tarixli “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” 20/c saylı müqaviləyə əsasən İddiaçı MMC öz üzərinə, sifarış əsasında Bakı Şəhər Planlaşdırma İdarəsinin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərmək üzrə öhdəlik götürmüş və idarə isə götürülmüş işi qəbul etməyi və hazırkı müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh tərəfindən qeyd edilən müqavilə əsasında göstərilmiş xidmətlərə görə 3148,24 manat borc qalığı olduğunu iddia edərək, xidmətin göstərilməsinə sübut olaraq məhkəməyə təmir kartları, elektron qaimələr təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iddiaçının tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xidmət göstərdiyi Bakı Şəhər Planlaşdırma İdarəsi ləğv edilmiş, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 saylı Fərmanına əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Burosunun və Şəhər ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statusu Ərazi Tikinti Planlaşdırma Mərkəzi yaradılmışdır. Ərazi Tikinti Planlaşdırma Mərkəzinin nizamnaməsində isə onun Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin hüquqi varisi olduğu qeyd edilməmişdir. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır Həmin Qanunun 7-ci maddəsinə əsasən publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır. Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Publik hüquqi şəxsin əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir. Publik hüquqi şəxslərə verilmiş müvafiq olaraq dövlət və bələdiyyə əmlakı onlar tərəfindən yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olaraq istifadə edilir. Göründüyü kimi, istər Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 19 mart 597 saylı Fərmanında, istərsə də “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda yeni yaradılan publik hüquqi şəxsin əsasında yaradıldığı hüquqi şəxsin öhdəliklərinə görə cavabdeh olması ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. İddiaçının apelyasiya şikayətində istinad etdiyi bu normaya görə hüquqi şəxs təşkilati-hüquqi formanın dəyişdiyi halda yeni hüquqi şəxs əvvəlkinin öhdəliklərinə görə məsuliyyət daşıyır. Hazırkı halda isə iddiaçı ilə müqavilə münasibətində olmuş Şəhər ərazisinin Tikinti-Planlaşdırma İdarəsi təşkilati-hüquqi formasını dəyişməmiş, həmin İdarə ləğv edilmişdir. Mülki Məcəllənin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 54.3-cü maddəsinə əsasən idarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ləğv edilmiş idarənin öhdəliklərinə görə məsuliyyət həmin idarənin tabe olduğu hüquqi şəxsin üzərinə düşür. Buna görə də hazırda iddiaçının dövlət orqanı olmuş idarənin öhdəliklərinə görə publik hüquqi şəxs olan Ərazi Tikinti - Planlaşdırma Mərkəzinə qarşı irəli sürdüyü tələb əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2 (113)-367/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2 (113)-367/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar