Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-616/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-158/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 83410 manat əsas borc, 85926 manat gecikdirilmiş günlər üzrə cərimə və 20 manat dövlət rüsumunun, 169356 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi və tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)-158/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 83410 manat əsas borc, 8341 manat cərimə və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatının tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatının iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxxx” MMC həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(103)-528/2019 saylı qərardadı ilə səlahiyyətli şəxs tərəfindən imzalanmadığından apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamış və apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)-158/2019 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qüsurlar aradan qaldırıldıqdan sonra cavabdeh “xxxxxxxxx” MMC-nin qətnamədən təkrar apelyasiya şikayəti vermişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)-158/2019 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər prosessual müddət buraxıldığından geri qaytarılmışdır. Cavabdeh “xxxxxxxxx” MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(103)-123/2020 saylı qərardadı ilə şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdeh “xxxxxxxxx” MMC prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(82)-158/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil şikayəti müdafiə etdi, iddiaçının nümayəndəsi X1 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 2(82)-158/2019 saylı qətnaməsinin surəti xx.xx.2019-cu ildə cavabdehin nümayəndəsinə rəsmi qaydada verilmişdir. Eyni zamanda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilmiş zərfin surətindən görünür ki, apellyasiya şikayəti xx.xx.2019-cu il tarixdə rabitə orqanına təhvil verilmişdir (i/v 69). Göründüyü kimi cavabdeh tərəfindən birinci dəfə apellyasiya şikayəti verilən zaman qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməmişdir. Sonradan isə həmin apellyasiya şikayəti müddətin ötürülməsi əsası ilə deyil, digər əsaslarla, yəni səlahiyyətli şəxs tərəfindən imzalanmaması əsası ilə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. İşin qeyd olunan hallarını, yəni Cavabdeh MMC-nin ilk dəfə qətnamənin surətini aldıqdan sonra vaxtında apellyasiya şikayəti verdiyini, həmin şikayətin digər əsaslarla geri qaytarıldığını, bundan sonra apellyasiya şikayətinin qüsurlar aradan qaldırılaraq verildiyini və bu zaman prosessual müddətin ötürüldüyünü nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-158/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin və Cavabdeh MMC tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)-158/2019 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-616/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-616/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver