Məhkəmə qərarları › İş №2-2(103)-613/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-613/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-613/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı iş üzrə Açar söz: borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 263/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Aqroservis” ASC ("xxxx" ASC) ilə Cavabdeh2 arasında xx.xx.2017- ci il tarixdə 242-LD/17 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cəmi 98 baş inək Cavabdeh2 lizinqə verilmişdir.

2. xx.xx.2017-ci il tarixli 242-LD/17 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikindən görünür ki, müqavilənin müddəti 2020-ci ilin İİİ rübünədək müəyyən edilmişdir.

3. xx.xx.2017-ci il tarixli 242-LD/17 nömrəli lizinq müqaviləsinin 1.2-ci bəndindən görünür ki, lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 128.522,59 manat ilkin ödənişi, 2.940 manat üstəlik xərclərin məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 128.522,59 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

4. Sığorta haqqının ödənilməsi barədə 21 iyul 2017-ci il tarixli 242- LDS/17 saylı müqavilənin 1-ci bəndindən görünür ki, xx.xx.2017-ci il tarixli 242-LD/17 nömrəli lizinq müqaviləsinə əsasən sığorta haqqının ümumi məbləği 15.422,6 manat təşkil edir.

5. Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(008)- 7391/2018 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə əsas borc üzrə 35.052 manat, cərimə borcu üzrə 3.154,68 manat olmaqla cəmi 38.206,68 manat məbləğində pul tutulmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, əmr icra olunmuşdur.

6. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017- ci il tarixli 242- LD/17 nömrəli lizinq müqaviləsi üzrə 202968,56 manat ödənilmiş, gecikdirilmiş əsas borc 54.076,62 manat təşkil edir. İş materiallarının 79-cu vərəqinə əlavə edilmiş cərimənin hesablanması barədə qrafikdən görünür ki, hazırda tələb edilən borc 2019-cu ilin İİ rübündən 2020-ci ilin İİİ rübünədək yaranmış borcdur.

7. xx.xx.2021-ci il tarixli 000İPX********** nömrəli ödəniş sənədindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Xırdalan Şəhər Vəkil Bürosunun hesabına 350 manat məbləğində pul köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 242- LD/17 nömrəli müqavilə üzrə 54.076,62 manat gecikdirilmiş əsas borcun və 59.351,92 cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 manat məbləğində ödənilmiş mediasiya xərcinin, cəmi 114.178,54 manat pul vəsaitinin cavabehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 242-LD/17 nömrəli müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-263/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilərək xx.xx.2017-ci il tarixli 242-LD/17 saylı lizinq müqaviləsi üzrə 54.076 manat 62 qəpik məbləğində əsas borc, 2.700 manat məbləğində cərimə borcu, cəmi 56.776 manat 62 qəpik məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir

11. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 747.1, 748- 1.12, 748-1.12.4-cü maddələrin əsasən iddiaçı və cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən iddiaçının əsas borcu və cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəf lizinq müqaviləsi üzrə qeyd edilmiş borcun ödənilmədiyini qeyd edərək borcun ödənilməsini tələb edir. Cavabdeh tərəf isə borcun tam ödənilmədiyini qəbul etsə də, tələb edilən məbləğin çox olduğunu, qeyd edilmiş müqavilə ilə bağlı Sabunçu rayon Məhkəməsinin məhkəmə əmrinin olduğunu, müqavilədə üstəlik xərc kimi qeyd edilmiş pulun tutulduğunu və sığorta haqqı üzrə də, pulun ödənildiyini qeyd edərək tələb edilən məbləğin çox olduğunu bildirir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 242-LD/17 nömrəli lizinq müqaviləsinin 1.2-ci bəndindən görünür ki, lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 128.522,59 manat ilkin ödənişi, 2.940 manat üstəlik xərclərin məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 128.522,59 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

12. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, müqavilə üzrə öhdəliyi dəyişən məbləğ 4.330,82 manat təşkil edir. Məhkəmə iclasında qeyd edilmiş öhdəliyin dəyişən məbləğin nədən ibarət olması soruşulmuş və hər iki tərəf qeyd edilmiş məbləğin sonradan ölmüş heyvanlara görə sığorta ödənişinin edilmiş olan hissəsini təşkil etdiyini bildirmişlər.

13. Məhkəmə sadalanmış sübutları tədqiq edərək hesab etmişdir ki, iddia tələb edilən 54.076,62 manat əsas borc məbləği hissəsində əsaslıdır. Belə ki, göründüyü kimi cavabdeh tərəf ilkin ödəniş olaraq 130.000 manat, sığorta ödənişi haqqı olaraq 15.000 manat, üstəlik xərc məbləği olaraq 3.000 manat məbləğində pul, yəni cəmi 148.000 manat məbləğində pul ödəmişdir. Üstəlik xərc məbləğinin nədən ibarət olması soruşulmuş, iddiaçı tərəf bunun heyvanların daşınması ilə bağlı xərcin olduğunu bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər qeyd edilən xərcin ödənilməsi ilə bağlı müqavilədə razılığa gəldiyindən onun lizinq ödənişlərinin qrafik üzrə ödənişlərə aiddiyyatı yoxdur. İddiaçı tərəf qrafik üzrə ödənişlərin cəminin 70.115,15 manat ödənildiyini qeyd edərək, məhkəmə əmri ilə tutulmuş əsas borcun da, qrafiklər üzrə ödənişlərdən silindiyini bildirir.

14. Məhkəmə əsas məbləğin hesablanması ilə bağlı aşağıdakılar qeyd etmişdir: Cavabdeh tərəfindən ilkin ödəniş 128.522,59 manat edilməli olduğu halda 130.000 manat etməsi. Göründüyü kimi cavabdeh tərəfindən 1477,41 (130.000- 128.522,59) artıq ilkin ödəniş edilmişdir. Üstəlik xərcin 2.940 manat olmağına baxmayaraq 3.000 manat pulun ödənilməsi. Göründüyü kimi cavabdeh tərəfindən 60 (3.000-2.940) artıq pul ödənilmişdir. Sığorta haqqının 15.422,26 manat nəzərdə tutulmasına baxmayaraq 15.000 manat pulun ödənilməsi. Göründüyü kimi cavabdeh tərəfindən 422,26 (15.422,26- 15.000) manat az pul ödənmişdir. Belə olan halda, hesablamanın hazırkı mərhələsində artıq ödənilmiş 1.537,41 (1.477,41+60) manatdan, az ödənilmiş 422,26 manat çıxılmaqla qalan məbləğ 1.115,15 (1.537,41-422,26) manat təşkil edir. 5. İşdə olan hesabdan çıxarışdan görünür ki, 368 və 747,15 yəni cəmi 1.115,5 manat ödənişlər üzrə silinmələr aparılmışdır. Göründüyü kimi, artıq qalmış 1.115,5 manat məbləğində pul cavabdehin qrafik üzrə lizinq ödənişlərinə silinmişdir. Məhkəmə iddianın əsas borcun tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, müqavilə üzrə qrafik üzrə ödənilməli olan məbləğin 128,522,59 olması və qrafik üzrə ödənilmiş məbləğin 70.115,15 manat olması və 4.330,82 manat ölmüş heyvanlara görə sığorta ödənişinin edilməsi nəzərə alındığında görünür ki, cavabdehin əsas borc üzrə 54.076,62 (128.522,59-(70.115,15+4.330,82)) manat borcu vardır.

15. Məhkəmə iddianın dəbbə pulunun tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin xx.xx.2017-ci il tarixli 242-LD/17 nömrəli lizinq müqaviləsi üzrə 54.076,62 manat əsas borcuna münasibətdə 2700 manat dəbbə pulu daha ağlabatan və ədalətlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-263/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia ərizəsi “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəkilinin xx.xx.2021-ci il tarixli vəkil orderi Bakı Kommersiya Məhkəməsi üçün deyil, Sabunçu rayon Məhkəməsi üçün verilmişdir. Ona görə də həmin order Bakı Kommersiya Məhkəməsinə verilən iddia ərizəsinə əlavə olunsa da, qeyd olunan vəkil orderi vəkili hazırki kommersiya mübahisəsinə dair iddia ərizəsinə vəkil qismində imza etmək səlahiyyəti verən sənəd hesab edilə bilməz və başqa məhkəmə üçün nəzərdə tutulan vəkil orderini təqdim edən vəkil digər məhkəmə üçün yazılmış iddia ərizəsini vəkil qismində imzalamaqda səlahiyyətli olmadığı əsası ilə MPM-nin 259.0.3cümaddəsinə əsasən hazırki iddia baxılmamış saxlanılmalı idi. Hazırki kommersiya mübahisəsində olan eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə əmri vardır. İddia ərizəsi iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı Bakı Kommersiya Məhkəməsinə verilən vaxt eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə əmrinin olması həmin iddianı iddia icraatı qaydasında veriməsini istisna edən haldır və MPM-nin153.2.-ci maddəsinə əsasən məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli idi. İddia ərizəsini qəbul etmişdirsə, MPM-nin 261.0.2-ci maddəsinə əsasən, kommersiya mübahisəsinin icraatında xitam veriməli idi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh2 Sücaət oğlunun iddiaçının hesabına etdiyi ödəniş qəbzləri "xxxx" ASC-dən tələb olunmalı, Cavabdeh2 dəqiq ödənişləri müəyyən olunmalı, dəbbə pulu tamamilə ləğv edilməlidir, sübutlara obyektiv və düzgün qiymət verilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

19. İşə baxılması sonuncu dəfə xx.xx.2023-cü il tarixə təxirə salınmış, cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

20. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 747.1-ci maddə-lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddə- lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 462.1-cü maddə-dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-cü maddə-məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-263/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2017- ci il tarixdə 242-LD/17 nömrəli lizinq müqaviləsi üzrə 98 baş inək Cavabdeh2 lizinqə verilmişdir. Müəyyən edilmişdir ki, cavabdeh 2020-ci ilin İİİ rübünədək lizinq müqaviləsi üzrə ödənişləri tam həyata keçirməli olduğu halda öhdəliyini tam icra etməmiş, 54.076 manat 62 qəpik məbləğində borcu qalmışdır.

24. Apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, iddia səlahiyyətsiz şəxs tərəfindən imzalandığından məhkəmə tərəfindən baxılmamış saxlanılmalı idi. Məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilir ki, iddia ərizəsini iddiaçının adından nümayəndəsi Nümayəndə1 imzalamış, həmin şəxsə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri tərəfindən verilmiş etibarnamədə nümayəndənin Agentliyin adından iddia ərizəsini imzalamaq səlahiyyəti nəzərdə tutulduğundan iddianın səlahiyyətsiz şəxs tərəfindən mzalandığına dair mülahizə təsdiq olunmur. İddia ərizəsini imzalamış şəxsin səlahiyyəti MPM-nin 73, 74cü maddələrinə əsasən vəkil orderinə əsasən deyil, etibarnaməyə əsasən yoxlanıldığından və iddia ərizəsinin məhz vəkil tərəfindən tərtib edilməli olduğuna dair prosessual qanunvericilikdə tələb olmadığından Nümayəndə1 tərəfindən iddia ərizəsinə əlavə edilmiş vəkil orderində tapşırığın yerinə yetirildiyi təşkilat kimi “Sabunçu rayon Məhkəməsi” qeyd edilməsi ərizənin geri qaytarılması və ya baxılmamış saxlanılması üçün əsas olmamışdır.

25. İddiaçı tərəfindən hazırda tələb edilən borc məbləği ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə əmri olması ilə əlaqədar iş üzrə icraata xitam verilməli olduğuna dair cavabdehin birinci instansiya məhkəməsində irəli sürdüyü mülahizə ilə bağlı məhkəmə araşdırma apararaq müəyyən etmişdir ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(008)-739 saylı məhkəmə əmri ilə cavabdehdən xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədək yaranmış 38206,68 manat borc tutulduğu halda İş materiallarının 89-cu vərəqinə əlavə edilmiş maliyyə arayışı), hazırda iddiaçı 2019-cu ilin İİ rübündən yaranmış borcu tələb edir. Tələb edilən borcun hesablandığı dövr fərqli olduğundan iş üzrə icraata xitam verilməsi üçün qanuni əsasın olmadığı müəyyən olunur.

26. Cavabdehin digər bir dəlili ondan ibarətdir ki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin məbləğinin dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən iddiaçının hesabının olduğu "xxxx" ASC-yə birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavabın alınması təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-613/2023 nömrəli qərardadı ilə cavabdehin vəsatəti təmin edilərək "xxxx" ASC-yə sorğu verilərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin "xxxx" ASC-də olan AZ91Aİİ******************** saylı kredit hesabına xx.xx.2017-ci il tarixli 242-LD/17 saylı lizinq müqaviləsi üzrə 2017-ci ilin iyul ayından xx.xx.2023-cü il tarixədək nə qədər vəsait mədaxil edilməsi məlumatının təqdim edilməsi xahiş olunmuşdur.

27. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 2023/111/8679 saylı məktubu ilə AZ91AİİB******************** nömrəli hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir. Çıxarışa əsasən cavabdeh tərəfindən qeyd edilən hesaba xx.xx.2018-ci il tarixdə 23.000 manat ödənişin edildiyi qeyd edilmişdir. İddiaçı tərəfindən işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, bu ödəniş borc hesablanarkən nəzərə alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının təqdim etdiyi maliyyə arayışlarındakı məbləğdən artıq ödəniş edildiyinə dair sübutlar təqdim edilməmişdir.

28. Cavabdehin apellyasiya şikayəti qətnamənin dəbbə pulu tələbinin təmin edildiyi hissədə ləğv edilərək həmin hissədə iddianın tam rədd edilməsi barədə apellyasiya şikayəti də əsassız hesab edilir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində qeyd edilmişdir ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq lizinq ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İşin hallarından göründüyü kimi, lizinqalan ödəniş qrafiki üzrə ödəmələri vaxtənda həyata keçirmədiyindən iddiaçı tərəfindən müqavilənin qeyd edilən şərtinə əsasən dəbbə pulu tələb edilməsi qanuni və əsaslıdır.

29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-263/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-263/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar