Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-608/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X8 və X3 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-1428/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Tərəflər arasında 15 dekabr 2023-cü il tarixli, AS-54 №-li alqı-satqı müqaviləsi bağlanmışdır.
2. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2408 10870393 nömrəli 12030,0764 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 10776744 nömrəli 7870,6 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV 201460 nömrəli 20142,60 manat məbləğində elektron qaimə-faktura təqdim olunmuşdur.
3. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli EBDV 201460 nömrəli qaimə üzrə xx.xx.2023-cü il tarixdə 636,30 manat, 1800 manat ƏDV , xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 10000 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 3535 manat pul ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən müqavilə üzrə təchiz edilmiş inşaat materiallarının dəyəri olan 20399.98 manat əsas borc və 3672 manat ƏDV borcu və ödənişin gecikdirilməsinə görə hesablanmış faiz borcu məbləği 338 manat olmaqla, ümumilikdə 24409,98 manat pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1428/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 3535 manat əsas, 636,30 manat ƏDV borcu, 104 manat faiz borcu, 60 manat dövlət rüsumu, ümumilikdə 4335,30 (dörd min üç yüz otuz beş manat otuz qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş qalan 104 (bir yüz dörd) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə satılmış mallarla bağlı ilk olaraq xx.xx.2023-cü il tarixli elektron qaimə təqdim edilmiş, həmin qaimə üzrə cavabdeh tərəfindən iddiaçıya 13535 manat əsas, 2436,30 manat ƏDV ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırda xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ödənilməmiş 3535 manat əsas, 636,30 manat ƏDV borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Əavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron qaimələr alqı-satqı müqaviləsi üzrə malın alıcıya verilməsini təsdiq edən mötəbər sübut hesab edilə bilməz. İddiaçı məhkəməyə ümumiyyətlə malların kim tərəfindən, hansı qaydada sifariş verildiyini, malların hansı qaydada hansı ünvana çatdırıldığı, malların konkret olaraq hansı ünvana təhvil verildiyi, malların təhvil verildiyi şəxslərin məhz cavabdehin səlahiyyətli nümayəndələri olmasının necə müəyyən edildiyi suallarına iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ağlabatan şəkildə cavab verə bilməmiş, sifarişlərin telefon vasitəsilə verildiyini bildirsə də, həmin nömrələr barədə məlumatları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron qaimələr üzrə borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə göstərilən qaimələr üzrə malların cavabdehə təhvil verilməsini təsdiq edən) hər hansı mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilmədiyindən iddia həmin qaimələr üzrə borcun tutulması hissədə təmin edilməməlidir. İddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 4171,30 manat məbləğində əsas borc (ƏDV daxil olmaqla) və 4171,30 borcunun ödənilməsi ilə bağlı öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə qismən əsaslı olması, 4171,30 borcunun ödənilməsinin gecikdirilməsi ilə bağlı 104 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
7. İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1428/2025 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi sübutların yetərli olmaması səbəbi ilə iddia tələbini xx.xx.2024, xx.xx.2024-cü il tarixli elektron qaimələr olan hissədə rədd etmiş, tərəflərin arasındakı münasibətə düzgün qiymət verməmişdir. Qeyd edirik ki, cavabdeh öhdəliklərindən boyun qaçırmaq üçün iddiaçının vicdanlı davranışından suistifadə edərək təqdim edilmiş müqavilə və təhviltəslim aktlarını imzalamamışdır. Daha sonra ödənişlərin icrası tələb edildikdə isə əsassız bəhanələr qeyd edərək ödənişlərdən yayınmışdır. Mülki Məcəllənin 334-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Hazırkı işdə sənədlərdə, o cümlədən müqavilədə sadəcə iddiaçının imzası olsa da, tərəflərin iradə ifadəsi mal alqı-satqısının icrası ilə təsdiqlənmişdir. Cavabdehin özü etirazında qeyd edir ki, xx.xx.2023-cü il tarixli, AS-54 saylı müqavilə tərəflər arasında bağlanılmış və həmin müqavilə üzrə işlər görülmüşdür. Aydın olur ki, tərəflərin biznes münasibətlərinin yarandığı vaxtdan formal tələblərə əməl edilməsi önəm kəsb etməmişdir. Əlavə olaraq bildiririk ki, sistemə vurulmuş ilk qaimə üzrə cavabdeh ödənişin bir hissəsini icra etmiş, məhkəmə isə buna əsaslanaraq sadəcə bu qaimə üzrə ödənişlərin tamamlanmasını təmin etmişdir. Məhkəmə ilk qaimə ilə bağlı qeyd etmişdir: “həmin qaiməyə cavabdeh tərəfindən hər hansı irad bildirilməmiş, habelə qaiməyə düzəliş edilməsi, qaimədə yanlışlıqla bağlı iddiaçıya pretenziya verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.” Məhkəmənin bu səbəbləri nəyə görə digər qaimələrə tətbiq etməməsi və onları mötəbər hesab etməməsi isə aydın deyil. Belə ki, mötəbər hesab edilən birinci qaimə də iddiaçı tərəfindən sistemə əlavə edilmiş və sistem tərəfindən təsdiq edilmişdir və cavabdeh tərəfindən heç bir etiraz edilməmişdir. Əgər məhkəmə bu qaimə üzrə ödənişləri təmin edirsə, eyni qayda ilə digər qaimələr üzrə ödənişlər də təmin edilməli idi. Məhkəməyə təqdim edilmiş “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturaların adından göründüyü kimi, bu qaiməfakturalar hazırkı işdə malların göndərilməsini təsdiq edir. Qaimə-fakturalar elektron sistemə yerləşdirildiyi və sistem tərəfindən təsdiq edildiyi andan malların təhvili rəsmiləşdirilmiş hesab olunur. Hazırda ölkədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə elektron sənəd dövriyyəsini təşviq etmək sahəsində bir sıra işlər görülür. Bu istiqamətdə Nazirlər Kabineti də elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarını müəyyən etmişdir və praktikada geniş şəkildə elektron qaimə fakturalardan istifadə edilir. Beləliklə, məhkəmənin bu qaimə-fakturaları sübut olaraq qəbul etməməsi əsassızdır. Bundan əlavə, təqdim edilmiş təhvil-təslim aktlarının imza və möhürlə təsdiq edilməsi ilə bağlı da qanunvericilikdə məcburedici tələbə rast gəlinmədiyinə görə, yerli praktikaya, işgüzar adətlərə əsaslanmaq olar. Həmçinin bildirilir ki, cavabdehin elektron sistemində 24071,98 manat məbləğində qaimələr olmasına baxmayaraq, bununla bağlı iddiaçıya etiraz bildirilməmiş və bu borc inkar edilməmişdir. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının” 3.10-cu bəndinə əsasən, elektron qaimə-fakturanı qəbul edən onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Cavabdeh qaimələrin yalnız iddiaçı tərəfindən ləğv edilə biləcəyini qeyd etsə də, nəyə görə ləğv üçün iddiaçıya müraciət etməməsi ilə bağlı açıqlama verməmişdir. Nəzərə alsaq ki, hazırda qaimələrin düzgünlüyünü təkzib edən tərəf cavabdehdir, buna görə də cavabeh iddiaçıya ləğv ilə bağlı müraciət edə bilərdi. İddiaçının göndərilmiş mallara uyğun olaraq düzgün olaraq sistemə əlavə edilmiş qaimələri səbəbsiz ləğv etməsini gözləmək ağlabata deyildir. Bildiririk ki, cavabdeh tərəf adi vətəndaş yox, hüquqi şəxsdir və bu hüquqi şəxsin effektiv idarəçiliyini həyata keçirən bir sıra işçiləri vardır. Şirkətin hesabında xeyli miqdarda ödəniş öhdəliyi olduğunu göstərən qaimələrin olması və buna heç bir etirazın edilməməsi şübhəli məqamlardandır. Həmçinini lk qaimə üzrə ödənişlərin edilməsi də təsdiq edir ki, cavabdeh iddiaçıya borclu olduğunu bilmiş, lakin öhdəliyi qəsdən yerinə yetirməmişdir. Beləliklə, tərəflər arasındakı münasibətlərə və sübutlara hərtərəfli nəzər saldıqda aydın olur ki, cavabdeh qərəzli şəkildə öhdəliklərindən yayınır. Məhkəmənin hazırkı yanaşması isə iddiaçının göndərdiyi malların dəyərini əldə etməsinə maneə yaradır və onun sahibkarlıq fəaliyyətinə zərbə vurur. Prosessual qanunvericiliyin pozulmasına dair qeyd edirik ki, Bakı Kommersiya Məhkəməsi mövcud sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə sübutetmə prosesində dəqiqləşdirilməsinə ehtiyac olan faktları məlum olan faktların köməyi ilə aydınlaşdırmalı idi. Lakin məhkəmə sübutları ətraflı və tam araşdırmadan iddianı təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara hərtərəfli və tam baxmamış, tərəflər arasındakı mövcud mübahisəni sadəcə formal tələblərdən çıxış edərək qiymət vermişdir. Bu isə məhkəmənin ədalətli yekun akt çıxarmasını şübhə altına salır. Əlavə olaraq, 2-2(102)- 49/2019 nömrəli, xx.xx.2019 tarixli oxşar işdə Ali Məhkəmə apellyasiya instansiyasının imzasız təhvil-təslim aktlarına görə iddianı təmin etməməsi hissəsində qərarı ləğv etmişdir: “məhkəmə xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsi məsələsinə sadəcə mövcud sənədlərə münasibətdə formal tələblərdən çıxış edərək deyil, göstərilmiş xidmətlərin real olaraq cavabdeh tərəfindən qəbul edilib-edilməməsi halından çıxış etməklə qiymət verməlidir. Bunun üçün isə göstərilmiş xidmətlərin konkret hansı xidmətlər olduğu, onların göstərilməsinin nə ilə təsdiq olunduğu (birbaşa və dolayı sübutlar nəzərə alınmaqla), eləcə də xidmətin harada göstərildiyi və nəhayət, tərəflər arasında yerləşmiş və həmin fəaliyyət sahəsində ümumiyyətlə mövcud olan işgüzar adətlər də nəzərə alınmaqla xidmətlərə görə ödənişlərin (gecikmələr də daxil) hansı qaydada edildiyi müəyyənləşdirilməlidir.” Aydın olur ki, birinci instansiya məhkəməsi də tərəflərin real münasibətlərini araşdırmamış, formal tələblərə əsasən iddiaçının hüquqlarını pozan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdır.
10. Etiraz onunla əsaslandırlmışdır ki, iddiaçı yalnız elektron qaimə-fakturalara əsaslanaraq xx.xx.2024 və xx.xx.2024 tarixlərində təqdim edilmiş mal vəsaitlərinin ödənilməsini tələb edir. Halbuki, bu sənədlər heç bir təhvil-təslim aktı və faktiki təqdimata dair sübutlarla təsdiq edilməmişdir. Konstitusiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarında göstərildiyi kimi, elektron qaimə-faktura malların təqdim olunmasını birbaşa təsdiq etmir, onlar digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bundan başqa qeyd etmək etmişlər ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarına əsasən, elektron qaimə-faktura yalnız uçot sənədi olub, malların və ya xidmətlərin faktiki təqdim edildiyini sübut edən sənəd hesab edilə bilməz. Beləliklə, iddiaçı yalnız elektron qaimələrə əsaslanaraq tələblərini irəli sürə bilməz. İddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktlarında xx.xx.2023 tarixində malların təhvili göstərilsə də, həmin sənədlərdə xx.xx.2024 tarixində direktor təyin edilmiş şəxsin imzası yer almışdır. Bu, sənədin sonradan tərtib edildiyini və hüquqi etibarsız olduğunu sübut edir. Belə ki, həmin qaimələrdə malın kimə təhvil verilməsi, hansı ünvana təhvil verilməsi, sənədləri imza etmiş şəxslərin hansı vəzifəni icra etməsi, kim olmasını müəyyən etmək mümkün deyildir. Əlavə olaraq bildirik ki, təqdim olunan bəzi qaimələr xx.xx.2023 və xx.xx.2023 ((xx.xx.2023-9 ədəd (26905, 31798, 26901, 31800, 26913, 26912, 26909, 26902, 26908); xx.xx.2023-2 ədəd (209187, 209188); xx.xx.2023-1 ədəd (300725)) tarixlərinə aiddir. Halbuki İddiaçı MMC xx.xx.2023-cü il tarixində dövlət qeydiyyatına alınmışdır. Bu isə hüquqi şəxs kimi fəaliyyət göstərmədiyi dövrə aid sənəd tərtib edə bilməyəcəyi anlamına gəlir. İddiaçı xx.xx.2024 və xx.xx.2024 tarixli qaimələr üzrə borcun yaranmasını sübut edə biləcək təhvil-təslim aktları, sifariş sənədləri və digər sənədləri təqdim etməmişdir. Təkcə qaimənin sistemdə görünməsi borcun mövcudluğunu təsdiqləmir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1428/2025 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasına, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə qəbul edəsiniz.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək , etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
17. Həmin Məcəllənin 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
18. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
19. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
20. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
21. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
25. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddianın təmin olunmayan hissəsində ləğv olunaraq yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməmiş, gəldiyi nəticə işdə olan sübutlara uyğun gəlməmişdir.
30. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə satılmış mallarla bağlı ilk olaraq xx.xx.2023-cü il tarixli elektron qaimə təqdim edilmiş, həmin qaimə üzrə cavabdeh tərəfindən iddiaçıya 13535 manat əsas, 2436,30 manat ƏDV ödənilmişdir.
31. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab etmişdir ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron qaimələr üzrə borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə göstərilən qaimələr üzrə malların cavabdehə təhvil verilməsini təsdiq edən) hər hansı mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilmədiyindən iddia həmin qaimələr üzrə borcun tutulması hissədə təmin edilməməlidir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən müəyyən malların alqı-satqısını həyata keçirdiklərini inkar etməmiş, xx.xx.2023 tarixli elektron qaimə üzrə ödənişlər etmişlər. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron qaimələr İddiaçı MMC tərəfindən göndərilmiş və Cavabdeh MMC tərəfindən təsdiq edilmiş, qaimələr üzər ödənişlər edilməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron qaimələrin təsdiq edilmədiyini qeyd edərək iş üzrə yalnış qənaətə gəlmişdir.
33. Məhkəmə kollegiya qeyd edir ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron qaimələrə cavabdeh tərəfindən hər hansı irad bildirilməmiş, habelə qaiməyə düzəliş edilməsi, qaimədə yanlışlıqla bağlı iddiaçıya pretenziya verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının” 3.10-cu bəndinə əsasən, elektron qaiməfakturanı qəbul edən onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaiməfakturanın ləğvini xahiş edə bilər.
34. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
35. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.
36. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
37. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir.
38. Həmçinin cavabdehin nümayəndəsi birinci intansiya məhkəməsində və apellyasiya instasniya məhkəməsində icraat zamanı izahatlarında maliyyə sahəsində çətinlik olduğundan qaimələrin sistem tərəfindən təsdiqləndiyini qeyd etmişdir.
39. Kollegiya apellyasiya şikayətinə etirazın dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh İddiaçı MMC xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığını, lakin bəzi qaimələrin daha əvvəlki tarixlərdə tərtib olunaraq təqdim edildiyini qeyd etəsədə bu iş materialları ilə təkzib olunur. Belə ki, hazırda mübahisəli olan elektron qaimələr xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur, yəni dövlət qeydiyyatına alındığı tarixdən sonra.
40. Kollegiya xüsusi ilə vurğulayır ki, cavabdeh təhvil təslim aktlarında xx.xx.2024-cu il tarixdə direktor təyin olunmuş X6 adının qeyd olunduğunu qeyd edərək sənədlərin etibarsız olduğunu qeyd etəsədə, iş materillarından görünür ki, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə təhvil təslim aktında da X6 adı qeyd olunmuş və bu hal mübahisələndirilmədən Cavabdeh MMC tərəfindən qəbul olunaraq ödənişlər həyata keçirilmişdir. Digər xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 7870,6 manat və xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 12030,0764 manat pulu ödəməkdən yayınaraq öhdəliyini icra etməmişdir.
41. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 7870,6 manat və xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 12030,0764 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
42. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
43. Bundan əlavə məhkəmənin iddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron qaimələrə sübuta şübhə ilə yanaşmasına da hər hansı əsas olmamışdır.
44. Belə ki, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında işgüzar münasibətlər, yəni malların təhvil verilməsi məhz elektron qaimənin cavabdehə verilməsi ilə formalaşmışdır.
45. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və yuxarıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1428/2025 nömrəli qətnaməsi qismən ləğv edilsin və mübahisələndirilən hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 19.900 manat 6,764 qəpik məbləğində pul, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.