Məhkəmə qərarları › İş №2-2(103)-608/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-608/2021

30.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-608/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-187/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh İB tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən istixanada quraşdırılan **********00500 abonent kodu G 40 tipli qaz sayğacı üçün əvvəlki tarixlərə olan əsassız hesablanmış 30179,20 manat məbləğində borcun və 2019-cu ilin oktyabr ayından etibarən yenidən əsassız olaraq hesablanmış 11716,6 manat məbləğində, ümumilikdə 41895,8 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.02.2021-ci il tarixli 2-2(113)-187/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı abonent koduna (**********00500) Cavabdeh tərəfindən hesablanmış 14122,60 manat məbləğində borcun silinməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.02.2021-ci il tarixli 2-2(113)-187/2021 saylı qərardadı ilə iş üzrə icraata 9580 manat borcun silinməsi hissəsində xitam verilmişdir. İddiaçı və Cavabdeh Bakı Kommersiya Məhkəməsinin 16.02.2021-ci il tarixli 2- 2(113)-187/2021 saylı qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmış və cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən obyekt təbii qazla təmin edilmiş və həmin ünvana G-40 tipli qaz sayğacı quraşdırılmışdır. İddiaçının nümayəndəsi ərizə ilə Cavabdeh İB-yə müraciət edərək qaz sayğacının elektron hissəsinin quraşdırıldığı gündən işləmədiyini bildirmişdir. 28 fevral 2019-cu il tarixdə Cavabdeh İB tərəfindən həmin sayğac çıxarılaraq yerində müvəqqəti qaz sayğacı quraşdırılmışdır. Bundan sonra Cavabdeh Bakı X5 Departamenti tərəfindən “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı akt tərtib edilmiş və 2019-cu ilin fevral ayına abonent İddiaçı **********00500 saylı hesab koduna 70613 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 14122,60 manat hesablanmışdır. Cavabdeh X2 Departamenti tərəfindən 18.03.2019-cu il tarixdə verilmiş “sayğacın istismara yararlılığı haqqında” 29/1640-00535/4 saylı arayışa əsasən G40 75158452 saylı sayğac yoxlama nəticəsində yararlı hesab edilmişdir. Bundan sonra 27 mart 2019-cu il tarixdə Cavabdeh İB nümayəndələri yararlı hesab edilən əvvəlki sayğacı yerinə quraşdırıb, müvəqqəti quraşdırdıqları sayğacı çıxarıb aparmışlar. İddiaçı bildirir ki, sonradan 17 aprel 2019-cu il tarixdə yenidən cavabdeh təşkilatın əməkdaşları tərəfindən quraşdırdıqları sayğac çıxarılaraq, yenisi ilə əvəzlənmişdir. Bunun səbəbini soruşduqda bildirdilər ki, sayğacda yenidən nasazlıq aşkar edilmişdir. Hər dəfə cavabdeh təşkilatın nümayəndələri sayğaca baxış keçirərkən onlara bildirirdi ki, sayğacı düzgün qaydada quraşdırmadıqlarından sıradan çıxma ehtimalı var. Belə ki, sözügedən qaz sayğacı yüksək təzyiqli sənaye qaz xəttinin üzərində quraşdırıldığından həmin sayğacdan əvvəl tənzimləyici quraşdırılmalı idi ki, təzyiq tənzimlənsin və sayğac sıradan çıxmasın. Lakin cavabdeh təşkilat tərəfindən tənzimləyici sayğacdan sonra quraşdırılmış, bu səbəbdən də sayğac tez-tez sıradan çıxmışdır. Həmçinin həmin sayğac cavabdeh təşkilatın məntəqəsinin içərisində quraşdırılmışdır və orada daimi gözətçi var. Bu vəziyyətdə onun sayğaca müdaxilə imkanı da yoxdur. Bu sayğac dəyişdirilmələri nəticəsində cavabdeh təşkilat tərəfindən ona qazdan istifadəyə görə 30178,20 manat məbləğində əsassız borc yazılmışdır. Cavabdeh təşkilat bunu onunla izah etmişdir ki, o, sayğacın işləmədiyi dövrdə həmin məbləğdə artıq qazdan istifadə etmişdir. Lakin qeyd edilən məbləğ həqiqəti əks etdirmir və tamamilə əsasızdır. O, hər ay istifadə etdiyi qazın dəyərini vaxtında ödəmişdir. Sözügedən qaz sayğacı çıxarılarkən Cavabdeh İB tərəfindən quraşdırılmış plomb həmin sayğacın üzərində tam şəkildə olmuş və həmin plomba heç bir müdaxilə edilməmişdir. Bu hal bir daha onun həmin qaz sayğacına müdaxilə etmək imkanının olmadığını göstərir. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, İddiaçı məxsus qeyriyaşayış sahəsinin qaz xətinin üzərində quraşdırılmış Elster G-40 markalı, 75158452 nömrəli qaz sayğacı işləmədiyi üçün 2019-cu ilin fevral ayında çıxarılsa da, qazın verilməsi dayandırılmamış, təbii qazdan istifadə edilmiş və istifadə edilən təbii qazın dəyəri qaz işlədicilərin saatlıq qaz sərfinə uyğun hesablanmışdır. Faktiki təbii qazdan istifadə edildiyi halda hesablanmış borcun tam olaraq silinməsinin tələb edilməsi və hər hansı hissəsinin silinməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. Belə ki, Mənzil Məcəlləsinin 135.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən istehlakçıdan yalnız istehlak etdiyi qazın dəyəri tələb oluna bilər. Lakin iddiaçıdan ödənilməsi tələb edilən 14122,60 manat məbləğində qazın onun tərəfindən istehlak edilməsi təsdiq olunmur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh Bakı X5 Departamentinin “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı aktdan görünür ki, 2019-cu ilin fevral ayına abonentin **********00500 saylı hesab koduna 70613 m3 miqdarında qaz sərfiyyatına uyğun olaraq 14122,60 manat hesablanmışdır. Bununla belə, Cavabdeh X2 Departamenti tərəfindən 18.03.2019-cu il tarixdə verilmiş “sayğacın istismara yararlılığı haqqında” 29/1640-00535/4 saylı arayışından görünür ki, G40 75158452 saylı sayğac yoxlama nəticəsində yararlı hesab edilmişdir. Göründüyü kimi iddiaçının ünvanından çıxarılmış sayğac yoxlama nəticəsində yararlı hesab edilmiş, eyni zamanda çıxarılmış sayğacın əvəzinə müvəqqəti sayğac quraşdırılmışdır. Belə olan halda isə qaz sayğacının olmadığı və ya işləmədiyi müddət olmamış və ona görə də, qazın hesablanması haqqında ******* saylı aktın tərtib edilməsi və həmin akt əsasında 14122,60 manat borcun hesablanması üçün heç bir əsas olmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin akt əsasında ona əsassız olaraq hesablanmış 14122,60 manat borcun silinməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, iddia tələbləri digər hissələrdə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosundan (cild 2, i/v 13) görünür ki, 2019-cu ilin fevral ayında iddiaçıya 37098,20 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçının mübahisələndirdiyi 30179,20 manat məbləğ də həmin məbləğin bir hissəsidir. Bununla belə həmin saldodan görünür ki, cavabdeh həmin borcun 33932,60 manat hissəsini bundan cəmi 1 ay sonra, yəni 2019-cu ilin mart ayında iddiaçının hesabından silmişdir. Məhkəmə iclasında da cavabdehin nümayəndəsi həmin borcun yanlış olaraq hesablandığını və qısa müddətdə həmin yanlışlığın aradan qaldırıldığını bildirdi. Göründüyü kimi iddiaçının hazırda silinməsini tələb etdiyi 30179,20 manat borc məbləği cavabdeh tərəfindən artıq silinmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-187/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar