Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-610/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4645/2022 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 32355,07 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 20976,02 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 827,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 3333,67 manat təşkil edir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
3. Ərizəyə əlavə edilmiş hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Maraqlı şəxs olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 25764,3 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 20082,96 manat, işsizlikdən Sığorta Fonduna olan 827,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 3333,67 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AA*******) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 25764,3 manat məbləğində (o cümlədən vergilər üzrə 25297,47 manat, faizlər üzrə 466,83 manat), İcbari Tibbi Sığorta Fonduna 3333,67 manat, Dövlət Sosial Müdafiə Fonduna 20082,96 manat, İşsizlikdən Sığorta Fonduna 827,29 manat olmaqla, ümumilikdə, 50008,22 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********562700, xx.xx.2022-ci il tarixli **********816900, xx.xx.2022-ci il tarixli **********301500, xx.xx.2022-ci il tarixli **********159300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4645/2022 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ərizə təmin edilmişdir.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan "xxxx" MMC vergi, məcburi sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində "xxxx" MMC tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4645/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maraqlı şəxsin iştirakı təmin olmadan yekun qərar qəbul olunduğuna görə əslində maraqlı şəxs həmin şirkətdə formal olaraq adı direktor qrafasında qeyd olunmuş, Nigar da digər işçilər kimi ona tapşırılan marketinqlə bağlı işləri icra etmişdir. Məhkəmə prosesdə tərəfin iştirakını təmin etmədiyinə görə həmin şirkətdə faktiki olaraq qərarları qəbul edən və faktiki idarəedicinin digər şəxs X1 müəyyən edə bilməmişdir. Maraqlı şəxs məhkəmədə iştirakının təmin olunmaması onun hüquqlarının kobud pozulması ilə nəticələnmişdir. Qətnamədə qeyd olunan öhdəliklərin İcrasının əslində həmin dövrdə faktiki rəhbərlik edən digər şəxsə X4 aid olduğu təsdiqləndiyinə görə həmin dövrdə formal olaraq adı direktor qrafasında qeyd olunan Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasıyla bağlı heç bir əsas mövcud deyildir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdaifə edərək təmin edilməsini xahiş etmişdirlər. 12.Ərizəçiyə məhkəmə iclasını yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
13. Tətbiq edilən hüquq
“Avropa İnsan hüquqları Konvensiyası” 4 saylı Protokolunun 2-ci maddəsi- hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddə - vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. 77.3-cü maddə - vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə - vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.1-ci maddə-vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.2-ci maddə-məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
14. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4645/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.
16. Apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, məhkəmə tərəfindən maraqlı şəxsin iştirakının təmin edilməsi üçün zəruri tədbirlər görülməmişdir. Apellyasiya şikayətinin bu dəlili əsassızdır. İşdən görünür ki, məhkəmə tərəfindən iclasın vaxtə barədə maraqlı şəxsin qeydiyyatda olduğu ünvana kağız daşıyıcıda məhkəmə bildirişi göndərilmiş, eyni zamanda mobil telefon nömrəsinə elektron məhkəmə sistemi vasitəsi ilə SMS xəbərdarlıq göndərilsə də, maraqlı şəxs iclasa gəlməmişdir.
17. İşə apellyasiya qaydasında baxılarkən maraqlı şəxs tərəfindən təqdim edilmiş kommersiya hüquqi şəxslərinin dövlət reyestr məlumatlarından çıxarışdan görünür ki, dövlət büdcəsinə vergi borcu olan "xxxx" MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi reyestrdə xx.xx.2023-cü il tarixdə edilmiş dəyişikliyə görə X2r. Belə olan halda məhkəmə hesab edir ki, əvvəlki direktorun ölkədən getmək hüququna məhdudiyyət qoyulması üçün qanuni əsas aradan qalxdığından mübahisələndirilən qətnamə ləğv edilərək ərizə təmin edilməməlidir.
18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 4645/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.
19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4645/2022 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.