Məhkəmə qərarları › İş №2-2(103)-615/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-615/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-615/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı kommersiya işi Açar söz: lizinq müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-530/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 4438/Ü nömrəli texnikaların lizinqə verilməsi barədə əmrindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli sifarişinə və "xxxx" ASC ilə bağlanmış xx.xx.2018-ci il tarixli 1299-L/18 nömrəli lizinq müqaviləsinə əsasən şassi/zavod nömrəsi -/81012 olan ot, küləş presləyənin (OKP-185) 12 000 manata lizinqə verilməsi əmr edilmişdir.

2. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış (birinci lizinq verən, ikinci lizinq alan qismində) "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 06 sentyabr 2018-ci il tarixli 1299-L/18 nömrəli müqavilənin predmetlə bağlı şərtlərindən görünür ki, lizinq verən ümumi məbləği 12000 manat olan olan ot, küləş presləyəni (OKP-185) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərli ilə lizinqə verir (1.1). Lizinq alan texnikanın dəyərindən 1200 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini ödəniş qrafikinə (Əlavə №1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür (1.2). Texnikaya mülkiyyət hüququ Lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək Lizinq verənə məxsusdur (1.4). Aşağıdakı sənədlər bu müqavilənin tərkib hissəsi hesab olunur: lizinq alanın xx.xx.2018-ci il tarixli S/8499 nömrəli sifarişi; lizinq ödəniş qrafiki (Əlavə №1) (1.5).

3. Müqavilənin lizinq ödənişləri ilə bağlı şərtlərindən görünür ki, lizinq alan bu müqavilənin 1.2-ci bəndində göstərilən qabaqcadan ödəniş də daxil olmaqla, texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq ödənişləri həyata keçirir (4.1). Hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çaldıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər (4.3).

4. Müqaviləyə 1 nömrəli əlavə olan ödəniş qrafikindən görünür ki, ilkin ödəniş tarixi 2018-ci ilin İİİ rübü (1200 manat ilkin ödəniş), son ödəniş tarixi 2023-cü ilin İİİ rübü olmaqla ümumilikdə 12 000 manat məbləğində lizinq ödənişi razılaşdırılmışdır.

5. xx.xx.2018-ci il tarixli texnikaların təhvil-qəbulu barədə aktdan görünür ki, şassi/zavod nömrəsi olan ot, küləş presləyə lizinq alana təhvil verilmişdir.

6. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 06 sentyabr 2018-ci il tarixli 1299-L/18 nömrəli müqavilə üzrə müqavilənin qiymətini 12 000 manat, ödənilən məbləği 2589 manat, gecikdirilmiş borcu 9411 manat təşkil edir.

7. xx.xx.2024-cü il tarixli cavabdehə məxsus hesabdan çıxarışlardan görünür ki, 06 sentyabr 2018-ci il tarixli 1299-L/18 nömrəli lizinq müqaviləsi üzrə (lizinq obyekti ot, küləş presləyən (OKP-185)) xx.xx.2018-ci il tarixdə 1200 manat (ilkin ödəniş), xx.xx.2019-cu il tarixdə 389, xx.xx.2020-ci il tarixdə 1000 manat olmaqla cəmi ödənilmiş öhdəlik 2589 manat olmuşdur.

8. 06 sentyabr 2018-ci il tarixli 1299-L/18 nömrəli lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1299- L/18 nömrəli lizinq müqaviləsi üzrə 9411 manat gecikdirilmiş borcun və hesablanmış 7415,07 manat cərimə borcunun, 200 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1299-L/18 nömrəli müqaviləyə əsasən cavabdeh (lizinq alan) dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2018-ci il tarixli 1299-L/18 nömrəli lizinq müqaviləsi üzrə yaranmış 9411 manat gecikdirilmiş borcu və hesablanmış 7415,07 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, sonuncu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəmədən kənar həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun xx.xx.2023-ci il tarixli arayışı təqdim edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-530/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2018-ci il tarixli lizinq müqaviləsi üzrə 9411 manat əsas borc, 400 manat cərimə məbləği olmaqla 9811 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə lizinq müqavilələri üzrə əsas borcun tutulması tələbi ilə bağlı müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 06 sentyabr 2018-ci il tarixli 1299- L/18 nömrəli lizinq müqaviləsi bağlanmış, həmin müqavilə ilə lizinq verən ümumi məbləği 12 000 manat olan 1 ədəd ot, küləş presləyəni (OKP-185) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə kənd təsərrüfatı texnikasının ümumi məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin ümumi məbləği 12000 manat olmuş, 1200 manat ilkin ödəniş daxil olmaqla 12000 manatın 2018-ci ilin İİİ rübündən 2023-cü ilin İV rübünədək ödəniş qrafikinə uyğun ödənilməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən 1200 manat ilkin ödəniş daxil olmaqla ümumilikdə 2589 manat ödəniş edilmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.

13. Məhkəmə ilk növbədə bildirmişdir ki, cavabdeh qeyd olunan müqaviləni lizinq predmetinin qiyməti 12 000 manat təsbit olunmaqla bağlamış, müqaviləyə 1 saylı Əlavə ödəniş qrafikində avans ödənişi 1200 manat daxil olmaqla 12 000 manatın ödənilməsi razılaşdırılmışdır. Hazırkı iddia irəli sürülənədək cavabdeh güzəştin tətbiq edilməməsi, nəticədə müvafiq lizinq ödənişlərinin bir hissəsinin silinməməsi ilə bağlı hər hansı maddi hüquqi tələb-iddia ilə çıxış etməmiş, əksinə uzun müddət (2018-2020) müqavilə üzrə ödənişlər etmişdir. Cavabdehin qeyd olunan etirazı iddiaçıya olan maddi-hüquqi tələbinin əsasını təşkil edə bilər və hazırkı halda belə bir maddi-hüquqi tələb – qarşılıqlı iddia olmadığından həmin məsələ heç bir hüquqi əhəmiyyət kəsb etmir. Digər tərəfdən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli Qərarının 3-cü bəndinə qeyd olunmuşdur ki, bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" ASC-dən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir.

14. Məhkəmə qeyd etmişdir ki, iş üzrə 06 sentyabr 2018-ci il tarixli 1299-L/18 nömrəli lizinq müqaviləsi üzrə isə ilkin ödəniş kimi 1200 manat, yəni lizinq obyektinin dəyərinin 10% həcmində ödənilməsi razılaşdırılmış, cavabdeh xx.xx.2018-ci il tarixdə lizinq obyektinin dəyərinin 10%-ni ödəmişdir. Cavabdeh adıçəkilən Qaydaların tələbinə zidd olaraq avadanlığın qiymətinin ilkin olaraq 10% məbləğində ödəniş edildikdən sonra iddiaçı tərəfindən 40% güzəşt ediləcəyi barədə tərəflər arasında razılaşma olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçının təqdim etdiyi sübutlar (əmr, müqavilə, ödəniş cədvəli) belə bir razılaşmanın olmadığı qənaətinə gəlməyə əsas verir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”ından göründüyü kimi, özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunmalı, bundan sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya təqdim olunmuş sənədləri araşdırmalı, güzəştin tətbiq edilməsi məsələsinə baxmalıdır.

16. Məhkəmə lizinq müqavilələri üzrə cərimənin tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyə qədər mərhələsində və yaxud mediasiya mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə olsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

17. Məhkəmə cərimənin tutulması tələbi ilə bağlı həmçinin qeyd etmişdir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında cərimə məbləğinin 400 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətlərinin dəlilləri

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-530/2024 nömrəli qətnaməsinin mediasiya xərci ilə bağlı qismən təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin mediasiya xərci ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mediasiya xərcinin hansı halda digər tərəfdən tam tələb edilməsi, hansı halda isə tərəflər arasında bölüşdürülməsi halları qanunvericilikdə açıq-aydın tənzimlənmişdir. Ona görə də hazırkı halda, qanunun analogiyasının tətbiqi mümkün deyildir. Mediasiya xərcinin məbləği ilə bağlı qeyd etməliyik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarına əsasən iddianın qiyməti 10001 manatdan 50000 manatadək olduqda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 200 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞC/MT023/2023-02500 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023- cü il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İlkin mediasiya sessiyası zamanı iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərci cavabdehdən tam həcmdə tutularaq iddiaçıya ödənilməlidir

20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-530/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın tam rədd edilməsini xahiş etmişdir.

21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilat tərəfindən 12 000 manat dəyərində olan ot, küləş presləyən OKP-185 texnikasını satılan texnikalar köhnə və ikinci-üçüncü dəfə satışa çıxarıldığı üçün iddiaçı tərəfindən belə razılaşdırılmışdır ki, avadanlığın qiymətinin ilkin olaraq 10% məbləğində ödəniş edilsin. Daha sonra ilkin ödəniş 1200 manat və 537 manat (xx.xx.2018-ci il tarixli ödəniş), ümumilikdə 1737 manat ödənildikdən sonra iddiaçı təşkilat tərəfindən 40 % güzəşt ediləcəkdir. Belə olan halda qalıq borc 10263 manatdan 40% güzəşt çıxıldıqda (10236 manat 4105.2 manat = 6157.8 manat) 6157,8 manat qalıq borc qalırdı. Cavabdeh də öz növbəsində növbəti ödənişlər etmişdir, yəni 1737 manatdan əlavə 852 manat, ümumilikdə 2589 manat ödəniş etmişdir. Qalıq borc isə 5305.8 manatdır. Cavabdeh təsərrüfatla məşğul olsa da biznes fəaliyyəti yoxdur. Cavabdeh satılan texnikalarda köhnə olmuşdur. Məhkəmənin qəbul etdiyi qətnamədə Cavabdeh fəaliyyəti və maddi vəziyyəti süni şəkildə ağırlaşdılmışdır. Lakin hakim bu faktları nəzərə almamışdır. Məhkəmə tərəfindən göstərilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞC/MT023/2023- 02500 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 500 manat məbləğində pulun Xırdalan şəhər vəkil bürosuna 1185 N nömrəli müqavilə üzrə (iş materiallarında olan ******* nömrəli vəkil orderində göstərilən müqavilə) ödənilməsi barədə tapşırıq verilmişdir. İddiaçı təşkilat tərəfindən satılan texnikalar köhnə və ikinci-üçüncü dəfə satışa çıxarıldığı üçün iddiaçı tərəfindən cavabdehlə belə razılaşdırılmışdır ki, avadanlığın qiymətinin ilkin olaraq 10% məbləğində ödəniş edilsin. Daha sonra ilkin ödəniş 1200 manat və 537 manat (xx.xx.2018-ci il tarixli ödəniş), ümumilikdə 1737 manat ödənildikdən sonra iddiaçı təşkilat tərəfindən 40 % güzəşt ediləcəkdir. Bu razılaşmaya iddiaçı tərəfin münasibəti öyrənilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

23. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

24. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 747.1-ci maddə- lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1-ci maddə- lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə- borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları” 2.1 – 2.6-cı bəndlər- kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri cəmiyyətə təqdim olunur. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya yaradılır. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 (on) gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 36.5-ci maddə- “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

25. Qətnamə iddiaçı və cavabdeh tərəfindən iddianın təmin edildiyi və mediasiya xərcinin iddiaçıdan tutulmayan hissələrində mübahisələndirdiyindən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

26. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-530/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" ASC ilə cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının (ümumi məbləği 12000 manat olan olan ot, küləş presləyəni (OKP- 185)) lizinqə verilməsi barədə 06 sentyabr 2018-ci il tarixli 1299-L/18 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən 1200 manat ilkin ödəniş daxil olmaqla ümumilikdə 2589 manat ödəniş edilmiş, 2023-cü ilin 4-cü rübünədək borc tam ödənilməli olduğu halda ödənilməmiş, 9411 manat əsas borcu qalmışdır.

28. Birinci instansiya məhkəməsi tərəfindən həmin borcun və müqavilənin 4.2-ci bəndinə və MM-nin 467-ci maddəsinə əsasən 400 manat cərimənin tutulması hissəsində qətnamə qanuni və əsaslı hesab edilir. Cavabdehin qalıq borca 40 faiz güzəşt tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”na əsasən cavabdeh bu barədə ərizə ilə Qaydalarda nəzərdə tutulmuş qaydada müvafiq komissiyaya müraciət etməli idi. Cavabdehin bu barədə müraciəti olmadığından lizinq müqaviləsi üzrə qalıq borcun ödənişindən imtinası əsassızdır.

29. İddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırkı halda iddiaçının məhkəməyə bu barədə sübut təqdim etmədiyindən mediasiya xərcinin tam olaraq cavabdehdən tutulması barədə iddia əsassızdır.

30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 530/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-530/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar