Məhkəmə qərarları › İş №2-2(103)-621/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-621/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-621/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 14.03.2022-ci il tarixli e-2-2(113)-480/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 180.392,93 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.03.2022-ci il tarixli, e-2-2(113)-480/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2-2(103)-503/2022 saylı qərardadı ilə dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmədiyinə görə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı "xxxx" ASC yenidən Bakı Kommersiya Məhkəməsinin 14.03.2022-ci il tarixli, e-2-2(113)-480/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 14.03.2022-ci il tarixli, e-2-2(113)-480/2022 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 18.03.2022-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Lakin iddiaçı tərəfindən dövlət rüsumu ilə bağlı çatışmazlıq aradan qaldırılaraq ikinci dəfə verilmiş apellyasiya şikayəti 26.04.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 18.04.2022-ci il tarixdə bitdiyi halda, iddiaçının apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 26.04.2022-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İddiaçının apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən müddətdə verilmədiyini nəzərə alaraq və həmin Məcəllənin 363.1.3, 366.2-ci maddələrini rəhbər tutaraq kollegiya hesab edir ki, onun tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya şikayətinin birinci dəfə vaxtında verilməsi məsələnin həllinə təsir etmir. Çünki apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən 1 aylıq müddətdə prosessual qaydalara tam riayət edilməklə verilməlidir. Ona görə də, həmin müddətdə verilmiş, lakin hər hansı səbəbə görə geri qaytarılmış apellyasiya şikayəti yenidən verildikdə də 1 aylıq müddətə riayət olunmalı, bu mümkün olmadıqda isə prosessual müddətin bərpası barədə ərizə verilməlidir. Əks yanaşma həm Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə, həm də hüquqi müəyyənlik prinsipinə ziddir, həmçinin işlərin prosessual qanunvericiliklə müəyyən edilən və ümumiyyətlə ağlabatan müddətlərin pozulması ilə baxılmasına səbəb ola bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 14.03.2022-ci il tarixli e-2-2(113)-480/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar