Məhkəmə qərarları › İş №2-2(103)-613/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-613/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-613/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə Cavabdeh MMC-yə qarşı dividendin ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1358/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 30.01.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək və 01.01.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək əldə etdiyi xalis gəlirdən 25% dividendin, iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmiş 28,151 ABŞ dolları məbləğdə pulun və həmin vəsaitin istifadə edilərək qaytarılmasının gecikdirilməsinə görə 2.393 manat məbləğdə faizin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.04.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh 2019-cu il üzrə ümumi yığıncağın keçirilməməsinin səbəbi kimi pandemiyanın mövcudluğunu bəhanə gətirsə də, Məhkəmə onu ifşa etmək istəməmişdir. Həmin dövrdə ölkədə pandemiyanın mövcudluğuna dair məlumat belə olmamaqla yanaşı, iki nəfər iştirakçının ümumi yığıncaq keçirməsini heç bir orqan qadağan etməmişdir. Sonrakı, yəni 2020-ci il üzrə MMC-də 25% paya sahib olan iddiaçının iclasın yeri və tarixi barədə xəbərdarlıq edilməsinə baxmayaraq iştirak etməməsi səbəbindən ümumi yığıncağın keçirilməməsi səbəbi ilə əlaqədar bildirir ki, Məhkəmə ümumi yığıncağın həmin səbəbə görə keçirilməməsinin qanunsuz və əsassızlığı bəhanəsini də ifşa etməmişdir. Əgər MMC üzərinə düşən öhdəliyini icra etməkdən yayınırsa və iştirakçılar dividendlərini ala bilmirlərsə, onlar məhkəmə yolu ilə öz hüquqlarını tələb edə bilərlər. Məhkəmə isə iş materiallarına əlavə edilən sənədlərə əsasən MMC-nin fəaliyyəti nəticəsində əldə olunmuş mənfəətdən iddiaçıya ödənilməli olan dividend məbləğinin müəyyən olunması ilə əlaqədar ekspertiza keçirməmişdir. Məhkəmə rəsmi sənədlərə əhəmiyyət verməməklə yanaşı, qətnamədə həmin sübutlara münasibət belə bildirməmişdir. Halbuki, Dövlət Vergi Xidməti Bakı şəhəri lokal gəlirlər baş idarəsinin məlumatlar cədvəlində cavabdeh tərəfindən AR Müdafiə Nazirliyinə təqdim edilmiş qaimə fakturalara əsasən ƏDV ödənildikdən sonra 2.831.402,66 manat məbləğdə vəsait əldə etdiyi göstərilmişdir. Bundan başqa, Dövlət Vergi Xidmətinin cavabdehə 286.370,37 manat ƏDV-nin və 318.189,30 manat mənfəət vergisinin büdcədən yayındırılmasına dair 28.10.2020-ci il tarixdə xəbərdardıq etməsi barədə sübutlar təqdim edilmişdir. Daha sonra, Vergilər İdarəsinin tərtib etdiyi aktdan görünür ki, MMC-nin anbarında mal qalığı aşkar edilməmişdir. Bu bir daha onu təsdiq edir ki, MMC idxal etdiyi malları anbara mədaxil etmədən satmış və ona görə də vergi hesabatı verməmişdir. Məhkəmə iş materiallarında olan lazımi sübutları araşdıraraq cavabdehin xalis mənfəətlərini aşkar edib, onun vergidən yayınması barədə təsdiq edilmiş faktlar üzrə müfaviq qərar çıxarmaq əvəzinə, cavabdehin ümumi yığıncağın keçirilməməsi bəhanələrini əsas tutaraq iddianı rədd etməkdə haqlı olmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. İşdən müəyyən olunur ki, iddiaçı cavabdehdə 25% paya sahibdir və MMC-nin nizamnaməsinin 2.5-ci bəndinə istinad edərək hüquqi şəxsin 2019-2020-ci illərdə əldə etdiyi xalis gəlirdən 25% dividendin ödənilməsini tələb edir. Nizamnamənin 2.5-ci bəndinə əsasən, vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülür. AR Mülki Məcəllənin: 90-1.1-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir; 91.1-2-ci maddəsinə görə, cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır; 91.3.3-cü maddəsinə əsasən, cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Sadalanan normalardan və cavabdehin nizamnaməsindən görünür ki, təşkilatihüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan cavabdehdə mənfəəti bölüşdürmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Başqa sözlə, təsisçi dividend almaq hüququna malik olsa da, bu hüququn həyata keçirilməsi Mülki Məcəllənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməlidir. Lakin məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilir ki, iddiaçının tələbində göstərdiyi 2019 və 2020-ci illər üzrə cavabdehin iştirakçılarının ümumi yığıncağı keçirilməmiş və xalis gəlirin bölüşdürülməsi, o cümlədən 25% paya malik olan iddiaçıya həmin miqdarda dividendin ödənilməsi barədə qərar qəbul edilməmişdir. Bu mənada apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməli olan dividend məbləğinin müəyyən olunması ilə əlaqədar ekspertiza keçirməməsinin və rəsmi sənədlərə əhəmiyyət verməməsinin qanunsuzluğu barədə dəlilləri də əsaslı deyil. Belə ki, dividendin məbləğinin ekspertiza yaxud rəsmi sənədlərə əsasən müəyyən edilməsi tərəflər arasında meydana gələn mübahisəni həll etmir. İndiki mərhələdə tərəflər arasında mövcud olan əsas mübahisə ümumi yığıncağın keçirilməməsi ilə bağlıdır və bu mübahisə hazırkı məhkəmə araşdırmasının predmetinə daxil deyil. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “... apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Konstitusiya Məhkəməsinin istinad olunan qərarının şərhinə əsaslanan məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi, bütövlükdə isə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilmişdir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1358/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar