Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-606/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İKF-nin cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması Açar söz: alqı-satqı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər İmanov Azad Nizami oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı İKF-nin cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-411/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.“Çinar Servis” İKF və "xxxx" MMC arasında imzalanmış 28 iyul 2021 tarixli CS- 110/21 saylı alqı-satqı müqaviləsinə əsasən sifariş olunmuş mal (maye oksigen) yazılı sifarişdən sonra 24 saat ərzində “sifarişçi”yə məxsus olan avadanlıqda “sifarişçi”yə təhvil verilir. Malların texniki şərtləri və spesifikasiyaları müqaviləyə əlavə olunmuş tərəflər arasında “qiymətlərin razılaşdırılması protokolu”nda göstərilmişdir. 2.3-cü bəndə əsasən ödəniş “mallar” təhvil verildikdən sonra təqdim olunmuş eqaimə əsasında müəyyənləşdirilir. Ödəmə məbləği köçürmə yolu ilə 20 (iyirmi) iş günü ərzində azərbaycan manatı ilə “icraçı”nın bank hesabına köçürülür. 3.1-ci bəndə əsasən bu müəyyən edilmiş “mallar”ın “sifariçi”nin mülkiyyətinə vermək üçün tərəzi sənədinə əsasən hər dəfə yol vərəqi və təhvil-təslim aktı “sifarişçi” ilə qarşılıqlı təsdiq edilir. 2.28 iyul 2021 tarixli CS-110/21 saylı müqavilənin qiymətlərin razılaşdırılması protokolunda 1000 ton maye oksigenin 1 m3 üçün qiymət 250.000 manat tərəflər arasında razılaşdırılmışdır.
3. 01436 nömrəli xx.xx.2022 tarixli Bakı “4” saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş arayışdan məlum olur ki, “Çinar Servis” İKF tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir.
4. EBBJ seriyalı 629004 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 9.546,2 manat, EBBJ seriyalı 629107 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 104.494,90 manat, EBBL seriyalı 413050 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 139838,85 manat, EBBL seriyalı 792612 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 92.547,4 manat, ümumilikdə 346.427,35 manat dəyərində mal İddiaçı İKF tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Təqdim edilmi çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə göndərilmiş qaimələr sistem tərəfindən, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qaimələr isə cavabdehin özü tərəfindən təsdiq edilmişdir.
5. Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Məkəzi tərəfindən İddiaçı MMC-yə verdiyi 09 iyun 2022 tarixli xx/xx-0038 nömrəli cavab məktubunda Tibb Mərkəzinin "xxxx" şirkətinə borcu olmadığı bildirilmişdir.
6. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı İKF tərəfindən "xxxx" MMC-yə göndərimiş xx.xx.2021 tarixli EBBJ 629004, EBBJ 629007 nömrəli, xx.xx.2021 tarixli EBBL 413050 və xx.xx.2021 tarixli EBBL 792612 nömrəli e-qaimə fakturaların ləğv edilmədiyi qeyd edilmişdir.
7. İddiaçı İKF tərəfindən təqdim edilmiş müxtəlif tarixlərdə olan yol vərəqələrindən məlum olur ki, müxtəlif həcmdə maye oksigen məhsulu "xxxx" MMC alıcı qeyd edilməklə birincinin anbarına yola salınmışdır. Yol vərəqələri "xxxx" MMC-nin adından Cəfərov.M.İ adlı şəxs tərəfindən imzalanmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İKF iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 346.427,35 manatın, məhkəmə xərclərinə görə 637 manatın və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1250 manat məbləğində pul vəsaitinin İddiaçı İKFnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 8 iyul 2021ci il tarixli, CS-110/21 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan maye oksigen almışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş mallar təhvil verildikdən sonra təqdim olunmuş e-qaimə əsasında müəyyənləşdirilir və ödəmə məbləği köçürmə yolu ilə 20 iş günü ərzində bank hesabına köçürülür. Müqaviləyə əlavə olaraq imzalanmış qiymətlərin razılaşması protokoluna əsasən, satılacaq maye oksigenin hər kub metrinin qiyməti 250.000,00 manat müəyyən edilmişdir. 28 iyul 2021-ci il tarixdən 01 dekabr 2021ci il tarixədək olan dövrdə cavabdeh ƏDV daxil olmaqla 9.546,20 manat, 104.494,90 manat, 139.838,85 manat, 92.547,40 manat olmaqla maye oksigen qazı almış, lakin heç bir məbləğdə ödəniş etməmişdir. Cavabdeh tərəfindən almış olduğu mallara görə heç bir məbləğdə ödəniş olunmamış, beləliklə xx.xx.2021-ci il tarixə qeyd edilən alqı-satqı müqaviləsi üzrə aldığı maye oksigenə görə 346.427,35 manat öhdəliyi yaranmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-411/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən tələb olunan məbləğ üzrə cavabdehə ünvanlanmış elektron qaimələrin ikisi sistem, digər ikisi cavabdehin özü tərəfindən təsdiqlənmişdir.
12. Məhkəmə hesab etmişdir ki, elektron qaimələrdən ikisini cavabdeh təsdiqləməklə öz iradə ifadəsini əks etdirmişdir.
13. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş “mallar” təhvil verildikdən sonra təqdim olunmuş e-qaimə əsasında müəyyənləşdirilir. Ödəmə məbləği köçürmə yolu ilə 20 (iyirmi) iş günü ərzində azərbaycan manatı ilə “icraçı”nın bank hesabına köçürülür. Müqavilənin bu şərtinə əsasən cavabdeh təhvil verilmiş malın təqdim olunmuş e- qaimə əsasında ödənişini həyata keçirməlidir ki, cavabdeh tərəfindən e-qaimənin təsdiqi malın təhvil alınmasının göstəricisi və ödəmə məbləği ilə razılığının ifadəsidir.
14. Tərəflər arasında bağlanmış müqavilənin 3.1 bəndinə əsasən “mallar”ın “sifarişçi”nin mülkiyyətinə vermək üçün tərəzi sənədinə əsasən hər dəfə yol vərəqinin və təhvil-təslim aktının “sifarişçi” ilə qarşılıqlı təsdiq edilməsi müəyyən edilmişdir. Tərəflər arasında işgüzar münasibətlərin hansı qaydada həyata keçirildiyi aydınlaşdırdıqda yuxarıda qeyd edilən hallardan göründüyü kimi təsdiq edilmiş qaimələr üzrə də qarşılıqlı təsdiq edilmiş təhvil-təslim aktının olması öz təsdiqini tapmır.
15. Məhkəmə hesab etmişdir ki, müqavilədə malların təhvil verilməsinin məhz təhvil-təslim aktları əsasında rəsmiləşdirilməsi nəzərdə tutulsa da tərəflərin işgüzar adətlərində buna əməl edilməməsi, qarşılıqlı münasibətlərinin bu şəkildə olmaması müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yaranması iş materialları ilə sübuta yetirildiyindən iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən yalnız iddiaçının dediklərini və müqavilənin şərtlərini nəzərə almış, lakin müqavilə şərtlərinin iddiaçı tərəfindən yerinə yetirilməməsi, cavabdehin təqsirinin olmamasına nəzər yetirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı tərəf öz öhdəliklərini pozmuş, müqavilədə nəzərdə tutulmuş malı cavabdeh tərəfə təqdim etməmişdir. Bunlar azmış kimi iddia qaldıraraq guya verilmiş malın pulunun cavabdeh tərəfindən tutulması tələb edilmişdir. Məhkəmə bütün bu faktları nəzərə almayaraq iddiaçının lehinə qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsində göstərilən məlumatlar həqiqəti əks etdirmir. İddiaçı ilə cavabdeh arasında 28 iyul 2021 ci il tarixdə müqavilə bağlanılmasına baxmayaraq, cavabdeh tərəfindən qeyd müqavilə əsasında hər hansı bir material alınmamışdır. Bu səbəbdən də hər hansı bir öhdəliyin yaranmasından söhbət gedə bilməz. “Kriogen-N" MMC ilə “Çinar –Servis” İKF arasında bağlanılmış müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş “mallar” təhvil verildikdən sonra təqdim olunmuş e-qaimə əsasında müəyyənləşdirilir. Ödəmə məbləği köçürmə yolu ilə 20 (iyirmi) iş günü ərzində Azərabycan manatı ilə “İcraçının” bank hesabına köçürülür. 28 iyul 2021-ci il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən Sifarişçi malları “İcraçı”dan tərəzi sənədinə əsasən yol vərəqi və təhvil təslim aktı əsasında təhvil alır. Göründüyü kimi malları icraçıdan yol vərəqi və təhvil təslim aktı əsasında təhvil alınması birbaşa sifarişçinin səlahiyyətindədir. Sifarişçi "xxxx" MMC-nin direktoru və ya səlahiyyətli nümayəndəsi həmin malları qəbul etməli idi. Lakin məhkəmə faktiki məsələlərə diqqət yetirməyərək cavabdehin müqavilə tələbini pozduğuna və buna görə də pul ödənilməsi barədə qətnamə qəbul etmişdir. Beləliklə, Kommersiya Məhkəməsinin qeyd etdiyi pozuntu, yəni AR Mülki Məcəlləsinin 442-ci maddəsinin pozuntusu baş verməmişdir. Bakı Kommersiya Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən əşyanın alışından sonra ödəniş edilməmişdir. Lakin ümumilikdə iddiaçı tərəfindən cavabdehə heç bir mal verilməmişdir. İddiaçının mal verilməsini təsdiqləyən mötəbər sübutu yoxdur. Həmiçinin bildirim ki, elektron sistem vasitəsi ilə məhkəməyə təqdim etdiyimiz qərarlardan da görünür ki tərəflər arasında eyni məzmunlu məhkəmə mübahisələri olmuşdur. Tərəfimizdən təqdim edilmiş sənədlərdən və eləcədə, iddiaçı tərəfin təqdim etdiyi qaimələrdən görünür ki, yalnız iddiaçı tərəf qaimələri imzalayaraq möhürlə təsdiq etmiş və cavabdeh tərəfin hər hansı bir imzası və möhürü həmin sənədlərdə öz əksini tapmamışdır. İddiaçı “Çinar –Servis” İKF iddia edir ki, cavabdehə elektron şəkildə qaimələr göndərilmişdir. Məlumat üçün bildirim ki, həmin qaimələr göndərilən ərəfədə “Kriogen-N" MMC-nin mühasibi olmamışdır. Görünən isə odur ki, göndərilən elektron qaimələr qəbul edilmədiyindən 5 gün sonra elektron qaydada təsdiqlənmişdir. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, iddiaçının yalan məlumatlarına əsaslanmaqla qərar qəbul etmişdir. Eyni zamanda bildirim ki, cavabdehin nümayəndəsi kimi ilk məhkəmə iclasında iştirak edərək, iş materiallarında olan sənədlərlə tanış olduqdan sonra dəfələrlə məhkəmə iclasının təxirə salınacağı təqdirdə əlavə sübutların təqdim edilməsi zərurətinin yaranmasını bildirməyimizə baxmayaraq məhkəmə tərəfindən işin faktiki halları, cavabdehin təqdim edəcəyi sübutların işin həllinə təsir etmə imkanı olduğu halda nəzərə alınmamışdır. İddiaçı İKF tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr 5 gün sonra sistem tərəfindən qəbul olunmuşdur. Belə olan halda məhkəmə bu hissəni araşdırmamış və düzgün olmayan bir qənaətə gəlmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İşə baxılması sonuncu dəfə xx.xx.2023-cü il tarixə təxirə salınmış, cavabdehin nümayəndəsi iclasın təxirə salınması barədə vəsatət versə də vəsatətə üzürlü səbəblə bağlı sübutlar əlavə edilmədiyindən, iş baxılması üçün qanunla nəzərdə tutulmuş 3 aylıq müddət başa çatdığından məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir.
19. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
20. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddə- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 598.1-ci maddə-əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.4-cü maddə- əşyanı təhvil almış alıcı onu alqı- satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-411/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, “Çinar Servis” İKF və "xxxx" MMC arasında maye oksigenin alqı-satqısı ilə bağlı 28 iyul 2021 tarixli CS- 110/21 saylı alqı-satqı müqaviləsi imzalanmışdır.
24. İddiaçı EBBJ seriyalı 629004 nömrəli xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı 629107 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL seriyalı 413050 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL seriyalı 792612 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr əsasında cavabdehə təhvil verilmiş ƏDV daxil 346.427,35 manat dəyərində maye oksigenin dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini iddia edir, cavabdeh isə iddiaya etirazında və apellyasiya şikayətində həmin malların təhvil alındığını qəbul etməmişdir.
25. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının tələbinin əsaslı olduğu sübutlarla təsdiq olunur. Belə ki, AVİS vergi sistemindən çıxarışdan görünür ki, 2020-ci ilin oktyabr və noyabr aylarında göndərilmiş elektron qaimələr cavabdehin özü tərəfindən təsdiq edilmiş, həmin qaimələrdən daha əvvəl sentyabr ayında göndərilmiş elektron qaimələr sistem tərəfindən təsdiq edilsə də, cavabdeh həmin qaimələri sistemdə gördüyü halda həmin qaimələrin ləğv edilməsi, qaiməsi vurulmuş malların təhvil verilməsi ilə bağlı qarşı tərəfə müraciət etməmişdir.
26. Məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına düzgün olaraq istinad etməklə qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin 3.1-ci bəndində yol vərəqəsi ilə yanaşı təhvil-təslim aktının tərtib edilməli olduğu nəzərdə tutulsa da, işgüzar münasibətlər araşdırıldıqda tərəflər arasında belə bir aktın tərtib edilmədiyi müəyyən edildiyindən, o cümlədən malların təhvil verilməsi elektron qaimələrdən başqa eyni zamanda müqavilə şərtlərinə uyğun yol vərəqələri ilə rəsmiləşdirildiyindən cavabdehin iddiaya etirazı əsassızdır.
27. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş yol vərəqələrini mübahisələndirərək həmin vərəqələri imzalamış sürücü Məhərrəm Cəfərovu tanımadıqlarını bildirsə də, iddiaçının təqdim etdiyi etibarnaməyə əsasən (iş mateialları 2-ci cild 4-cü vərəq) müəyyən edilmişdir ki, "xxxx" MMC-nin İdarə Heyətinin sədri olan Hacıyev Nizami Babaşah oğlu tərəfindən bu şəxsə iddiaçıdan məhsulların qəbul edilməsi və daşınması üçün xx.xx.2022-ci il tarixdə etibarnamə verilmişdir. Lakin etibarnamə Hacıyev Nizami Babaşah oğlunun direktor olduğu "xxxx" MMC-nin adından verilmişdir.
28. Bu da belə qənaətə gəlməyə əsas verir ki, malları təhvil almış sürücü M.Cəfərov cavabdehin rəhbər vəzifəli şəxsinin iradə ifadəsinə uyğun hərəkət etmiş səlahiyyətli şəxs olmuşdur. MM-nin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, sürücü M.Cəfərova cavabdehin adından malları qəbul etmək səlahiyyəti verən etibarnamə verilməsə də, həmin şəxsin qəbul etdiyi mallarla bağlı göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilərək hər hansı etiraz bildirilmədiyindən həmin şəxsin hərəkəti bəyənilmiş və öhdəliyin icrası qəbul edilmişdir.
29. İddia tələbinin rədd edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, işə baxmış məhkəmə tərəfindən qətnamənin ləğvinə əsas olan maddi və prosessual hüquq pozuntularına yol veilmədiyindən apellyasiya şikayəti əsassız hesab edilir.
30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2- 2(113)-411/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(113)-411/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.