Məhkəmə qərarları › İş №2-2(103)-609/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-609/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-609/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçı X1 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1413/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X2 Cavabdeh İByə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 2622,80 manat məbləğində borcun **********00034 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Qobustan kəndi ərazisində xırda kafedə fəaliyyət göstərir. xx.xx.2019-ci il tarixdə AMX8905/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə tərəflər arasında müqavilə bağlanaraq istifadəsində olan qeyri-yaşayış sahəsinə (kafe) Smart G-4 İTRON tipli, **********2 nömrəli qaz sayğacı quraşdırılmış və **********00034 saylı abonent hesabı verilərək təbii qaz verilmişdir. xx.xx.2021-ci il tarixə kimi cavabdeh ilə aralarında qaz təchizatı ilə bağlı və qaz pulunun ödənilməsi ilə heç bir problem olmamışdır. Lakin, xx.xx.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən ona məxsus kafedə təbii qazdan guya qeyri-qanuni istifadə halı aşkarlandığı müəyyən etmiş və bununla bağlı ******* saylı akt tərtib edilərək ona 2622,80 manat qanunsuz borc hesablanmışdır. Bununla bağlı xx.xx.2022-ci il tarixdə pretenziya qaydasında cavabdehə müraciət olunmuşdur. Müraciətləri araşdırılmamış və qanunsuz borc abonent kodundan silinməmişdir. Bundan başqa ilkin mediasiya sessiyasında iştirak etməkdən cavabdeh təşkilat imtina etmişdir. Bu səbəbdən hüqularının məhkəmə qaydasında müdafiəsinə zərurət yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1413/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq hesablanmış 2622,80 manat borcun silinməsini qət etmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən sahibkarlıq subyekti ilə bağlı hər hansı yoxlama işləri aparılmamışdır. Belə ki, cavabdehin əməkdaşları tərəfindən məhz xidməti ərazilərində yerləşən küçə qaz kəmərinə baxış keçirilən zaman iddiaçının təbii qazdan qanunsuz istifadə etmə faktı aşkar edilmişdir. Göründüyü kimi Cavabdeh İB-nin sahibkarlıq subyektinə baxış keçirmə məqsədi olmamış və bununla bağlı həmin subyektə baxış keçirilməmişdir. Bundan sonra iddiaçının istismarında olan qaz işlədicilərin saatlıq qaz sərfinə uyğun olaraq vurulmuş zərərin məbləği müəyyən edilmiş və iddiaçının qaz hesabına yüklənmişdir. İddia tələbində qeyd edilən borc iddiaçı tərəfindən bilərəkdən (və ya bilməyərəkdən) təbii qazdan faydalanması nəticəsində yaranmışdır, lakin məhkəmə bu halı nəzərə almamışdır. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirakı etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1413/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AMX-8905/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən paylayıcı (cavabdeh) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yoxlama nəticəsində sayğacdan kənar qazın boru vasitəsilə qaz xətti çəkərək yuxarıda göstərilən qaz cihazlarına qoşularaq təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Kənar çəkilmiş qaz xətti ləğv edilmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, fərdi evə (müəssisədə, istixanada) “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi 13114 m3 hesablanmışdır. İddiaçıya məxsus abonent saldosundan görünür ki, **********0034 nömrəli abonentin aktlar üzrə 2622,80 manat qalıq borcu mövcuddur. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların tələblərindən göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız istehlakçı ilə bağlanmış müqaviləyə əsasən quraşdırılmış sayğacın və ya sayğacların göstəricilərinə əsasən hesablanmalıdır. Digər qaydada hesablama aparılması Qaydalarda nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.8-ci bəndində istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək qaz paylayıcının vəzifələrinə aid edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamaqla qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından yoxlamanın hüquqi nəticəsi olmamış, 2622,80 manat məbləğində borc əsassız hesablanmışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 1413/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1413/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar