Məhkəmə qərarları › İş №2-2(103)-604/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-604/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-604/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştrakı ilə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1052/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış 16 mart 2018-ci il tarixli xidmət müqaviləsinə əsasən 4.840,36 AZN xidmət haqqının və öhdəliyin vaxtında icra edilməməsi səbəbi ilə (vəkil xərci və gecikdirmə faizi olaraq) dəymiş zərərin əvəzi olaraq 700 manat, cəmi 5.540,36 məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.08.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, hakim “iddiaçı cavabdeh tərəfindən borcun tam ödənilmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir” deməklə iddiaçının nə kimi bir sübutu məhkəməyə təqdim etməli olduğunu nəzərdə tutur ki?! Əgər cavabdeh tərəfindən borcun qalığı ödənilməmişdirsə, yəni cavabdeh tərəfindən hərəkətsizlik edilmişdirsə, bu faktı iddiaçı hansı sübutu təqdim edərək sübut edə bilər ki?! Əgər həqiqətən də hakimin gəldiyi nəticə kimi borc cavabdeh tərəfindən tam olaraq ödənilmişdirsə, cavabdeh borcunu ödədəyini təsdiq edən sübutları məhkəməyə təqdim edərək bunu sübuta yetirməli idi. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... cavabdeh tərəfindən iddiaçıya göstərilən xidmətin dəyərinin ödənilməməsi məhkəmə tədqiqatı dövründə öz təsdiqini tapmadığına görə, cavabdehdin iddiaçının qarşısında hər hansı bir öhdəliyinin qalması sübüta yetirilməmişdir.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “göstərilən xidmətin dəyərinin ödənilməməsinin” sübutetmə vəzifəsini iddiaçıya yükləməklə MPM-in 14.2 və 77.1-ci maddələri ilə nəzərdə tutulan sübutetmə prinsipini kökündən pozmuşdur və onun bu səhvi düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddiaya mahiyyəti üzrə hüquqi qiymət verildikdə isə müəyyən olunur ki, həm iddia, həm də iddiaçının apellyasiya şikayəti qismən əsaslıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında 16.03.2018-ci il tarixli Xidmət müqaviləsi bağlanmış, müqavilə 16.03.2018-ci il tarixdən 31.12.2019-cu il tarixədək bağlanmış və imzalandığı andan qüvvəyə minmişdir, Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin əməkdaşlarını yemək xidməti ilə təmin etməli, cavabdeh isə Müqavilənin 2.1ci bəndinə müvafiq olaraq bir nəfər üçün ƏDV xaric 3,50 AZN məbləğdə xidmət haqqı ödəməlidir, bank ödənişləri və elektron qaimələrlə təsdiq olunur ki, iddiaçı 2018-ci ilin martavqust aylarında cavabdehi cəmi 17.085,81 AZN dəyərdə xidmətlə təmin etmişdir, göstərilən xidmətə görə cavabdeh 06.09.2018-ci il tarixdə ƏDV daxil 8.016,33 AZN və 03.01.2019-cu il tarixdə ƏDV daxil 4.229,12 AZN olmaqla, cəmi ƏDV daxil 12.245,45 AZN ödəmiş, 26.08.2020-ci il tarixə onun iddiaçıya ƏDV daxil olmaqla 4.840,36 AZN ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən yeməklərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə ƏDV daxil olmaqla 4.840,36 manat müqavilə üzrə yaranmış borc hissədə qismən razılaşır. Belə ki, iddiaçı tələb etdiyi 700 manat məbləğin hansı hissəsinin vəkil xərci, hansı hissəsinin gecikmə faizi olduğunu, habelə faizin hansı tarixdən hansı müddətə hansı məbləğə hesablanmalı olduğunu nə iddia ərizəsində, nə də apellyasiya şikayətində əsaslandırmamış və bununla bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, həmin hissədə iddia rədd edilməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi faktiki cəhətdən əsassız, prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur (MPM-in 387.1-ci maddəsi). Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli (MPM-in 385.1.1-cü maddəsi), iş üzrə yeni qətnamə qəbul edilməli (MPM-in 384.0.2-ci maddəsi), iddia müqavilə üzrə borc hissədə qismən təmin edilməli və qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1052/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh MMC-dən 4.840,36 manat (dörd min səkkiz yüz qırx manat otuz altı qəpik) məbləğdə pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar