Məhkəmə qərarları › İş №2-2(103)-600/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-600/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-600/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X3, vəkili Vəkil3, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-34/2021 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. “X8 Abwassertecnik GmbH Şirkəti (baş podratçı) və “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı (subpodratçı) arasında Qəbələ rayonunda X2 və Kanalizasiya Kollektorlarının Tikintisi üçün DB/7460/LV/008/129 saylı müqavilə əsasında işlər üzrə xx.xx.2015-ci il tarixli subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən müəyyən edilir ki, AR Qanunvericiliyinə uyğun olaraq müvafiq surətdə təsis edilmiş və fəaliyyət göstərən "xxxx" ASC (sifarişçi) ilə baş podratçı “X8 Abwassertecnik GmbH Şirkəti arasında “Qəbələ rayonunda X2 və Kanalizasiya Kollektorlarının Tikintisi üçün DB/7460/LV/008/129 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən sifarişçi Azərbaycan Respublikası, Qəbələ şəhərində X2 və kanalizasiya kollektorlarının tikintisini baş podratçıya podratçılığa vermişdir. Baş podratçı subpodratçı ilə təzminat sazişinə əsasən subpodratçını, əsas müqavilədə göstərilən müəyyən işlər, malların çatdırılması və xidmətlərin yerinə yetiriməsinə cəlb etmək niyyətindədir və subpodratçı qeyd edilən işləri yerinə yetirməyə, həyata keçirməyə və icra etməyə razılaşır. Müqavilənin 3.1-ci bəndinə əsasən baş podratçı subpodratçıya müstəsna olaraq subpodratçılığa verilən işlər üzrə səfərbərlik xərcləri üçün nəzərdə tutulmuş, 1 milyon ABŞ dolları məbləğində avans ödənişini, əlavə 5-in şərtlərini və müddəalarını nəzərə almaqla, yalnız subpodratçı tərəfindən şərtsiz bank zəmanəti təqdim edildikdən sonra təqdim edə bilər. Ödəniş baş podratçı tərəfindən bank zəmanəti alındıqdan sonra 7 iş günü ərzində həyata keçirilir. 3.2ci bəndinə əsasən subpodratçı 1-ci əlavədə göstərilən qiymətlərin 89%-nə bərabər olan qiymətə subpodratçılığa verilən işləri yerinə yetirir. 9.2-ci bəndinə əsasən tərəflərdən heç biri, hazırkı müqavilə üzrə öz hüquq və vəzifələrini, digər tərəfin əvvəlcədən yazılı razılığı olmadan, digər tərəfə güzəşt edə və ya ötürə bilməz.

2. “R+R İNC” MMC (güzəşt alan) ilə “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı (güzəşt edən) arasında xx.xx.2015-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən baş podratçı “X8 Abwassertecnik GmbH Şirkəti və subpodratçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı arasındakı qarşılıqlı razılığa əsasən MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı su çəkilişi və kanalizasiyasının tikintisi işlərinin görülməsi barədə subpodrat müqaviləsi üzrə öz hüquq və öhdəliklərini “R+R İNc” MMC-yə əvəzi ödənilməklə güzəşt etmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə görə güzəşt alan hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş hüquqların dəyəri olaraq güzəşt edənə 2.000.000 ABŞ dolları ödəyir. 2.2-ci bəndinə görə “R+R İNC” MMC avans aldıqda, verilmiş avansın faizinə uyğun olaraq avans ödəyir və qalan hissəni isə 12 ay müddətində bərabər bölünmə nisbətində nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir.

3. Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışdan “R+R İNC” MMCnin adının Cavabdeh MMC olaraq dəyişdirildiyi aydın olmuşdur.

4. “X8 Abwassertecnik GmbH Şirkətinin İddiaçınin AR Filialına ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Qəbələ layihəsində İddiaçınin AR Filialının subpodratçı qismində çalışması üçün mühəndisdən razılıq, eləcə də işlərin yerinə yetirilməsi üçün lisenziya alınmamışdır. Nəticə etibarilə, “X8 Abwassertecnik GMBH” Şirkəti İddiaçınin AR Filialının subpodratçı qismində müqaviləni pozduğunu hesab etmiş və aralarında bağlanmış DB/7460/LV/008/129 saylı müqaviləyə xitam vermişdir.

5. “X8 Abwassertecnik GmbH Şirkəti (əsas podratçı) və “R+R İNC” MMC (subpodratçı) arasında Qəbələ rayonunda X2 və Kanalizasiya Kollektorlarının Tikintisi üçün DB/7460/LV/008/129 saylı müqaviləyə əsasən xx.xx.2015-ci il tarixli GAB-15-102 saylı subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə işlər üzrə bu subpodrat müqavilə şərtlərinə əsasən, əsas podratçı aşağıda göstərilən müqavilə sənədlərində müəyyənləşdirilən və əks olunan bütün işlər və xidmətləri yerinə yetirməyi təyin etməyi və subpodratçı isə həmin işləri yerinə yetirməyi üzərinə götürmüşdür. 3.1-ci bəndinə əsasən əsas podratçı 3 saylı əlavədə göstərilən şərtlərə əsasən, əsas podratçının birinci dərəcəli beynəlxalq bank tərəfindən verilən qeyd –şərtsiz və ilkin tələbli bank zəmanətinin subpodratçı tərəfindən təmin olunmasından sonra 1.000.000 ABŞ dolları məbləğində subpodrat işləri ilə əlaqəli mobilizasiya xərcləri üçün müstəsna şəkildə subpodratçıya avans ödənişi edə bilər. Ödəniş əsas podratçı tərəfindən bank zəmanətinin qəbulundan sonra 14 iş günü ərzində edilir. 3.2-ci bəndinə görə subpodratçı sifarişçi tərəfindən əsas podratçıuya ödəniləcək xalis ödənişin 97 faizinə bərabər qiymətə subpodrat işlərini əsas podratçı üçün yerinə yetirəcəkdir. Xalis ödəniş sifarişçinin məsləhətçi şirkəti tərəfindən avans ödənişinin geri qaytarılması və keyfiyyət zamanəti üçün tutulmaların çıxılmasından sonra təsdiqlədiyi ödəniş məbləğidir. Cari olaraq, yerdə qalan xalis ödəniş məbləği 24.172.741 ABŞ dollarıdır. Bu məbləğ dəyişə bilər.

6. “X8 Abwassertecnik GmbH Şirkəti tərəfindən NWSSP Consultants comprising “P2M berlin GMBH” şirkətinə ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubundan müəyyən edilir ki, Qəbələ layihəsində subpodratçı qismində işləmək üçün XY şirkəti (RR Groupun hissəsi) “X8 Abwassertecnik GMBH” Şirkəti ilə əlaqə qurmuşdur. “X8 Abwassertecnik GMBH” Şirkəti həmin şirkətlə son danışıqlara başlamamışdan əvvəl müqavilənin ümumi müddəalarının 4.4-cü yarımbəndinə müvafiq olaraq həmin şirkətin subpodratçı kimi işləməsi üçün P2M berlin GMBH şirkətinin razılığını almaq üçün şərtləri ödəyibödəməməsinə aydın gətirilməsi xahiş edilmişdir.

7. “P2M berlin GMBH” şirkətinin “X8 Abwassertecnik GMBH” Şirkətinə ünvanlanmış xx.xx.2015-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, şirkət tərəfindən “R+R İNC” şirkətinin təqdim olunan sənədləri nəzərdən keçirilmişdir. Həmin şirkət müqavilənin ümumi şərtlərinin 4.4-ci yarımbəndinə istinadən subpodratçı qismində fəaliyyətlə bağlı bütün tələblərə cavab verir. Göstərilənlərə əsasən “X8 Abwassertecnik GmbH Şirkətinin təklifinə razılıq verilmişdir.

8. 01.12.2015-ci il tarixli 207 saylı; xx.xx.2015-ci il tarixli 226 saylı; xx.xx.2015-ci il tarixli 253 saylı, xx.xx.2015-ci il tarixli 289 saylı; xx.xx.2016-cı il tarixli 514 saylı; xx.xx.2016-cı il tarixli 589 saylı;xx.xx.2016-cı il tarixli, 648 saylı; xx.xx.2016-cı il tarixli 235 saylı və xx.xx.2016-cı il tarixli 00015219 saylı xəzinə məxaric orderlərinə əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinə cəmi 950.749 ABŞ dolları məbləğində pul ödənilmişdir.

9. MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR filialı tərəfindən “R+R İNC” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubundan müəyyən edilir ki, “R+R İNC” MMC-dən 2 iş günü ərzində müqavilə üzrə öhdəliklərinin yerinə yetirməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdehlər “X8 Abwassertechnık GMBH” şirkətinin Azərbaycan Respublikasındakı filialına və “R+R İNC” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs olmaqla iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, müqavilə üzrə ödənilməli olan 1.049.251 ABŞ dolları və gecikdirilməyə görə bank uçot dərəcəsinə uyğun olaraq 266.092 ABŞ dolları məbləğində pulun cavabdeh “R+R İNC” MMC-dən tutularaq “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsini, vurulmuş mənəvi zərərə görə 50.000 ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər “R+R İNC” MMC və “X10 X9 Echnık GMBH” şirkətinin Azərbaycan Respublikasındakı fililalından müştərək qaydada tutularaq“MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu su təchizatı və kanalizasiya xəttinin çəkilməsi işlərinin aparılması məqsədilə Almaniya Respublikasının “X10 X9 Echnik GMBH” şirkətinin Azərbaycan Respublikasındakı fililalı ilə Türkiyə Respublikasının “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında Qəbələ Rayon Su Təchizatı və X4 Sistemi üzrə B/7460/LV/008/129 saylı xx.xx.2015-ci il tarixli Subpodrat müqaviləsi bağlanmışdır. Göstərilən subpodrat müqaviləsinə əsasən Qəbələ rayonu su təchizat və kanalizasiya xəttinin çəkilməsi işləri Türkiyə Respublikasının “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına həvalə edilmişdir. Müqaviləyə əsasən görüləcək işlərin dəyəri 28.352.148 ABŞ dolları təşkil etmiş və həmin məbləğin faizi nəzərə alınaraq bütün subpodratçı işlərinin icrası və tamamlanması üçün müqavilə qiyməti 25.233.412 ABŞ dolları hesablanmışdır. xx.xx.2015-ci il tarixdə İddiaçınin Azərbaycan Respublikasındakı filialı ilə “R+R İNC” MMC arasında bağlanmış müqaviləyə əsasən baş podratçı “X10 X9 Echnik GMBH” şirkəti və subpodratçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasındakı qarşılıqlı razılığa əsasən MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR filialı su çəkilişi və kanalizasiya tikintisi işlərinin görülməsi barədə subpodrat müqaviləsi üzrə öz hüquqlarını və öhdəliklərini “R+R İNC” MMC-yə əvəzi ödənilməklə güzəşt etmişdir. Qeyd edilən müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən həmin müqavilənin 1.1-ci bəndində göstərilən güzəştin dəyəri olaraq “R+R İNC” MMC 2.000.000 ABŞ dolları məbləğində pulu avans faizinə uyğun olaraq 12 ay müddətində bərabər bölünmə nisbətində nağd və ya bank köçürülməsi yolu ilə MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödəməli idi. Cavabdeh “R+R İNC” MMC tərəfindən müqavilənin şərtləri qismən icra olunaraq, sonuncu ödəniş tarixi xx.xx.2019-cu il tarixi olmaqla hissəhissə şəklində 950.749 ABŞ dolları MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilmiş, qalan 1.049.251 ABŞ məbləğində pul isə bu günə kimi ödənilməyərək müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Bununla bağlı cavabdehlərə dəfələrlə məhkəmədən kənar (pretenziya qaydasında) müraciət olunaraq müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunmuş, lakin tələbləri hər dəfə müxtəlif bəhanələrlə icra edilməmişdir. Qeyd edirlər ki, bundan öncə 2017-ci ildə cavabdehlərə qarşı hazırkı iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş, lakin sonradan iddia ərizəsi baxılmadan saxlanılmışdır. xx.xx.2016-cı il tarixdən hesablanmaqla gecikdirilmiş günlərin sayı xx.xx.2019-cu il tarixinə 1.089 gün təşkil edir. Belə olan təqdirdə AR Mərkəzi Bankının hazırkı gün üçün müəyyən etdiyi illik 8,5 %-lik uçot faiz dərəcəsi nəzərə alınmaqla müqavilə üzrə ödənilməli olan 1.049.251 ABŞ dolları məbləğində pul vəsaitinə görə hesablanacaq faizin ümumi məbləği (1.049.251 ABŞ $ X 8.5% uçot dərəcəsi : 365gün X 1089gün) 266.092 ABŞ dolları təşkil edir. Hesab edirlər ki, qanunverciyin yuxarıda sadalanan maddələrinin tələbinə əsasən cavabdeh “R+R İNC” MMC xx.xx.2015-ci il tarixli müqavilə üzrə ödəməli olduğu 1.049.251 ABŞ dolları məbləğində puldan əlavə, həmin məbləğin gecikdirilməsinə görə hesablanmış 266.092 ABŞ dolları məbləğində pulu da MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödəməlidir. Bundan başqa hesab edirlər ki, iş üzrə digər cavabdeh “X10 X9 Echnik GMBH” şirkətinin Azərbaycan Respublikasındakı fililalı “R+R İNC” MMC ilə İddiaçınin Azərbaycan Respublikasındakı filialı su çəkilişi və kanalizasiya tikintisi işlərinin görülməsi subpodrat müqaviləsi üzrə “X10 X9 Echnik GMBHşirkətinin MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin subpodrat müqaviləsi üzrə özü hüquq və vəzifələrini “R+R İNC” MMC-yə ötürülməsinə razılıq vermiş şəxs olduğundan və həmçinin görülmüş işlərə bilavasitə cavabdeh şəxs olduğundan, “R+R İNC” MMC üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyinə və nəticədə MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının işgüzar nüfuzuna böyük ziyan vurulduğuna görə 50.000 ABŞ dolları məbləğində pul vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iki cavabdehdən müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməlidir.

12. Bundan sonra İddiaçınin Azərbaycan Respublikasındakı filialı iddiaçının əsl iddiaçı, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, İddiaçınin Azərbaycan Respublikasındakı filialı əsl İddiaçı ilə əvəz edilməsini, cavabdeh “R+R İNC” MMC-nin əsl Cavabdeh MMC ilə əvəz edilməsini xahiş etmişdir.

13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadları ilə İddiaçınin Azərbaycan Respublikasındakı filialının əsl iddiaçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti ilə, cavabdeh “R+R İNC” MMC isə əsl Cavabdeh MMC ilə əvəz edilmişdir.

14. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməli olan 1.049,251 ABŞ dolları, həmin məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq 289.305 ABŞ dolları, işgüzar nüfüza vurulmuş zərərin əvəzi olaraq 50.000 ABŞ dolları olmaqla, cəmi 1.388.556 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdehin nümayəndəsi iddia ərizəsinə dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materialları ilə tanış olan zaman məlum oldu ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Almaniya Respublikasının “X8 Abwassertechnik GMBH” şirkətinin Azərbaycan Respublikasındakı fililalı ilə Türkiyə Respublikasının MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2015-ci il tarixli subpodrat müqaviləsi bağlanarkən, MGH şirkəti PWT şirkətinə zəmanət vermişdir ki, o, səlahiyyətli qurumları və mühəndisi MGH şirkətinin lisenziya olmadan və ya lisenziya əldə edərək işləməsini qəbul etməyə inandırmaqla, işlərin həyata keçirilməsi və mühəndisdən zəruri razılığın alınması üçün hüquqi statusa malik olmaq məsələsinə diqqət yetirəcəkdir. Lakin işlər üzrə subpodrat müqaviləsinin imzalanmasından sonra bəlli olmuşdur ki, işlərin yerinə yetirilməsi üçün MGH şirkəti lisenziya almalıdır. 10 mart 2015-ci il tarixində PWT tərəfindən ilk dəfə dərc olunmuş və 24 mart, sonradan 1 iyul tarixlərində yenilənmiş, Qəbələ layihəsi üzrə MGH və PWT şirkətlərinin ümumi vəzifələrinin siyahısında bu məsələ öz əksini tapmışdır. MGH şirkəti 13 may 2015-ci il tarixdə PWT şirkətinə məktub yazaraq lisenziya alacaqlarını bildirmişdir. Amma həmin tarixdə sonrakı müddətdə də lisenziya alınmamışdır. Bu kimi səbəblərdən də MGH subpodratçı qismində öz üzərinə düşən müqavilə öhdəliklərini icra etmək üçün ilkin şərtləri bilərəkdən yerinə yetirmədiyindən 15 iyul 2015-ci il tarixli məktubunda tərəflər arasında 23 yanvar 2015-ci il tarixində imzalanmış “Qəbələ rayonunda X2 və kanalizasiya kollektorlarının tikintisi” üçün DB/7460/LV/008/129 saylı Müqavilə əsasında İşlər üzrə Subpodrat müqaviləsinə xitam vermişdir və “X8 Abwassertechnik GMBH" şirkəti normativhüquqi tələblərin yerinə yetirilməməsinə görə MGH şirkətinin subpodratçılığa verilən işləri icra etmək qabiliyyətində olmaması faktından irəli gələn bütün itkiləri və zərərləri həmin şirkətdən tələb etmək hüququnu özündə saxlamışdır. Yuxarıda göstərilənlər iddiaçıya məlum olduğu halda iddiaçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı PWT şirkətinin razılığı olmadan xx.xx.2015-ci il tarixdə “R+R İNC” MMC ilə müqaviləyə bağlayaraq Baş podratçı “X8 Abwassertechnık GMBH” şirkəti və subpodratçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasındakı qarşılıqlı razılığa əsasən su çəkilişi və kanalizasiya tikintisi işlərinin görülməsi barədə subpodrat müqaviləsi üzrə öz hüquqlarını və öhdəliklərini “R+R İNC” MMC-yə əvəzi ödənilməklə güzəşt etdiyini göstərmişdir. Tərəflər arasında bağlanmış müqavilədən də görünür ki, MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı “R+R İNC” MMC ilə tələbin güzəşti müqaviləsi bağlamışdır. Lakin əslində iddiaçı bu müqaviləni xidmət göstərmək adı ilə “R+R İNC” MMC-ni aldadaraq bağlamışdır. Halbuki, MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin belə hüququ olmamışdır. Belə ki, “X8 Abwassertechnık GMBH” şirkəti və subpodratçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti ilə arasındakı bağanmış subpodrat müqavilənin 9.2-ci bəndinə əsasən tərəflərdən heç biri hazırkı müqavilə üzrə hüquq və vəzifələrini, digər tərəfin əvvəlcədən yazılı razılığı olmadan, digər tərəfə güzəşt edə və ya ötürə bilməzdi. İşin materiallarından görünür ki, baş podratçı “X8 Abwassertechnik GMBH” şirkəti tərəfindən subpodratçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin öz hüquq və vəzifələrini, digər tərəfə güzəşt etməsinə dair müqavilə bağlamasına yazılı razılıq verilməmişdir. Bu fakt baş podratçının iş materiallarında olan etirazında da əks edilmişdir. Bundan əlavə, işin materiallarından görünür ki, “X8 Abwassertechnık GMBH” şirkəti və subpodratçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinə 23 iyul 2015-ci il tarixli bildiriş göndərməklə onunla imzalanmış subpodrat müqaviləsinə xitam vermiş və sonradan “R+R İNC” MMC ilə 11 avqust 2015-ci il tarixdə sobpodrat müqaviləsi-2 imzalamışdır. Göründüyü kimi, “X8 Abwassertechnık GMBH” şirkəti və subpodratçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti bağlanmış Subpodrat müqaviləsi artıq hüquqi qüvvəyə malik deyildir. Belə olan halda hazırda hüquqi qüvvəyə malik olmayan müqavilə əsasında bağlanmış “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə “R+R İNC” MMC arasında bağlanmış, su çəkilişi və kanalizasiya tikintisi işlərinin görülməsi ilə bağlı subpodrat müqaviləsi üzrə öz hüquqlarını və öhdəliklərini “R+R İNC” MMC-yə əvəzi ödənilməklə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilə də hüquqi qüvvəsi olmamaqla heç bir hüquqi əhəmiyyətə malik deyildir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə əsassız və qanunsuz olmuşdur, yəni əhəmiyyətsiz əqddir, heç bir hüquqi nəticə yaratmır və iddiaçının cavadehi aldadaraq ondan güzəşt müqaviləsi üzrə almağa nail olduğu 950.749 ABŞ dollarının geri qaytarılmasına dair iddia qaldırılacaqdır.

16. Bakı Kommersiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-2(113)-34/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 1.049.251 ABŞ dolları məbləğində borc, ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pulun tutularaq iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi və iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi bildirmişdir ki, cavabdeh aldadılması səbəbindən iddiaçı ilə bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olduğunu və pul öhdəliyinin yaranmadığını qeyd etsə də bununla bağlı sübutlarını təqdim etməmişdir. Həmçinin, qanunvericiliyə əsasən, aldatma nəticəsində bağlanmış əqd əhəmiyyətsiz əqd deyil, mübahisələndirilən əqddir. Mübahisələndirilən əqd isə yalnız barəsində mübahisə edildikdə etibarsız hesab edilə bilər. Cavabdeh aldatma nəticəsində bağlanması əsası ilə müqavilənin etibarlılığını məhkəmədə mübahisələndirmədiyindən həmin müqavilə qanunvericiliyin tələbləri baxımından etibarsız deyildir.

18. Bundan başqa, podratçı “X8 Abwassertecnik GmbH Şirkəti” güzəşt müqaviləsi bağlanarkən yazılı razılıq verməsə də, şirkətin həmin əqd bağlandıqdan əvvəl (“R+R İNC” MMC-nin subpodratçı kimi cəlb edilməsinə razılıq alınması) və sonrakı (MGH şirkəti ilə bağlanmış subpodrat müqaviləsinə xitam verilməsi və eyni layihə üzrə yeni subpodrat müqaviləsinin “R+R İNC” MMC ilə bağlanması) hərəkətləri “X8 Abwassertecnik GMBH” Şirkətinin 2015-ci il 23 yanvar tarixli subpodrat müqaviləsi üzrə hüquq və vəzifələrin “R+R İNC” MMC-yə güzəşt edilməsinə dair razılıq verməsinə açıq-aşkar dəlalət edir. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik əqdə razılıq verilməsi üçün əqd formasına riayət edilməsini zəruri hesab etməmişdir. Belə olan halda isə “X8 Abwassertecnik GmbH Şirkəti”nin əqdin bağlanmasına razılığının yazılı formada əks edilməməsi müqavilə şərtlərinin pozuntusu olsa da, qanunvericiliyin imperativ tələblərinin pozulması kimi qiymətləndirilə və belə olan halda həmin şərtə əməl edilmədən bağlanmış müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi üçün əsas ola bilməz.

19. Cavabdeh həmçinin əqdin uydurma əqd olmasını iddia etsə də, həmin əqd bağlanarkən hər iki tərəfin onu icra etmək niyyəti olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, tərəflərin onu icra etmək niyyəti olmadığı halda, həmin əqdin hansı məqsədlə bağlandığını açıqlamamışdır. Məhkəmə hesab etmişdir ki, mübahisəli əqd əsasında cavabdeh tərəfindən 950.749 ABŞ dolları məbləğində pulun ödənilməsi, eləcə də cavabdehin Qəbələ layihəsində subpodratçı qismində iştirak etməsi, yəni əqdin hər iki tərəf tərəfindən qismən də olsa, icra edilməsi cavabdehin həmin əqdin görünüş üçün bağlanması barədə dəlillərini təkzib etmişdir.

20. Bundan başqa birinci instansiya məhkəməsi bildirmişdir ki, qanunun tələblərinə uyğun olaraq yalnız əqd bağlanarkən mövcud olmuş qüsurlar əqdin etibarsız hesab edilməsinə əsas ola bilər. Mübahisəli müqavilə bağlanarkən isə “X8 Abwassertecnik GmbH” Şirkəti (podratçı) və İddiaçınin Azərbaycan Respublikasındakı Filialı (subpodratçı) arasında subpodrat müqaviləsi qüvvədə olmuşdur. Belə olan halda isə mübahisəli müqavilə bağlandıqdan sonra “X8 Abwassertecnik GMBH” Şirkəti və “MGH İnşaat Taahhüt Ticaret Limited şirkətinin Azərbaycan Respublikası Filialı arasında subpodrat müqaviləsinə xitam verilməsi həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas vermir.

21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli pul öhdəliyinin yaranması üçün əsas olmuş güzəşt müqaviləsi əhəmiyyətsiz əqd deyildir. Müqavilə əhəmiyyətsiz əqd olmadığından həmin müqavilə əsasında tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə olan halda isə iddiaçı cavabdehdən həmin müqavilə üzrə yaranmış pul öhdəliyinin icra edilməsini tələb etməkdə haqlı olmuşdur.

22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı nə cavabdehin hüquqazidd, təqsirli əməlləri nəticəsində onun işgüzar nüfuzunun ləkələndiyini, nə də həmin əməllər nəticəsində ona maddi zərər (real zərər və ya əldən çıxmış fayda formasında) dəyməsini sübuta yetirə bilməmişdir. Həmçinin, cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı da iddiaçı hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən, cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsas müəyyən edilməmişdir.

23. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 324.5, 339.2, 355.1, 355.2, 385, 442, 448.1, 449.1, 1097.1-ci, “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. İddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Cavabdeh MMC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-34/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən iddianın təmin olunan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-2(103)-806/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - əldən çıxmış faydaya görə faiz tələbinin rədd edilməsi hissəsində ləğv olunmuş, iddiaçının pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz tələbi qismən – cavabdehdən illik 5 faizlə 157.387,65 ABŞ dolları vəsaitin tutulması hissəsində təmin edilmişdir. Əldən çıxmış faydaya görə faiz tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

27. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Qətnamədən həmçinin iddiaçı da kassasiya şikayəti verərək onun iddia tələbinin təmin olunmadığı hissədə ləğv, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-108/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-2(103)-806/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

30. İddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbini qismən təmin etməklə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Məhkəmənin qətnamədə Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli güzəşt müqaviləsi əsasında yaranmış öhdəliklərini tam icra etmədiyini, nəticədə onun iddiaçı “MGH İnşaat Taahhüt T icaret Limited” şirkətinə borcunun yarandığını və 1.049.251 ABŞ dolları məbləğində borcun cavabdehdən tutulması hissəsində iddianın əsaslı olduğundan təmin edilməli olduğunu hesab etməsi faktiki olaraq Cavabdeh MMC-nin müqaviləsi əsasında yaranmış öhdəliklərini tam icra etməyərək 1.049.251 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz saxlamaq və ödənilməsini gecikdirməklə həmin pul vəsaitindən faydalandığının sübuta yetirilməsi deməkdir. Bu səbəbdən də qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbinə əsasən Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli güzəşt müqaviləsi üzrə ödənilməli olan 1.049,251 ABŞ dolları məbləğində borcu qanunsuz olaraq saxladığına görə bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış 289.305 ABŞ dolları məbləğində pulu da İddiaçı-nə ödəməlidir. Bundan başqa hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

31. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə tərəfindən iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilməməsi və nümayəndənin səlahiyyətinin olmaması ilə bağlı iddianın baxılmamış saxlanmalı olduğu araşdırılmamış, iddia ərizəsinə etirazda göstərilən hallara düzgün hüquqi qiymət verilməmişdir. Mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmədə müəyyən edilmiş faktlatdan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6, apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, firma onlara zəng elədi və dedi ki, belə bir şirkət var və işi icra etmək istəyir. Onlar iki milyon dollara hüquqlarını satdılar. Bir xahişə görə güzəşt etdilər. İlk olaraq hüquqların alqı-satqısı üçün lisenziyaya ehtiyac yoxdur. Eyni zamanda, lisenziya var. İkincisi, mübahisəsizdir ki, müqavilənin bağlanması üçün “R+R İNC” MMC müraciət edib və müqavilələri onlar tərtib edib. Burada iradə ifadəsində qüsur olmayıb. Cavabdeh bu məsələni məhkəmə qaydasında da mübahisələndirməyib və aldadıldıqlarını sübuta yetirə bilməyiblər. Üçüncüsü, “R+R İNC” MMC ilə “X8 Abwassertecnik GmbH Şirkəti arasında müqavilə bağlanması zərurəti yaranıb. Əvvəlki podrat müqaviləsi ləğv edilməli idi. Ona görə də subpodrat müqaviləsi “R+R İNC” MMC-yə lazım idi. Həmçinin, subpodratçı bank qarantiyası verməli idi. Lakin, “R+R İNC” MMC bu qarantiyanı verə bilmədiyi üçün onlar əvvəlki qarantiya müddətini uzatdılar.

34. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, lisenziya Türkiyədə verilmiş sənəddir. Mübahisəli əqd hüquqların ötürülməsi ilə bağlıdır. Bu zaman lisenziyaya ehtiyac olmur. Ölkələrarası müqaviləyə görə həmin lisenziya bizim ölkəmizdə qüvvədədir.

35. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, sübutların birinci instansiyada niyə təqdim edilmədiyini əsaslandırmırlar. Həmçinin lisenziya işi görməyə əsas vermir. Müqavilənin məbləğinin niyə iki milyon dollar olması müəyyən edilmir. Bank qarantiyası ilə bağlı məsələ ümumiyyətlə iddiaya aid deyil. Birinci instansiya məhkəməsində mübahisələndirilməyib. 6 iyul tarixli məktub “X10 UMD ABWASS ERT ECHNİK GMBH” şirkətinə ünvanlanıb. İş materiallarında lisenziya var, əvvəldən varlığını bilmirdilər. Həmin lisenziyanın onların işinə aidiyyatı yoxdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

37. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Həmin Məcəllənin 193.1-ci maddəsinə görə güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.

39. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

40. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

41. Həmin Məcəllənin 355.1-ci maddəsinə görə əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

42. Həmin Məcəllənin 355.2-ci maddəsinə görə razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

43. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

47. "xxxx" ASC (sifarişçi) ilə “X8 Abwassertecnik GMBH” Şirkəti (podratçı) arasında Qəbələ rayonunda X2 və Kanalizasiya Kollektorlarının Tikintisi üçün DB/7460/LV/008/129 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən podratçı sifarişçinin sifarişi əsasında Azərbaycan Respublikası, Qəbələ şəhərində X2 və kanalizasiya kollektorlarının tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixdə “X8 Abwassertecnik GmbH Şirkəti (podratçı) və iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı (subpodratçı) arasında subpodrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən subpodratçı DB/7460/LV/008/129 saylı müqavilə üzrə podratçıya həvalə edilmiş işləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı “R+R İNC” MMC ilə (cavabdeh RR İnşaat” MMC-nin əvvəlki adı) xx.xx.2015-ci il tarixli müqavilə bağlayaraq su çəkilişi və kanalizasiyasının tikintisi işlərinin görülməsi barədə subpodrat müqaviləsi üzrə öz hüquq və öhdəliklərini “R+R İNc” MMC-yə əvəzi ödənilməklə güzəşt etmişdir. Subpodrat müqaviləsi üzrə hüquq və öhdəliklərinin güzəşti müqabilində “R+R İNC” MMC 2.000.000 ABŞ dolları məbləğində pulu İddiaçınin AR Filialına ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin məbləğdən 950.749 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir.

48. Hazırda iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti müqavilə üzrə ödənilməmiş 1.049.251 ABŞ dolları məbləğində pulun, eləcə də həmin məbləğə Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış faizlərin və işgüzar nüfuza dəymiş zərərin Cavabdeh MMC-dən tutulmasını tələb edir.

49. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

50. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, Qəbələ rayonunda X2 və kanalizasiya kollektorlarının tikintisi ilə bağlı podrat müqaviləsi əsasında İş materiallarından göründüyü kimi “X8 Abwassertecnik GmbH Şirkəti ilə “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respubikasındakı filialı arasında 2015-ci il 23 yanvar tarixli subpodrat müqaviləsi bağlanmış, həmin müqavilənin 9.1-ci bəndində tərəflərin hər birinin öz işlərini hazırki subpodrat müqaviləsi ilə bilavasitə və ya dolayısı ilə bağlı olan bütün müvafiq qanun və qaydalara uyğun olaraq həyata keçirməyi öhdələrinə götürdükləri öz əksini tapmışdır. “X8 Abwassertecnik GmbH Şirkəti ilə “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respubikasındakı filialı arasında subpodrat müqaviləsi su təchizatı sistemləri və kanalizasiya kollektorlarının tikintisi ilə əlaqədar bağlanmış, daha sonra “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti həmin subpodrat müqaviləsi üzrə hüquq və öhdəliklərini cavabdehə güzəşt etmişdir. Beləliklə, subpodrat müqaviləsinin 9.1-ci maddəsində göstərilən şərt subpodratçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq lisenziyanın alınmasını da əhatə etmişdir. İş materiallarında həmçinin müəyyən olunur ki, “X8 Abwassertecnik GmbH” Şirkəti tərəfindən iddiaçı ilə bağlanmış subpodrat müqaviləsinə də məhz iddiaçı tərəfindən müvafiq lisenziyanın alınmaması səbəbindən xitam verilmişdir (bax §6). Bundan başqa iş materiallarından cavabdehə Azərbaycan Respublikası Fövqəladə İşlər Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən Dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti quraşdırma işlərinin həyata keçirilməsinə icazəni nəzərdə tutan 2011-ci il 31 may tarixli lisenziya verilmişdir. Göründüyü kimi istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən, kommersiya hüquqi şəxsləri siyahısı qanunvericiliklə müəyyən olunmuş bəzi fəaliyyət növləri ilə yalnız bununla bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq – lisenziya əsasında həyata keçirilməlidir. İşin hallarından iddiaçı tərəfindən onun müvafiq işlərin görülməsi üçün xüsusi razılıq – lisenziyasının olmadığı işlərlə əlaqədar bağladığı və məhz lisenziyasının mövcud olmaması səbəbindən ləğv olunmuş müqavilə üzrə hüquq və öhdəlikləri cavabdehə güzəşt olunmuşdur. Halbuki, qanunvericiliyin istinad olunan müvafiq normaları baxımından subpodrat müqaviləsi üzrə işlərin görülməsi üçün müvafiq lisenziyası olmadan müqavilə üzrə hüquq və öhdəliklərinin iddiaçı tərəfindən cavabdehə ötürülməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Göründüyü kimi, hüquq münasibətlərinin yarandığı, yəni həm subpodrat müqaviləsi bağlanan zaman, həm də iddiaçı tərəfindən həmin müqavilə üzrə hüquq və öhdəliklərinin cavabdehə güzəşt olunduğu zaman qüvvədə olmuş müvafiq qərarın siyahısında subpodrat müqaviləsinin predmeti olan su təchizatı və kanalizasiya sistemləri titkintisinə icazə tələb olunan qurğuların layihələndirilməsi üzrə işlərə aid olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin qismən təmin olunmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli olduğundan, iddiaçının bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış 289.305 ABŞ dolları məbləğində və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi 50.000 ABŞ dolları məbləğində vəsaitlərin tutulmalı olmasına dair kassasiya şikayətinin dəlilinə münasibət bildirilməsinə zərurət aradan qalxır və göstərilən məsələlərə yalnız iş üzrə yuxarıda göstərilən xüsusatlara apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə tam, obyektiv və hərtərəfli məhkəmə araşdırması aparılmaqla qiymət verildikdən sonra münasibət bildirilə bilər.

51. Kollegiya qeyd edir ki, lisenziyanın mövcud olmamasının müqavilənin etibarsız hesab edilməsi əsaslarından biri kimi nəzərdə tutulması ilə bağlı Mülki Məcəllədə hər hansı bir müddəa müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı müqavilənin etibarsızlığ üçün əsaslardan biri kimi lisenziyanın olmamasına istinad etməmişdir.

52. Bundan başqa, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən müqavilə üzrə hüquq və öhdəliklərin iddiaçı tərəfindən cavabdehə ötürülməsi nəzərdə tutulmuşdur, bu halda lisenziyanın olmaması müqavilənin etibarsızlığına əsas vermir.

53. Eyni zamanda, apellyasiya baxışı zamanı təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya ölkə daxilində və xaricində rəsmi və özəl bütün qurumlara, şəxslərə qarşı yaşayış evləri, sənaye müəssisəsi, liman, tunel, yol, bənd, körpü, yeraltı və yerüstü kanalları, sulama təchizatları və digər bütün inşaat, santexnika, dekorasiya işləri, yeraltı sənaye təchizatlarının inşaatı, podrat xidmətləri üzrə iştirak etməsi,öhdəliklər götürməsi, bu öhdəlikləri yerinə yetirməsi, yerinə yetirilməsini təmin etməsi və s. işlərin həyata keçirilməsinə icazəni nəzərdə tutan 1998-ci il 27 iyul tarixli lisenziya verilmişdir.

54. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən razılığa gələn tərəflərdən birinin ölkəsində tərtib olunmuş və rəsmi təsdiq edilmiş sənədlər razılığa gələn digər tərəfin ədliyyə idarələrində leqallaşmadan azad edilir. Razılığa gələn tərəflərdən birinin rəsmi idarələri tərəfindən tərtib olunmuş sənədlər Razılığa gələn digər tərəfin ərazisində rəsmi sənədlərlə eyni qüvvəyə malikdir.

55. İddiaçınin AR Filialının xx.xx.2015-ci il tarixli subpodrat müqaviləsi üzrə öz hüquq və vəzifələrinin güzəşti barədə mübahisəli müqaviləni bağlayarkən subpodrat müqaviləsinin 9.2-ci bəndinin tələblərinə zidd olaraq podratçının yazılı razılığını almaması ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış mübahisəli güzəşt müqaviləsinə əsasən “X8 Abwassertecnik GmbH Şirkəti (podratçı) və İddiaçınin AR Filialı (subpodratçı) arasında subpodrat müqaviləsi üzrə subpodratçının hüquq və vəzifələri “R+R İNC” MMC-yə ötürülmüşdür. Başqa sözlə, həmin müqaviləyə əsasən “R+R İNC” MMC subpodrat müqaviləsində subpodratçı İddiaçınin AR Filialını əvəz edərək Qəbələ rayonunda X2 və Kanalizasiya Kollektorlarının Tikintisi üçün DB/7460/LV/008/129 saylı müqavilə üzrə görülməli olan işləri subpodratçı qismində icra etməli idi.

56. Podratçı “X8 Abwassertecnik GmbH Şirkəti Qəbələ layihəsi üzrə subpodratçı qismində “R+R İNC” MMC cəlb edilməsinə razılıq verilməsi üçün mühəndis şirkətinə - “P2M berlin GMBH” şirkətinə müraciət etmiş və “P2M berlin GMBH” şirkəti xx.xx.2015-ci il tarixli məktubu ilə “R+R İNC” MMC-nin layihə üzrə subpodratçı qismində cəlb edilməsinə razılığını ifadə etmişdir. Bundan əlavə güzəşt müqaviləsinin bağlanmasından 1 ay sonra X8 Abwassertecnik GmbH Şirkəti (podratçı) ilə “R+R İNC” MMC (arasında) Qəbələ layihəsi üzrə subpodrat müqaviləsi bağlanmışdır. Göründüyü kimi podratçı “X8 Abwassertecnik GmbH Şirkəti” güzəşt müqaviləsi bağlanarkən yazılı razılıq verməsə belə, şirkətin həmin əqd bağlandıqdan əvvəl (“R+R İNc” MMC-nin subpodratçı kimi cəlb edilməsinə razılıq alınması) və sonrakı (MGH şirkəti ilə bağlanmış subpodrat müqaviləsinə xitam verilməsi və eyni layihə üzrə yeni subpodrat müqaviləsinin “R+R İNc” MMC ilə bağlanması) hərəkətləri “X8 Abwassertecnik GMBH” Şirkətinin xx.xx.2015-ci il tarixli subpodrat müqaviləsi üzrə hüquq və vəzifələrin “R+R İNC” MMC-yə güzəşt edilməsinə dair razılıq verməsini təsdiq edir.

57. Bundan başqa, cavabdeh iddiaya dair etirazında tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin əsassız və qanunsuz oldugunu, yəni əhəmiyyətsiz əqd oldugunu, heç bir hüquqi nəticə yaratmadıgını və iddiaçının cavadehi aldadaraq ondan güzəşt müqaviləsi üzrə almağa nail olduğunu 950.749 ABŞ dollarının geri qaytarılmasına dair iddia qaldırılacaqlarını bildirmişdir.

58. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, aldatma nəticəsində bağlanmış əqd əhəmiyyətsiz əqd deyil, mübahisələndirilən əqddir. Mübahisələndirilən əqd isə yalnız barəsində mübahisə edildikdə etibarsız hesab edilə bilər.

59. Bununla yanaşı, hazırkı halda cavabdeh əqdin uydurma əqd olmasını iddia etsə də, həmin əqd bağlanarkən hər iki tərəfin onu icra etmək niyyəti olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də tərəflərin onu icra etmək niyyəti olmadığı halda həmin əqdin hansı məqsədlə bağlandığını açıqlamamışdır. Bundan əlavə hazırkı işdə mübahisəli əqd əsasında cavabdeh tərəfindən 950.749 ABŞ dolları məbləğində pulun ödənilməsi, eləcə də cavabdehin Qəbələ layihəsində subpodratçı qismində iştirak etməsi, yəni əqdin hər iki tərəf tərəfindən qismən də olsa, icra edilməsi cavabdehin həmin əqdin görünüş üçün bağlanması barədə dəlillərini təkzib edir.

60. Mübahisəli müqavilə “X8 Abwassertecnik GMBH” Şirkəti və “MGH İnşaat Taahhüt Ticaret Limited şirkətinin AR Filialı arasında subpodrat müqaviləsi üzrə hüquq və öhdəliklərin güzəşt edilməsi barədə bağlandığı halda, həmin müqavilə bağlandıqdan sonra sözügedən subpodrat müqaviləsinə xitam verilməsi ilə bağlı dəlilə münasibətdə qeyd edilməlidir ki, mübahisəli müqavilə bağlanarkən isə “X8 Abwassertecnik GmbH Şirkəti (podratçı) və İddiaçınin AR Filialı (subpodratçı) arasında subpodrat müqaviləsi qüvvədə olmuşdur. Mübahisəli müqavilə bağlandıqdan sonra “X8 Abwassertecnik GMBH” Şirkəti və “MGH İnşaat Taahhüt Ticaret Limited şirkətinin AR Filialı arasında subpodrat müqaviləsinə xitam verilməsi isə həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas vermir.

61. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı Cavabdeh MMC məhkəmədənkənar razılıq əldə olunması üçün vaxt verilməsini xahiş etmiş, lakin tərəflər arasında hər hansı razılıq əldə olunmamışdır.

62. Borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq 289.305 ABŞ dolları məbləğində pulun tutulması tələbinin rədd edildiyi hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşır.

63. İddiaçı pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin Mülki Məcəllənin 449.1-ci maddəsində müəyyən edilmiş qaydada tutulmasını xahiş etmişdir.

64. “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur.

65. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut yoxdur. Belə olan halda pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlər Mülki Məcəllənin 445.7-ci maddəsində müəyyənləşdirilmiş qaydada tutulmalıdır.

66. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

67. Məhkəmə kollegiyası hesab edir ki, faiz tələbi qismən təmin edilərək cavabdehin iddiaçı qarşısında pul öhdəliyini tam icra etmək vəzifəsinin yarandığı xx.xx.2016-cı il tarixdən iddiaçının iddia ərizəsində öhdəliyin icrasının gecikdirilməsinə görə faiz hesabladığı xx.xx.2019-cu il tarixədək üç il üçün illik 5 faizlə cavabdehdən 157387,65 ABŞ dolları pul tutulmalı, faiz tələbi qalan hissədə əsassız hesab edilərək rədd edilməlidir.

68. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfüzuna zərər vurulduğu təsdiq edilmədiyindən məhkəmə kollegiyası 50.000 ABŞ dolları məbləğində pul tələbinin rədd edilməsi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

69. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməməli, İddiaçınin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-34/2021 saylı qətnaməsi qismən- əldən çıxmış faydaya görə faiz tələbinin rədd edildiyi hissədə ləğv edilməli, İddiaçınin pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən İddiaçınin xeyrinə illik 5 %-lə 157387,65 ABŞ dolları pul tutulmalı, əldən çıxmış faydaya görə faiz tələbi qalan hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. İddiaçınin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-34/2021 saylı qətnaməsi qismən- əldən çıxmış faydaya görə faiz tələbinin rədd edildiyi hissədə ləğv edilsin. İddiaçınin pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən İddiaçınin xeyrinə illik 5 %-lə 157387,65 ABŞ dolları pul tutulsun. Əldən çıxmış faydaya görə faiz tələbi qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar