Məhkəmə qərarları › İş №2-2(103)-622/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-622/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-622/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilkin iddiası, birləşdirilmiş (qarşılıqlı) iş üzrə Cavabdeh İddiaçı MMC-yə qarşı pul və müqavilənin ləğvi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X9 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İlkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 386/2025 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 017/21 nömrəli 01 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Satıcı yanacağın Alıcıya satışını, Alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən yanacağın satışı əvvəlcədən ödəniş qaydası ilə aparılır, Müqavilənin qüvvədə olduğu müddət ərzində məbləğə uyğun yanacağı almaq hüququ əldə edir. 2.2-ci bəndinə əsasən alıcının ödəniş etmək istədiyi məbləğ Satıcının hesablaşma hesabına və ya xəzinəsinə daxil olduqdan sonra. 2.3-cü bəndinə əsasən yüklənmiş yanacağa mülkiyyət hüququ yanacaq Satıcının yanacaqdoldurma məntəqələrində faktiki götürülən andan Alıcıya keçir. 3.1-ci bəndinə əsasən satıcı: 3.1.1-ci bəndinə əsasən yanacağı Alıcıya mövcud Tarif Şurasının təsdiq etdiyi qiymətlərlə satır. Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən yanacaq qiymətləri artırıldıqda və ya azaldıldıqda Alıcıdan razılıq almadan birtərəfli qaydada yanacağın qiymətlərini müvafiq şəkildə dəyişdirir. 3.2-ci bəndinə əsasən alıcı: 3.2.1-ci bəndinə əsasən yanacağın dəyərini Satıcı tərəfindən verilən hesab-faktura əsasında əvvəlcədən ödəyir. 5.1-ci maddəsinə əsasən, Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və ya lazımi şəkildə əməl edilməməsinə görə tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. 5.3-cü maddəsinə əsasən, bütün mübahisə və ixtilaflar tərəflər arasında aparılan danışıqlar yolu ilə həll edilir. Razılaşmanın əldə olunması mümkün olmadığı halda mübahisələr Azərbaycan Respunlikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmədə həll olunur. 6.3-cü maddəsinə görə, bu müqavilə 3 il müddətinə qüvvədədir. Müqavilənin bitdiyi tarixə ən az 7 təqvim günü qalmış tərəflərdən biri digərinə müqavilənin ləğv edilməsi barədə yazılı müraciət etməzsə, bu müqavilənin müddəti növbəti ilə (illərə) avtomatik olaraq uzadılmış hesab olunur. 6.4-cü maddəsinə əsasən tərəflər bir birlərini 1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdirlər. 6.5-ci maddəsinə əsasən, Müqaviləyə xitam verilərkən tərəflər arasında müvafiq hesablaşmalar aparılır və bir tərəf digər tərəfə bu müqavilə üzrə artıq ödədiyi vəsaitin geri qaytarılmasını və ya əldə etmədiyi vəsaitin ödənilməsini tələb edə bilər.

2. İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022- ci il tarixli EBCK206400 saylı 10076 manatlıq qaimə və xx.xx.2023-cü il tarixli EBCN968860 saylı 220 manatlıq e-qaimə göndərilmişdir.

3. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh tərəfində müqavilə üzrə xx.xx.2022-ci il tarixli EBCK206400 saylı 10076 manatlıq qaimədən 2072,20 manat və xx.xx.2023-cü il tarixli EBCN968860 saylı qaimədən 220 manat ödənilməmiş borcu qaldığı və cəmi ƏDV daxil 2292,20 manat borcu olduğu qeyd olunmuşdur.

4. İddiaçı MMC-yə məxsus (PaşaBank ASC-də olan) hesabdan çıxarışa əsasən Cavabdeh tərəfindən cəmi 148322,61 manat dəyərində ödəniş edilmişdir (sonuncu ödəniş xx.xx.2022-ci il tarixində 574,56 manat təşkil etmişdir).

5. Cavabdeh məxsus "xxxx" QSC-də olan bank hesabından çıxarışdan görünür ki, sonuncu ödənişlər xx.xx.2022-ci il tarixinə təsadüf etmişdir (8,85 manat və 11067 manat).

6. 27.01.2025-ci il tarixli arayışa əsasən Cavabdeh (VÖEN:**********) Trans Service Group MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 017/21 saylı müqaviləyə əsasən ümumi dəyəri 70.132 AZN (ƏDV daxil) dəyərində yanacaq almışdır. Həmin yanacağın dəyərindən 2021-2022-ci illər ərzində 67.839,80 AZN (ədv daxil) hissəsi ödəmişdir. Lakin 2292,20 AZN (Ədv daxil) hissəsini isə hələ də ödəməmişdir.

7. xx.xx.2022-ci il tarixli EBCK 206400 saylı 10.076 AZN-lik qaimedən 2072,20 AZN, xx.xx.2023-cü il tarixli EBCN 968860 saylı qaiməyə əsasən 220 AZN Borcu qalmışdır.

8. İlkin olaraq Cavabdeh xx.xx.2021-ci il tarixdə Paşa Bank vasitəsilə Trans Service Group MMC-nin hesabına 5000 manat pul köçürmüşdür. Cavabdeh aldığı yanacağın müqabilində Trans Service Group tərəfindən xx.xx.2021-ci il tarixli, EBBB 286416 nömrəli 5740 manat məbləğində elektron qaime vurulmuş, xx.xx.2021-ci il tarixli EBBC 711718 nömrəli 4976 manat məbləğində elekton qaimə vurulmuş Cavabdeh xx.xx.2021-ci il tarixdə Paşa Bank vasitəsilə 4970 AZN məbləğində pulu Trans Service Group MMC-nin hesabına köçürmüşdür.

9. Bundan sonra xx.xx.2021-ci il tarixli EBBE 281692 nömrəli 3824,80 manat məbləğində elektron qaimə vurulmuş, xx.xx.2021-ci il tarixdə 4565 manat Cavabdeh tərəfindən ödəniş edilmişdir. xx.xx.2021-ci il tarixli 801432 nömrəli 3423,20 manat məbləğində elektron qaimə vurulmuş, xx.xx.2021-ci il tarixli EBBH 568971 nömrəli 2232 manat məbləğində qaimə vurulmuş, xx.xx.2021-ci il tarixdə 5661 manat ödəniş olmuşdur. xx.xx.2021-ci il tarixli EBBK 279188 nömrəli 3282,40 manat məbləğində elektron qaime vurulmuş, xx.xx.2021-ci il tarixdə 3282,40 manat ödəniş olmuşdur. xx.xx.2021-ci il tarixli EBBL 895011 nömrəli 2848 manat məbləğində elektron qaime vurulmuş, xx.xx.2021-ci il tarixdə 2848 manat ödəniş olmuşdur. xx.xx.2021-ci il tarixli EBBN 513919 nömrəli 3550,40 manat məbləğində qaimə vurulmuş, xx.xx.2021- ci il tarixdə 5689,60 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBP 198704 nömrəli 3241,60 manat məbləğində, 28.01,2022-ci il tarixli EBBQ 375366 nömrəli 1759,20 manat məbləğində, 31.01 2022-ci il tarixli EBBQ 509924 nömrəli 392 manat məbləğində qaime vurulmuş, xx.xx.2022-ci il tarixdə 2861,60 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBQ 699300 nömrəli 284 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBS 070795 nömrəli 4834,39 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBS 303717 nömrəli 821,60 manat məbləğində qaimə vurulmuş, xx.xx.2022-ci il tarixdə 4315,01 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBT 633748 nömrəli 3141,60 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBT 805007 nömrəli 548 manat məbləğində qaime vurulmuş, xx.xx.2022-ci il tarixdə 5706,59 manat məbləğində ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBV 460031 nömrəli 5660,80 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBV 685046 nömrəli 625,60 manat məbləğində qaimə vurulmuş, xx.xx.2022-el il tarixdə 6286,40 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBZ 169083 nömrəli 5248,80 manat məbləğində qaimə vurulmuş, xx.xx.2022- ci il tarixdə 5248,80 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBCA 971951 nömrəli 338,40 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCİ 308511 nömrəli 3063,20 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK 206400 nömrəli 10.076 manat məbləğində, qaimə vurulmuş, xx.xx.2022-ci il tarixdə 11.067 manat ödəniş olmuşdur. xx.xx.2023-cü il tarixdə EBCN 968860 nömrəli 220 manat məbləğində elektron qaimə vurulmuşdur. Cavabdeh Trans Service Group MMC-ye EBCK 206400 nömrəli elektron qaiməyə əsasən 2072,19 manat, EBCN 968860 nömrəli elektron qaiməyə əsasən 220 manat, cəmisi 1942, 54 manat əsas, 349,65 manat ƏDV olmaqla 2292,19 manat borcu vardır

Birinci instansiya məhkəməsindəki icraat:

10. İlkin İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 1942,54 manat məbləğində əsas borc, 349,66 manat məbləğində ƏDV borcu, cəmi 2292,20 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 250 manat xidmət haqqının, 46 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 017/21 nömrəli 01 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, Satıcı yanacağın Alıcıya satışını, Alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürür. Yanacağın satışı əvvəlcədən ödəniş qaydası ilə aparılır.Müqavilənin qüvvədə olduğu müddət ərzində məbləğə uyğun yanacağı almaq hüququ əldə edir. Alıcının ödəniş etmək istədiyi məbləğ Satıcının hesablaşma hesabına və ya xəzinəsinə daxil olduqdan sonra yüklənmiş yanacağa mülkiyyət hüququ yanacaq Satıcının yanacaqdoldurma məntəqələrində faktiki götürülən andan Alıcıya keçir. Satıcı yanacağı Alıcıya mövcud Tarif Şurasının təsdiq etdiyi qiymətlərlə satır. Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən yanacaq qiymətləri artırıldıqda və ya azaldıldıqda Alıcıdan razılıq almadan birtərəfli qaydada yanacağın qiymətlərini müvafiq şəkildə dəyişdirir. Alıcı yanacağın dəyərini Satıcı tərəfindən verilən hesab-faktura əsasında əvvəlcədən ödəyir. Müqavilənin 5.1-ci maddəsinə əsasən, Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və ya lazımi şəkildə əməl edilməməsinə görə tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən, bütün mübahisə və ixtilaflar tərəflər arasında aparılan danışıqlar yolu ilə həll edilir. Razılaşmanın əldə olunması mümkün olmadığı halda mübahisələr Azərbaycan Respunlikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmədə həll olunur. Həmin müqavilənin 6.3-cü maddəsinə görə, bu müqavilə xx.xx.2021-ci il tarixində qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək 3 il müddətinə qüvvədədir. Müqavilənin bitdiyi tarixə ən az 7 təqvim günü qalmış tərəflərdən biri digərinə müqavilənin ləğv edilməsi barədə yazılı müraciət etməzsə, bu müqavilənin müddəti növbəti ilə (illərə) avtomatik olaraq uzadılmış hesab olunur. Müqavilənin 6.4-cü maddəsinə əsasən Tərəflər bir birlərini 1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıqetməklə Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdirlər. Həmin müqavilənin 6.5ci maddəsinə əsasən, Müqaviləyə xitam verilərkən tərəflər arasında müvafiq hesablaşmalar aparılır və bir tərəf digər tərəfə bu müqavilə üzrə artıq ödədiyi vəsaitin geri qaytarılmasını və ya əldə etmədiyi vəsaitin ödənilməsini tələb edə bilər. Sözügedən alqısatqı müqaviləsi və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Qeyd edirik ki, Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış yanacaq cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. “Alıcıya” təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən xx.xx.2024- cü il tarixinədək cəmi ƏDV ilə birlikdə mala görə cəmi 2292,20 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı MMC tərəfindən cavabdehə aşağıdakı elektron qaimələr vurulmuşdur: 1. Seriya: EBCK №: 206400 saylı xx.xx.2022-ci il tarixli; 2. Seriya: EBCN № 968860 saylı xx.xx.2023-cü il tarixli; Göründüyü kimi 1942,54 manat məbləğində əsas borc, 349,66 manat məbləğində ƏDV borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı MMC ilə fiziki şəxs kimi fəaliyyət göstərən Cavabdeh arasında bağlanmış 01 Fevral 2021ci il tarixli 017/2021 yanacağın Alqı-satqı müqaviləsi əsasında satılmış malın dəyəri 70132.00 AZN ƏDV ilə birlikdə olmuşdur. 2021-2022-ci illər ərzində bu məbləğin 67839.80 AZN ƏDV daxil hissəsini ödəmişdir, lakin 2292.20 AZN ƏDV daxil məbləği isə hələ də ödəməmişdir. (1942.54 manat əsas , 349.66 AZN ƏDV borcu) İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, İddiaçı MMCtərəfindən fiziki şəxs kimi fəaliyyət göstərən Cavabdeh satılmış malın dəyəri üzrə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Lakin Cavabdeh tərəfindən satılmış malların pulu hələ də tam ödənilməmiş qalır.

12. İkinci (birləşdirilmiş) iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə iddiaçı fərdi sahibkar Cavabdeh arasında bağlanmış 017/21 nömrəli xx.xx.2021- ci il tarixli yanacağın alğı-satqı müqaviləsinin ləğv edilməsini, cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 11415 manat məbləğində borcun, Cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 320 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin və cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 125 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İkinci iddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC arasında bağlanmış 017/21 nömrəli xx.xx.2021-ci il tarixli yanacağın alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC yanacağın alıcı Cavabdeh satışını, alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürürlər. Alıcı fiziki şəxs Cavabdeh'oğlu yanacağın dəyəri olan 67.839,80 manat (ƏDV daxil) məbləğində pulu müxtəlif tarixlərdə (2021-2022ci illər ərzində) müqavilə şərtlərinə uyğun olaraq qabaqcadan satıcı "xxxx" MMC-nin bank hesabına köçürsə də, sonuncu müqavilə ilə üzərinə düşən öhdəliyi qismən icra etmiş, yanacağı alıcıya qismən təhvil vermiş və 11415,05 manat məbləğində olan yanacağı alıcıya təhvil verməmişdir. Belə ki, fiziki şəxs QuliyevFikrət Ramazan oğlu xx.xx.2022-ci il tarixdə 339,2 manat, xx.xx.2022-ci il tarixdə isə 11075,85 manat məbləğində pul vəsaitini avans olaraq "xxxx" MMC-nin bank hesabına köçürsə də, həmin məbləğdə yanacaq alıcı fiziki şəxs Cavabdeh təhvil verilməmişdir. "xxxx" tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, 2021-2022-ci illər ərzində fiziki şəxs Cavabdeh tərəfindən cəmi 67839,80 manat (ƏDV daxil) məbləğində pul "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 339,2 manat, xx.xx.2022-ci il tarixdə isə 11075,85 manat məbləğində pul əvvəlcədən cavabdehin bank hesabına köçürülmüş, lakin bunun müqabilində yanacaq iddiaçıya təhvil verilməmişdir. Hazırda "xxxx" MMC fərdi sahibkar Cavabdeh olan 11415,05 manat borcunu ödəməkdən imtina edir. Hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlanılmışdır. Bunun üçün 320 manat məbləğində pul ödənilmişdir. İddiaçı hesab edir ki, həmin məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq 017/21 nömrəli 01,02.2021-ci il tarixli yanacağın alğı-satqı müqaviləsi ləğv edilməli, cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 11415,05 manat məbləğində əsas borc, 320 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc və 125 manat məbləğində dövlət rüsumu tutulmalıdır.

14. İkinci iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "xxxx" MMC ilə iddiaçı fərdi sahibkar Cavabdeh arasında bağlanmış 017/21 nömrəli xx.xx.2021-ci il tarixli yanacağın alğı-satqı müqaviləsinin ləğv edilməsini, cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 11075 manat məbləğində borcun, cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 320 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin və cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 125 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İkinci iddia üzrə cavabdehin həmin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, ilk olaraq tərəflər arasında 017/21 nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. İiddiaçı tərəfindən 017/21 nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 70131.99 manat məbləğində yanacaq alınmış, həmin məbləğdə də iddiaçıya yuxarıda qeyd edilən tarixlərdə elektron qaimələr vurulmuşdur. İddaçı tərəfindən isə 70131.99 manat məbləğində puldan yalnız 67839.8 manat ödəniş edilmişdir. EBCK 206400 saylı qaimə üzrə 2072.19 manat, EBCN 968860 saylı qaimə üzrə isə 220 manat məbləğində, ümumi olaraq isə 2292.19 manat məbləğində isə ödənişi qalmışdır. Sistemə əlavə edilmiş bank hesabından çıxarışdan göründüyü kimi, cədvəldə qeyd edilənlər bank hesabındakı çıxarışlarla təsdiq edilir. Bunun nəticəsidir ki, İddiaçınə Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh ödənilməmiş 1942,54 manat məbləğində əsas borc, 349,66 manat məbləğində ƏDV borcu, cəmi 2292,20 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 250 manat xidmət haqqının, 46 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsiniməhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 ilə hazırki iddiaçı Cavabdeh arasında arasında uzun illər işgüzar münasibətlər olmuşdur. Həm İddiaçı MMC-nin həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında, onun arvadı X7, qızı X4 ilə müvafiq müqavilələr imzalanmışdır. Cavabdeh həm qızının, həm də arvadının adına açdığı VÖEN ilə özü arvadı və qızı Cəmiyyətlərdən yanacaq və digər mallar (sürtkü yağları, ehtiyyat hissələri və sair) almışdır, ona xidmətlər göstərmişdir. Hər üçünün Cəmiyyətlərdən aldığı mallara görə borcu qaldığı üçün onlara qarşı iddia qaldırılmışdır. Kommersiya mübahisəsinə dair işlər hazırda məhkəmənin icraatındadır. İddiaçı ərizəsində göstərir ki, müqavilədə yazılıb ki, ona ödəniş etdikdən sonra yanacaq verməli idi. Tərəflər arasında uzun müddət yaranmış işgüzar münasibətlər və onların xahişi əsasında yanacaq tərəflərindən onlara ödəniş etməzdən əvvəl göndərilmişdir. Bunu aydın etmək çox asandır. Belə ki, F. Quliyev ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə bütün elektron qaimələr və ödəniş tapşırıqları qarşılaşdırıldıqda Cavabdeh iddiasının əsassız olduğu, əksinə onun borcu olduğu müəyyən edilir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etikləri həqiqəti əks etdirmir. Əksinə iddiaçı və onun arvadı və qızının Cəmiyyətlər borcu qalmışdır. İddiaçının iddiası təqdim edilmiş sübutlarla təkzib edilir. (sistemə yüklənmiş elektron qaimə, bank hesabından çıxarışlar) Odur ki, iddiaçı Cavabdeh Trans Service Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi əsassız olduğu üçün, heç bir sübuta əsaslanmadığından rədd edilməlidir.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-1405/2025 saylı, qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “bocun ödənilməsi” tələbinə dair e-2-2(113)-1405/2025 saylı iş, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair e-2-2(113)-386/2025 saylı işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-386/2025 saylı qətnaməsi ilə ilkin iddia ərizəsi təmin edilmiş, Cavabdeh alqı-satqı müqaviləsi üzrə ödənilməmiş ədv daxil 2292,20 manat borc məbləği, hüquqi xidmət xərcinin əvəzi olaraq 250 manat və dövlət rüsumunun əvəzi olaraq 46 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı "11.075 manat məbləğində pul" tələbinə dair qarşılıqlı (birləşdirilmiş) iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli əlavə qətnaməsi ilə qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC ile iddiaçı ferdi sahibkar X5 arasında bağlanmış 017/21 nömrəli xx.xx.2021-ci il tarixli yanacağın alqısatqısı muqaviləsi xx.xx.2025-ci il tarixindən ləğv edilmiş hesab edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında 017/21 nömrəli 01 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə yanacaq satılmışdır, cavabdeh tərəfindən alınmış yanacağa dair müəyyən qədər ödəniş edilsə də, 2292,20 manat ödənilməmiş borcu qalmışdır. İlkin iddia üzrə iddiaçı həmin pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən yanacağın ödənişi qabaqcadan edilməlidir, sonra yanacaq verilməlidir. Cavabdeh tərəf iddiaçıya son olaraq xx.xx.2022-ci il tarixində 11075,85 manat ödəniş etmişdir, lakin həmin pulun müqabilində iddiaçı tərəf cavabdehə yanacaq verməmişdir, belə ki, iddiaçı tərəf yanacağın təhvil-təsliminə dair heç bir sənəd məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi isə cavabdehin bu arqumentinə etiraz edərək bildirmişdir ki, baxmayaraq ki, müqavilədə yanacağın dəyərinin əvvəlcədən ödənilməsi göstərilib, lakin tərəflər arasında işğüzar münasibətlər elə formalaşmışdır ki, yanacaq öncədən verilirdi, sonra pul ödənilirdi. Qabaqcadan yanacağın dəyəri, neçə litr tutması müəyyən edilə bilməz. Yanacaq maşınlara doldurulduqdan sonra müəyyən edilirdi həcmi, qiyməti və sonra ödəniş edilirdi. Ona görə də müqavilədə qabaqcadan ödəniş şərti formaldı, faktiki olaraq yanacaq verilirdi, sonra pul ödənilirdi. Məhkəmə hesab etmişdir ki, cavabdehin ilkin iddiaya etirazının və qarşılıqlı (birləşdirlilmiş) iddia ərizəsinin arqumentləri tamamilə əsassızdır və sadəcə borcun ödənişindən yayınmasına xidmət edir. Belə ki, birincisi, cavabdeh tərəf bildirir ki, tərəflər arasında yanacağın satışına dair təhvil-təslim aktı olmalıdır, təhvil-təslim aktı mövcüdolmadığı üçün yanacaq verilməyib və dəyəri də iddiaçı tərəfindən tələb edilə bilməz. Lakin, cavabdeh tərəf məhkəmənin əvvəllər satılmış və cavabdeh tərəfindən dəyəri artıq ödənilmiş yanacağa dair təhvil-təslim aktları mövcüd olub mu sualına və mövcüd olubsa, məhkəməyə təqdim edilməsi təklif edilsə də, cavabdeh tərəf öz arğumentini təstiq edəcək hər-hansı sübutu (tərəflər arasında işğüzar münasibətin məhz təhvil-təslim aktları əsasında formalaşmasını) məhkəməyə təqdim edə bilməmişdir. İkincisi, cavabdeh bildirir ki, iddiaçıya son olaraq xx.xx.2022- ci il tarixində 11075,85 manat ödəniş edilmişdir, lakin həmin ödənişin müqabilində yanacaq təhvil verilməmişdir. Buna dair məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, son ödənişdən sonra iddiaçı tərəfindən cavabdehə bir (xx.xx.2023-cü il tarixli) e-qaimə göndərilmişdir, həmin qaiməyə etiraz edilməmiş, ümumiyyətlə bütün qaimələr təsdiq edilmişdir. Məhkəmə qeyd etmişdir ki, əgər həqiqətən də ilkin iddia üzrə cavabdehin bildirdiyi kimi - qabaqcadan ödəniş olunurdu, sonra yanacaq verilirdi və son ödənişə dair iddiaçı tərəfindən 11075,85 manatlıq yanacaq verilməmişdirsə, cavabdehin iki ildən artıq müddət ərzində iddiaçıya bununla bağlı hər-hansı tələbin (yanacağın verilməsi və ya pulun geri qaytarılması) göndərilməməsi və yalnız ilkin iddiaçı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixində (2292,20 manat borcun tutulması barədə barədə) iddia ilə müraciət edildiyi tarixindən dörd ay sonra (xx.xx.2024-cü il tarixində) 11075,85 manat pulun qaytarılması ilə bağlı qarşılıqlı iddianın qaldırılması bir daha da cavabdehin bu cür arqumentinin tamamilə əsasız olduğunu göstərir. Beləliklə, ilkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı tərəf öz arqumentlərinin əsaslı olmasına dair hərhansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazın və qarşılıqlı iddia ərizəsinin arqumentlərinin əsaslı olmasına dair məhkəmədə daxili inamı yarada bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilki iddia ərizəsi təmin edilərək Cavabdeh alqı-satqı müqaviləsi üzrə ödənilməmiş ədv daxil 2292,20 manat borc məbləği tutularaq ilkin iddia üzrə İddiaçı MMCyə ödənilməlidir, qarşılıqlı iddia ərizəsi 11075 manat məbləğində pulun MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi hissəsində qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı hüquqi xidmətə görə ödənilmiş 250 manat xidmət haqqının və 46 manat dövlət rüsumu xərcinin cavabdehdən tutulmasını, qarşılıqlı iddiaçı isə 320 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin və dövlət rüsumunun əvəzi olaraq 125 manatın MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, ilkin iddia ərizəsi təmin edildiyi üçün ilkin iddia üzrə ödənilmiş 46 manat dövlət rüsumu və 250 manat hüquqi xidmət xərci ilkin iddia üzrə cavabdehə, qarşılıqlı iddia ərizəsi rədd edildiyi üçün isə vəkil xərci və dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 568.1, 579.1, 600.1, 600.4, 443.1-ci maddələrinə, məhkəmə xərcləri hissəsində isə AR Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

21. Əlavə qətnamədə göstərilmişdir ki, işdən göründüyü kimi qarşılıqlı iddia üzrə tərəflər arasında bağlanmış müqavilənin ləğvi xahiş edilsə də, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən həmin məsələ həll edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-386/2025 nömrəli, 05 mart 2025-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia üzrə alqı-satqı müqaviləsinin ləğvi tələbinə münasibət bildirilmədiyindən iş üzrə əlavə qətnamə qəbul edilməlidir. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdeh fiziki şəxsə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi və yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş və məktub elektron qaydada xx.xx.2024-cü il tarixində elektron qaydada MMC-yə çatdırılmışdır. İddiaçı MMC ilə Cavabdeh (Alıcı) arasında bağlanmış 017/21 nömrəli 01 fevral 2021-ci il tarixli alqı-satqı müqavilənin 6.3-cü maddəsinə görə, bu müqavilə 3 il müddətinə qüvvədədir. Müqavilənin bitdiyi tarixə ən az 7 təqvim günü qalmış tərəflərdən biri digərinə müqavilənin ləğv edilməsi barədə yazılı müraciət etməzsə, bu müqavilənin müddəti növbəti ilə (illərə) avtomatik olaraq uzadılmış hesab olunur. Müqavilənin 6.4-cü maddəsinə əsasən tərəflər bir birlərini 1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdirlər. Müqavilənin 6.5-ci maddəsinə əsasən, Müqaviləyə xitam verilərkən tərəflərarasında müvafiq hesablaşmalar aparılır və bir tərəf digər tərəfə bu müqavilə üzrə artıq ödədiyi vəsaitin geri qaytarılmasını və ya əldə etmədiyi vəsaitin ödənilməsini tələb edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi müqavilənin ləğv edilməsi tələbinə dair hissədə qismən təmin edilməlidir. Sadalanan normaların təhlili göstərib ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə üç şərtdən biri mövcud olduqda ləğv oluna bilər: 1. tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 2. Məcəllədə və ya 3. müqavilədə nəzərdə tutulduqda. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.4-cü maddəsinə əsasən tərəflər bir birlərini 1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdirlər. İşdə olan iddiaçı tərəfindən cavabdehə göndərilən xx.xx.2024-cü il tarixli (xx.xx.2024-ci il tarixdə cavabdehə elektron qaydada çatdırılıb) xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi və yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, müqavilədə nəzərdə tutulmuş “1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq müddəti” (xəbərdarlığın qarşılıqlı iddia üzrə cavabdehə çatdırıldığı xx.xx.2024ci il tarixindən hesablanmaqla) nəzərə alınmaqla cavabdeh "xxxx" MMC ilə iddiaçı fərdi sahibkar X5 arasında bağlanmış 017/21 nömreli xx.xx.2021-ci il tarixli yanacağın alqısatqısı muqavilesi xx.xx.2025-ci il tarixindən ləğv edilmiş hesab edilməlidir.

22. Birinci instansiya məhkəməsi əlavə qətnaməni AR Mülki Prosessual Məcəlləsinin 185, 229.1, 229.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.1, 421.1, 421.2, 421.3, 442-ci maddələrinə istinadla əsaslandırmışdır.

23. İkinci iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia tələbinin təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh "xxxx" MMCyə qarşı pul tələbinə dair iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

24. İkinci iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən satıcı yanacağın alıcıya satışını, alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürür. Hesab edir ki, müqavilədəki bu şərtin məhkəmə tərəfindən səhv təfsir edilməsi yolverilməzdir. Çünki fiziki şəxs Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 017/21 nömrəli xx.xx.2021-ci il tarixli yanacağın alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC yanacağın alıcı Cavabdehna satışını, alıcı isə göstərilən yanacağın dəyəri ni qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürürlər. Alıcı fiziki şəxs Cavabdeh yanacağın dəyəri olan 67839,80 manat (ƏDV daxil) məbləğində pulu müxtəlif tarixlərdə (2021-2022-ci illər ərzində) müqavilə şərtlərinə uyğun olaraq qabaqcadan satıcı "xxxx" MMC-nin bank hesabına köçürsə də, sonuncu müqavilə ilə üzərinə düşən öhdəliyi qismən icra etmiş, yanacağı alıcıya qismən təhvil vermiş və 11075,85 manat məbləğində olan yanacağı alıcıya təhvil verməmişdir. Belə ki, fiziki şəxs Cavabdeh xx.xx.2022-ci il tarixdə 11075,85 manat məbləğində pul vəsaitini avans olaraq "xxxx" MMC-nin bank hesabına köçürsə də, həmin məbləğdə yanacaq alıcı fiziki şəxs Cavabdeh təhvil verilməmişdir. "xxxx" tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, 2021-2022-ci illər ərzində fiziki şəxs Cavabdeh tərəfindən cəmi 67839,80 manat (ƏDV daxil) məbləğində pul "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə isə 11075,85 manat məbləğində pul əvvəlcədən cavabdehin bank hesabına köçürülmüş, lakin bunun müqabilində yanacaq iddiaçıya təhvil verilməmişdir. Lakin məhkəmə qeyd edilən halı nəzərə almamışdır. Beləliklə, məhkəmə tərəfindən maddi hüquq normalarının tələbi pozulmuşdur. Məhkəmə iclasında dəfələrlə təhvil-təslim aktının olmaması barədə tərəfindən bildirilsə də, cavabdeh bunu məhkəməyə təqdim edə bilməmişdir.

25. Apellyator şikayətində pozulmuş maddi hüququ norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.2.2, 567-ci maddələrini göstərimişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırmışdır ki, müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış yanacaq cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. “Alıcıya” təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən xx.xx.2024- cü il tarixinədək cəmi ƏDV ilə birlikdə mala görə cəmi 2292,20 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı MMC tərəfindən cavabdehə cavabdehə müvafiq e-qaimələr vurulmuşdur. İddiaçı MMC ilə fiziki şəxs kimi fəaliyyət göstərən Cavabdeh arasında bağlanmış 01 Fevral 2021-ci il tarixli 017/2021 yanacağın alqı-satqı müqaviləsi əsasında satılmış malın dəyəri 70132.00 manat ƏDV ilə birlikdə olmuşdur. 2021-2022-ci illər ərzində bu məbləğin 67839.80 manat ƏDV daxil hissəsini ödəmişdir, lakin 2292.20 manat ƏDV daxil məbləği isə hələ də ödəməmişdir. ( 1942.54 manat əsas , 349.66 manat ƏDV borcu) İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, İddiaçı MMCtərəfindən fiziki şəxs kimi fəaliyyət göstərən Cavabdeh satılmış malın dəyəri üzrə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Lakin Cavabdeh tərəfindən satılmış malların pulu hələ də tam ödənilməmiş qalır . Bundan əlavə cavabdeh apelyasiya şikayətində qeyd edir ki, iddiaçıya son olaraq xx.xx.2022- ci il tarixində 11075,85 manat ödəniş edilmişdir, lakin həmin ödənişin müqabilində yanacaq təhvil verilməmişdir. Bununla bağlı bildirir ki, cavabdeh heç vaxt verilmiş malların və göstəriləcək xidmətlərin dəyərini qabaqcadan ödəməmişdir. Aralarında olan işgüzar münasibətlərə əsasən cavabdehə mal verilmiş, daha sonra ödənişlər həyata keçirilmişdir. Bundan əlavə tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarında olan sənədlərdən də görünür ki, son ödənişdən sonra iddiaçı tərəfindən cavabdehə bir (xx.xx.2023-cü il tarixli) eqaimə göndərilmişdir, cavabdeh isə həmin qaiməyə etiraz edilməmiş, ümumiyyətlə bütün qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Əgər həqiqətən də cavabdehin bildirdiyi kimi - qabaqcadan ödəniş olunurdu, sonra yanacaq verilirdi və son ödənişə dair iddiaçı tərəfindən 11075,85 manatlıq yanacaq verilməmişdirsə, cavabdehin iki ildən artıq müddət ərzində bizə bununla bağlı hər-hansı tələbin (yanacağın verilməsi və ya pulun geri qaytarılması) göndərilməməsi və yalnız iddiaçı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixində 2292,20 manat borcun tutulması barədə barədə iddia ilə müraciət edildiyi tarixindən dörd ay sonra yəni, xx.xx.2024-cü il tarixində 11075,85 manat pulun qaytarılması ilə bağlı qarşılıqlı iddianın qaldırılması bir daha da cavabdehin bu cür arqumentinin tamamilə əsasız olduğunu göstərir. Göründüyü kimi Cavabdeh apelyasiya şikayətində qeyd etdikləri tamamilə əsassızdır, həqiqəti əks etdirmir, heç bir sübuta əsaslanmır, apelyasiya şikayəti rədd edilməlidir. Onu da qeyd edir ki, tərəflər arasında bir neçə məhkəmə mübahisəsi vardır. Cavabdeh tək hazırki müqavilə üzrə deyil bir neçə müqavilə üzrə iddiaçıya göstərilmiş xidmət müqabilində pul borcludur. Belə ki, X2 həm İddiaçıMMC-nin həm də "xxxx" MMCnin direktoru və təsisçisidir. Tərəflər arasında yaranmış uzun müddət işgüzar münasibətlər zəmnində Cavabdeh Ələddin oğluna, (digər işlər üzrə cavabdeh olan) X6 (arvadı), X3 (qızı) (onların adında etibarnamə üzrə Cavabdeh çıxış etmişdir) müvafiq müqavilələr bağlanmış, müvafiq xidmətlər göstərilmişdir. Lakin cavabdeh həmin müqavilələr üzrə öz öhdəlikırini yerinə yetirməmişdir. Hazırki şikayəti verməkdə məqsəd ancaq, məhkəməni uzatmaq, məhkəmə qətnaməsində tutulmalı olan məbləği ödəməkdən boyun qaçırmaqdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

27. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

28. İkinci iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə ikinci iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

29. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

30. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

31. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri:

32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Həmin Məcəllənin 372.7-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia təmin edilmiş, ikinci (qarşılıqlı) iddia isə (iş üzrə qətnamənin tamamlayıcı hissəsi olan əlavə qətnamədə əks olunmuş nəticə də nəzərə alınmaqla) qismən təmin edilmişdir. Odur ki, kollegiya MPM-in 372.6-cı maddəsinin tələblərini, ilkin iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçının apellyasiya şikayətində qətnaməni ilkin iddianın təmin və ikinci iddianın rədd edilməsi hissəsində mübahisələndirdiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı ilkin iddianın təmin, ikinci iddianın rədd edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçı, ikinci (birləşdirilmiş) iddia üzrə cavabdeh İddiaçı MMC (satıcı) ilə ilkin iddia üzrə cavabdeh, ikinci (birləşdirilmiş) iddia üzrə iddiaçı Cavabdeh (alıcı) arasında 017/21 nömrəli 01 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı həmin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra edərək sifariş edilmiş malları (yanacağı) ilkin iddia üzrə cavabdehə təqdim etsə də, ilkin iddia üzrə cavabdeh tərəfindən yanacağın dəyərinin tam ödənilmədiyini əsas göstərərək təqdim edilmiş mallara görə ƏDV daxil 2292,20 manat məbləğində borcun ödənilməsini tələb edir. İlkin iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı isə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən yanacağın ödənişinin qabaqcadan edilməli olmasını, ilkin iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdehə son olaraq xx.xx.2022-ci il tarixində 11075,85 manat avans ödənişi edildiyini, lakin həmin avans müqabilində qarşı tərəfin ona yanacaq vermədiyini əsas göstərərək avans olaraq ödənilmiş 11075 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdehdən tutularaq ona qaytarılmasını, ilkin iddianın isə rədd edilməsini tələb edir.

37. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər iki iddiaya münasibət bildirilməsi eyni faktiki halların araşdırılmasını tələb etdiyindən iddialara paralel şəkildə hüquqi qiymət verilməsi mümkündür.

38. İlkin iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci, 597.1-ci maddələri, ikinci iddianın qanuni əsasını isə Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.

39. Məhkəmə tərəfindən araşdırılmalı olan mübahisəli hal yuxarıda göstərilən alqı-satqı müqaviləsi üzrə ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə təqdim edilən yanacağın həcmi və dəyəri ilə bağlıdır.

40. Bununla bağlı kollegiya ilk növbədə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə ƏDV daxil 70132 manat məbləğində malların təqdim edilməsinə dair elektron qaimələr göndərilmiş, ilkin iddia üzrə cavabdeh tərəfindən isə onun üçün vergi öhdəlikləri yaradan həmin qaimələr düzəliş üçün qaytarılmamış və həmin qaimələrə başqa formada etiraz edilməmişdir.

41. İkincisi, mallara dair təhvil-təslim aktlarının təqdim edilməməsi barədə ilkin iddia üzrə cavabdehin arqumentlərinə münasibətdə kollegiya qeyd edir ki, ilkin cavabdeh cəmi 11.075 manat məbləğində ödənişin müqabilində cavabdeh tərəfindən yanacağın verilməsini inkar etsə də, yəni mübahisəli müqavilə üzrə tərəfindən edilmiş 67.839,8 manat məbləğində ümumi ödənişdən qalan 56.764,8 (67.839,8 -11.075) manatının müqabilində yanacağın təqdim edilməsi faktını mübahisələndirməsə də, təqdim edilməsini qəbul etdiyi 56.764,8 manat məbləğində yanacaqla bağlı təhvil-təslim aktlarını məhkəməyə təqdim etməmişdir. Göstərilən hal isə ona dəlalət edir ki. tərəflər arasında malların təqdim edilməsinin təhvil-təslim aktları imzalanmadan elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsi barədə işgüzar münasibət formalaşmışdır.

42. Müqavilənin şərtlərinə əsasən mallara görə qabaqcadan ödəniş edilməli olması barədə dəlillərə gəldikdə qeyd edilməlidir ki, iş materiallarında olan elektron qaimələri və ödənişləri müqayisə etdikdə müqavilə üzrə ödənişlərin əksər hallarda elektron qaimələr göndərildikdən, yəni mallar təqdim edildikdən sonra edildiyi müəyyən edilir. Digər tərəfdən hesabdan çıxarışdan aydın olur ki, ilkin cavabdehin istinad etdiyi cəmi 11.075 manat məbləğində son iki ödənişin təyinatında avans olduğu qeyd edilməmişdir.

43. Bununla yanaşı o da qeyd edilməlidir ki, 11.075 manat məbləğində ödəniş edildiyi tarixə ilkin cavabdehin ilkin iddiaçıya elektron qaimələr üzrə həmin məbləğdən daha artıq məbləğdə borcu mövcud olmuşdur. Odur ki, təqdim edilmiş elektron qaimələr üzrə borc mövcud olduğu halda ikinci iddia üzrə iddiaçının 11.075 manat məbləğində pulu avans olaraq ödəməsi ağlabatan görünmür.

44. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda müqavilədə qabaqcadan ödəniş barədə şərtin mövcudluğu 11.075 manat məbləğində ödənişin avans olması barədə qənaətə gəlmək üçün yetərli əsas hesab edilə bilməz.

45. Beləliklə, işin materiallarında olan sübutların məcmusu ilə (elektron qaimələr, həmin qaimələr üzrə qismən ödənişlər) ilkin iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh tərəfindən ilkin iddia üzrə cavabdehə, ikinci iddia üzrə iddiaçıya ƏDV daxil 70132 manat məbləğində yanacaq təqdim edilməsi öz təsdiqini tapır.

46. Belə halda, həmin yanacağın müqabilində ilkin iddia üzrə cavabdeh, iikinci iddia üzrə iddiaçı tərəfindən cəmi 67839,80 manat məbləğində ödəniş edildiyini nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, təqdim edilmiş mallara görə ƏDV daxil 2292,20 (70132-67839,80) manat məbləğində borcun ödənilməsi tələbinə dair ilkin iddia əsaslı, artıq ödənilmiş 11075 manat pulun qaytarılması tələbinə dair ikinci iddia isə əsassızdır.

47. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Eyni zamanda kollegiya qeyd edir ki, ilkin və qarşılıqlı iddia tələblərinə üzrə qətnamə dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinə dair (o cümlədən vəkil xərcləri ilə bağlı) hissədə qətnamənin dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İkinci iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 386/2025 saylı qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar