Məhkəmə qərarları › İş №2-2(103)-621/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-621/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-621/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Cavid Vaqif oğlu Hüseyndən ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Nəsı̇ bova Sədaqət Müzəffər qızına qarşı subroqasiya tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4719/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı cavabdehdən 1150 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4719/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh2 1150 manat pul vəsaiti və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğ tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh Nəsı̇ bova Sədaqət Müzəffər qızı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixlie-2-2(113)-4719/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: Elektrik ötürücü xətlərini və xarici (çöl) elektrik naqillərini yanar dam örtükləri və yanar materiallar olan açıq anbarların (ştabellər, tayalar) üzəri ilə çəkilməsinə icazə verilmir. Göründüyü kimi yanğına səbəb iki qonşu mağaza arasında yerləşən elektrik naqillərində baş verən qısa qapanma olmuşdur. Ana xətdən elektrik sayğacına qədər olan qoşma işlərini "xxxx" ASC aparır və buna cavabdehdə "xxxx" ASC olmalıdır. Hava küləkli olduğundan ana xəttə birləşən naqillərdə əmələ gələn qığılçımlar mənə məxsus məişət mağazasının dam örtüyünün üzərinə düşmüş və yanğın hadisəsi baş vermişdir. Dam örtüyündə heç bir elektrik xətti çəkilməmişdir. Əgər çəkilmiş olsa belə buna "xxxx" ASC nəzarət edir və bu onların günahlarıdır. Yanğın təhlükəsizliyi qaydaları onlar tərəfindən pozulmuşdur. “İcbari Sığortalar Haqqında Azərbaycan RespublikasıQanunun 25.1.1-ci maddəsinin tələblərinə görə sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qanunun da normasından göründüyü kimi Subroqrasiya qaydasında tələb olunması üçün isə qəsdən qanuna zidd hərəkət edilməsi zəriridir. Mən isə heç bir qəsdən qanunazidd hərəkət etməmişəm və qeyd olunan yanğın hadisəsində mənim hər hansı bir təqsirim yoxdur. Hadisə nəticəsində mənə 100.000 manatdan çox ziyan dəymişdir. Mən əmlakımı sığorta etdirmişdim ki, bu hallarda ödənişi sığorta şirkəti həyata keçirsin. Lakin sığorta şirkərti də heç bir əsas olmadan məndən ödənişi tələb edir. Lakin məhkəmə maddənin tələblərinə əməl etməyərək cavabdeh tərəfindən kifayət qədər mötəbər sübutlar irəli sürülməməsinə baxmayaraq əhəmiyyət verilməmişdir.Məhkəmədə mən hadisənin mənim tərəfimdən baş vermədiyini bildirdim. Bu halda məhkəmə iddiaçıya hadisəni əks etdirən videogörüntüləri tələb etdi. İddiaçı növbəti məhkəmə iclasına həmin görüntüləri gətirəcəyini bildirsə də məhkəmə iclasına heç bir görüntü gətirmədi. Məhkəmə isə bu hala əhəmiyyət vermədən qətnamə qəbul etdi. Elektrik enerjisindən istifadəsini tənzim edən qaydalara istinad edilmir. Lakin qətnamədə iddiaçının sübut kimi hansı hallara istinad edildiyindən danışılmır. Mənim hansı qəsdən qanunzidd hərəkət etməyim sübut olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

9. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

10. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

11. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

12. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın tam təmin edilməsini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

20. İşin müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən cavabdehə məxsus mağazada yanğın hadisəsi baş vermiş və yanğın qonşuluqda olan X3 istifadəsində olan qeyri-yaşayış sahəsinə keçmişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin qəbul etdiyi 25 dekabr 2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı ilə müəyyən edilmişdir ki, cavabdeh üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.1, 6.4 bəndlərinin tələblərini pozaraq mağazada yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir.

21. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə X5 arasında sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, sığortalıya dəymiş zərər 1300 manat müəyyən edilmiş, həmin məbləğdən 150 manat azadolma çıxılaraq cəmi 1150 manat sığortalıya iddiaçı tərəfindən sığorta ödənişi verilmişdir.

22. Qeyd edilənlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyatistintaq idarəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı, xx.xx.2021-ci il tarixli sığorta aktı, sığorta müqaviləsi və digər sənədlərlə təsdiqlənmişdir.

23. Məhkəmə iddia tələbini təmin edərkən qeyd etmişdir ki, yuxarıda göstərilən maddələrə əsasən iddiaçıda sığorta olunmuş X3 istifadəsində olan daşınmaz əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ subroqasiya qaydasında iddiaçıya keçmişdir. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur.

24. Məhkəmə hesab etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş yanğın hadisəsi zamanı digər şəxsə məxsus daşınmaz əmlaka zərər dəymiş, iddiaçı əmlaka dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.

25. Apellyasiya şikayətində sığorta hadisənin baş verməsində cavabdeh təqsirinin olmamasına istinad etmişdir.

26. Apellyasiya icraatı zamanı şikayətin dəlillərini araşdlrmaq məqsədilə cavabdehə şərait yaradılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyatistintaq idarəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarını mübahisələndirsin. Cavabdeh həmin qərarı məhkəmə nəzarəti qaydasında mübahisələndirmişdir.

27. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 6(103)-260/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətçi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin baş təhqiqatçısı X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından Cavabdeh2 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 6(005)-122/2024 nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

28. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq idarəsinin xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən məişət malları satışı mağazasının sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.1, 6.4 bəndlərinin tələblərini pozaraq mağazada yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də 28 sentyabr 2020-ci il tarixdə, saat 15 radələrində mağazanın tavanında quraşdırılmış elektrik qurğularında yaranmış qəza halının təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermiş və alov genişlənərək qonşuluqda yerləşən X4 məxsus ərzaq mağazasının dam hissəsinə qismən yayılmışdır. Lakin yoxlama materiallarından da göründüyü kimi yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, yanğın ölümə səbəb olmamış, X4 dəymiş maddi ziyan ağır nəticə kimi qiymətləndirilmir. Odur ki, Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilməlidir.

29. Göründüyü kimi cavabdehin sığorta hadisəsində təqsirini müəyyən etmiş cinayət təqibi orqanının qərarı mübahisələndirilmiş, lakin qərar yuxarı instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır.

30. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

31. Apellyasiya şikayətinin dəlilləri ona görə əsassızdır ki, hazırkı subroqasiya tələbinin əsası olan sığorta hadisəsinin baş verməsində cavabdehin təqsirinin cinayət təqibi orqanının qərarı ilə müəyyən edilmiş və bu nəticə kommersiya mübahisəsinə baxan məhkəmə üçün məcburidir.

32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, rədd qərarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsinin əsası hadisənin baş verməsində cavabdehin təqsirinin olmaması deyil, hadisə nəticəsində baş vermiş zərərin cinayət tərkibinin formalaşmasına kifayət etməməsidir. Qeyd edilən qərarda hadisənin baş verməsinin səbəbi kimi cavabdehin “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.1, 6.4-cü bəndlərinin tələblərini pozmasıdır.

33. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Qeyd edilənlərdən görünür ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir.

35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

37. İşə əlavə edilmiş “Vəkil hesabatından” görünür ki, vəkil Nümayəndə3 hazırki iş üzrə toplam olaraq 32 saat (iş materialları ilə tanışlıq – 10 saat, hüquqi yardım göstərilən şəxslə görüş və tanışlıq – 5, və 6 saat, prosessual sənədlərin tərtib edilməsi – 9 saat, məhkəmə iclasında iştirak – 12 saat) ərzində dövlət hesabına hazırki iş üzrə iddiaçıya hüquqi yardım göstərmişdir.

38. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 №-li Qərarına görə, vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə büdcə vəsaiti hesabına müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir.

39. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Qərarın 4-cü bəndinə görə, bu Qərarla müəyyən edilən məbləğlər müdafiəçinin təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir.

40. Kollegiya hesab edir ki, dövlət büdcəsindən hüquqi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına vəkil Nümayəndə3 ödənilməsi üçün 192 (yüz doxsan iki) manat məbləğində pul vəsaiti Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir.

41. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Nəsı̇ bova Sədaqət Müzəffər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4719/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Dövlət büdcəsindən hüquqi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına vəkil Nümayəndə3 ödənilməsi üçün 192 (yüz doxsan iki) manat məbləğində pul vəsaiti Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qətnamənin vəkil xərci ilə bağlı hissəsi icra edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına (Bakı şəhəri 10 saylı Vəkil Bürosuna) göndərilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar