Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-617/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: mübahisənin ortadan qalxması, icraata xitam) hakimlər X1 (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1961/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı (MMC) ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı) arasında xx.xx.2021-ci il tarixli 01 saylı Müqaviləyə bağlanmışdır.
2. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya Malı (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən X4 telefon elektron poçt və ya kuryer (poçt) vasitəsilə bildirdiyi sifarişi əsasında Satıcı tərəfindən tərtib olunan və Alıcıya elektron qaydada göndərilən elektron qaimə-fakıura üzrə müəyyən olunan adda, çeşiddə, miqdarda və məbləğdə Satıcı tərəfindən Alıcıya təchiz olunur. Elektron qaimə-faktura həmçinin Alıcının sifarişi hesab olunur.Tərəflərin razılaşması əsasında sifarişdə dəyişiklik edilə bilər.
4. Müqavilənin 2.2-ci bəndinə əsasən Malların sifarişi qəbul olunarkən. Satıcının sifariş vaxtı öz ehtiyatında tam və ya qismən mövcud olmayan Malları Alıcıya təchiz etməmək və ya belə Mallarını alternativini Alıcıya təklif etmək hüququ vardır. Alıcı ona təklif olunan alternativ qismində təklif olunan malı sifariş və ya qəbul etməkdən imtina edə bilər.
5. Müqavilənin 2.3-cü bəndinə əsasən Satıcı Malları miivafıq tara və qablaşdırmasmda. Mallara aid olan ləvazimat və sənədlərlə birlikdə, komplekliyi nəzərə alınmaqla Alıcı tərəfimdən müəyyən edilən qaydada Malların çatdırılma məntəqəsində öz vəsaiti və qüvvəsi hesabına təhvil verir.
6. Müqavilənin 2.4-cü bəndinə əsasən Malların çatdırılma məntəqəsi, təchizat müddəti və qaydaları Müqaviləyə əlavə edilmiş müvafiq Qiymətlərin Razılaşdırılması protokolları ilə müəyyən edilir.
7. Müqavilənin 3.1-ci bəndinə əsasən Müqavilə üzrə Malların qiyməti Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələri ilə müəyyən edilir.
8. Müqavilənin 3.2-ci bəndinə əsasən Müqavilə üzrə ödənişlər. Satıcı tərəfindən Alıcıya göndərilən elektron qaimə-fakturanın tarixindən etibarən 14 (on) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır.
9. Müqavilənin 8.2-ci bəndinə əsasən ödənişlərlə bağlı hər gecikmə günü üçün ümumi məbləğin 0,1 %-i həcmində, lakin ümumi məbləğin 10 %-dən çox olmamaqla dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur.
10. 31.07.2024-cü il tarixli, 12104512 saylı (MT2407 serialı) e-qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə 5000 manat dəyərində, xx.xx.2024-cü tarixli, 10104693 saylı (MT2408 serialı) e-qaiməyə əsasən 25000 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 11250594 saylı (MT2408 serialı) e-qaiməyə əsasən 79680 manat dəyərində və xx.xx.2024-cü il tarixli 11241767 saylı (MT2409 serialı) e-qaiməyə əsasən 10000 manat dəyərində və xx.xx.2024cü il tarixli 11173117 saylı (MT2411 serialı) e-qaiməyə əsasən 23500 manat dəyərində elektron qaimələr göndərilmişdir.
11. 31.07.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 5000 manat dəyərində və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən – 79680 manat dəyərində mallar təhvil verilmişdir. Aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
12. 1589 saylı xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə cəmi 119680 manat borcun olduğu hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “ATS FEED" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 119680 manat həcmində borcun, 35904 manat həcmində dəbbə pulunun, 450,0 (dörd yüz əlli) manat həcmində ödənilmiş dövlət rüsumunun və 1000 manat həcmində ödənilmiş hüquqi yardımla əlaqədar xidmət haqqı məbləği olmaqla, ümumilikdə 157034 manat pulun tutularaq, İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (MMC) ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı Müqaviləyə əsasən tərəflər arasında müxtəlif mal-materialların alqısatqısı əməliyyatları həyata keçirilmişdir. İddiaçı tərəfindən satılan bütün məhsulların satışı təhvil-təslim aktı əsasında və elektron qaiməfaktura əsasında həyata keçirilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında tərtib olunan xx.xx.2024-cü il tarixli 1589 saylı "Üzləşmə aktı"na əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş mal-materiallarla bağlı cavabdehin, ümumilikdə 119680 manat borcu yaranmışdır. Lakin, cavabdeh tərəfindən bugünədək həmin borc məbləğinin ödənilməsi təmin edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 119680 manat borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsini tələb etsə də, sözügedən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Müqavilənin 3.2-ci bəndinə əsasən alqısatqı əməliyyatları zamanı ödənişlər satıcı tərəfin təqdim etdiyi elektron qaimə-fakturanın tarixindən 14 (on dörd) gün ərzində nağdsız qaydada (bank hesablaşma-hesabına) alıcı tərəfindən həyata keçirilməlidir. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən ödənişlərlə bağlı hər gecikmə günü üçün ümumi məbləğin 0,1 %-i həcmində, lakin ümumi məbləğin 10 %-dən çox olmamaqla dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 8.3-cü bəndinə əsasən isə alıcı tərəfindən təqdim edilən malların ödənişləri 2 (iki) təqvim ayından çox ödənilmədikdə satıcı malların cəmi dəyərinin 30 (otuz) %-i həcmində dəbbə pulu tələb edə bilər. Tərəflər arasında münasibətləri tənzimləyən xx.xx.2021-ci il tarixli Müqavilə bağlanarkən cavabdeh tərəfin adı "GP Stock Feed) MMC olmuş, lakin sonradan həmin Cəmiyyətin adı dəyişdirilərək "xxxx" MMC olaraq adlandırılmışdır. Cavabdehin adı dəyişməzdən öncə və sonrakı vergi öədyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) də görünüdüyü kimi hər iki adlı Cəmiyyət eyni VÖEN-ə məxsusdur. Beləliklə, iddia ərizəsinə əlavə olunan bütün hüquqi sənədlərdən də göründüyü kimi, cavabdeh "xxxx" MMC-nin iddiaçı "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixə, ümumilikdə 119680 manat borcu vardır.
15. Cavabdehin nümayəndəsi etriaz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin dəbbə puluna dair hissədə təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
16. Ərizə onunla əsaslandırılmışdır ki, 119680 manat əsas borc məbləğinə münasibətdə 35904 manat dəbbə pulunun tələb edilməsi ilə razı deyil. Belə ki, əvvəla, tələb olunan dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksəkdir. Digər tərəfdən, cavabdehin hazırda satış mövsümünün olmaması, debitorlarm şirkət qarşısında olan öz borc öhdəliklərini vaxtında icra etməməsi və s. bu kimi digər səbəblərdən hazırda bir çox maddi problemləri yaranmış və ödəmə qabiliyyəti çox aşağıdır. Məhz qeyd olunan səbəblərə görə cavabdeh iddiaçı qarşısmda olan borc öhdəliyini gecikdirmişdir. İddia dəbbə puluna dair hissədə təmin olunacağı təqdirdə, cavabdeh əlavə problemlərlə üzləşəcəkdir.
17. Birinci instansiya məhkəməsinin 02 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh MMC-dən 119.680 manat əsas borc, 5984 manat dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 416 manat, vəkil xərcinin əvəzi olaraq 1000 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni işin müəyyən olunmuş hallarına istinadla belə əsaslandırmışdır ki, tərəflər arasında 22 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya Malı satmağa, “Alıcı” isə həmin Malı qəbul edib və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh MMC-nin iddiaçıya müqavilə üzrə 119.680 manat ödənilməmiş borcu qalmışdır. Həmin borcun mövcudluğu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə öz təsdiqi tapır. Buna görə də, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təhvil-təslim aktı və üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 119.680 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
19. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (119.680 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından tutulacaq dəbbə pulu 5984 manat məbləğində müəyyən etmişdir.
20. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 443.1-ci, 568.1-ci, 579.1-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad etmişdir.
21. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, işin faktiki hallarını aydınlaşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
23. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsini məhkəməyə göndərməmiş, bununla belə onun direktoru elektron sistem vasitəsilə ərizə göndərərək məhkəmə müraciət olunduğu zaman əsas borcun məbləğinin 96 180 manat olduğunu, qətnamə çıxarıldıqdan sonra Cavabdeh MMC tərəfindən 96 180 manat borcun tam ödənildiyini, dəbbə pulu hissəsində iddiadan imtina etdiklərini, “dövlət rüsumunun əvəzi olaraq 416 manatın, vəkil xərcinin əvəzi olaraq 1000 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsində isə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
24. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, bununla belə onun direktoru elektron sistem vasitəsilə ərizə göndərərək məhkəmə müraciət olunduğu zaman əsas borcun məbləğinin 96 180 manat olduğunu, qətnamə çıxarıldıqdan sonra Cavabdeh MMC tərəfindən 96 180 manat borcun tam ödənildiyini və iddiaçının dəbbə pulunu cavabdehə güzəşt etdiyini, “dövlət rüsumunun əvəzi olaraq 416 manatın, vəkil xərcinin əvəzi olaraq 1000 manatın ödənilməsi” barəsində tərəflər arasında razılıq olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
28. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
29. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
30. Mülki-prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə) və mübahisə edən tərəflər arasında mübahisə yoxdursa və ya mövcud olmuş mübahisə aradan qalxmışsa, belə halda məhkəmə icraatının aparılması yolverilməzdir.
31. Prosessual qanunvericilik işə məhkəmədə baxılmalı olmadığı zaman iş üzrə icraata xitam verilməli olmasını nəzərdə tutur və kollegiya hesab edir ki, işin məhkəmədə baxılmalı olmaması işin, ümumiyyətlə məhkəməyə aid olmadığını və ya iş məhkəməyə aid olsa da, tərəflər arsında mübahisənin olmadığını (yaxud qalmadığını) nəzərdə tutur.
32. Tərəflərin nümayəndələrinin (direktorlarının) məhkəməyə ünvanladıqları ərizələrə görə, cavabdeh iddiaçıya olan 96 180 manat əsas borcunu ödəmiş və borcu qalmamışdır.
33. Başqa sözlə, müvafiq hissədə mübahisə ortadan qalxmışdır, məhkəmənin isə olmayan mübahisəyə baxması mümkün deyildir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1961/2025 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə “Cavabdeh MMC-dən 119.680 manat əsas borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsində ləğv edilsin. Həmin iddia tələbi üzrə işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.