Məhkəmə qərarları › İş №2-2(103)-607/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-607/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-607/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2444/2020 saylı xx.xx.2020ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus 86,230.18 manat məbləğində pul vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi, 86,260.18 manat olan pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işin icraatı yekunlaşana qədər, iddianı təmin etmək üçün tədbir kimi, Cavabdeh MMC-yə məxsus “xxxx” ASC-də olan (Bank kodu: 505141, H/H : AZ72PAHA40060AZNHC**********, VÖEN**********, M/H:AZ82NA BZ********************, S.W.İ.F.T: PAHAAZ22) bank hesabına həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh MMC-yə məxsus “xxxx” ASC-də olan, (Bank kodu: 505141, H/H : AZ72PAHA40060AZNHC**********, VÖEN**********,M/H : AZ82NABZ********************, S.W.İ.F.T: PAHAAZ22) bank hesabına, əmək haqqı ödənişlərinin edilməsinə mane olmadan, İddiaçı MMC-nin iddia tələbi həcmində, yəni 86,260.18 manat məbləğində həbs qoyulmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olması ilə bağlı iddiaları əsassızdır. Cavabdeh MMC-nin bank hesabına qoyulmuş həbsin pandemiya və hərbi vəziyyəti də nəzərə alaraq ən az 7-8 ay davam edəcəyinə görə müəssisənin fəaliyyətinə ciddi ziyan dəyəcəyi, dövlət büdcəsinə olan zəruri ödənişlərdə, həmçinin vergi, sosial müdafiə, işgüzar, kredit ödənişlərində problem yaranacağı qaçılmaz haldır. Beləliklə, müəssisəsinin bank hesabına qoyulmuş həbsin onun digər öhdəliklərinin yerinə yetirilməsinə maneə törədəcəyi açıq-aydındır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, MPM-in 135.8-ci, 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının Nümayəndə2 cavabdehin şikayəti verməkdə məqsədinin işə baxılmasını uzatmaq olduğunu bildirərək, qərardadın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2)bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İddiaçının ərizəsinə əsasən görülməsi tələb olunan iddianı təmin etmə tədbiri Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında sadalanan meyarlara cavab verir. Belə ki, iş materialarına əsasən tərəflər arasında xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsinin imzalanması və həmin müqavilə şərtləri çərçivəsində satıcı (iddiaçı) tərəfindən alıcıya malların təqdim edilməsinə dair xx.xx.2020-ci il tarixli elektron qaimələrin işə əlavə olunması, bütün bu hallar – iddianı təmin etmə tədbiri qismində cavabdehin (alıcının) bank hesablarına həbs qoyulmasını zəruri edən şərtlər kimi qiymətləndirilməyə bilməz. MPM-in 158.3.1-ci maddəsinin tələbindən də görünür ki, birinci növbədə cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulmalıdır. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının ərizəsinin qismən təmin edilərək, cavabdehin «xxxx» ASC-də olan, bank hesabındakı pul vəsaiti üzərinə iddia tələbi həcmində həbs qoyulması prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. Qərardaddan həmçinin görünür ki, cavabdehin qeyd olunan bank hesabına, əmək haqqına məhdudiyyət qoyulmadan həbs qoyulsa da, məhkəmə tərəfindən bu sırada vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə münasibət bildirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır; 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin şikayətinin qərardad qəbul olunarkən vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinin nəzərə alınmadığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-2444/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilməli, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh MMC-yə məxsus “xxxx” ASC-də olan (Bank kodu : 505141, H/H : AZ72PAHA40060AZNHC**********, VÖEN**********,M/H : AZ82NABZ******************** , S.W.İ.F.T: PAHAAZ22 ) bank hesabına - əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, iddia tələbi həddində, yəni, 86.260,18 (86230 əsas borc+30 manat ödənilmiş dövlət rüsumu) məbləğində həbs qoyulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “Cavabdeh» MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2444/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilsin. İddiaçı MMC-nin iddianı təmin etmə təbiri barədə ərizəsi qismən təmin edilsin. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək, Cavabdeh MMC-yə məxsus “xxxx” ASC-də olan (Bank kodu:505141, H/H:AZ72PAHA40060AZNHC**********, VÖEN**********,M/H: AZ82NABZ********************, S.W.İ.F.T: PAHAAZ22) bank hesabına - əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, iddia tələbi, yəni, 86.260 (səksən altı min iki yüz altmış) manat 18 qəpik məbləğində həbs qoyulsun. Qalan hissədə ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar