Məhkəmə qərarları › İş №2-2(103)-614/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-614/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-614/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1 zavodu” MMC-yə qarşı kommersiya işi Açar söz: lizinq müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X1 zavodu” MMC-yə (müstəqil tələb irəli sürməyən "xxxx" ASC) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 445/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. xx.xx.2018-ci il tarixli 352-LD/18 nömrəli "xxxx" ASC ilə X1 Zavodu MMC arasında bağlanmış "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC 449 baş Holştin-Friz cinsli malı dəyəri lizinq ödəniş qrafikinə tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir.

2. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 482.675 manat ilkin ödənişi əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 482.675 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsində götürür.

3. Müqavilənin 4.2-ci bəndinə əsasən lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təqdim etdiyi “X1 Zavodu” MMC-nin apardığı ödənişləri əks etdirən maliyyə cədvəlinin 42-ci bəndindən görünür ki, “X1 Zavodu” MMC xx.xx.2019-cu il tarixdə 43.880 manat məbləğində 2019-cu ilin 3-cü rüb üçün apardığı ödənişdən 15.170,55 manatı 352-LD/18 nömrəli müqavilə üzrə, 25800 manatı 326-LD/18 nömrəli müqavilə üzrə və 2909,45 manatı isə 320-LD/18 nömrəli müqavilə üzrə borca görə silinmişdir.

5. xx.xx.2019-cu il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, “X1 Zavodu” MMC tərəfindən 43.880 manat məbləğində vəsait "xxxx" ASC-yə ödənilmişdir. Ödənişin təyinatı və əsası olan bənddə qeyd edilmişdir ki, həmin vəsait xx.xx.2019-cu il tarixli 352-LD/18 nömrəli müqaviləyə əsasən 2019-cu ilin 3-cü rübü üçün köçürülmüşdür.

6. xx.xx.2023-cü il tarixli 00508 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.

7. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hüquqi yardım üçün 5 saylı Vəkil Bürosunun hesabına 500 manat məbləğində pul köçürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 352- LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 21081,14 manat gecikdirilmiş borcun və hesablanmış 13913,55 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi 35694,69 manat pul vəsaitinin cavabdeh “X1 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə “X1 Zavodu” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 352-LD/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2018-ci il tarixli 352-LD/18 nömrəli müqavilə üzrə 21081,14 manat gecikdirilmiş borcu və hesablanmış 13.913,55 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq ala müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-445/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia rədd edilmişdir.

11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2018-ci il tarixli 352-LD/18 nömrəli "xxxx" ASC ilə “X1 Zavodu” MMC arasında "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilə bağlanmış, “X1 Zavodu” MMC cədvələ uyğun olaraq ödəniş etmiş və tərəflərin arasında digər 320-LD/18 və 326- LD/18 nömrəli müqavilələr olduğuna görə, həmin ödənişlərin hansı rüb və müqavilə üzrə olduğunu pulun köçürülməsi sənədlərində göstərmişlər. Belə ki, “X1 Zavodu” MMC xx.xx.2019-cu il tarixli 352-LD/18 nömrəli müqaviləyə görə 2019-cu ilin 3-cü rübü üçün xx.xx.2019-cu il tarixli ********** nömrəli ödəniş tapşırığı (sənəddə təyinatı və əsası qeyd edilmişdir) ilə "xxxx" ASC-yə 43880 manat məbləğində vəsait ödəsə də, həmin vəsaitdən 15170,55 manatı 352-LD/18 nömrəli müqavilə üzrə 28709,45 manat məbləğdə olan vəsait isə 320-LD/18 və 326-LD/18 nömrəli müqavilələrlə bağlı olan borclara görə silinmişdir. “X1 Zavodu” MMC xx.xx.2019-cu il tarixli 352- LD/18 nömrəli müqaviləyə görə 2019-cu ilin 3-cü rüb üçün 43880 manat məbləğində vəsait ödəsə də, həmin puldan 28709,45 manatı təyinatı üzrə deyil, 320- LD/18 və 326- LD/18 nömrəli müqavilələrlə bağlı yaranmış borclara görə silinmiş, yəni lizing verən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.1-ci maddəsinin tələblərini pozaraq 352- LD/18 nömrəli müqaviləyə aid olan borcdan silinmələr etməmiş və nəticədə hazırki tələb üzrə olan 21081,14 manat məbləğində gecikdirilmiş borc yaranmışdır. Belə ki, xx.xx.2019- cu il tarixli 352-LD/18 nömrəli müqavilə üzrə 2019-cu ilin 3-cü rüb üçün ödənilmiş 43880 manat məbləğində vəsait təyinatı üzrə silinsəydi, hazırki borc yaranmazdı, həmçinin hazırki tələb üzrə xx.xx.2019-cu il tarixli 352-LD/18 nömrəli müqavilə ilə bağlı yaranmış 21081,14 manat məbləğində gecikdirilmiş borc, əsassız digər müqavilələr üzrə yaranmış borcların silinməsinə yönəldilən 28709,45 manat məbləğindən azdır.

12. Məhkəmə hesab etmişdir ki, iddia rədd edilməlidir belə ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi xx.xx.2019-cu il tarixli 352-LD/18 nömrəli müqavilə ilə bağlı yaranmış 21081,14 manat məbləğində gecikdirilmiş borcu tələb etsə də, “X1 Zavodu” MMC həmin borcu vaxtında ödəmiş, lakin hazırda tələb olunan vəsaitdən də çox olan 28709,45 manat məbləğində pul əsassız olaraq digər müqavilələr üzrə yaranmış borclara görə silinmişdir.

13. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, əsas borc təmin edilmirsə, gecikmə ilə balı yaranmış cərimə də təmin edilə bilməz.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-445/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-ci il tarixə xx.xx.2018-ci il tarixli, 352-LD/18 nömrəli müqavilə üzrə cavabdehin 21 081,14 manat gecikdirilmiş borcu yaranmışdır. xx.xx.2018-ci il tarixli, 352- LD/18 nömrəli müqavilənin 4.2-ci maddəsinə görə ödəniş qrafiki üzrə bir dəfədən artıq ödənişləri gecikdirən zaman gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir. Məhkəmə xx.xx.2019-cu il tarixli ********** nömrəli ödəniş tapşırığı (sənəddə təyinatı və əsası qeyd edilmişdir) ilə "xxxx" ASC-yə 43880 manat məbləğində vəsait ödəsə də, həmin vəsaitdən 15170,55 manatı 352-LD/18 nömrəli müqavilə üzrə 28709,45 manat məbləğdə olan vəsait isə 320-LD/18 və 326-LD/18 nömrəli müqavilələrlə bağlı olan borclara görə silinməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş 2 qəbzin də hansı tarixlərdə ödənilməsinin müəyyən olunması mümkün olmadığı, habelə həmin qəbzlərdə müqavilə tarixlərinin də fərqli olmasına görə həmin qəbzlərin məhz “X1 Zavodu” MMC tərəfindən iddia olunan tarixlərdə ödənilməsi və 352-LD/18 nömrəli müqaviləyə aidiyyəti qismində mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göstərilən xüsusatlara məhkəmə səthi yanaşmış, sübutları düzgün qiymətləndirməmiş və nəticədə bu hal məhkəmənin səhv mövqeyə gəlməsinə və əsassız qətnamə çıxarmasına səbəb olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.1-ci maddəsinə istnadı da səhv etmişdir. Məhkəmə məsələ ilə bağlı Mülki Məcəllənin digər müddəalarını nəzərdən qaçırmışdır. Belə ki, Mülki Məcəllənin 440.2-ci maddəsinə əsasən əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Mülki Məcəllənin 440.3-cü maddəsinə görə əgər tələblər eyni dərəcədə ağırdırsa, daha az təmin edilmiş tələb birinci növbədə icra olunmalıdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq ala müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Bundan əlavə, iddianın hüquqi yardımla bağlı hissəsində məhkəmənin hüquqi yardımın təmin edilməməsi ilə bağlı heç bir əsaslandırma aparmaması düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Belə ki, iş materiallarından göründüyü üzrə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Eyni zamanda bildiririk ki, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən tələb olunan mediasiya xərci ilə bağlı da heç bir əsaslandırma aparmayaraq düzgün olmayan qətnamə çıxarmışdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində göstərilmişdir ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

17. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

18. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 440.1-ci maddə-əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. 747.1-ci maddə-lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-445/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə araşdırması zamanı işdəki sübutlar və tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli 352-LD/18 nömrəli "xxxx" ASC ilə “X1 Zavodu” MMC arasında bağlanmış lizinq müqaviləsi üzrə 2019-cu ilin 3-cü rübü üşün cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 43875 manat ödəniş edilmiş, iddiaçı tərəfindən həmin ödənişin 28300,11 manatı tərəflər arasında bağlanmış 320-LD/18 saylı digər lizinq müqaviləsi üzrə silinmişdir.

22. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi bu nəticəni təsdiq edən sübutlar işdə mövcud deyil. Halbuki işdəki "xxxx" ASC-nin 1 saylı İmişli filialı tərəfindən təsdiq edilmiş ödəniş tapşırığından görünür ki, “X1 Zavodu” MMC xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin hesabına 43880 manat ödəniş edərkən ödənişin təyinatı kimi 352-LD/18 saylı müqavilə üzrə 2019-cu ilin 3-cü rübü üçün ödəniş göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş “X1 Zavodu” MMC tərəfindən həyata keçirilmiş ödənişlər üzrə silinmələri əks etdirən cədvəldən görünür ki, xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş ödəniş 43880 manat ödənişdən 26983,89 manat 352-LD/18 saylı müqavilə üzrə, 28300,11 manat isə 320-LD/18 saylı müqavilə üzrə silinmişdir.

23. Məhkəmə kollegiyası MM-nin 440.1-ci maddəsinin tələbini nəzərə alaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı halda borclu ödəniş edərkən ödənişin hansı öhdəlik üzrə icra edildiyini seçdiyindən kreditorun həmin ödənişi digər öhdəlik üzrə silməsi qanunsuz və əsassız olmuşdur. Digər öhdəlik üzrə silinmiş məbləğ hazırda iddiaçının cavabdehdən tələb etdiyi borc məbləğindən çox olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia rədd edilməlidir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi MM-nin 440.2 və 440.3-cü maddələri ilə bağlı məhkəmə qeyd edir ki, kreditor tərəfindən həmin normalar əsasında ödənişin silinməsi 440.1-ci maddədə nəzərdə tutulmuş qaydada borclu tərəfindən ödənişin təyinatı seçilmədiyi halda həyata keçirilə bilər.

24. MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə iddia ərizəsinin geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixdə ərizə versə də, cavabdeh tərəf işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, məhkəmə MPM-nin 259.0.11-ci maddəsinin tələbini nəzərə alaraq iddia ərizəsinin qaytarılması barədə ərizəni təmin eməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya yazılı etirazında 356,94 manat hissədə iddianı etiraf etdiklərini göstərsə də, sonuncu xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bu mövqeyin təmsil etdiyi hüquqi şəxsin mövqeyi olmadığını, borcun özü tərəfindən hesablandığını, cavabdeh tərəfindən nümayəndə olaraq ona iddiaçıya hər hansı borcun qalmadığının bildirildiyini göstərərək iddianın tam rədd edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan hər hansı prosessual və maddi hüquq normasının pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində cavabdehin xx.xx.2019-cu il tarixdə həyata keçirdiyi ödənişdən hazırda iddianın əsası kimi istinad edilmiç müqavilə və digər öhdəlik üzrə silinmiş məbləğləri yanlış qeyd etsə də, mübahisə mahiyyəti üzrə düzgün həll edildiyindən məhkəmə hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 445/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-445/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar