Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-604/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “Arkoz X18” MMC-nin Cavabdeh MMC-yə qarşı iddiası və Cavabdeh MMC-nin qarşılıqlı iddiası üzrə (Açar sözlər:pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X2, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndələri X5 (vəkil) və X3 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-780/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16 iyun 2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Satıcı "xxxx" MMC (sonrakı adı: İddiaçı MMC, indiki adı: “Arkoz X18” MMC) ilə alıcı - “X20” MMC (indiki adı: Cavabdeh MMC) arasında bağlanmış 2017-ci il 1 fevral tarixli HGC SB 001/0217 saylı beton alqı-satqısı barədə müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə betonu satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.
2. İstehsalçı "xxxx" MMC ilə distribüter “X20” MMC arasında bağlanmış 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı malların satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair müqavilənin şərtlərinə görə: - İstehsalçı özünün istehsal etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də göstərilən sement məhsullarını satmaq hüququnu distribüterə verir (1.1-ci bəndi). - İstehsalçı istehsal etdiyi malların satışını bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən həcmdə və şərtlərlə distribüterə verir (2.1-ci bənd). - İstehsalçı tərəfindən təchiz edilən mallara bu müqavilənin əlavə 2-də göstərilən aylar üzrə satış həcmləri müəyyən olunur (5.1-ci bənd).
3. Cavabdeh MMC tərəfindən təqdim edilmiş 2018-ci il 3 yanvar tarixli Distribüter müqaviləsinin 6A saylı əlavəsində qeyd olunur ki, müqavilənin 5-ci bəndinə aşağıdakı 5.5 yarımbəndinin əlavə edilməsi razılaşdırılır: “Distrubüter il ərzində 1 milyon manatdan artıq satış reallaşdırarsa satılmış məhsulların dəyərinin 5% məbləği bonus kimi istehsalçı tərəfindən hesablanaraq növbəti ilin birinci ayında distribüterə geri ödənilir. Bu əlavə İddiaçı MMC tərəfindən idarə heyətinin sədri Fariz İbrahimli tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir.
4. Satıcı "xxxx" MMC (sonrakı adı: İddiaçı MMC, indiki adı: “Arkoz X18” MMC) ilə alıcı “X20” MMC (indiki adı: Cavabdeh MMC) arasında bağlanmış 2018-ci il 4 yanvar tarixli HGC GS 030/0118 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə: - Satıcı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq Klinker məhsulunu alıcıya satır. Alıcı isə malı alır və dəyərini ödəyir (1.1-ci bənd). - Malın qiyməti satıcı və alıcı ilə razılaşdırılmış formada müqaviləyə əlavədə müəyyən olunur (2.1-ci bənd). - Mal alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş günü ərzində (bu müqavilənin 4cü maddəsi daxilində) alıcıya təhvil verilir. Ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1 %-i miqdarında alıcıya cərimə tətbiq edilir (3.1-ci bənd).
5. Tərəflər arasında imzalanmış və təsdiq edilmiş 2018-ci il 5 yanvar tarixli İP/HGC/31-16-16 saylı üzləşmə aktından görünür ki, 2017-ci il 31 dekabr tarixinə sement, beton, qum-çınqıl satışı üzrə qalıq borc 3.691.344,80 (ƏDV ilə) manat təşkil etmişdir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 3.880.888,89 manat məbləğində malın təqdim edilməsi ilə bağlı 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə göndərilmişdir.
7. İddiaçı MMC-nin yazılı izahatında (İİİ cild, i/v 39) qeyd edilir ki, Cavabdeh MMC-yə ümumilikdə müqavilələr üzrə 31.510.351,98 manat dəyərində mal təqdim edilmiş, 28.073.616,4 manat ödəniş həyata keçirilmiş, 3.436.735,58 manat borc ödənilməmişdir.
8. İddiaçı MMC-nin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 2021-ci il 24 sentyabr tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh MMC-yə 2018-ci il 3 yanvar tarixli alqı-satqı müqaviləsi üzrə satılmış malların (sement və klinker materialı) ümumi dəyəri ƏDV daxil 26.316.182,88 manat, 2018-ci il 1 fevral tarixli müqavilə üzrə satılmış beton materialının ümumi dəyəri 6.233.795,75 manat olmuşdur.
9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 2020-ci il 22 iyul tarixli 409 nömrəli pretenziya məktubunda ümumilikdə 3.089.073,42 manat borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə mübahisənin həll olunması üçün məhkəməyə müraciət ediləcəyi bildirmişdir.
10. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanan 2021-ci il 5 yanvar tarixli 05/21 nömrəli pretenziya məktubunda ümumilikdə 5.234.283,4 manat borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə mübahisənin həll olunması üçün məhkəməyə müraciət ediləcəyi bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. “Arkoz X18” MMC (bundan sonra – “iddiaçı) 2020-ci il 25 dekabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 3.089.073,42 manat qalıq borcun (3.081.151,71 əsas borc + 7.921,71 ƏDV borcu), gecikdirilmiş müddət üçün 308.907,34 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 3.398.010,76 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2017ci il 1 fevral tarixli HGC-SB 001/0217 saylı beton alqı-satqısı müqaviləsi, 2018-cı il 3 yanvar tarixli HGC GD 001/2018 saylı malların satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair müqavilə və 2018-ci il 4 yanvar tarixli HGC GS 030/0118 saylı alqı-satqı müqaviləsi (klinker satışı üzrə) bağlanmışdır. İddiaçı cavabdeh qarşısında hər üç müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra edərək, öz istehsalı olan müvafiq həcmdə sement məhsullarını (sement, beton və klinker) cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini qismən ödəmiş, cari tarixə iddiaçıya ümumilikdə 3.089.073,42 manat (3.081.151,71 əsas + 7.921,71 ƏDV) ödənilməyən borcu qalmışdır. Müqavilələr üzrə öhdəliyin yerinə yetirilməsi, yəni iddiaçıya olan qalıq borcunun tam şəkildə ödənilməsi məqsədilə cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh borcunun ödənilməsini təmin etməmişdir.
13. Daha sonra iddiaçı 2021-ci il 31 may tarixində məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehdən 3.436.735,58 manat qalıq borcun, gecikdirilmiş müddət üçün 343.673,55 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 3.780.439,13 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 462.1, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə istinad olunmuşdur.
15. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-ci il 1 fevral tarixli HGC-SB 001/0217 saylı beton alqı-satqısı müqaviləsi və malların satışı üzrə “Distribüter hüquqlarının verilməsinə dair" 2018-cı il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilə üzrə avans olaraq iddiaçıya ödənilmiş 2.206.509,00 manat əsas və 397.171,62 manat ƏDV məbləği olmaqla, cəmi 2.603.680,62 manat məbləğin, 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinə əsasən 1.271.632,66 manat məbləğin, uduş kartları üzrə realizə edilmiş kisə sementlərindən çıxan uduş kartları üzrə 110.000 manat məbləğin, istehsalçının günahından keyfiyyətsiz məhsulun yararsız hala düşərək daşlaşmasına görə zavoda geri qaytarılmış sement üzrə 158.000 manat məbləğin, iddiaçı tərəfindən cavabdehə qaimə vurulmasına baxmayaraq, müştəriyə çatdırılmayan 369.000 manat məbləğin, 2019-2020ci illər üçün iddiaçının əsassız olaraq özündə saxlamaqla istifadə etdiyi məbləğə Mərkəzi Bankın orta uçot dərəcəsi 8%-lə hesablanmaqla 721.970,12 manat dəbbə pulunun, ümumilikdə 5.234.283,4 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilələr üzrə cavabdehin iddiaçıya 21.553.096 manat əsas və 3.879.557,28 manat ƏDV olmaqla, ümumilikdə 25.432.653,28 manatlıq qaimə faktura qarşılığında iddiaçıya ödədiyi məbləğ 23.759.605 manat əsas və 4.276.728,9 manat ƏDV, ümumilikdə 28.036.333,9 manat təşkil edir. Faktiki əlavə avans olaraq 2.206.509 manat əsas və 397.171,62 manat ƏDV məbləğində qarşı tərəfə vəsait ödənilməsinə baxmayaraq, iddiaçı öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin qərb bölgəsindəki layihələri davam edən zaman iddiaçıdan məhsulların alınması mümkün olmamışdır. Ümumiyyətlə, 2016-cı ildən başlayaraq iddiaçı və cavabdeh arasında imzalanmış müqavilələrə əsasən iddiaçı daim öncədən cavabdehin adına hesab fakturalar kəsmiş və cavabdeh də öz növbəsində avans ödənişlər həyata keçirmişdir. 2018-ci il 30 may tarixinə “PwC” audit şirkətinin debitorkreditorların analizi hesabatından da görünür ki, cavabdehin iddiaçıya nəinki borcu yoxdur, əksinə olaraq bütün müqavilələr üzrə ödənişləri öncədən həyata keçirmişdir. Bununla yanaşı, debitor-kreditor borcların vəziyyətinə dair iddiaçının keçirdiyi toplantının nəticəsi olaraq tərtib edilmiş 2018-ci il 2 iyul tarixli iclas protokoluna əsasən, bütün debitorların siyahısı əks etdirilmiş və zavod rəhbərliyi, mühasibatlıq, maliyyə, satış və digər bölmələr sözügedən protokola imza atmışdır. Əgər cavabdehin iddiaçıya hər hansı borcu mövcud olsaydı, sözügedən protokolda əksini taparaq borcun hansı dövrə təsadüf etməsi də göstərilərdi. Bundan əlavə, tərəflər arasında imzalanmış 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli, 6A saylı Əlavəsində “Distribüter il ərzində 1.000.000 manatdan artıq satış reallaşdırarsa, satılmış məhsulların dəyərinin 5 faiz məbləği bonus kimi istehsalçı tərəfindən hesablanaraq növbəti ilin birinci ayında “Distribüter”ə geri ödənilir” müddəası vardır. Müqavilənin bu müddəası iddiaçı tərəfindən kobud şəkildə pozularaq cavabdehə çatası 1.271.632,66 manat vəsait bugünə kimi ödənilməmişdir. Digər tərəfdən, zavod tərəfindən istehsal olunmuş kisə sementlərinin daxilinə yerləşdirilmiş uduş kartları üzrə realizə edilmiş kisə sementlərindən 110.000 manat məbləğində ödəniş də bu günə qədər ödənilməyib. 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilə üzrə istehsalçı tərəfindən təqdim olunmuş sement məhsulunun daşlaşması nəticəsində yararsız vəziyyətdə olan və satılması mümkün olmayan mallar üzrə 158.000 manat dəyərində məhsul zavod nümayəndələri ilə birgə aktlaşdırılsa da, əvəzində nə yeni sement verilmiş, nə də ki, vəsait bu günə kimi geri ödənilməmişdir. Cavabdehin adına iddiaçı tərəfindən bir sıra qaimələr vurulmasına baxmayaraq, cavabdehin müştərilərinə 369.000 manat dəyərində sement çatdırılmamışdır. Zavodun satış menecerləri Rəmzi Nəbiyev, Elnur Orucov, Natiq Qocayev və Ramiz Mustafayev cavabdehin distribüter şəbəkəsinə qaimələri yazsa da, həmin qaimələr üzrə mal çatdırılmamışdır.
17. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi MPM-in 155.1, 156-cı maddələrinə istinad olunmuşdur.
18. Bakı Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli e-2-2(113)- 780/2021 saylı qətnaməsi ilə (hakim – Z.Axundova) hər iki iddia rədd edilmişdir.
19. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən üzləşmə aktının əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri, ilk iddia tələbini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Cavabdeh təqdim olunan qaimələrdən yalnız 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaiməni mübahisələndirmiş, həmin elektron qaimə üzrə onlara hər hansı mal göndərilmədiyini bildirmişdir. İddiaçı malların cavabdehə göndərilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. elektron qaimə üzrə malların göndərilməsi və qəbul edilməsini təsdiq edən yol nəqliyyat qaiməsi və hər hansı digər sübut məhkəməyə təqdim edilməmişdir. İlkin iddia tələbinin digər hissəsini gecikdirilmiş müddət üçün 343.673,55 manat cərimənin cavabdehdən tutulması təşkil etmişdir. Tələb olunan məbləğlərin bilavasitə bağlı olduğu hal iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə, həmçinin ilkin iddianı rədd edərkən iddia müddətinin ötürüldüyünə istinad etmişdir.
20. Qarşılıqlı iddia tələbinin bir hissəsi avans olaraq iddiaçıya ödənilmiş 2.206.509,00 manat əsas və 397.171,62 manat ƏDV məbləği olmaqla, cəmi 2.603.680,62 manat məbləğin ödənilməsindən ibarət olmuşdur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışda həmin məbləğin avans olaraq ödənilməsi ilə bağlı hər hansı qeyd olunmamışdır. Həmçinin cavabdeh də həmin ödənişlərin avans olaraq ödənilməsi barədə digər hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi müqavilədə avans şəklində ödənişin edilməsi ilə bağlı razılaşmanın olmadığını, alıcı tərəfindən mallar qəbul olunduqdan sonra ödənişlərin edildiyini, belə olan halda satıcı tərəfin deyil, alıcı tərəfin borclu qala biləcəyini və edilmiş ödənişlərin hamısının satılmış malların dəyərinin ödənilməsi üçün edildiyini bildirmişdir. Ona görə də məhkəmə həmin hissədə iddianı əsassız hesab etmişdir.
21. Qarşılıqlı iddia tələbinin digər hissəsini 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli müqaviləyə 6A saylı əlavəsinə əsasən, 1.271.632,66 manat məbləğin iddiaçıdan tutulması təşkil etmişdir. 2018-ci il 31 iyul tarixli müqaviləyə 6A saylı əlavənin əsli və ya qanunvericilikdə müəyyən olunmuş qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmiş, iddiaçının nümayəndəsi isə tərəflər arasında 6A saylı əlavə formasında razılaşmanın mövcud olmadığını bildirmişdir.
22. Cavabdeh uduş kartları üzrə realizə edilmiş kisə sementlərindən çıxan uduş kartları üzrə 110.000 manat məbləğin iddiaçıdan tutularaq ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, şahid qismində dindirilən X9 da uduş kartlarının mövcud olmasını təsdiqləsə də, iddiaçının uduş kartları üzrə 110.000 manat məbləğində pulun cavabdehə ödəməli olması sübuta yetirilməmişdir. Odur ki, qarşılıqlı iddia tələbi qeyd olunan hissələrdə rədd olunmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin istehsalçının günahından keyfiyyətsiz məhsulun yararsız hala düşərək daşlaşmasına görə zavoda geri qaytarılmış sement üzrə 158.000 manat məbləğin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də qarşılıqlı iddianı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
23. Məhkəmə öz mövqeyini MPM-in 14.2, 76.1, 76.2, 77.1, 89.3, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) 2021-ci il 26 iyul tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilərək qarşılıqlı iddianın təmin olunmasını, ilk iddianın rədd edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılmasını, iddiaçı isə 2021-ci il 30 iyul tarixində apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-50/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddianın rədd edildiyi hissədə ləğv edilmiş, ilk iddia təmin edilərək cavabdehdən 3.436.735,58 manat qalıq borc, gecikdirilmiş müddət üçün 343.673,55 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 3.780.439,13 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdər (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcu 2018-ci il 3 yanvar tarixli müqavilə əsasında sement məhsulunun təqdim edilməsi ilə bağlı göndərilmiş 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə üzrə yaranmışdır. mallar cavabdehə təqdim olunarkən tərəflər arasında təhviltəslim aktı tərtib edilməmiş, yol nəqliyyat qaimələri ilə mallar göndərilmiş, malların təqdim edilməsi elektron qaimələr və elektron hesab fakturaların göndərilməsi ilə rəsmiləşdirilmiş və həmin qaimələr əsasında ödənişlər həyata keçirilmişdir. Malların göndərilməsi ilə bağlı müqavilə şərtlərinə uyğun yazılı sifarişlər tərtib edilməmişdir. Hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə ilə bağlı qarşı tərəfə hər hansı pretenziya göndərilməmiş, həmin qaimə üzrə malların təhvil verilməsini tələb edilməmiş, eyni zamanda qeyd olunan qaimənin ləğv edilməsi ilə bağlı nə iddiaçıya, nə də vergi orqanlarına müraciət olunmuşdur. Qarşılıqlı iddia ərizəsində cavabdeh qaimə vurulmasına baxmayaraq onlara çatdırılmayan malın dəyərinin cəmi 369.000 manat olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edilənləri və tərəflər arasında təşəkkül tapan işgüzar adətə görə malların təqdim edilməsinin yalnız elektron qaimə ilə rəsmiləşdirildiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə üzrə malların təhvil alındığı müəyyən edilərək həmin qaimə üzrə ödənilməmiş 3.436.735,58 manat qalıq borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə MM-nin 445.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tələb etdiyi vəsait cərimə deyil, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə əldən çıxmış fayda kimi qəbul edilməli, öhdəliyin icrasının gecikdirilməsinə görə iki il üçün illik 5% olmaqla cavabdehdən 343.673,55 manat pul tutulmalıdır. Məhkəmə araşdırması zamanı ilk iddia üzrə tələb edilən əsas borcun 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə üzrə yarandığı müəyyən edildiyindən iddiaçı həmin qaimə əsasında təqdim olunmuş malların dəyərinin ödənilməsi üçün 2020-ci ilin dekabr ayında iddia qaldırmaqla MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətini ötürməmişdir. Qarşılıqlı iddia ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir, iddiaçının ilk iddia tələbi əsaslı hesab edilərək cavabdehin təhvil aldığı mallara görə3.436.735,58 manat qalıq borcu olduğu müəyyən edildiyindən qarşı tərəfə avans olaraq ödənildiyi bildirilən 2.603.680,62 manat pulun cavabdehə qaytarılması barədə iddianın təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır.
27. Məhkəmə texniki ekspertizasının rəyi əsasında 6A saylı əlavəyə vurulmuş möhürün iddiaçıya məxsus möhür olmadığı müəyyən olunduğundan məhkəmə qeyd edilən əlavə idarə heyətinin sədri olmuş F.İbrahimli tərəfindən imzalansa da, üzərindəki möhür hüquqi şəxsin möhürü olmadığı üçün həmin əqdi iddiaçının iradə ifadəsini əks etdirən və hüquqi qüvvəsi olan etibarlı əqd kimi qəbul etməmişdir. Bu səbəbdən 6A əlavə əsasında tələb olunan 1.271.632,66 manat pulun tutulması hissəsində də qarşılıqlı iddia əsassız hesab edilmişdir. 6A saylı əlavə ilə eyni tarixdə tərəflər arasında 2018-ci il 3 yanvar tarixli müqaviləyə 6 saylı əlavə təsdiq edilmiş, həmin 6 saylı əlavə F.İbrahimli tərəfindən deyil, iddiaçının İdarə Heyətinin üzvü Elçin Axundov tərəfindən imzalanmış və fərqli möhürlə təsdiq edilmişdir. Bu fakt və 6A saylı əlavədə cavabdehin möhürünün mürəkkəbinin 6 saylı əlavəyə vurulmuş möhürün mürəkkəbi ilə eyni rəngdə olmaması belə qənaətə gəlməyə əsas vermişdir ki, bu sənədlər eyni tarixdə tərtib edilməmişdir. Digər qarşılıqlı iddia tələbləri ilə bağlı cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, realizə edilmiş sement kisələrindən müştərilərin əldə etdiyi uduş kartlarına görə tələb olunan 110.000 manat tələblə bağlı cavabdeh tərəfindən həmin vəsaitin müştərilərə ödənilməsi, bu kompaniyanın hansı müddətləri əhatə etməsi, qarşı tərəfin həmin uduş kartlarına görə ödəniş etməklə bağlı üzərinə hansı şərtlərlə öhdəlik götürməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir.
28. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 445.7, 567, 587.1, 589.2-ci maddələrinə, MPM-in 14.2, 76, 77.1, 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
29. Cavabdeh (qarşılıqı iddia üzrə iddiaçı) qətnamədən kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, qarşılıqlı iddianın təmin olunması və ilk iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2-2(102)-244/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər B.Məmmədli (sədrlik edən və məruzəçi), Z.Babayev, B.Qəribov) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-50/2022 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinə əsaslanan 1.271.632,66 manat pulun tutulmasına dair hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Cavabdehin (qarşılıqı iddia üzrə iddiaçının) nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasını xahiş etdilər.
33. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilən hüquq
Mülki Prosessual Məcəllə
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Yuxarıda qeyd olunduöu kimi kassasiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilmişdir. Bu baxımdan hazırkı iş üzrə apellyasiya baxışının predmetini ləğv olunan həmin hissə, yəni qarşılıqlı iddianın 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinə əsaslanan 1.271.632,66 manat pulun tutulması tələbi ilə bağlı hissədə qətnamənin əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən 6A saylı əlavə ilə bağlı aparılan ekspertizaya möhürün nümunələri təqdim edilməmiş, kserosurət sənədlər üzərindəki möhür əksləri əsasında tədqiqat aparılmışdır ki, bu da qanuna ziddir.
40. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.
41. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsaslanaraq və kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin hazırkı apellyasiya baxışının predmeti olan hissədə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və maddi hüquq normaları düzgün tərtib olunmadığından qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Qətnamənin məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsi 6A saylı Əlavəyə əsaslanan 1.271.632,66 manat pul tələbini rədd edərkən ümumiyyətlə hər hansı maddi hüquq normasına istinad etməmiş, yalnız prosessual normalara istinad etməklə kifayətlənmişdir.
42. Məhkəmə kollegiyası iş üzrə gəldiyi qənaəti aşağıdakılarla əsaslandırır.
43. İşdən göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı 2018-ci il 3 yanvar tarixli müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsi üzrə ilkin iddiaçıdan pul tələb edir. Qarşılıqlı iddia üzrə cavabdeh olan “Arkoz X18” MMC isə 6 A saylı Əlavənin mövcudluğunu qəbul etmir və həmin sənəd üzərinə vurulmuş möhürün ona aid olmadığını bildirir.
44. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı həmin hissədə rədd edərkən 6A saylı əlavənin əslinin və ya qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilmədiyinə, iddiaçının nümayəndəsinin isə tərəflər arasında 6A saylı əlavə formasında razılaşmanın mövcud olmadığını bildirməsinə istinad etmişdir.
45. Əvvəlki apellyasiya baxışı zamanı qarşılıqlı iddiaçı olan Cavabdeh MMC tərəfindən 6 A saylı Əlavənin əsli təqdim olunmuş (i.v.70, İV cild), müvafiq ekspertiza təyin olunmuşdur.
46. Əvvəlki apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin həmin məsələ ilə bağlı qənaəti alınmış ekspert rəyini və digər sübutları tədqiq etməklə aşağıdakılardan ibarət olmuşdur: 1) məhkəmə texniki ekspertizasının rəyi əsasında 6 “A” saylı əlavəyə vurulmuş möhürün iddiaçıya məxsus möhür olmadığı müəyyən olunduğundan, həmin sənəd idarə heyətinin sədri olmuş F.İbrahimli tərəfindən imzalansa da, üzərindəki möhür hüquqi şəxsin möhürü olmadığı üçün həmin əqdi iddiaçının iradə ifadəsini əks etdirən və hüquqi qüvvəsi olan etibarlı əqd kimi qəbul etmir. 2) 6 “A” saylı əlavə ilə eyni tarixdə tərəflər arasında 2018-ci il 3 yanvar tarixli müqaviləyə 6 saylı əlavə təsdiq edilmiş, həmin 6 saylı əlavə F.İbrahimli tərəfindən deyil, İdarə Heyətinin üzvü Elçin Axundov tərəfindən imzalanmış və fərqli möhürlə təsdiq edilmişdir. 3) Bu fakt və 6 “A” saylı əlavədə iddiaçının möhürünün mürəkkəbinin 6 saylı əlavəyə vurulmuş möhürün mürəkkəbi ilə eyni rəngdə olmaması belə qənaətə gəlməyə əsas verir ki, bu sənədlər eyni tarixdə tərtib edilməmişdir.
47. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq hazırkı apellyasiya baxışında tərəflərə ekspert tədqiqatının aparılması üçün zəruri olan və üzərində orijinal möhür əksləri olan sənədlərin təqdim olunmasını təklif etmişdir.
46. Qarşılıqlı iddiaçı (Cavabdeh MMC) üzərində orijinal möhür əksi olan iki sənəd təqdim etmişdir - "X18" MMC-nin X8 02 avqust 2018-ci il tarixli, 004-18 saylı protokolu və həmin protokola istinadən 02 avqust 2018-ci il tarixli razılaşma (i.v.77-82, Vİ cild).
48. Qarşılıqlı iddia üzrə cavabdeh olan “Arkoz X18” MMC tərəfindən isə cəmiyyətin adının "X18" MMC olduğu dövrdə tərtib olunmuş 5 sənəd – "X18" MMC ilə “X21” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi, "X18" MMC ilə sahibkar X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi, "X18" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə, "X18" MMC ilə fiziki şəxs X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, "X18" MMC ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi, (i.v.83-103, Vİ cild). İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli Nizamnaməsi də qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təqdim olunmuşdur (i.v.142-151, Vİ cild).
49. Məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə üzrə sənədlərin əlavə məhkəmə texniki ekspertizasını təyin etmiş və həll edilməsi üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İşin 4-cü cild 70-ci vərəqinə əlavə edilmiş “Malların satışı üzrə distribüter hüquqlarının verilməsinə dair” xx.xx.2018-ci il tarixli müqaviləyə xx.xx.2018-ci il tarixdə edilmiş “6 A” saylı Əlavədəki “İstehsalçı: X18” qrafasına vurulmuş möhür əksi, işin 6-cı cild 77-82-ci vərəqlərində olan protokol və razılaşmada, 6-cı cild 83-103-cü vərəqlərində olan alqı-satqı müqavilələrində və İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli Nizamnaməsinin titul səhifəsində (6-cı cild) İddiaçı MMC-nin adından vurulmuş möhür əksləri ilə eynilik təşkil edirmi ? 2) xx.xx.2018-ci il tarixdə edilmiş “6 A” saylı Əlavədəki “İstehsalçı: X18” qrafasına vurulmuş möhür əksi möhürün həkk edilmə tarixi və mürəkkəbinə görə sənədin tərtib olunduğu tarixdə vurulmuşdurmu?
49. Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 5/1102-5/1104 saylı rəyi ilə müəyyən edilmişdir ki, “Malların satışı üzrə distribüter hüquqlarının verilməsinə dair” xx.xx.2018-ci il tarixli müqaviləyə xx.xx.2018-ci il tarixdə edilmiş “6 A” saylı Əlavədəki “İstehsalçı” sütununda olan möhür əksi ekspertizaya təqdim edilmiş İddiaçı MMC-nin 02 avqust 2018-ci il tarixli 004-18 nömrəli Protokolunda və 02 avqust 2018-ci il tarixli Razılaşmada, yəni Cavabdeh MMC tərəfindən təqdim olunmuş iki sənəddə olan möhür əksləri ilə eynilik təşkil edir. Ekspert eyni zamanda müəyyən etmişdir ki, “6 A” saylı Əlavədəki “İstehsalçı” sütununda olan möhür əksi ekspertizaya təqdim edilmiş “13 noyabr 2018-ci il tarixli QSZA230/1118 nömrəli alqı-satqı müqaviləsində, 14 yanvar 2019-cu il tarixli QSZX22/0219 nömrəli xidmət müqaviləsində, 06 oktyabr 2020-ci il tarixli 990/S-2020 nömrəli müqaviləsində, 17 may 2021-ci il tarixli QSZA058/0521 nömrəli alqı-satqı müqaviləsində, xx.xx.2022-ci il tarixli QSZX13/0222 nömrəli xidmət müqaviləsində, İddiaçı MMC-nin Nizamnaməsinin titul səhifəsinin surətində, yəni qarşılıqlı iddia üzrə cavabdeh olan “Arkoz X18” MMC-nin təqdim etdiyi sənədlərdə olan möhür əksləri ilə eynilik təşkil etmir. Qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır.
50. Qarşılıqlı iddia üzrə cavabdeh “Arkoz X18” MMC Cavabdeh MMC tərəfindən təqdim olunmuş “6 A” saylı Əlavənin və eləcə də 02 avqust 2018-ci il tarixli 004-18 nömrəli Protokolun və 02 avqust 2018-ci il tarixli Razılaşmanın mövcudluğunu qəbul etməmiş, həmin sənədlərin saxtalaşdırıldığını, sənədlər üzərində olan möhür əksinin İddiaçı MMC-yə aid olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işə baxarkən 02 avqust 2018-ci il tarixli Protokolun və Razılaşmanın həqiqiliyi qəbul olunduğu təqdirdə aid olduğu İddiaçı MMC-də saxlanılmalı olmasına baxmayaraq hansı səbəbdən Cavabdeh MMC-də olduğu və təqdim olunduğunu sonuncunun nümayəndəsindən soruşsa da, nümayəndə bununla bağlı hər hansı izah verə bilməmişdir. “Arkoz X18” MMC-nin nümayəndəsi və eləcə də apellyasiya baxışı zamanı dindirilmiş şahidlər (İddiaçı MMC-də İdarə Heyətinin sədrinin köməkçisi olmuş Elman Musayev və İdarə Heyətinin üzvü olmuş Hikmət Əliyev) bildirdilər ki, möhürlər üzərində olan yazılardan da onların fərqli olduğu, “6 A” saylı Əlavənin və eləcə də 02 avqust 2018-ci il tarixli 004-18 nömrəli Protokolun və 02 avqust 2018-ci il tarixli Razılaşmanın üzərindəki möhürdə Cəmiyyətin adı ingilis dilində “Compan”, İddiaçı MMC-yə aid bütün sənədlərdəki möhür əkslərində isə “Company” yazılmışdır. Eləcə də, möhürdə ölkənin adı “Republic of Azerbaijan” kimi deyil, “Azerbaijan Republic” kimi qeyd olunmuşdur.
51. Məhkəmə kollegiyası İddiaçı MMC-nin adının “Arkoz X18” MMC-yə dəyişdirilməsi ilə əlaqədar olaraq müəssisəyə məxsus üç möhürün məhv olunduğunu nəzərə alaraq onların məhv edilməsi ilə bağlı sənədlərin işə baxan məhkəməyə təqdim olunmasını “Arkoz X18” MMC-yə təklif etmişdir.
52. “Arkoz X18” MMC tərəfindən bir möhürün Dövlət Vergi Xidmətinə təhvil verilməsi və iki möhürün daxili əmr əsasında məhv edilməsi ilə bağlı aktlar məhkəməyə təqdim olunmuşdur. Həmin aktların üzərində MMC-yə məxsus hər üç möhürün əksi mövcuddur. Adı gözlə nəzərdən keçirilməklə də aydın şəkildə görünür ki, həmin möhür əkslərində olan yazılar eyni olmaqla Cəmiyyətin adı ingilis dilində “Limited Liability Company” və ölkənin adı “Republic of Azerbaijan” kimi qeyd olunmuşdur. 6A saylı Əlavənin və eləcə də qarşılıqlı iddiaçının ekspert tədqiqatı üçün təqdim etdiyi 02 avqust 2018-ci il tarixli 004-18 nömrəli Protokolun və 02 avqust 2018-ci il tarixli Razılaşmanın üzərindəki möhürdə isə Cəmiyyətin adı ingilis dilində “Limited Liability Compan” və ölkənin adı “Azerbaijan Republic” kimi yazılmışdır.
53. Möhür əkslərində olan bu ciddi fərqlər adi gözlə də kifayət qədər aydın göründüyündən və bu baxımdan 6A saylı Əlavənin üzərindəki möhür əksinin İddiaçı MMCyə məxsus olmaması ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ekspert rəyləri arasında hər hansı uyğunsuzluq, ziddiyyət müəyyən edilmədiyindən məhkəmə kollegiyası möhürlə bağlı əlavə ekspertiza təyin olunmasına lüzum görmədi və 6A saylı Əlavənin üzərində olan möhürün İddiaçı MMC-yə məxsus olmadığı qənaətinə gəldi.
54. Yuxarıda qeyd olunduğu kimi, xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin adından 6 saylı Əlavə tərtib olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, eyni gündə tərtib olunduğu iddia edilən digər “Əlavə”yə nəyə görə ardıcıllıq gözlənilməklə “7” nömrəsi deyil, “6A” nömrəsinin verildiyi də anlaşılan deyil. “Arkoz X18” MMC-nin nümayəndəsinin verdiyi izahata əsasən həmin müəssisədə tərtib olunmuş müqavilələrin nömrələnməsində bir qayda olaraq hərflərdən deyil, yalnız rəqəmlərdən istifadə olunur, təcrübədə müqavilələrin, yaxud onlara əlavələrin hərflərdən istifadə olunmaqla və eyni rəqəmlərlə nömrələnməsi tətbiq edilmir.
55. Məhkəmə kollegiyasının qənaətinə görə sənədlərin xronoloji rəqəm ardıcıllığı ilə nömrələndiyi bir müəssisədə fərqləndirici hərfdən istifadə etməklə eyni nömrədən istifadə olunması həmin sənədin həqiqi olmadığından, köhnə tarixlə tərtib olunduğundan və saxtalaşdırıldığından xəbər verir.
56. Məhkəmə kollegiyası iş materiallarına əsasən onu da qeyd edir ki, işdə xx.xx.2018-ci il tarixli müqaviləyə sonradan edilmiş cəmi 8 əlavə vardır və bu əlavələrdən yalnız birində - “6 A” saylı Əlavədə onun İdarə Heyətinin sədri Fariz İbrahimli tərəfindən imzalandığı qeyd edilmişdir. Fariz İbrahimli xx.xx.2018-ci ildə, yəni 6 A saylı Əlavənin tarixindən bir ay 17 gün sonra İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdir və iddiaçının nümayəndəsinin verdiyi izahata görə işdən azad olunduqdan sonra o, Cavabdeh MMC-nin rəhbərliyi ilə yaxın münasibətdə olduğundan rəsmi olmasa belə onlarla birlikdə çalışmışdır. Ekspert rəyi ilə 6 A saylı Əlavənin üzərindəki imzanın Fariz İbrahimliyə məxsus olmadığı müəyyən edilsə də, Fariz İbrahimli müqavilənin onun tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə kollegiyası 6A saylı Əlavənin üzərində olan möhürün İddiaçı MMC-yə məxsus olmadığı qənaətinə gəldiyindən bununla bağlı əlavə araşdırma aparılmasına və qiymətləndirməyə ehtiyac görmür. Məhkəmə kollegiyasının qənaətinə görə 6A saylı Əlavə İddiaçı MMC-nin iradə ifadəsini əks etdirmədiyindən və məhkəmə tərəfindən əhəmiyyətsiz sayılıb-sayılmamasından asılı olmayaraq öz-özlüyündə heç bir hüquqi nəticə doğurmadığından etibarlı əqd kimi qəbul edilə bilməz.
57. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
59. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
60. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
61. Məhkəmə kollegiyası “6 A” saylı Əlavədəki “İstehsalçı” sütununda olan möhür əksinin İddiaçı MMC-nin Nizamnaməsində və təqdim olunmuş alqı-satqı və xidmət müqavilələrində olan möhür əksləri ilə eynilik təşkil etmədiyini nəzərə alaraq həmin Əlavəni mötəbər sübut kimi qəbul etmir və tərəflər arasında belə bir müqavilənin (Əlavənin) bağlanmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda mövcud olmayan müqavilə üzrə Cavabdeh MMC-nin “Arkoz X18” MMC-dən pul tələb etməsinin nə faktiki, nə də hüquqi əsası yoxdur. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
62. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
63. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.2). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir (maddə 388).
65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddia qeyd olunan hissədə əsassız olduğundan yenə də rədd edilməlidir. Bu baxımdan Məhkəmə kollegiyası apellyasiya şikayətini yalnız qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi hissəsində əsaslı sayır.
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-780/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2021-ci il 16 iyun tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddianın 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinə əsaslanan 1.271.632,66 manat pul tələbinə aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddia bu hissədə rədd olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.