Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-608/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1070/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2015-ci il ərzində həyata keçirilmiş beynəlxalq daşımalara görə 7533092,97 ABŞ dolları, daxili daşımalara görə 2008376,91 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(113)-1070/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində tələbin əsaslandırıldığı hallar göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 149.2, 149.2.3, 150.0 və 150.0.5-ci maddələrinə istinad edərək məhkəmə qeyd etmişdir ki, bu normaların tələblərinə zidd olaraq yuxarıda göstərilən xüsusatları təsdiq edən sənədlər də ərizəyə əlavə olunmamışdır. İşin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən bu nöqsanların aradan qaldırılması üçün məhkəmə tərəfindən müddət müəyyən olunaraq bu əsasla məhkəmə iclası təxirə salınsa da, həmin nöqsanlar aradan qaldırılmamışdır. İddiaçı qapalı səhmdar cəmiyyət olmaqla səhmləri tam olaraq dövlətə məxsus olan hüquqi şəxsdir və dövlət büdcəsinə daxil olan vəsaitlərin formalaşmasında mühüm rolu vardır. İddianın məbləği isə kifayət qədər yüksək məbləğdir. Belə olduğu təqdirdə müqavilənin müddəti bitdikdən uzun müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi və qeyd olunan nöqsanların mövcud olması, həmçinin zəruri sənədlər əlavə olunmadan verilməsi belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında həqiqətən xx xxxxxx 2014-cü il tarixdə yüklərin ekspedisiyası barədə müqavilə münasibəti mövcud olmamışdır. Mülki Prosessual Məcəllənin 259.0 və 259.0.12-ci maddələrinə istinad edərək, məhkəmə hesab etmişdir ki, göstərilən nöqsanlar işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törətdiyinə, hakim tərəfindən müddət müəyyən edilməsinə baxmayaraq həmin müddətdə aradan qaldırılmadığına görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsində iki əsas nəzərdə tutulmuşdur. Birincisi – iddia ərizəsində Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərin göstərilməməsi, ikincisi – iddia ərizəsinə Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlərin əlavə edilməməsi. Lakin hazırkı işdə bu əsasların heç biri mövcud deyildir. Belə ki, iddia ərizəsində Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatlar, o cümlədən iddiaçının öz tələblərini əsaslandırdığı hallar göstərilmişdir. Həmçinin ərizəyə Mülki Prosessual Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər (cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd) əlavə edilmişdir. Göründüyü kimi hazırki işdə Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmənin istinad etdiyi hal, yəni iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin təqdim edilməməsi isə ərizənin baxılmamış saxlanılması əsasını yaratmır. Çünki Mülki Prosessual Məcəllədə belə əsas mövcud deyildir. Göründüyü kimi məhkəmənin iddia ərizəsinin baxılmamış saxlanılması barədə gəldiyi nəticə yanlışdır. Göstərilən halları nəzərə alaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddiaya mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1070/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaya mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-608/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-608/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver