Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-613/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı şirkətin təsisçisi Nümayəndə3, nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin direktoru Nümayəndə2, nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-766/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları
1. “Satıcı” olaraq İddiaçı MMC ilə “Alıcı” olaraq Cavabdeh MMC arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli AV-02-17-01/24 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. 17 yanvar 2024-cü il tarixli AV-02-xx-xx/2024 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı 17 yanvar 2024-cü il tarixli Əlavədən görünür ki, tərəflər aralarında mişar daşı, atsep, qum və qırma daş (şeben) materiallarının satış qiymətini razılaşdırmışlar. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10244,76 manat əsas borc, yaranmış borcun ödənilməsinin gecikdirilməsi üçün xx.xx.2024-cü il tarixdən hal-hazıradək olan müddət ərzində əsas borcun ödənilməsinin gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində faiz borcunun, yəni 15367 manatın, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş 170 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-766/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 08 yanvar 2024-cü il tarixli AV02-17-01/24 nömrəli alqı-satqı müqaviləsinə əsasən 10244,76 manat (ƏDV daxil) əsas borc, 500 manat dəbbə pulu, ümumilikdə 10744 (on min yeddi qırx dörd) manat 76 (yetmiş altı) qəpik məbləğində pul vəsaiti, habelə hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manatın və ödənilmiş dövlət rüsumunun 122 (bir yüz iyirmi iki) manat 24 (iyirmi dörd) qəpiyinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini tam, 10244,76 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq hesab edilir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 10244,76 manat (ƏDV) borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Müqavilənin 2.5-ci bəndində ödənişin gecikdirildiyi təqdirdə gecikmə faizinin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 500 manat müəyyən olunmalıdır.
6. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-766/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qaimələrin saxta olması, müqavilə üzrə qismən də olsa təhvil verilmiş malların keyfiyyət göstəriciləri, həmçinin iddiaçının göndərilməsini iddia etdiyi malların təhvil verilməsini təsdiq edən aktın olub-olmaması ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Məhkəmə hazırki işə baxarkən mülki hüquq subyektlərinin bərabər hüquqlarının olmasına baxmayaraq, işin nəticəsində qeyri-qanuni qərar qəbul etməklə cavabdehlərin həmin hüquqları da pozmuşdur. 08 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə göndərilməsi iddia edilən malların təhvil-təsilm aktının olub-olmaması, həmçinin məhkəməyə təqdim edilmiş qaimələrdəki imzanın kim tərəfindən çəkilib çəkilməməsi, həmin qaimələrə imza çəkən şəxsin həqiqətən də cavabdehin səlahiyyətli nümayəndəsi olub-olmaması ilə bağlı araşdırma aparılmamışdır. Həmin qaydalara əsasən elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Lakin işə baxan birinci insitansiya məhkəməsi tərəfindən həmin qaydaların tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəf qaydalarda tələb edilən sənədləri məhkəməyə təqdim edə bilməmiş, amma işə baxan hakim isə həmin hallara göz yummuşdur. Qeyd edilən maddəyə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Ancaq Bakı Kommersiya Məhkəməsinin qətnaməsi əsaslı deyil. Belə ki, hər maşının qaiməsi ayrı-ayrı olmasına baxmayaraq eyni şəxs tərəfindən imzalanıbdır. Bütün bunların hamısı cavabdeh tərəfdə şübhə yaradır. İlkin göndərilən 3 maşın daş da qəbul edilməmişdir. 2650 ədəd daş qəbul edilməmişdir. 29 mart mart tarixli qaimə var ki, həmin qaimə başqa hüquqi şəxsə yazılmış qaimədir. Yekun olaraq 18770 ədəd daş cavabdeh tərəfindən təhvil götürülmüşdür. 18770 ədəd daşı cavabdeh qaimə üzrə hesablamışdır. Təxmini 160 kvadrat metrə yaxın hörgü kərpiclə hörülübdür. İlkin fərq də ona görə yaranıbdır. Möhtərəm məhkəmə kollegiyası, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları birinci insitansiya məhkəməsində sübut edə bilməmiş, lakin, buna baxmayaraq məhkəmə tərəfindən buna göz yumulmuşdur. İş üzrə qəbul edilmiş qətnaməyə fikir verdikdə tam aydın olur ki, həmin qətnaməni qəbul etmiş hakim işə qərəzli yanaşmışdır. Eyni zamanda məhkəmə iclasında təqdim edilmiş sübutlar obyektiv, hərtərəfli və tam baxılmamışdır. Mübahisəli qətnaməni qəbul etmiş hakim üçün yalnız iddiaçı tərəfin təqdim etdiyi “sübutlar” araşdırılmış və həmin sübutlara istinad edilmişdir. Buradan belə çıxır ki, iddiaçı tərəfin təqdim etdiyi “sübutlar”ın məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi var. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Apellyasiya Məhkəməsi tərəfindən hazırki mülki iş üzrə təqdim edilmiş qaimələrdəki imzanın saxta olub olmasının müəyyən edilməsi üçün məhkəməxətşünaslıq ekspertizası təyin edilməlidir. Birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən malların təqdim edilməsinə dair təhvil-təslim aktı təqdim edilməmişdir, lakin məhkəmə tərəfindən bununla bağlı araşdırma aparılmamışdır. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qaimələrdə malları təhvil alan şəxsin kimliyi məlum deyil. Hətta 29 mart 2024-cü il tarixli qaimədə malların RRM İnşaata göndərilməsi göstərilib. RRM İnşaata göndərilən malların bizə aid edilməsi kobud qanun pozuntusudur. Çünki, bizim həmin inşaatla heç bir əlaqəmiz yoxdur. Bu halla bağlı məhkəmə tərəfindən heç bir araşdırma aparılmamışdır. Qaimə fakturalardakı imzaların kimə məxsus olması ilə bağlı ekspertiza təyin edilməli olduğu halda məhkəmə bunu etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının təsisçisi Nümayəndə3, nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
10. Cavabdehin direktoru Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, mübahisələndirilən elektron qaimələr sistem tərəfindən qəbul edilmişdir.
11. Cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
33. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə “Alıcı” olaraq Cavabdeh MMC arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli AV-02-17-01/24 nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur.
34. İş materillarına əlavə edilmiş, EBDZ seriyalı, 987240 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 8335,52 manat, EBEB seriyalı, 371499 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 10407,60 manat, EBED seriyalı, 077721 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2121,64 manat dəyərində müxtəlif mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
35. 03.06.2024-cü il tarixli 000İPX12415577CB saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin Expressbank ASC-də olan hesabına 4000 manat məbləğində ödəniş olunmuşdur.
36. 03.06.2024-cü il tarixli 000İPX12411440EO saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin Expressbank ASC-də olan hesabına 5000 manat məbləğində ödəniş olunmuşdur.
37. 31.05.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 720 manat məbləğində ödəniş olunmuşdur.
38. 23.04.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 900 manat məbləğində ödəniş olunmuşdur.
39. 28 yanvar 2024-cü il tarixli ******* saylı, 29 yanvar 2024-cü il tarixli ******* saylı, 29 yanvar 2024-cü il tarixli ******* saylı, 30 yanvar 2024-cü il tarixli ******* saylı, 02 fevral 2024-cü il tarixli ******* saylı, 02 fevral 2024-cü il tarixli ******* saylı, 02 fevral 2024-cü il tarixli ******* saylı, 03 fevral 2024-cü il tarixli ******* saylı, 05 fevral 2024-cü il tarixli ******* saylı, 07 mart 2024-cü il tarixli ******* saylı, 08 mart 2024-cü il tarixli ******* saylı, 09 mart 2024-cü il tarixli ******* saylı, 11 mart 2024cü il tarixli ******* saylı, 11 mart 2024-cü il tarixli ******* saylı, 12 mart 2024-cü il tarixli ******* saylı, 12 mart 2024-cü il tarixli ******* saylı, 12 mart 2024-cü il tarixli ******* saylı, 12 mart 2024- cü il tarixli ******* saylı, 13 mart 2024-cü il tarixli ******* saylı, 14 mart 2024-cü il tarixli ******* saylı, 14 mart 2024-cü il tarixli ******* saylı, 15 mart 2024-cü il tarixli ******* saylı, 10 aprel 2024-cü il tarixli ******* saylı qaimə fakturalardan görünür ki, müxtəlif ölçüdə və miqdarda materiallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir.
40. Kollegiya malların qüsrlu olması dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh malların qüsrlu olmasına, müqavilə üzrə satıcı şirkətə məlumat verməsinə, iddiaçının iştirakı ilə qüsur aktı tərtib etməsinə və ya hər hansı tədbir görməsinə dair sübut təqdim etməmiş, sadəcə iddiaçı tərəfə şifahi qaydada məlumat verdiyini bildirsə də, bu faktı təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Əgər, həqiqətən iddiaçının göndərdiyi mallar qüsurlu idisə, cavabdehin, vaxtında Mülki Məcəllənin 639.1-ci maddəsinə əsasən həmin Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürmək hüququ var idi ki, cavabdeh həmin hüququndan istifadə etməmişdir.
41. İş materillarına əlavə edilmiş 1 ədəd “flash card”da olan məlumatlardan görünür ki, “WhatsApp” şəbəkəsi vasitəsi ilə iddiaçı cavabdehə göndərilən malların cədvəllərini, qaimələrini, elektron qaimələrini, hesab nömrəsi göndərərək malların dəyərinin ödənilməsini tələb etmiş, cavabdeh malların dəyərinin ödənilməsinə imtina etməmiş, göndərilmiş elektron qaimələrə və cədvəllərə etiraz etməmiş, borcu ödəyəcəyini bildirmişdir.
42. Kollegiya eyni zamanda vurğulayır ki, cavabdehin nümayəndəsi izahatlarında malları təhvil aldıqlarını, lakin malların qüsrlu olduğunu, elektron qaimələrdən məlumatları olmadıqlarını, sistem tərəfindən təsdiq edildiyini bildirsədə, tərəflər arasında olan alqı-satqı müqaviləsinə əsasən ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən mallar qəbul edilmiş, ”X9” MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödənişlər həyata keçirilmişdir.
43. Məhkəmə kollegiyası ekspertiza keçirilməməsi dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı qaimələrdəki imzanın saxta olub-olmaması mübahisələndirilməmiş, imza şübhə doğururdusa imzanın müəyyən olunması üçün ekspertiza təyin olunmasına dair hər hansı vəsatət verilməmişdir. MPM-nin 361.4-cü maddəsinə əsasən, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Göründüyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı bu hal mübahisələndirilmədiyindən apellyatorun dəlili əsassızdır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
45. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-766/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.