Məhkəmə qərarları › İş №2-2(103)-601/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-601/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-601/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-1588/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli 1/20-153AZ nömrəli bitki mühafizə vasitələrinin satışına dair müqaviləyə əsasən iddiaçı alıcıya mallar satmışdır.

2. İddiaçı tərəfindən cavabdehə EBAS 064432 saylı xx.xx.2020-ci il tarixli, EBAS 083498 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 080563 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 408809 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 408857 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 731639 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 365935 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 367934 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 367934 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 861366 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir.

3. xx.xx.2023-cü il tarixli **********3249 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən EBAS 083498 nömrəli, EBAS 408809 nömrəli, EBAT 367934 nömrəli elektron qaimələr əsasında 222,55 manat məbləğində ƏDV subuçot hesabından köçürmə aparılmışdır. 4 İddiaçıya məxsus hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 984,33 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1236,37 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, cəmi 5220,70 manat ödəniş edilmişdir.

5. Borcun ödənilməsi barədə cavabdehə petenziya məktubu göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdehdən 7264,67 manat, 1000 manat zərər, vəkilə xidmət haqqı olaraq ödənilmiş 310 manat pul, ümumilikdə 8574,67 manat və iş üzrə ödənilmiş 100 manat mediasiya xərcinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman pereparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. İddiaçı kənd təsərrüfatı sahəsində istifadə olunan dərman pereparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. Tərəflər arasında 24 sentyabr 2020-ci il tarixdə “Bitki Mühafizə vasitələrinin” satışına dair 1/20-135 AZ nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən Müqaviləyə əsasən cavabdehə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək ümumilikdə 12707,92 manat dəyərində dərman pereparatları verilmişdir. Cavabdeh iddiaçıya olan 12707,92 manat borcundan 2984,33 manat ödəmişdir. Məhkəməyə müraciət edildikdən sonra 248,92 manat ödənilmiş, 7264,67 manat borcu qalmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1588/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 7264,67 manat pul və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli müqavilə üzrə təhvil verilmiş mallarla bağlı 9 ədəd elektron qaimə təqdim edilmiş, həmin qaimələrdən beşi tam şəkildə, bir qaimə isə qismən (5486,96 manat borcdan 3000 manat hissəsi) ödənilmiş, üç qaimə isə ödənilməmiş qalmışdır. Elektron qaimələr iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin noyabr-dekabr aylarında təqdim edilmiş, cavabdeh tərəfindən iddiaçıya ödənişlər 2022- 2023-cü illər ərzində edilmiş, lakin bu müddət ərzində iddiaçıya malların təhvil-təslim aktlarının olmaması ilə bağlı hər hansı irad bildirilməmiş, habelə cavabdehin iddia etdiyi kimi mallar təhvil verilməmişdirdə, malların təhvil verilməsi iddiaçıdan tələb edilməmiş, hətta iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə tələb irəli sürüldükdən sonra cavabdeh tərəfindən ümumilikdə 2236,37 manat əsas borc (xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə) və xx.xx.2023- cü il tarixdə isə ƏDV borcu ödənilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin etirazını əsassız hesab etmişdir.

10. Məhkəmə faiz borcu ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 1000 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət barədə heç bir sübut təqdim etmədiyindən həmin tələb təmin olunmur.

11. Hüquqi yardım xərci ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyd olunan məbləğin ödənilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etmədiyindən sonradan təqdim etmədiyindən həmin xərc cavabdehdən tutula bilməz.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1588/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, qaimə üzrə tələb olunan ödənişlərin alınmasını və ya malların təhvil alınmasını təsdiq edən heç bir sübut mövcud deyil. Belə ki, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ o zaman yaranır ki, xx.xx.2020- ci il tarixli, 1/20-135 AZ nömrəli müqavilənin 1.1-ci bəndində qeyd olunduğu kimi alıcı tərəfindən mal qəbul edilsin. Lakin işin hallarından görünür ki, iddiaçının qaimələrlə göndərildiyi iddia etdiyi mallar cavabdeh tərəfindən qəbul edilməmişdir və bu səbəbdən hazırda iddiaçının cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ yoxdur. Belə ki, qeyd edilən səbəblərə görə hər hansı öhdəlik yaranmamışdır. Qaimələrə görə təhvil-təslim aktının olmamasına baxmayaraq cavabdeh tərəfdən vicdanlılığın tələb etdiyi tərzdə davranılmış faktiki olaraq həqiqətən təhvil alınmış malların dəyəri ödənilmişdir. Yəni rəsmi təhvil təslim aktı olmasa belə dəyəri ödənilmiş mallar faktiki olaraq təhvil alınmış hesab olunmuşdur. Cavabdehin bu cür vicdanlı hərəkətinə baxmayaraq məhkəmə işə səthi yanaşmış və təhvil təslim aktlarının olmamasına baxmayaraq qaimələr üzrə ödənişlərin olmasını digər qaimələrin də ödənilməsi ilə şərtləndirmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı sui-istifadə edərək artıq ödəniş alması və əsassız varlanması üçün təhvil alınmayan malların da qaiməsini göndərə bilər. Dolayısı ilə İddiaçı tərəfindən artıq ödəniş alınması məqsədilə əlavə məhsulların qaiməsini əsassız olaraq göndərməsi ehtimalı çoxdur və məhkəmənin belə qənaətə gəlməsi, qanunsuz və əsassız qərar çıxarması iddiaçının əsassız varlanmağına şərait yaradır. Məhkəmənin əsaslandırmasında bildirdiyi digər fikirlərə görə qeyd etmək istəyirəm ki, malların təhvil-təslim aktlarının olmaması ilə bağlı hər hansı irad bildirmək, mallar təhvil verilmədikdə malların təhvil verilməsini iddiaçıdan tələb etmək cavabdehin vəzifəsi deyil, hüququdur. Bu cür səthi əsaslara görə təhvil alınmayan malları təhvil alınmış hesab etmək, iddiaçının sübutu olmadan qaimələrlə əlavə ödəniş tələbini təmin etmək yolverilməzdir. Qeyd etmək vacibdir ki, cavabdeh tərəfindən vicdanlılığın tələb etdiyi tərzdə davranılaraq təhvil təslim aktı olmasa da faktiki olaraq yalnız həqiqətən təhvil alınmış malların dəyəri ödənilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddə- müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddə- müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1-ci maddə-müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddə-bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddə- əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddə- əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddə-alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə- əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Apellyasiya baxışının predmetini iddianın təmin edildiyi hissə təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1588/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 sentyabr 2020-ci il tarixli 1/20-153AZ nömrəli bitki mühafizə vasitələrinin satışına dair müqaviləyə əsasən elektron qaimələr əsasında 12707,92 manat dəyərində dərman pereparatları təqdim edilmiş, malların ƏDV daxil 5443,25 manatı ödənilmiş, qalan hissəsi ödənilməmişdir.

20. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində dəyəri tələb edilən malların təhvil-təsliminə dair aktların olmadığına istinad edərək həmin malları təhvil aldığını qəbul etmir. Bununla bağlı məhkəmə qeyd edir ki, 24 sentyabr 2020-ci il tarixli müqavilədə mallar təhvil verilərkən təhvil-təslim aktı tərtib edilməsi nəzərdə tutulmamışdır. Müqavilənin 4.1-ci bəndində qeyd edilir ki, malın təhvil şərtləri “Əlavə razılaşma” ilə müəyyən ediləcək. İşin hallarından görünür ki. Tərəflər arasında qeyd edilən əlavə razılaşma imzalanmamış, cavabdeh dəyərini ödədiyi malları təhvil alarkən təhvil-təslim aktının tərtib edilməsini tələb etməmişdir. Müəyyən olunur ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən malların təqdim edilməsi elektron qaimə göndərilməklə rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh eyni qaydada təhvil aldığı malların dəyərini ödədiyindən və təhvil verilmədiyini iddia etdiyi mallarla bağlı göndərilmiş elektron qaimələ etiraz etmədiyindən iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslıdır.

21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1588/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1588/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi an qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar