Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-618/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı X4 vəkili və nümayəndəsi Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə abonent kodunun bərpa edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-244/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsindən tərəflərin apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs X3) məhkəməyə müraciət edərək, iddiaçının sahibkarlıq fəaliyyətinə cavabdehin müdaxiləsinin və maneələrinin, 28 sentyabr 2020-ci il saat 10 radələrində cavabdeh tərəfindən Bakı şəhəri Zabrat qəsəbəsi İstixana kombinatı 6 nömrəli binanın qarşı hissəsində yerləşən çörək sexinin qaz təchizatının kəsilməsinin və 30 sentyabr 2020-ci il saat 18-40-dək qaz təchizatının dayandırılmasının qanunsuz hesab edilməsi, Bakı şəhəri Zabrat qəsəbəsi İstixana kombinatı 6 nömrəli binanın qarşı hissəsində yerləşən Çörək sexində (abonent kodu 040602) təbii qaz istehlakına görə cavabdehə borcunun olmaması faktının müəyyən edilməsi, 040602 nömrəli abonent kodunun iddiaçının adına bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AMX-2812/20 nömrəli 30 sentyabr 2020-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd olduğundan bağlandığı andan etibarsız hesab edilməsi və cavabdehdən iddiaçının xeyrinə 47.523 manat məbləğdə ziyan, ödənilmiş 30 manat dövlət rüsumunun, vəkilə çəkilən 510 manat xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28 sentyabr 2020-ci il saat 10 radələrində cavabdeh tərəfindən Bakı şəhəri Zabrat qəsəbəsi İstixana kombinatı 6 nömrəli binanın qarşı hissəsində yerləşən çörək sexinin qaz təchizatının kəsilməsi və 30 sentyabr 2020-ci il saat 18-40-dək qaz təchizatının dayandırılması qanunsuz hesab edilmiş, Bakı şəhəri Zabrat qəsəbəsi İstixana kombinatı 6 nömrəli binanın qarşı hissəsində yerləşən Çörək sexində (abonent kodu 040602) təbii qaz istehlakına görə iddiaçının cavabdehə borcunun olmaması müəyyən edilmiş, 040602 saylı abonent kodunun iddiaçının adına bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuş, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AMX-2812/20 nömrəli 30 sentyabr 2020-ci il tarixli müqavilə bağlandığı andan etibarsız hesab edilmiş, cavabdehdən 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Qətnamənin əsaslarına görə, “Məhkəmə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” AMX-2812/20 nömrəli, 30 sentyabr 2020-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi tələbi barədə Məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-in 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-cı maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə bu hissədə də, iddia tələbini əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında qazın alqı-satqısı barədə münasibətlər 18 yanvar 2019-cu il tarixli, AKX2/3247 nömrəli müqavilə əsasında yaranmış və həmin müqavilə üzrə cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış obyektini qazla təchiz etmişdir. Həmin müqavilə qüvvədə olmasına baxmayaraq, tərəflər arasında 30 sentyabr 2020-ci il tarixdə qazın alqı-satqısı barədə yenidən müqavilə bağlanmışdır. Halbu ki, tərəflər arasında bağlanmış ilkin müqavilənin 7.2-ci bəndinə əsasən müqavilənin 1 il müddətinə bağlanılması qeyd olunmuş, 7.3-cü bəndində isə istehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə və ya qanunvericilik aktlarına əsasən paylayıcı tərəfindən təqdim edilən xidmətlər üzrə şərtlər dəyişmədikdə, müqavilənin müddətinin hər növbəti il üçün uzadılmış hesab olunması və bu halda yeni müqavilənin bağlanmasının tələb olunmaması göstərilmişdir. İşin hallarından görünür ki, 18 yanvar 2019-cu il tarixli müqavilənin ləğv edilməsi üçün heç bir əsas mövcud olmadığından müqavilə ləğv edilməmişdir və odur ki, növbəti il müqavilənin müddəti avtomatik olaraq uzadılmışdır. Buna baxmayaraq tərəflər arasında 30 sentyabr 2020-ci ildə təkrar müqavilə bağlanmışdır. Cavabdehin nümayəndəsi belə bir müqavilənin mövcud olmadığını iddia etsə də, iddiaçı həmin müqavilənin bir surətini məhkəməyə təqdim etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin müqavilə üzrə tərəflər heç bir öhdəlik icra etməmiş, iddiaçı tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmiş, tərəflər arasında qazın alqı-satqısı ilə bağlı davam edən münasibətlər 18 yanvar 2019-cu il tarixli müqaviləyə söykənmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı 30 sentyabr 2020-ci il tarixdə bağlanmış AMX-2812/20 nömrəli müqavilə müqavilənin Mülki Məcəllənin 337,340-cı maddələrində əqdin etibarsız sayılması üçün müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığını sübut edə bilmişdir, həmin müqavilə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqddir. Məhkəmə iddia tələbini Cavabdehdən iddiaçının xeyrinə 47,523 manat məbləğində ziyanın ödənilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, iddiaçı iddia edir ki, 28 sentyabr 2020-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək olan müddətdə Cavabdeh İB tərəfindən çörək sexinin qaz təchizatının dayandırılması nəticəsində 900 kq xəmirin yararsız hala düşməsinə görə 423 manat, xəmir qablarının təmizlənməsinə görə 100 manat, işçilərin məcburi boşdayanması nəticəsində 10000 manat dəymiş ziyan və 37000 manat əldən çıxmış fayda olmaqla iddiaçıya cəmi 47523 manat məbləğində ziyan dəymişdir. Bununla bağlı iddiaçı tərəf yalnız sexin əməkdaşları tərəfindən imzalanmaqla tərtib edilmiş edilmiş 01 oktyabr 2020ci il tarixli aktı təqdim etmişdir. ... Göründüyü kimi, İddiaçı zərərə məruz qalmış şəxs kimi əmlakında zərər vurulduqdan sonra meydana gələn vəziyyətlə bu zərər vurmadan əvvəl mövcud olan vəziyyət arasındakı fərqlə bağlı və əldən çıxmış faydanı tələb etmək üçün MM-in 21, 443cü maddələrində göstərilən halların mövcudluğunu sübut etməyə borclu idi. Lakin məhkəmə araşdırması zamanı İddiaçı real zərəri və əldən çıxmış faydanı müəyyənləşdirilərkən onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.” Qətnamə ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayətləri verərək, iddiaçı tələbləri rədd olunan hissədə ləğv edilib, iddianın həmin hissədə də təmin olunmasını, cavabdeh iddia təmin olunan hissədə ləğv edilib, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, Bakı Kommersiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli dərhal icra edilməli olan qərardadı ilə Bakı şəhəri Zabrat qəsəbəsi İstixana kombinatı 6 nömrəli binanın qarşı hissəsində yerləşən Çörək sexinə qaz hasilatının verilməsinin dayandırılması Cavabdeh İB-yə qadağan olunmuşdur. Həmin gün icra vərəqi tərtib olunaraq qərardad icraya yönəldilmişdir. Buna baxmayaraq, 28 sentyabr 2020-ci il saat 10 radələrində cavabdeh tərəfindən Çörək sexinin qaz təchizatı kəsilmiş və yalnız 30 sentyabr 2020-ci il saat 18-40 radələrində Çörək sexinin qaz təchizatı bərpa olunmuşdur. Qaz təchizatının kəsilməsi və bərpa edilməsi ilə bağlı iddiaçı tərəfdən tərtib edilmiş aktlar məhkəməyə təqdim olunmuşdur. Çörək sexində qaz təchizatının dayandırılması əhəmiyyətli itkilərə və maddi ziyana səbəb olmuş, çoxsaylı işçilər (halhazırda 179 nəfər) işsiz, satış şəbəkəsi təchizatsız qalmışdır. Qanunsuz olaraq qaz təchizatının kəsilməsi ilə bağlı zərərin müəyyən edilməsi və ziyanın nəticələrinin artmasının qarşısının alınması üçün komissiya yaradılmış və vurulmuş zərər və əldən çıxmış fayda 47.523 manat: 900 kq xəmir kütləsinin yararsız hala düşməsinə görə - 423 manat; yararsız xəmir qalıqlarının təmizlənməsinə görə - 100 manat; işçilərin məcburi boşdayanmasına görə - 10.000 manat; əldən çıxmış fayda – 37.000 manat müəyyən olunmuşdur. Məhkəmə ziyanın müəyyən edilməsi ilə bağlı sexin əməkdaşlarının - istehsalat və təsərrüfat rəislərinin, texnoloqların imzası ilə təsdiq edilmiş akta düzgün hüquqi qiymət verməmiş, onu hansı səbəbdən mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırmamış, ziyanla əlaqədar iş materiallarına əlavə edilmiş sübutlara etinasız yanaşmış, iddiaçı tərəfindən real zərərin və əldən çıxmış faydanın müəyyən edilməsi ilə bağlı onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən sübutun məhkəməyə təqdim edilməməsinə dair anlaşılmaz mülahizələrə yol vermişdir. Məhkəmə qaz təchizatından istifadəyə görə iddiaçının cavabdehə borcunun olmadığını, buna baxmayaraq Cavabdeh İB-nin əməkdaşları tərəfindən hüquqazidd davranışa yol verilərək 28 sentyabr 2020-ci ildə saat 10 radələrindən 30 sentyabr 2020-ci il saat 18-40 radələrinədək qazın kəsilməsini şübhəsiz olaraq müəyyən etsə də, həmin hüquqazidd davranış nəticəsində çörək sexinin fəaliyyətinə vurulmuş ziyanın ödənilməsi hissəsində iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmiş, qanuni hüquqi mövqe göstərə bilməmişdir. Halbuki, cavabdehin əməkdaşlarının mülki hüquq pozuntusu törədərək, qanunsuz olaraq çörək sexinə təbii qaz təchizatını heç bir xəbərdarlıq etmədən kəsməklə çörək sexində aktif iş fəaliyyətini qəflətən dayandırması faktı aşıq-aşkar mövcud olmuşdur və məhz bu səbəbdən bilavasitə 900 kq xəmirin yararsız hala düşməsi, həmin xəmir qalıqlarının təmizlənməsi üçün əlavə xərclərin ödənilməsi və 179 işçinin 3 gün müddətində məcburi boşdayanmasına görə ödəniş edilməsi, dövriyyənin azalması nəticələri baş vermişdir. Təqdim olunmuş 2020-ci il üçün sahibkarlıq fəaliyyəti üzrə Gəlir vergisi bəyannaməsi və ona əsasən hazırlanmış hesabat nəinki məhkəmə qətnaməsində ümumiyyətlə qeyd olunmayıb, həm də mühüm və mötəbər sübut kimi öz qiymətini almamışdır. Halbuki, bəyannamə və hesabatdan aydın şəkildə məlum olur ki, iddiaçı yalnız un məhsullarının istehsalı və satışı ilə məşğul olur, başqa növ fəaliyyəti yoxdur, yalnız bir ünvanda və obyektdə (çörək sexində) öz fəaliyyətini həyata keçirir və gəlirləri də yalnız bununla bağlıdır. İllik ümumi gəlir 4.132.129,62 manat, xərclər 3.800.448,21 manat olmuşdur. Ümumi gəlirin il ərzində iş günlərinə (314 gün) nisbəti ilə bir iş gününə düşən gəlirin 13.160 manat təşkil etdiyi və qaz təchizatının kəsildiyi 3 iş günü ərzində əldən çıxmış faydanın 39.480 manat təşkil etməsinin təsdiqi o qədər də ciddi və xüsusi bilik tələb etmir. Belə sadə yanaşma qaz təchizatının qanunsuz kəsilməsi ilə bağlı əhəmiyyətli ziyana məruz qaldığını üzə çıxarır. Digər tərəfdən, məhkəmə təqdim edilmiş sübutların ziyanın müəyyən edilməsi üçün kifayət etmədiyi qənaətində idisə, prosessual qanunvericilikdə müəyyən olunmuş imkanlardan istifadə edərək, zəruri prosessual hərəkətlər edə və ya əlavə sübutların təqdim olunmasını təklif edə yaxud tələb edə bilərdi. Məhkəmə iddia tələbinə vəkilə çəkilən xərcin tutulması hissəsində də düzgün qiymət verməmiş, təqdim olunmuş ödəniş qəbzini cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi yardıma ehtiyac yarandığından əlavə xərc çəkməyə məcbur olduğunu nəzərə almamışdır. Ödəniş barədə bankın mədaxil qəbzi təkrarən təqdim olunur. Beləliklə, birinci instansiya məhkəməsi cavabdehin qaz təchizatının kəsilməsi ilə bağlı hərəkətlərini qanunsuz hesab edərək əsaslı nəticəyə gəlsə də, bu qanunsuz davranışdan törənən nəticələrin aradan qaldırılması, vurulmuş ziyanın ödənilməsi hissəsində iddia tələbinə düzgün hüquqi qiymət verməmişdir. Bu səbəbdən qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbinin tam təmin olunması haqqında qətnamə çıxarılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, 28.09.2020-ci il tarixdə saat 10:00 radələrindən 30.09.2020-ci il tarixə saat 18:40-dək təbii qazın verilməsinin dayandırılması qanunsuz həyata keçirilmişdir. Bununla bağlı qeyd edir ki, abonent saldosundan da göründüyü kimi, 2020-ci ilin sentyabr ayında ümumiyyətlə çörək sexinə qazın verilməsi Birlik tərəfindən dayandırılmamışdır. İddiaçı tərəf qazın dayanması barədə birtərəfli qaydada akt tərtib edərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən cavabdehin rəsmi işçisi qeyrimüəyyən ifadə verərək bildirmişdir ki, qaz təchizatı nə səbəbdən və kim tərəfindən dayandırıldığından məlumatı yoxdur. Belə olan halda məhkəmə qazın dayandırılması faktını təsdiq edən sübut olmadığı halda həmin hərəkətin Birliyə münasibətdə qanunsuz olduğu qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsindən də göründüyü kimi, iddiaçının Birliyə təbii qazdan istifadəyə görə hər hansı borcu olmamışdır və belə olan halda qaz təchizatının dayandırılması heç bir məntiqə sığmır. Birlik tərəfindən çörək sexinə qazın verilməsi dayandırılmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi cavabdehin apellyasiya şikayətini qəbul etməyib, öz apellyasiya şikayətinə uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətini qəbul etməyib, öz apellyasiya şikayətinə uyğun izahat vermiş, izahatında iddianın 040602 saylı abonent kodunun iddiaçının adına bərpa olunmasına və tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 30 sentyabr 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə hər hansı etirazlarının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, paylayıcı qismində cavabdeh ilə istehlakçı qismində fiziki şəxs iddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 18 yanvar 2019-cu il tarixli AMX2-3247 nömrəli və 30 sentyabr 2020-ci il tarixli AMX-2812/20 nömrəli müqavilələrə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11.11.2020-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı Regional Qazın Satışı Departamentinin abonent bazasında iddiaçının adına abonent kodu olmadığı üçün hesab fakturaların təqdim edilməsi mümkün deyil. Çörək sexinin istehsalat rəisi B.Heydərov, təsərrüfat rəisi Y.Hüseynov, texnoloqu N.Dadaşova tərəfindən 01 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş ziyan aktına görə, 28 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Zabrat qəsəbəsi İstixana Kombinatı 6 saylı Binanın qarşısı (indiki Ruslan Göyüşov küçəsi) ünvanda yerləşən fərdi sahibkar iddiaçının lavaş (çörək) sexinə verilən qaz təchizatının cavabdeh tərəfindən kəsilməsi nəticəsində 900 kq xəmirin yararsız hala düşməsinə görə 423 manat, xəmir qablarının təmizlənməsinə görə 100 manat, işçilərin məcburi boşdayanması nəticəsində 10.000 manat dəymiş ziyan və 37.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 47.523 manat məbləğdə ziyan dəymişdir. 28 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş akta əsasən, 28 sentyabr 2020-ci il tarixdə iddiaçıya məxsus çörək (lavaş) sexinə verilən qaz təchizatı cavabdeh tərəfindən kəsilmişdir. Bununla bağlı fərdi sahibkara və sexə əvvəlcədən heç bir nə şifahi, nə də yazılı məlumat və xəbərdarlıq verilməmişdir. 30 sentyabr 2020-ci il tarixdə çörək (lavaş) sexinin işçiləri tərəfindən tərtib edilmiş akta görə, cavabdeh tərəfindən 28 sentyabr 2020-ci il tarixdə kəsilmiş qaz təchizatı 30 sentyabr 2020-ci il tarixdə axşam saat 18:40-da bərpa edilmişdir. Paylayıcı qismində cavabdeh ilə istehlakçı qismində fiziki şəxs X3 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 18 sentyabr 2020-ci il tarixli AMX-4183/20 nömrəli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Ə.Zeynalova tərəfindən 26 yanvar 2021-ci il tarixdə cavabdehə ərizə ünvanlanaraq bildirilmişdir ki, Bakı şəhəri Zabrat qəsəbəsi İstixana kombinatı 6 nömrəli binanın qarşısında yerləşən sahəsi 600 kv.m. olan torpaq sahəsinə və həmin ünvanda yerləşən “Çörək sexi” adlanan obyektə dair bütün hüquqlarından imtina etdiyinin nəzərə alınmasını və obyektin qaz təchizatı üçün texniki sənədlərin, o cümlədən texniki şərt və layihə sənədlərinin yenidən X1 adına bərpa olunmasını xahiş etmişdir. Ə.Zeynalova 30 mart 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə ünvanlanmış ərizəsində isə qeyd etmişdir ki, Bakı şəhəri Zabrat qəsəbəsi İstixana Kombinatı 6 nömrəli binanın qarşısında yerləşən onun adına olan torpaq sahəsinə (torpaq sahəsinin bir hissəsi onun adına olsa da, onun faktiki və real sahibləri Əlizadə Mahir və onun qardaşları olmuşlar) və qismən həmin sahədə yerləşən çörək sexinə olan bacısının əri Mahir Əlizadəyə məxsus payla bağlı bütün hüquqlardan 09 yanvar 2015-ci il tarixdə imtina etmişdir. Çox uzun müddətdir ki, həmin obyektlə bağlı hər şey, o cümlədən qaz təsərrüfatı bacısının həyat yoldaşının qardaşı X1 adında, sonradan X4 adında olmuşdur. X5 və qardaşı X7 arasında mübahisə baş verərkən Əlizadə Mahir onun adından Cavabdeh İB-yə müraciət edərək, obyektin qaz təchizatının onun adına keçirilməsini xahiş etmişdir. Bunun nə dərəcədə qanuni olub-olmadığını bilmir. Amma faktiki olaraq qaz təsərrüfatı onun adına keçməyib, qazdan istifadə etməmişdir və belə niyyəti və sahibliyində qazdan istifadə edə biləcəyi obyekt-çörək sexi də olmamışdır. Qardaşlar arasında yaranmış mübahisə öz həllini tapmış və həmin mübahisədə hüquqən o da iştirak edərək “Çörək sexi” adlanan obyektə və onun qismən yerləşdiyi torpaq sahəsinə dair hər hansı tələbi olmadığını təkrarən təsdiq edərək adından Cavabdeh İB-yə verilmiş ərizədən yazılı surətdə imtina etmişdir. Aralarında bağlanmış barışıq sazişi Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmuşdur. Hüquqi və faktiki olaraq artıq onun adı Bakı şəhəri Zabrat qəsəbəsi İstixana kombinatı 6 nömrəli binanın qarşısındakı çörək sexi yerləşən torpaq sahəsinə, çörək sexinə və onun təsərrüfatına, qaz təchizatına heç bir aidiyyəti və hüququ yoxdur, heç bir vəzifə daşımır. Ona görə də Cavabdeh İB ilə Nadirov Mehman arasında olan mübahisənin Nadirov Mehmanın xeyrinə həll olunması onun hüquqlarına və vəzifələrinə toxunmur. Məhkəmə prosesində iştirak etməyinə əsas və lüzum görmür. Qeyd edilənlərə əsasən X4 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Bu kontekstdə hüquqi qiymətləndirmə aparıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi “040602 saylı abonent kodunun iddiaçının adına bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” və “tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AMX-2812/20 nömrəli 30 sentyabr 2020-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi” tələbləri təmin edilən hissələrdə tərəflər arasında mübahisəli deyil. Konstitusiya Məhkəməsinin 20.05.2011-ci il tarixli qərarının şərhinə əsaslanan məhkəmə kollegiyasının araşdırması ilə də sabit olur ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə maddi, bütövlükdə isə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilmişdir. Eyni qaydada, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız vurulmuş zərər və vəkil xərci hissədə mübahisə edir. Həmin hissədə onun apellyasiya şikayəti isə əsassızdır. Belə ki, iddiaçının vurulmuş zərərlə, xüsusən də, yararsız hala düşdüyü irəli sürülən xəmirin 900 kq və onun dəyərinin 423 manat olması, xəmir qablarının təmizlənməsinə görə 100 manatın hansı qaydada hesablanması, hansı sayda işçilərin məcburi boşdayanması nəticəsində 10.000 manat dəymiş ziyanın necə və hansı rəsmi sənədlər əsasında hesablanması, əldən çıxmış 37.000 manat faydanın illik ümumi gəlirin məhz ehtimal edilən üç gündə də əldə edilən və həmin gəlirdən xərclər də çıxılan fayda olub-olmaması barədə heç bir mötəbər sübut təqdim olunmamışdır. İddiaçının həmin zərərin məbləği ilə bağlı təqdim etdiyi sənədlər isə onun işçiləri tərəfindən tərtib olunmaqla, mötəbərlik əhəmiyətinə malik deyil. İddiaçının şikayəti 510 manat vəkil xərci hissədə də əsaslı deyil. Belə ki, 22.09.2020-ci il tarixli bank ödəniş qəbzi birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Halbuki, MPM-in 361.4-cü maddəsinə görə, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən isə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “qaz təchizatının dayandırılmasının qanunsuz sayılması” və “iddiaçının cavabdehə borcunun olmamasının müəyyən edilməsi” tələblərinə dair hissədə mübahisə edən cavabdehin apellyasiya şikayəti isə qismən əsaslıdır. Belə ki, hər iki tələb mücərrəd olmaqla, daha çox digər tələblərin, o cümlədən hazırkı işdəki kimi zərər tələbinin faktiki əsası kimi çıxış edir. Çünki, əgər iddiaçı hesab edirsə ki, qaz təchizatının dayandırılması ona zərər vurmuşdur, həmin zərəri, borcu olmadığı halda ona əlavə (qanunsuz, səhv) borc məbləği hesablanmışdırsa, sözügedən borcun silinməsini və sair tələb edə bilər. Digər tərəfdən, cavabdeh qaz təchizatının dayandırılmadığını bildirir, bunu iddiaçı irəli sürsə də, yalnız əməkdaşlarının tərtib etdiyi aktlara istinad etməklə, rəsmi hər hansı sənəd təqdim etmir. Habelə, iddiaçı davam edən sahibkarlıq fəaliyyəti göstərdiyi üçün onun qaz istehlakı dövri olaraq borc yaradan və ödənən prosesin tərkib hissəsidir. Onun konkret bir zaman kəsiyində borcunun olması və ya olmaması, həmin vəziyyətin daimiliyinə dəlalər etmir. Üstəlik, nə iddia tələbində, nə də qətnamədə borcun hansı tarixə mövcud olmaması dəqiqləşdirilməmişdir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - qaz təchizatının dayandırılmasının qanunsuz hesab edilməsi və iddiaçının cavabdehə borcunun olmamasının müəyyən edilməsi hissələrdə ləğv edilməli (MPM-in 385.1.4-cü maddəsi), həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissələrdə iddia təmin edilməməli (MPM-in 384.0.2-ci maddəsi), iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir (MPM-in 119.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-244/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi qismən - qaz təchizatının dayandırılmasının qanunsuz hesab edilməsi və iddiaçı X4 Cavabdeh İB-yə borcunun olmamasının müəyyən edilməsi hissələrdə ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissələrdə iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. İddiaçının apellyasiya şikayəti təmin edilməsin, cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-618/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-618/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver