Məhkəmə qərarları › İş №2-2(103)-615/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-615/2023

04.08.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-615/2023 04.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Quliyevanın katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2091/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs, eyni zamanda fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1,35 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 21319,92 manat, İşsizlikdən sığorta fonduna olan 8,58 manat, İcbari Tibbi Sığorta Fonduna olan 3,14 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 21319,92 manat, Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 8,58 manat, dövlət büdcəsinə 1,35 manat məbləğində (o cümlədən, vergilər üzrə 0,99 manat, faizlər üzrə 0,36 manat), İcbari Tibbi Sığorta Fonduna 3,14 manat olmaqla, ümumilikdə 21332,99 manat manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********674600 nömrəli, xx.xx.2020-ci il tarixli **********182300 nömrəli, xx.xx.2020-ci il tarixli **********556700 nömrəli, xx.xx.2021-ci il tarixli **********409900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Həmçinin, yaranmış borc məbləğinin 10 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq da göndərilmişdir.

3. Maraqlı şəxs birinci instansiya məhkəməsində verdiyi izahatında 1 ildir şirkətə işə qəbul olunduğunu, şirkətin fəaliyyət göstərmədiyini, işdən azad olunması ilə bağlı şifahi şəkildə müraciət etsə də bunun mümkün olmamasının ona bildirildiyini göstərmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2091/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında "xxxx" MMC-nin borcunun yaranma tarixinə dair hər hansı sübut yoxdur. Qeyd edilən 21319,92 manat borc məbləği təxminən 2009-cu illərdə yaranmış, şirkət isə fəaliyyətini 2011-ci ildən dayandırmışdır. O, son bir ildi şirkətə qəbul olunsa da, şirkət fəaliyyətini bərpa etməmiş və heç bir fəaliyyət göstərməmişdir. O, direktor təyin edilərkən həmin borcdan xəbəri olmamış, olsa belə həmin borcun əsaslı olub-olmamasını mübahisələndirmək şansı olmamışdır. Məhkəmə iclasında qeyd etdiyi kimi, o, vəzifədən azad edilməsi üçün müraciət etsə də, sistemdə bu həyata keçirilməmişdir. Özündən uzun illər əvvəl yaranmış borca görə hüququnun məhdudlaşdırılması məhkəmənin qərarının qeyri-obyektiv olmasına dəlalət edir. Eyni zamanda vergi orqanı borcun yarandığı 2009-cu ildən keçən uzun müddət ərzində borcun tutulması istiqamətində hər hansı tədbir görməməyərək, 14 il keçəndən sonra məhkəməyə müraciət etməsi onun öz hüquqlarından sui-istifadə etməsidir ki, bu da nəticədə onun heç bir təqsiri olmadığı halda hüququnun məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Məhkəmə isə bu faktları araşdırmamış və nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafiə etdi.

9. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

13. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

14. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

15. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməlidir.

18. Belə ki, ərizəçinin istinad etdiyi hallar iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) və Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqələri və vergi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli **********674600 nömrəli, xx.xx.2020-ci il tarixli **********182300 nömrəli, xx.xx.2020ci il tarixli **********556700 nömrəli, xx.xx.2021-ci il tarixli **********409900 nömrəli bildirişlərlə təsdiq olunur.

19. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə təmin edilməlidir.

20. Maraqlı şəxsin istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, vergi borcunun yaranma mənbəyi və bunun qanuni olub-olmaması hazırki mübahisənin predmeti deyildir. Əgər maraqlı şəxsin bununla bağlı etirazı varsa bunu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Eyni zamanda vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş şəxsi hesab vərəqələrindən də görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 21319,92 manat, Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 8,58 manat, dövlət büdcəsinə 1,35 manat məbləğində (o cümlədən, vergilər üzrə 0,99 manat, faizlər üzrə 0,36 manat), İcbari Tibbi Sığorta Fonduna 3,14 manat olmaqla, ümumilikdə 21332,99 manat manat borcu vardır. Borcun hansı rəhbərin dövründə yaranmasının da mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Çünki qanunvericilikdə vergi borcu yaranan vaxt hüquqi şəxsin icra orqanının rəhbəri olmuş şəxsin deyil, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutmuş və hazırda da "xxxx" MMC-nin direktoru Maraqlı şəxsdur.

21. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2091/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Fuad Abdıyev

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar