Məhkəmə qərarları › İş №2-2(103)-610/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-610/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-610/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1776/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. xx.xx.2020-ci tarixli ON-05/008 saylı müqavilə ilə İddiaçı MMC (bundan sonra İddiaçı) və Cavabdeh MMC (bundan sonra Cavabdeh) arasında avtomobil və xüsusi təyinatlı yol tikinti texnikalarının ehtiyyat hissələrinin alqı-satqı müqaviləsi bağlanmışdır.

2. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan borcu ƏDV daxil 6799,93 manat təşkil edir.

3. İddiaçı tərəfindən cavabdehə satılmış mallarla bağlı ümumilikdə 73457,98 manat əsas, 13222,44 manat ƏDV olmaqla elektron qaimələr göndərilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 64214,35 manat məbləğində ödəniş edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına görə 1885 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına görə 5505 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci tarixli ON-05/008 saylı müqavilə üzrə əsas borc məbləği 10907,48 manat, 109,07 manat məbləğində cərimə, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi 1582,77 manat, vəkilə ödənilmiş xidmət haqqı 500 manat və ödənilmiş dövlət rüsumu 129,3 manat, ümümilikdə 13228,62 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı xx.xx.2025-ci ildə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək xx.xx.2020-ci tarixli ON-05/008 saylı müqavilə üzrə əsas borc məbləği 2187,28 manat, 109,07 manat məbləğində cərimə, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi 1582,77 manat, vəkilə ödənilmiş xidmət haqqı 500 manat və ödənilmiş dövlət rüsumu 129,3 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1776/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 2187,28 manat əsas borc, 109,07 manat dəbbə pulu, 1473,70 manat faiz borcu, 500 manat hüquqi yardıma görə xərc, 100 manat dövlət rüsumu, ümumilikdə 4370,05 (dörd min üç yüz yetmiş manat beş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 29,30 (iyirmi doqquz manat otuz qəpik) manat dövlət rüsumunun İddiaçı MMC-nin özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Bundan əlavə, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 1582,77 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının həmin tələbi də əsaslıdır.

10. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1776/2025 nömrəli qətnaməsinin təmin edilən hissədə ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 01 iyun 2024-cü il tarixli üzləşmə aktına əsasən həmin tarixə "xxxx" MMC-nin İddiaçı MMC-yə 6799,93 manat borcu vardır. Məhkəmə proseslərinin gedişində tərəfimizdən iddiaçıya 14 yanvar 2025-ci il tarixdə 5505 manat və 30 yanvar 2025-ci il tarixində isə 1885 manat məbləğində ödəniş edilmiş və iddiaçıya ödənilməmiş borcumuz qalmamış, borc tam həcmdə ödənilmişdir. Məhkəmə araşdırması zamanı qeyd olunan hissə-borcun tam həcmdə ödənilməsi araşdırmanın predmeti olmamış və çox təəsüf ki vacib bir məqama hüquqi qiymət verilməmişdir və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Hazırki iddia üzrə bütün hesablamalar iddiaçı tərəfindən hazırlanıb məhkəməyə təqdim edilmiş və məhkəmə yalnız o sənədləri nəzərə alaraq qətnamə qəbul etmişdir. Lakin məhkəmə qərar qəbul edərkən işin bu hallarını istinad edilən maddi hüquq normaları baxımından düzgün qiymətləndirməmiş, həmin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olubolmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Əvəzində məhkəmə mülki qanunvericiliyin ümumi xarakterli müddəaları ilə kifayətlənərək, həmin müddəaların bu işə tətbiqini izah etməmişdir. Buna görə də məhkəmənin sözügedən qətnaməsi əsaslandırılmış və kifayətedici hesab oluna bilməz. Məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda etməmişdir. Belə ki, bütün sənədlər iddiaçı tərəfindən təqdim edilmiş və tərəfimizdən iddiaçıya olan borc tam şəkildə ödənilməsinə baxmayaraq məhkəmə yalnız iddiaçının hesablamalarını nəzərə alaraq, üzləşmə aktı kimi nəzərə almamalı sənədə əsasən iddianı qismən təmin etmişdir. Məhkəmə heç bir faktiki mühüm əhəmiyyətli hal müəyyən etməmiş, iddianı təmin etməyə yönələn heç bir xüsusatın olmamasını aydınlaşdırmadan formal baxış keçirməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə tərəfimizdən borcun tam ödənilməsini nəzərə almadan, ekspertiza təyin etmədən qanunsuz və əsassız nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçınnı nümayəndəsi vəkili Nümayəndə1 apellyasiya şikayətin etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

13. Cavabdeh məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

20. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

21. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

30. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

37. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ON05/008 saylı alqı-satqı müqaviləsinə görə satıcı bu müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin qüvvədə olduğu müddətdə alıcının istismar etdiyi xüsusi təyinatlı texnikalara tələb olunan ehtiyyat hissələri, filterləri ilə təmin etməyi öz üzərinə götürür.

38. Müqavilənin 1.4-cü bəndinə əsasən alıcı sifariş etdiyi malları almaq və müqavilənin şərtlərinə uyğun olaraq ödəmək öhdəliklərini öz üzərinə götürür.

39. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə 100% ödəniş olunduqdan sonra alıcının ödənişlə bağlı öhdəliyi yerinə yetirilmiş hesab edilir.

40. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı ödənişlə bağlı müqavilədə nəzərdə tutulan müddətdə ödənişi razılaşdırılımış qaydada həyata keçirmədikdə 10 gündən artıq olmayaraq hər gecikdirilən gün müqavilənin ümumi məbləğinin 0,1% məbləğində cərimə ödəyir.

41. Kollegiya birinci instansiya məhkəməsində icraat zamanı olunan ödənişlərin nəzərə alınmaması dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasın, iddiaçı tərəfindən əsas borc məbləği 10907,48 manat, 109,07 manat məbləğində cərimə, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi 1582,77 manat, vəkilə ödənilmiş xidmət haqqı 500 manat və ödənilmiş dövlət rüsumu 129,3 manat, ümümilikdə 13228,62 ödənilməsi tələb olunduğu halda, xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin azaldılması ilə bağlı ərizə ünvanlayaraq məhkəmə icraatı zamanı olunan ödənişlərin nəzər alınmasını, əsas borc məbləği olaraq 2187,28 manat, 109,07 manat məbləğində cərimə, borc məbləğinin ödənilməsinin gecikdirilməsi faizi 1582,77 manat, vəkilə ödənilmiş xidmət haqqı 500 manat və ödənilmiş dövlət rüsumu 129,3 manatın cavabdehdən tutularaq ödənilməsi xahiş edilmişdir.

42. Məhkəmə kollegiyası ekspertiza keçirilməməsi dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı müqavilə üzrə borc məbləği mübahisləndirilməmiş, məbləğ düzgün olmadığı şübhə doğururdusa məbləğin müəyyən olunması üçün ekspertiza təyin olunmasına dair hər hansı vəsatət verilməmişdir. MPM-nin 361.4-cü maddəsinə əsasən, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Göründüyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı bu hal mübahisləndirilmədiyindən apellyatorun dəlili əsassızdır.

43. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

44. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

45. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1776/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar