Məhkəmə qərarları › İş №2-2(103)-62/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-62/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-62/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi; İddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi və vəkili X4, Cavabdeh2 MMC-nin qanuni nümayəndəsi X2 və vəkili X1 iştirakları ilə; İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-564/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” şirkəti (bundan sonra – Şirkət) Cavabdeh2 MMC-yə (bundan sonra - MMC) qarşı “cavabdehdən 160001,41 avro məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sonradan Şirkət məhkəməyə iddanın həcminin artırılması barədə ərizə təqdim etmiş və iddia tələbinin “cavabdehdən 185.001,41 avro məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” kimi qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İtaliyada qeydiyyat alınmış Şirkətlə Azərbaycan Respublikasında qeydiyyata alınmış MMC arasında malların göndərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Şirkət tərəfindən MMC-yə göndərilmiş mallara görə MMC-nin 160.001,41 avro məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar Şirkət tərəfindən MMC-yə dəfələrlə xəbərdarlıq edilməsinə və danışıqlar aparılmasına baxmayaraq, MMC müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə Şirkətin nümayəndəsi tərəfindən MMC-yə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, cavabdeh tərəfindən borc tam şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacaqdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq cavabdeh borcun ödənişini nəinki tam şəkildə, heç qismən də həyata keçirməmiş və bununla öhdəliklərini kobud surətdə pozmuşdur. Beləliklə indiki halda cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən, iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən müqavilənin predmetini Şirkət tərəfindən istehsal olunan “CAME”, “BPT”, “xxxx” əmtəə nişanlı malların müqaviləyə uyğun olaraq MMC-yə satılması təşkil edir. Müqaviləyə əsasən MMC, Şirkətdən malları almağı və Şirkət tərəfindən göhdərilən malları Azərbaycan Respublikası ərazisində olan müştərilərə satmağı öz öhdəsinə götürmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-564/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh MMCdən ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 185.001,41 avro məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Şirkətə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə qoşma olan xx xxxx 2017-ci il tarixli, pretenziya “xxxx” MMC (VÖEN: **********) tərəfındən hazırlandığı halda, həmın pretenziyanı iddia ərizəsinə iddiaçının nümayəndəsi və müstəqil vəkili qismində X7 (VÖEN-**********) daxil edir, bu isə MPM-nin 150.0.7-ci maddəsinin açıq-aşkar pozulması deməkdir. Bu işə qoşma olaraq “xxxx” MMC-nin, həm də iddiaçının nümayəndəsi və vəkili qismində X7 nümayəndəliyi təsdiq edəcək sənəd və etibarnamə məhkəməyə təqdim etməmişdir, bu isə MPM-nin 150.0.3-cü maddəsinin pozulması deməkdir. Hesab-faktura (Qoşma 4), yol-nəqliyyat, CMR (Qoşma) sənədlər MMC adına hazırlansa da, onların nəql edilməsi İtaliyanən Triyest şəhərinin NUOVO dayanacağında bitir. Bu mal sonra haraya nəql edilmişdir? Bu malın son olaraq Azərbaycan Respublikası sərhədindən keçərək, MMC tərəfindən qəbul edilməsinə dair sübut və dəlil təqdim edılməyib. Belə olan halda iddia ərizəsi və sonradan borcun artırılması haqqında olan ərizədə iddia edilən borc faktiki movcud deyildir. Əlavə edilən müqavilə və onun notarial qaydada olan tərcüməsi tərəflər arasında mümkün ola biləcək aktivliyin ümumi satış şərtlərindən ibarətdir, bu müqavilənin 14-cü tətbiq edilən qanunvericilik və səlahiyyətli məhkəmə bəndində razılaşdırıldığı kimi satışın ümumi şərtlərinə müvafıq olaraq bağlanmış satış müqavilələri İtalyan qanunverıcıliyın normalarına müvafıq olaraq tənzimlənir və şərh edilməlidir. Bu halda hər hansı digər qanunvericiliyin tətbiq olunması istisna edilir. Müqavilənin 14.2-ci bəndinə görə yuxarıda sadalanan şərtlərlə bağlı bütün mübahisə və fikir ayrılıqları İtaliya Trevizo şəhəri Məhkəməsinin italyan yurisdiksiyasının səlahiyyəti daxilində olacaq. Əlavə edilən Gömrük sənədi (Qoşma 5) İtaliyadan çıxan mal üçün hazırlanmış, məbləği və iddia rəqəmləri müxtəlif olmaqla, malların sadəcə ixracat sənədidir. Malların ixracatı MMC adına yanlış olaraq göstərilsə də, Avropa şirkətlərinin 18% ƏDV-dən yayınması üçün vacib ola bilər, lakin onların həqiqətən Azərbaycana nəqli və həmçinin tərəflərindən qəbul edilməsi demək deyildir, həqiqətdə də belə bir sənəd olmadığından, da bir daha sübut edir ki, iddiaçı şirkətə borcu yoxdur. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-137/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-564/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul olunmuş və iddia təmin edilməmişdir. İddiaçı Şirkət kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-422/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-137/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Fuad Qəşəmov apellyasiya şikayətinə etiraz edərək həmçinin bildirdi ki, tələbin hüquqi əsasını alqı-satqı müqaviləsinin bir növü olan göndərmə müqaviləsi təşkil edir. Predmetə aid tərəflər arasında başqa müqavilə bağlanılmayıb. Daşınma fəaliyyətini cavabdeh göstərmir. Bağlanan alqı-satqı müqaviləsinin predmeti qapılar, şlaqmaumlar və sair mallar olub. Müqavilənin əlavələri olub əlavə razılaşmalarla və bu iş materiallarında öz əksini tapır. Predmet spesifikasiyda görsənir. Sifariş mail vasitəsi ilə olub. Malların dəyəri də mail vasitəsi və spesifikasiya sənədi ilə müəyyən edilib.İddiaçı tərəfindən cavabdehə invoys təqdim edilib. Onlar invoyslara baxıb cavab veriblər.Razılaşmalar və yazışmalar hamsın mail yazışmalarında öz əksini tapır. Daşıma şirkəti ilə olan yazışmalardan, həmçinin bu yazışmalarda cavabdehin nümayəndəsi Firuz müəllimin də yazışmaları öz əksini tapır. Həmin yazışmalarda daşıyacaq nəqliyyat vasitəsinin nömrəsi də qeyd edilmişdir. Tərcümələri də iş materialları da var. İddiaçı malları “xxxx” şirkətinə təhvil verib. Malların daşıma şirkətinə təhvil verilməsi barəsində SMR sənədi iş materiallarında mövcuddur.Daşıma öhdəliyi müqavilədə alıcının üzərində idi. İddiaçı eksword şərtinə görə hərəkət edib. İddiaçı tərəfindən məlumat verildi ki, sifariş verilən mallar hazırdır. Onlar isə cavab verdilər ki, bizdə bunu qəbul eləməyə hazırıq. Ama ilkin şərt kimi orada ilkin ödəniş şərti qoyulmuşdur. İlkin ödənişlə bağlı Firuz müəllim tərəfindən məlumat gəldiki müəyyən məbləğ ödənilib. Ondan sonra isə daşıyıcı şirkət tərəfindən nəqliyyat vasitəsinin nömrəsi göstərilib ki, flan tarixdə, flan nəqliyyat vasitəsinə malları yüklənilsin. Daşıma ilə bağlı isə SMR sənədi və mail yazışmaları mövcuddur. Başqa əlavə sənəd yoxdur. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi Firudin Atakişiyev və MMC-nin vəkili Abbas Kərimbəyli apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iş materiallarında həmin malların cavabdehə verilməsi ilə bağlı sübut yoxdur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlər notariat qaydada təsdiq olunmuş tərcümələrdir. Yəni, sənədin əslini deyil, məhz tərcüməni notarius təsdiq edib. Ona görə də bu sənədlər möhtəbər sübut kimi sayıla bilməz. Onlar öz iddialarını sübut edə bilmirlər. Həmçinin aralarında olan müqavilədə və Ali Məhkəmənin qərarında da qeyd olub ki, İtaliya qanunvericiliyi ilə məhkəmə aparıla bilər. Belə ki, İtaliya qanunvericiliyinin bizim məhkəmədə tətbiqi yolverilməzdi. Hesab edirik ki, iddia düzgün qaldırılmayıb. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X12” şirkətinin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. İş materiallarında olan: - xx xxxxxx 2015-ci il tarixli sənəddə qeyd edilmişdir ki, Şirkət bununla bəyan edib bildirir ki, sizə CAME avadanlıqlarının gələcəkdə qüvvədə olan prays-listə (qiymətlər cədvəlinə] müvafiq olaraq alışı üçün təmin edə biləcəyi kommersiya alqı-satqı şərtlərini təsdiq edir (bundan sonra burada “Kommersiya alqı-satqı şərtləri” adlanacaq). - xx xxx 2016-cı il tarixli ödəniləcək hesab-faktur-təkrar ödəmə sənəddə qeyd edilmişdir ki Bu arayış verilir ondan ötrü ki, həqiqətən cavabdeh MMC-nin iddiaçı Şirkətə borclu olduğu məbləğ 201.638,68 Avro təşkil edir ki, bu da Şirkətin MMC-yə aşağıda göstərilmiş hesabfaktura müvafiq olaraq təchiz etdiyi mallardan yaranmışdır: (Sifarışçinin adı MMC, qaimə **********, sənəd xx/xx/2015, qaimədəki qiymət 2.480,27 avro, ödəmə tarixi xx/xx/2015; Sifarışçinin adı: MMC, qaimə **********, sənəd xx/xx/2015, qaimədəki qiymət 4.249,53 avro, ödəmə tarixi xx/xx/2016; Sifarışçinin adı: MMC, qaimə **********, sənəd xx/xx/2015, qaimədəki qiymət 199.869,42 avro, ödəmə tarixi xx/xx/2016; ) - xx xxxxxx 2016-cı il tarixli ödəniləcək hesab-faktur-təkrar ödəmə sənəddə qeyd edilmişdir ki, “Bu arayış verilir ondan ötrü ki, həqiqətən MMC-nin Şirkətə borclu olduğu məbləğ 201.638,68 Avro təşkil edir ki, bu da Şirkətin MMC-yə aşağıda göstərilmiş hesabfakturaya müvafiq olaraq təchiz etdiyi mallardan yaranmışdır: (sifarişçi kodu 102166, Sifarışçinin adı: MMC, qaimə **********, sənəd xx/xx/2015, qaimədəki qiymət – 2.480,27 avro, ödəmə tarixi xx/xx/2015; sifarişçi kodu 102166, Sifarışçinin adı: MMC, qaimə **********, sənəd xx/xx/2015, qaimədəki qiymət 4.249,53 avro, ödəmə tarixi xx/xx/2016; sifarişçi kodu 102166, Sifarışçinin adı: MMC, qaimə **********, sənəd xx/xx/2015, qaimədəki qiymət 199.869,42 avro, ödəmə tarixi xx/xx/2016; sifarişçi kodu 102166, Sifarışçinin adı: MMC, qaimədəki qiymət 201.638,68 avro) İş materiallarında olan tərəflər arasında bağlanmış malların göndərilməsinə dair Müqavilənin: - 1.1-ci bəndinə görə, bu sənəd birbaşa müştərilər üçün nəzərdə tutulub (bundan sonra İddiaçı. (bundan sonra «CAME» ) şirkətinin «Müştərilər»); - 1.2-ci bəndinə görə, sənədin məqsədi CAME/Şirkət ilə hər bir Müştəri arasında bağlanmış bütün alqı-satqı müqavilələrini (CAME/Şirkət tərəfindən yerinə yetirilən montaj işləri istisna olmaqla) tənzimləyəcək müddəaları (bundan sonra «Ümumi satış şərtləri») müəyyən etməkdən ibarətdir. - 1.3-cü bəndinə görə, ümumi satış şərtləri ilə tənzimlənən satış müqavilələri “Came”, “BPT” və “xxxx” markalı mallara aid olacaq. - 3.2-cü maddəsinə görə, satış müqaviləsi aşağıdakı hallardan sonra bağlanmış hesab edilir: a) Şirkətin alış sifarişini təsdiq etməsi; b) Şirkətin alış sifarişini yerinə yetirməsi. - 3.3-cü bəndinə görə,Müqavilənin hazırkı ümumi şərtlərinin müddəalarına yaxud da alış sifarişinin ayrıca müddəalarına dair hər hansı dəyişikliklər və yaəlavələr onların Şirkət tərəfindən yalnız yazılı şəkildə tədiqlənməsindən sonra hüquqi qüvvəyə malik olacaq. Alış sifarişinə dəyişikliklər edildikdə, Şirkət həm dəyişiklikləri, eləcə də məhsulun alışına dair ilkin sifarişi ləvğ etmək hüququnu qoruyub saxlayacaq. - 3.4.-cü bəndinə görə, alış sifarişlərində qeyd edilmiş malların çatdırılması tarixi həmişə müstəsna olaraq yönəldici xüsusiyyət daşıyır və mümkün ola biləcək ləngimələr təzminatın alınması və ya müqavilənin pozulması üçün əsas ola bilməz. Xüsusilə də, Şirkət, onun iradəsindən, Müştərinin hüquqi vəziyyətinin dəyişməsindən, xammalın və ya ehtiyyat hissələrinin alınması ilə əlaqədar çətinliklərdən aslı olmayan fors-major hallarının və ya hadisələrinin baş verməsi halda təchiz etmə müddətlərinin uzadılması v ya sifarişin ləğv edilməsi hüququnu qoruyub saxlayır. - 4.1-ci bəndinə görə, malların çatdırılması onların istehsal yerində, yəni CAME şirkətinin hüquqi ünvanında həyata keçirilir. -4.2-ci bəndinə görə, mallar X14–də franko-zavod şərtlərində (İnkoterms 2010) təchiz edildikdə mallara görə məsuliyyətin ötürülməsi malların Şirkət ilə həmçinin, onların daşınmasına görə xərcləri öz üzərinə götürən müştəriyə çatdırılması anında baş verir. -4.3-cü bəndinə görə,Şirkət,Müştərinin tapşırığı ilə və onun adından daşınma yolunu və həmçinin daşıyıcını müəyyən edir. -14.1-ci bəndinə görə, satışın ümumi şərtlərinə müvafiq olaraq bağlanmış satış müqavilələri italyan qanunvericiliyin normalarına müvafiq olaraq tənzimlənir və şərh edilməlidir. Bu halda hər hansı digər qanunvericiliyin tətbiq olunması istisna edilir. -14.2-ci bəndinə görə, yuxarıda sadalanan şərtlərlə bağlı bütün mübahisə və fikir ayrılıqdan İtaliya, Trevizo şəhəri Məhkəməsinin italyan yurisdiksiyasının səlahiyyəti daxilində olacaq, istənilən halda Şirkət, Müştərini sonuncunun hüquqi ünvanının olduğu ölkənin Məhkəməsinə çağırmaq hüququnu qoruyub saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, işin yenidən baxılması üçün BakıApellyasiya Məhkəməsinə göndərilməsi barədə Qərarında göstərmişdir ki, “apellyasiya instansiyası məhkəməsi xx xxxxx 2019-cu il tarixli qətnaməsinin “əsaslandırıcı hissə”sində özü vurğulayır ki, «iş üzrə İddiaçı şirkətinə məxsus malların Azərbaycanda daşıma xidmətləri ilə bağlı fəaliyyət göstərən ASE (X11) şirkətinin göstərişi ilə ”xxxx” şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yüklənməsi müəyyən olunsa da, həmin malların yüklənməsinin Cavabdeh2 Şirkətinin ASE (X11) şirkətinə verdiyi hər hansı sifariş əsasında və ya bu barədə Cavabdeh2 şirkətinin ASE (X11) şirkəti arasında daşıma müqaviləsi üzrə öhdəliklə bağlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır”. Beləliklə apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən birmənalı şəkildə müəyyən edilmişdir ki, İddiaçı şirkətinə məxsus malların Azərbaycanda məhz daşıma xidmətləri ilə bağlı fəaliyyət göstərən ASE (X11) şirkətinin göstərişi ilə “xxxx” şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yüklənməsi müəyyən edilmişdir. Burada ən azı “xxxx” şirkətinin hazırkı mübahisə ilə bağlı mövqeyi öyrənilməli idi və ya onu 3-cü şəxs qismində cəlb edib işə baxılmalı idi. Xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş həmin fakta malik olduğu və gündəmdə 185001,41 avro məbləğində malların yerin bəlli olmaması olduğu halda, sözügedən ASE şirkətini işə cəlb edilərək həmin göstərişin kimin verdiyini və malların kimə çatdırıldığını müəyyən edib qanuni və əsaslı qətnamə qəbul etmək əvəzinə, məhkəmə tədqiqatını faktiki olaraq yarımçıq qoymaqla natamam şəkildə bitirmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin pozulması anlamına gəlir. Həmçinin Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsində aidiyyət məsələsinə qiymət verərək qeyd etmişdir ki, “İşdə olan tərəflər arasındakı mübahisəli müqavilənin 14.2-ci maddəsində göstərilmişdir ki, müqavilə ilə bağlı bütün mübahisə və fikir ayrılıqları İtaliya, Trevizo şəhəri Məhkəməsinin italyan yurisdiksiyasının səlahiyyəti daxilində olacaq. İstənilən halda Came şirkəti müştərini müştərinin hüquqi ünvanının olduğu ölkənin məhkəməsinə çağırmaq hüququnu qoruyub saxlayır. Göründüyü kimi, tərəflər yazılı şəkildə bağladıqları müqavilə ilə mübahisə aidiyyətini müəyyən etmişlər və mübahisənin istər İtaliya Respublikasının, istərsə də müştərinin hüquqi ünvanın olduğu Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətlərinə aid edilməsində iddiaçı tərəfin seçim hüququ saxlanmışdır. Belə olan halda hazırkı mübahisəyə Azərbaycan Respublikası Məhkəməsində baxılaraq hüquqi qiymət verilməsi qanunvericiliyin və tərəflərin razılaşmasına zidd hesab edilə bilməz. Həmçinin kollegiya cavabdehin apelyasiya şikayətində mübahisələndirdiyi pretenziyanın “xxxx” MMC tərəfindən hazırlandığı halda, həmin pretenziyanı iddia ərizəsinə iddiaçının nümayəndəsi və müstəqil vəkil qismində X4 daxil etməsi, bununla da isə MPM-nin 150.0.7-ci maddəsinin açıq-aşkar pozulması” ilə bağlı aşağıdakılara əsasən razılaşmır”. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin 14.2-ci maddəsinə əsasən CAME Şirkətinin müştərinin hüquqi ünvanının olduğu ölkənin Məhkəməsində iddia qaldırmaq hüququnu öz üzərində saxlamaq səlahiyyəti olsa da, lakin işə baxılan zaman mütləq İtaliya qanunvericiliyi tətbiq edilməlidir”. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, hər şeydən əvvəl, hazırki işə tətbiq edilməli olan qanunvericilik və məhkəmə aidiyyəti ilə bağlı məsələlərə hüquqi qiymət verilməlidir. Kassasiya məhkəməsi də, öz qərarında işə apellyasiya qaydasında təkrar baxılması zamanı sözügedən məsələlərə hüquqi qiymət verilməli olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası, Ümumi satış şərtlərinin 14.1-ci bəndinin tətbiqinin (yəni hazırki mübahisənin italiyan qanunvericiliyinin tətbiq edilməklə həllinin) “Beynəlxalq xüsusi hüquq haqqında” qanunun 2-ci maddəsi baxımından mümkün olub-olmaması ilə bağlı aşağıdakıları vurğulayır. Belə ki, “Beynəlxalq xüsusi hüquq haqqında” qanunun 2.1-ci maddəsinə görə, xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Həmin Qanunun 2.2-ci maddəsinə görə, bu Qanunun 2.1‐ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. Göründüyü kimi, “Beynəlxalq xüsusi hüquq haqqında” qanunun 2.1-ci maddəsi xarici hüququn tətbiqinə dair ümumi qaydanı, 2.2-ci maddəsi isə, bu qaydadan istisnanı ehtiva edir. Qanunun mənasından aydın olduğu kimi, xarici hüququ tətbiq etməli olan məhkəmə onun məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməlidir. Ancaq məhkəmə bu yöndə lazımi tədbirləri görsə də, xarici hüququn məzmununu müəyyən edə bilmədikdə və ya bu yöndəki tədbirlərin görülməsi həddindən artıq xərc tələb etdikdə və mübahisə tərəfləri də xarici hüququn tətbiqini tələb etmədikdə, məhkəmə öz ölkəsinin hüququnu tətbiq etməkdə haqlıdır. Hazırki iş üzrə ikinci apellyasiya icraatı zamanı olan məhkəmə tərəfindən İtaliya mülki qanunvericiliyinin əldə edilməsi ilə bağlı hərəkətlər edilmiş və həmçinin İtaliyanın Azərbaycan Respublikasındakı səfirliyinə də “Rus və Azərbaycan dillərində İtaliya Mülki Məcəlləsinin ( 4 kitab: öhdəliklər barədə) səfirliyin kitabxanasında mövcud olduğu halda məcəllənin məhkəməyə təqdim edilməsi” məzmununda məhkəmə sorğusu göndərilmişdir. xx.xx.2020-ci il tarixdə səfirlik tərəfindən məhkəməyə daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, “Sözügedən məcəllənin 2020-ci ildə yenilənmiş nüsxəsi bu səfirlikdə hələ mövcud deyildir. Lakin həmin nüsxə bizə göndərilənə kimi İtaliya Mülki Məcəlləsi ilə qeyd edilən link vasitəsi ilə ingilis dilində dərhal tanış ola bilərsiz. İstənilən halda, Məcəllənin kitab nüsxəsi əlimizə çatan kimi onu Sizə yönləndirəcəyik”. Beləliklə, “Beynəlxalq xüsusi hüquq haqqında” qanunun 2.1-ci maddəsinin dispozisiyasında qeyd edilmiş zəruri tədbirləri məhkəmə tərəfindən görülsə də, lakin qeyd edilmiş qanunvericiliyi əldə etmək mümkün olmamışdır. Buna görə də, məhkəmə kollegiyası, həmin qanun 2.2 maddəsinə əsasən mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyi tədbiq etməyi mümkün hesab edir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilənin 14.2-ci bəndinə görə, müqavilə ilə bağlı bütün mübahisə və fikir ayrılıqları İtaliya, Trevizo şəhəri Məhkəməsinin italiyan yurisdiksiyasının səlahiyyəti daxilində olacaq. İstənilən halda, iddiaçı Şirkət, müştərini, müştərinin hüquqi ünvanının olduğu ölkənin məhkəməsinə çağırmaq hüququnu qoruyub saxlayır. MPM-in 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar. Göründüyü kimi tərəflər yazılı şəkildə bağladıqları müqavilə ilə mübahisə aidiyyatını müəyyən etmişlər və mübahisənin istər İtaliya Respublikasının, istərsə də müştərinin hüquqi ünvanın olduğu Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətlərinə aid edilməsində iddiaçı tərəfin seçim hüququ saxlanmışdır. Belə olan halda hazırki mübahisəyə Azərbaycan Respublikası Məhkəməsində baxılaraq hüquqi qiymət verilməsi qanunvericiliyin tələblərinə və tərəflərin razılaşmasına uyğundur. Kassasiya instansiyası məhkəməsinin öz qərarında vurğuladığı digər bir prosessual məsələ, daşıma xidmətləri göstərdiyi iddia edilən “X13 (ASE)” şirkəti və “xxxx” şirkətinin işə cəlb edilməsi ilə bağlı olmuşdur. İkinci apellyasiya icraatı zamanı “X13” şirkəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İkinci apellyasiya icraatı zamanı xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli məhkəmə iclaslarından iştirak etmiş “X13” şirkətinin nümayəndəsi X5 bildirmişdir ki, hazırki mübahisə ilə bağlı olan yüklərin daşınması və ya o yüklərin “xxxx” şirkətindən alınması ilə bağlı hər hansı sənədlər mövcud deyildir. Lakin indiyədək cavabdeh tərəfindən bu yüklərlə bağlı hər hansı şikayət olmadığı üçün yüklər çox güman ki, təhvil verilmişdir. Kollegiya həmçinin qeyd edir ki, kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmiş digər şirkət olan “xxxx” adlı şirkət Azərbaycan Respublikasında fəaliyyət göstərmədiyi və Xorvatiyada qeydiyyata alınan hüquqi şəxs olduğu üçün həmin şirkət üçüncü şəxs kimi icraata cəlb edilməmişdir. Məhkəmə kollegiyası, mübahisənin maddi hüquq normaları baxımından həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı Şirkət cavabdeh MMC ilə Ümumi satış şərtləri adlanan müqavilə bağladığını, həmin müqavilə çərçivəsində cavabdeh MMC-yə mallar göndərdiyini, hər bir mal göndərilməsi ilə bağlı ayrıca sifarişin olduğunu iddia edir. İddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında dəyərinin ödənilmədiyi iddia edilən malların (avtomatik qaraj qapıları və aksessuarları) olduğunu və sifarişin şifahi şəkildə verildiyini bildirmişdir. Cavabdeh MMC-nin iddiaya qarşı etirazı ondan ibarətdir ki, ümumiyyətlə, çatdırılması iddia edilən malların (avtomatik qaraj qapıları və aksessuarları) göndərilməsi ilə bağlı hər hansı sifariş verməmişdir. İş materiallarında çatdırılması iddia edilən malların cavabdehə təqdim edilməsinə dair hər hansı sübut yoxdur. Ümumi satış şərtləri müqaviləsinin 1.1-ci bəndindən aydın olur ki, həmin şərtlərin məqsədi Şirkət və hər bir Müştəri arasında bağlanan müqavilələrə dair ümumi müddəaların müəyyənləşdirilməsindən ibarətdir. Təsadüfi deyildir ki, Ümumi satış şərtlərinin 3.1-ci bəndinə görə, Müştərilər tərəfindən imzalanmış və Şirkətə ünvanlanmış alış sifarişləri, onların Şirkətə çatdırılmasından etibarən 30 gün ərzində qüvvədə olan, sabit və geri götürülməsi mümkün olmayan təklif (oferta) sayılır. Həmin şərtlərin 3.2-ci bəndinə görə, alqı-satqı müqaviləsi aşağıdakı hallarda bağlanmış sayılır: a) Alış sifarişinin Şirkət tərəfindən təsdiqlənməsindən sonra; b) Alış sifarişinin Şirkət tərəfindən icrasından sonra. Göründüyü kimi, ilk öncə, tərəflər arasında iddia edilən malların alqı-satqısına dair müqavilənin bağlanıb-bağlanmaması məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, Ümumi satış şərtlərinin 3-cü bəndinin tələblərinə əsasən, Müştəri (konkret halda, MMC), almaq istədiyi mallara dair yazılı sifariş (oferta) tərtib etməli və satıcıya (Şirkətə) göndərməli idi. Həmin oferta, satıcıya çatdırıldığı anddan 30 gün ərzində qüvvədə sayılırdı. Şirkətin həmin sifarişi təsdiqləməsi (Mülki Məcəllə, m. 409.1) və ya sifarişin icrasına başlaması (Mülki Məcəllə, m. 409.4) onun sözügedən ofertanı qəbul etməsi, deməli tərəflər arasında müqavilənin bağlanması nəticəsini doğura bilərdi. Lakin iş materiallarında iddia edilən malların cavabdeh MMC tərəfindən sifariş edilməsinə dair sübut mövcud deyildir. Başqa sözlə, MMC-nin həmin malların alışı barədə təkliflə iddiaçı Şirkətə müraciəti müəyyən edilmir. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 405.2-ci maddəsinə görə, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Mülki Məcəllənin 407.1-ci maddəsinə görə, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Beləliklə, tərəflər arasında iddia edilən malların alqı-satqısına dair müqavilənin bağlanması nəticəsinə gəlmək üçün hər hansı əsas yoxdur. Bağlanmamış müqavilə, hər hansı hüquqi nəticə, o cümlədən cavabdehin iddiaçıya pul ödmək öhdəliyini doğura bilməz. Çünki Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası, iddiaçı Şirkətin, malların cavabdeh MMC-yə təqdim edildiyinə dair irəli sürdüyü dəlili də əsaslı saymır. Şirkət, işdəki yük sənədinə (CMR J 2396908) əsaslanaraq malları cavabdeh MMC-nin daşıyıcısı “xxxx” şirkətinə veridliyini iddia edir. İddiaçının mövqeyinə görə, iş materiallarında olan CMR sənədindən görünür ki, mallar “xxxx” şirkətinə təhvil verilmişdir (23-cü qrafa). Həmin sənədin 17-ci qrafasında nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi kimi HROTR628 göstərilmişdir. Cavabdeh MMC-yə daşıma xidmətləri Azərbaycanda fəaliyyət göstərən “ASE (X11)” şirkəti tərəfindən həyata keçirilmişdir. Şirkətə məxsus mallar “xxxx” şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə “ASE (X11)” şirkətinin göstərişi əsasında yüklənmişdir. İşdəki yük sənədinə (CMR J 2396908) əsasən Şirkətin, “xxxx” şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə malları yükləməsi müəyyən olunsa da, həmin malların yüklənməsinin cavabdeh MMC-nin “X11” şirkətinə verdiyi hər hansı sifariş əsasında və ya bu barədə MMC-nin “X11” şirkəti arasında daşıma müqaviləsi üzrə öhdəliklə bağlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1996-cı il 12 mart qanunu ilə təsdiq edilmiş 1975-ci il noyabrın 14-də Cenevrədə qəbul edilmiş "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyasının 1-ci maddəsinə görə bu konvensiya nəqliyyat vasitələri ilə yüklərin daşınmasına o halda tətbiq olunur ki, müqavilədə nəzərdə tutulmuş yükün qəbul ediləcəyi və yükün təhvil veriləcəyi yer iki müxtəlif ölkədə yerləşir, tərəflərdən heç olmasa biri yerləşdiyi yerdən və milliyyətindən asılı olmayaraq bu konvensiyanın iştirakçısıdır. Konvensiyanın 3-cü maddəsinə görə daşıyıcı öz fəaliyyəti ilə itirmələri ilə yanaşı, yükün daşınması üçün cəlb etdiyi agentləri, xidmətçiləri və digər şəxslərin fəaliyyəti və itirmələrinə cavabdehlik daşıyır. Adı çəkilən Konvensiyanın: -4-cü maddəsinə görə yük daşıma qaimə (CMR) tərtibi ilə təsdiq olunur. -5-ci maddəsinə görə гaimə 3 nüsxədə tərtib olunur, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. -9-cu maddəsinə görə qaimə yükün daşınması müqaviləsinin, müqavilə şərtlərinin və yükün daşıyıcı tərəfindən qəbul edilməsini təsdiq edir. -11.1-ci maddəsinə görə yükün qəbulediciyə çatdırılana qədər gömrük və digər rəsmiləşmələrlə bağlı yükgöndərən qaiməyə lazımı sənədləri əlavə etməli və daşıyıcıya tяqdim etməlidir. -11.2-ci maddəyə əsasən daşıyıcı bu sənədlərin tamlığını və ya düzgünlüyünü yoxlamağa məcbur deyil. Yükgöndərən bu sənədlərin olmaması, natamam olması və ya düzgün olmaması ilə bağlı yaranmış itkilərə görə daşıyıcı qarşısında bir şərtlə məsuliyyət daşıyır ki, bu daşıyıcının günahı üzündən baş verməsin. Beləliklə, sadalanan normalardan görünür ki, beynəlxalq yük daşımalarında beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi CMR tərtib olunur, həmin qaimə-yükü müşaiyət edir, qaimədə yüklə bağlı məлumatlar (yükün adı, miqdarı, qablaşdırılması, çatdırılma müddəti, və s) öz əksini tapır. CMR-in tərtib olunması, doldurulması hər iki tərəfin, yəni yükgöndərən və ya daşıyıcının məsuliyyət dairəsinə aiddir. Belə ki, yükgöndərən göndərdiyi mallarla bağlı məlumatı əmtəə-nəqliyyat qaiməsinə daxil etməli, daşıyıcı əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yükləri daşınma üçün qəbul etməməli, yükü alan isə əmtəə nəqliyyat qaiməsinə əsasən təqdim olunmuş malların uyğunluğunu yoxlayaraq onları qəbul etməsini və ya malların zədələnməsi, korlanması ilə bağlı etirazı varsa bu qeydlərini etməklə öz imzası və möhürü ilə təsdiq etməlidir. İş materiallarında olan J ******* saylı CMR sənədi cavabdeh MMC-nin adına tərtib edilsə də, həmin sənəddə yükü göndərən qrafasında iddiaçı Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında “xxxx” şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında MMC-nin imza və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır. Odur ki, sözügedən qaimə (CMR) iddia edilən malların cavabdeh MMC tərəfindən qəbul edilməsini təsdiqləyən sübut qismində qəbul oluna bilməz. Məhkəmə kollegiyası“X13” şirkətinin nümayəndəsi X3 verdiyi izahatı iddia edilən malların cavabdeh MMC-yə təqdim edilməsini təsdiqləyən sübut qismində qəbul etmir. Belə ki, əvvəla, malların təhvil verilməsi müvafiq daşıma sənədləri ilə təsdiqlənməlidir. MPM-in 81ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İkincisi, Adnan Sadıxovun izahatı hər hansı sənədə deyil, onun şəxsi mühakiməsinə əsaslanmışdır; əks halda, A. Sadıxov öz izahatında “... lakin indiyədək cavabdeh tərəfindən bu yüklərlə bağlı hər hansı şikayət olmadığı üçün yüklər çox güman ki, təhvil verilmişdir” fikrini ifadə etməzdi. İddiaçı Şirkət xx.xx.2016-cı il tarixli Şirkət və MMC arasında imzalanmış təkrar ödəmə planına istinad edərək cavabdehin göndərilmiş mallara görə borcunun olmasını bilavasitə etiraf etdiyini iddia etmişdir. Belə ki, iş materiallarının 57-58-ci səhifələrində kserosurət olmaqla əlavə edilmiş həmin sənədə əsasən cavabdeh MMC-nin iddiaçı Şirkətə 201.638,68 Avro borcunun olması qeyd edilmiş, eyni zamanda həmin borcun ödənilməsi ilə bağlı yeni ödəniş cədvəli tərtib olunmuşdur. Həmin sənəd tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur. İşin 58-61-ci səhifələrində isə həmin sənədin əslinin deyil, kserosurətinin tərcümə olunmuş surətinin notarial qaydada təsdiq olunmuş surəti əlavə edilmişdir. Məhkəmə kollegiyasıəsli təqdim edilməyən sözügedən sənədi isə borcun etirafı (qarşılıqlı üzləşmə aktı) olaraq mötəbər sənəd kimi qəbul etmir. Belə ki, həmin sənəddə cavabdehin iddiaçıya göndərilmiş mallara görə 201.638,68 Avro borcunun olduğu göstərilsə də hazırki tələbində iddiaçı 185.001,41 Avro məbləğində borcun ödənilməsini tələb etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda qeyd olunan fərqin nə ilə bağlı olmasını iddiaçı tərəfin borcu arzuladığı məbləğdə tələb etmək hüququnun olması ilə əlaqələndirmişdir. Kollegiya işin bu halına əsasən iddia tələbinin işin faktiki halları ilə uyğun olmadığı qənaətinə gəlir. MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qərarı quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki halları düzgün araşdırılmamış, iş üzrə sübutları düzgün qiymətləndirməmiş və səhv nəticəyə gəlinmişdir. Bu səbəbdən apellyasiya şikayəti olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinin tələbindən də görünür ki, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutub q ə t e t d i: Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-2(82)-564/18 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh2 MMC-yə qarşı “185.001,41 avro məbləğində borc və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar