Məhkəmə qərarları › İş №2-2(103)-62/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-62/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-62/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-33/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Binəqədi rayonu icra hakimiyyəti ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış Binəqədi rayonu ərazisində yerləşən Heydər Əliyev parkının yenidən qurulması məqsədilə sökülməsi, layihə smeta sənədlərinin hazırlanması, tikinti quraşdırma işlərinin həyata keçirilməsini nəzərdə tutan müqavilə üzrə iddiaçı tərəfindən yerinə yetirilmiş və cavabdeh tərəfindən Forma-2 aktları üzrə qəbul edilmiş işlərin dəyərindən borc qalmış 4079850,07 (dörd milyon yetmiş doqquz min səkkiz yüz əlli) manat əsas borc və 611977,5 (altı yüz on bir min doqquz yüz yetmiş yeddi) manat faiz borcu, cəmi 4691827,57 (dörd milyon altı yüz doxsan bir min səkkiz yüz iyirmi yeddi) manat pul vəsaitinin, nümayəndəlik xərci olaraq, 1000 (min) manat vəsaitin və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-33/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, sifarişçi Binəqədi rayonu İcra Hakimiyyəti ilə icraçı İddiaçı MMC arasında Binəqədi rayonu ərazisində yerləşən Heydər Əliyev parkının yenidən qurulması məqsədilə sökülməsi, layihə smeta sənədlərinin hazırlanması, tikinti quraşdırma işlərinin həyata keçirilməsinə dair xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı Bakı şəhəri Binəqədi rayonu ərazisində Heydər Əliyev parkının yenidən qurulması məqsədilə söküntü işlərini, layihə smeta sənədlərinin hazırlanmasını və tikinti-quraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun icra edilməsini, sifarişçi isə təşkilati məsələlərin həllini, ona aid olan icazələrin və razılaşmaların alınmasını təmin etməyi və faktiki yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüşlər. İddiaçı tərəfindən aparılmış təmir-tikinti işləri 2013-cü ilin iyun ayında yekunlaşmışdır. Cavabdeh tərəfindən həmin müqavilə üzrə cəmi 758570 manat ödənilmiş və sonuncu ödəniş xx xxxxxx 2014-cü il tarixdə həyata keçirilmişdir. İddiaçı bildirir ki, o, müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh tərəfindən Forma-2 aktları üzrə qəbul edilmiş işlərin dəyərindən borc qalmış 4079850,07 manat məbləğində pul vəsaiti ödənilməmişdir. İddiaçı cavabdehin dövlət orqanı və dövlət layihələri üzrə sifarişçi olmasını, həmçinin məhkəmə çəkişməsinin gələcəkdə onun dövlət layihələrində iştirakına qeyri-rəsmi maneələr yaradacağını nəzərə alaraq, mübahisəsini danışıqlar yolu həll etməyə üstünlük vermiş, 2015-ci ilin yanvar ayından 2018-ci ilin yanvar ayınadək danışıqlar yolu ilə cavabdeh tərəfindən pul vəsaitinin ödənilməsinə dəfələrlə cəhdlər etmiş, bu məqsədlə dəfələrlə yazılı və şifahi qaydada müraciətlər etmişdir. Belə ki, İddiaçı müqavilə öhdəliklərini icra etmələri barədə cavabdehin ünvanına xx.xx.2015-ci il tarixdə 20 №-li, xx.xx.2015-ci il tarixdə 87 №-li, xx.xx.2016-cı il tarixdə 16 №-li, xx.xx.2016cı il tarixdə 58 №-li, xx.xx.2017-ci il tarixdə 12 №-li, xx.xx.2017-ci il tarixdə 55 №-li məktublar göndərilərək, borcun ödənilməsi xahiş edilmişdir. Cavabdeh mülki dövriyyədəki üstün mövqeyindən (dövlət layihələri üzrə sifarişçisi olmasından) və öz mülki hüquqlarından sui-istifadə edərək iddiaçının yalnız bir məktubuna - sonuncu ödənişdən 3 il müddət ötəndən sonra, xx.xx.2018-ci il tarixdə yazılmış 10 №-li məktubuna rəsmi cavab vermiş və xx.xx.2018-ci il tarixli 02/12-11-31/18O saylı məktubu ilə Binəqədi rayonu ərazisində görülmüş işlərə görə icra olunmamış rəsmi öhdəliyinin mövcud olmamasını və iddiaçının iddia hüququnun müdafiəsi üçün müəyyən edilən 3 illik iddia müddətinin ötməsini əsas gətirmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2015-ci, xx.xx.2015-ci, xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2017-ci, xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərmiş və məktublar Mülki Məcəllənin 447.1-ci maddəsinin anlamında öhdəliklərin icrası üçün əlavə müddət təyin olunmasına bərabər tutulur. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 769-cu maddəsindən aydın olur ki, müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Hazırki işin də mübahisəsiz halları ondan ibarətdir ki, podrat işləri 2013-cü ilin iyun ayında yekunlaşmış və cavabdehin muzdun ödənilməsi ilə bağlı sonuncu ödənişi xx xxxxxx 2014-cü il tarixdə həyata keçirilmişdir. Hazırkı iddia ərizəsi isə xx.xx.2018-ci il tarixdə, yəni sonuncu ödəniş tarixindən hesablandıqda 3 il 6 ay 14 gün keçdikdən sonra verilmişdir. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Lakin iddiaçı tərəfindən həmin maddədə göstərilən 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasında da iddiaçının nümayəndəsi iddia müddətinin ötürüldüyünü etiraf etmiş, lakin bunun üzrlü səbəblərdən baş verdiyini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin bərpası məsələlərini tənzimləyən Mülki Məcəllənin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Göründüyü kimi iddia müddətinin bərpası yalnız fiziki şəxslərə münasibətdə mümkündür və qanunda üzrlü səbəblər kimi göstərilən hallar fiziki şəxslərə aid olan hallardır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin dəlilləri əsassızdır Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, iddiaçının iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə dəlilləri əsassız olduğunu və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-33/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar