Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-623/2023 04.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin cavabdeh “Qarabulaq+7” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Quliyevanın katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-743/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. “Qarabulaq+7” MMC (satıcı) ilə İddiaçı QSC (alıcı) arasında xx.xx.2019-cu il tarixli 624/MA-1027 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun əşyaları (bundan sonra "Mal" və ya "Mallar" adlanacaq) bu Müqavilənin 3.3-cü bəndində göstərilmiş alıcının ünvanına çatdırmağı, alıcı isə müqavilə əsasında malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Həmin müqaviləyə 1 saylı qoşmaya (malların təşviqi və qiyməti) əsasən Çin KYM markalı müxtəlif ölçüdə, miqdarda, dəyərdə malların (yastıqların) ümumi dəyəri (ƏDV daxil) 71.905,42 manat (60.936,80+10.968,62 manat ƏDV) olması müəyyən edilmişdir.
3. Müqaviləyə əsasən alıcı İddiaçı QSC tərəfindən satıcı “Qarabulaq+7” MMC-yə 27504,5 manat məbləğində pul vəsaiti ödənilmişdir.
4. 30.09.2019-cu il tarixdə İddiaçı QSC “Qarabulaq+7” MMC-yə xitam bildirişi göndərməklə müqaviləyə sonuncunun müqavilə üzrə öhdəliklərini pozması ilə əlaqədar xx.xx.2019-cu il tarixdən birtərəfli qaydada xitam vermişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı QSC cavabdeh “Qarabulaq+7” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qarabulaq+7“ Məhdud Məsuliyyətli Cəmiyyətindən 12.145,39 manat məbləğində əsas borcun, 1.214,53 manat məbləğində qanun üzrə dəbbə pulunun və məhkəmə xərcləri üçün ödənilmiş 200 manat mediasiya rüsumunun, cəmi 13.559,92 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməməsi səbəbindən iddiaçıya 12.145,39 manat məbləğində olan borcları yaranmışdır. “Qarabulaq+7” MMC tərəfindən hal-hazıra kimi müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində Cəmiyyət maliyyə çətinlikləri ilə üzləşmiş və digər qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.
7. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, “Qarabulaq+7” MMC ilə İddiaçı QSC-nin “diyircək yastıqların” bir illik tələbata uyğun olaraq elan etdiyi tender müsabiqəsində böyük qiymət fərqi ilə 60.968,80 manat məbləğində 624/MA- 1027 saylı xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə uyğun olaraq istehsalçı Çin Xalq Respublikasında X3 yerləşdiyi üçün istehsalçıya 30% qiymətini ödəyərək “KYM” markalı yastıqların sifarişinə başlanmış və karqo vasitəsi ilə “Çin karqo” şirkəti Bakıya çatdırılmasını həyata keçirmişdir. Bu çatdırılma müəyyən vaxt tələb etdiyindən QSC-nin Təchizat İdarəsi tərəfindən ünvanlarına daxil olan mütəmadi sifarişlər tərəflərindən yerinə yetirilmiş və həmin vaxt anbarda olan Avropa istehsalı olan “SKF” markalı yastıqlarla təmin olunmuşdur. Malların bir illik tələbata uyğun olması və sifariş olduqda 15 gün müddətində çatdırılması müqavilənin 3-cü bəndinin 3.1-ci hissəsinə uyğun olduğu üçün bu məsələyə həmişə tərəflərindən ciddi əməl olunmuşdur. Bütün bunlara baxmayaraq, Çin Xalq Respublikasından sifariş edilən mallar Azərbaycan Respublikasının Gömrük zonasına daxil olduqdan sonra tərəflərindən 21 oktyabr 2019-cu il tarixli 181 nömrəli məktubla tenderdə elan olunmuş KYM markalı diyircəkli yastıqların Çin Xalq Respublikasından ölkəyə gətirildiyini və təhvil vermək niyyətlərini bildirsələr də, iddiaçı QSC-dən cavab olaraq xx.xx.2019-cu il GU xx/xx-1382 saylı məktubla xx.xx.2019-cu il tarixli müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. Bundan sonra iddiaçı hər hansısa bir addım atmamış və müqavilə üzrə əldə edilən məhsulları tələb etmədiyi üçün alınan mallar dəyərindən aşağı qiymətə satılmışdır. İddiaçı tərəfindən əlavə edilən xx.xx.2020-ci il tarixli pretenziya məktubundan da göründüyü kimi, iddiaçı tərəflərindən öhdəliklərin icrasından 10 ay sonra, müqavilə üzrə öhdəliklərini xatırlamış və tələb etmək niyyətini bəyan etmişdir. Qeyd edilən pretenziya məktubu da onlara təqdim edilməmiş, iddiaçı pretenziya məktubundan iki ilə yaxın müddət keçdikdən sonra məhkəməyə iddia ilə müraciət etmişdir. Bu isə iddiaçının qanunvericiliklə nəzərdə tutulan müddəti ötürdüyünü göstərən haldır.
8. İddiaçı iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz edir və bildirir ki, xx.xx.2022-ci il tarixdə CF 02/02-285 saylı məktubla cavabdehin hüquqi ünvanında müraciət edilmiş və borcun ödənilməsinin təmin edilməsi bildirilmişdir. Lakin cavabdeh tərəfindən həmin məktubun qəbulundan imtina edilmiş və “Qarabulaq+7” MMC-nin hüquqi ünvanında belə bir şirkətin olmadığı bildirilmişdir. xx.xx.2022-ci il tarixdə tərəflərindən cavabdehin hüquqi ünvanına CF02/02- 401 saylı pretenziya ilə müraciət edilmiş və borcun ödənilməsi tələb edilmişdir. Lakin bu halda da məktubun qəbulundan qərəzli şəkildə imtina edilmişdir. Halbuki, 624MA-1027 saylı xx.xx.2019-cu il müqavilədə cavabdehin hüquqi ünvanı ünvan 1nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından müəyyən olunur ki cavabdehin hüquqi ünvanı ünvan 2deh isə ASCO tərəfindən göndərilən məktubları qəbul etməkdən qərəzli şəkildə yayınmışdır. Bu xüsusatlar təqdim edilmiş pretenziyanın çatdırılması barədə qəbzdən də müəyyən olunur. ASCO tərəfindən məhkəməyədək borcun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehə xx.xx.2022-ci il tarixdə MC02/02-697 saylı təklif göndərilmiş, lakin yenidən hüquqi ünvanda bu təklifin qəbulundan imtina edilmişdir. ASCO tərəfindən isə 16 saylı Mediasiya təşkilatına müraciət edildikdən sonra cavabdehə eyni ünvana təşkilat tərəfindən göndərilmiş məktub qəbul edilmiş və cavabdeh mediasiya prosesində iştirak etmişdir. Qeyd olunanlardan məüyyən olunur ki, cavabdeh tərəfindən ASCO tərəfindən göndərilən bütün rəsmi sənədlərin qəbulundan qərəzli və məqsədli şəkildə imtina edilmişdir. Həmçinin 16 saylı mediasiya təşkilatına cavabdehin ünvanı tərəflərindən təqdim olunmuşdur. Həmçinin cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış müddətin tətbiqi ilə bağlı ərizədə 10 ay sonra öhdəliklərin icrasını tələb etmələri qəbul olunmuş və bu hal cavabdehə məlum olmuşdur. Göründüyü kimi tərəflərindən iddia müddəti buraxılmamışdır. Belə ki, dəfələrlə tərəflərindən müəyyənləşdirilmiş qaydada iddialar irəli sürülərək borcun ödənilməsi tələb edilmiş və iddia müddətinin axımı bu hərəkətlərlə kəsilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-743/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
10. İddiaçı QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi tətbiq edilmiş, dövlət qurumlarının və məhkəmə orqanlarının fəaliyyəti müvəqqəti dayandırılmışdır. Məhkəmə araşdırması zamanı təqdim etdikləri müvafiq sənədlər əsasında müəyyən olundu ki, cavabdeh tərəfindən qərəzli və məqsədli şəkildə tərəflərindən göndərilən bütün rəsmi sənədlər qəbul edilmir, suni şəkildə iddiaçının məhkəməyə çatımlılığının qarşısı alınmışdır. Lakin məhkəmə tərəfindən bu xüsusatlar ümumiyyətlə araşdırılmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Hesab edirlər ki, cavabdehin bu qərəzli və məqsədli qanunazidd hərəkətləri nəticəsində iddiaçı tərəfindən özündən asılı olmayan səbəblərə görə qanunla müəyyən edilmiş müddətdə iddia irəli sürülə bilməmişdir. Belə ki, bu hərəkətlər nəticəsində iddia qaldırmaq və hüquqlarını qorumaq imkanından məhrum olmuşlar, hesab edirlər ki, bu müddətlər iddia müddətinin axımına daxil edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 mart 2020-ci il tarixli və 23 aprel 2023-cü il tarixli qərarlarında, AR məhkəmələrinə tövsiyyə olunub ki, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması istisna olmaqla, icraatında olan digər işlərə baxılması təxirə salınsın. Qeyd olunan qərarlardan müəyyən olunur ki, ölkə ərazisində məhkəmələrin fəaliyyəti müəyyən müddətə dayandırılmışdır, bu səbəbdən də hesab edirlər ki, qərarlarda göstərilən müddətlərdə iddia müddətini axımı kəsilir və bu xüsusat məhkəmə prosesləri zamanı araşdırlmamış və məhkəmə qətnaməsində əks olunmamaqla, qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Bundan əlavə, tərəflərindən dəfələrlə cavabdehə pretenziya məktubları göndərilmiş və borcun ödənilməsi tələb olunmuşdur. Lakin məhkəmə tərəfindən bu xüsusatlar zəruri hüquqi qiymət verilməmiş və araşdırlmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi.
14. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
16. Həmin Məcəllənin 379.1 və 379.1.1-ci maddələrinə əsasən iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır.
17. Həmin Məcəllənin 379.3-cü maddəsinə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
18. Həmin Məcəllənin 380.1-ci madəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
23. “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
24. Həmin Qanunun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
25. Həmin Qanunun 32.4.2-ci maddəsinə görə mediasiya prosesinə bu Qanunun 32.1.9cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
28. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.
29. Hazırki işdə də həmin maddənin bütün dispozisiya şərtləri mövcuddur.
30. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin imzalanması, eləcə də alıcı (iddiaçı) tərəfindən 12.145,39 manat məbləğində malların dəyərinin əvvəlcədən satıcının (cavabdehin) hesabına ödənilməsi, lakin müqavilə üzrə malların alıcıya təhvil verilməməsi işin mübahisəsiz hallarını təşkil edir.
31. Çünki cavabdeh nəinki malları təqdim etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, həmçinin bu halları mübahisələndirilməmiş və ümumiyyətlə malları verdiyinə istinad etməmişdir.
32. Ona görə də, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən təhvil verilməmiş mallara görə ödədiyi 12.145,39 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
33. Bununla yanaşı kollegiya hesab edir ki, iddia təmin edilə bilməz.
34. Belə ki, hazırkı halda iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququ ən geci iddiaçının mübahisəli müqavilədən imtina etməklə mübahisəli müqavilə üzrə öhdəliklərə xitam verdiyi tarixdən, yəni müqavilə üzrə malların artıq təqdim edilməyəcəyinin iddiaçıya məlum olduğu xx.xx.2019-cu il tarixdən yaranmış, belə olan halda isə iddia müddətinin axımı da Mülki Məcəllənin 377.3-ci maddəsinə əsasən həmin tarixdən başlamalıdır.
35. Eyni zamanda, hazırki işdə iddia müddətinin axımının kəsilməsi halı da müəyyən edilmir. Belə ki, iddiaçı bununla bağlı sübutları təqdim etməmişdir.
36. İddiaçı tərəfindən cavabdehə pretenziya məktublarının göndərilməsi, lakin cavabdehin həmin məktubları qəbul etməkdən yayınması barədə iddiaçının dəlilləri isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmamışdır.
37. Çünki Mülki Məcəllənin 380.1-ci maddəsi kreditor tərəfindən deyil, borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi halında iddia müddətinin axımının kəsilməsini müəyyən etmişdir.
38. Həmin pretenziyaların cavabdehə təqdim edilməsi ehtimal edilsə belə, göstərilən hal iddiaçı tərəfindən cavabdehə qarşı iddia irəli sürülməsi anlamına gəlmir, iddia müddətinin axımı kəsilməsinə səbəb olmur.
39. İddiaçının istinad etdiyi hallar, yəni COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə elan edilmiş xüsusi karantin rejiminin tətbiqinin iddia müddətinin axımı dayandırılmasına səbəb olması barədə dəlillər isə əsassızdır.
40. Belə ki, Mülki Məcəllənin 379.3-cü maddəsinin məzmunundan da göründüyü kimi iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
41. Hazırki işdə iddia müddətinin son altı ayı isə xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2022 - xx.xx.2022-ci il tarix (xx.xx.2022 və xx.xx.2022-ci il tarixləri qeyri-iş günü olduğu üçün) aralığına düşür.
42. Həmin tarixlərdə isə koronavirus infeksiyası ilə bağlı ölkədə sərt karantin rejimi tətbiq edilməmişdir. Çünki sərt karantin rejimi əsasən 2020-ci ildə və 2021-ci ilin əvvəllərində tətbiq edilmişdir.
43. Bundan əlavə iddia müddətinin son altı ayı ərzində ölkədə xüsusi karantin rejimi tətbiq edilsə də, məhkəmələrin fəaliyyəti davam etmiş və vətəndaşların məhkəməyə müraciət etməsi ilə bağlı hər hansı maneə mövcud olmamışdır. Həmin xüsusi karantin rejimi hazırda da davam edir.
44. Həmçinin Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərindən göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, iddia ərizələrinin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.
45. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Yəni ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi qəbul edilsə belə, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddia irəli sürmək imkanına malik olmuşdur.
46. Göründüyü kimi hazırki işdə iddiaçının istinad etdiyi kimi iddia müddətinin axımının dayandırılmasına əsas olan hallar baş verməmişdir.
47. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən başlanmışdır.
48. xx.xx.2019-cu il tarixdə hadisənin baş verməsi ilə bağlı başlamış iddia müddətinin axımı hadisənin baş verdiyi tarixdən növbəti gündən – xx.xx.2019-cu il tarixdən hesablanmaqla müddətin sonuncu günü xx.xx.2022-ci il tarixə (xx.xx.2022 və xx.xx.2022-ci il tarixləri qeyri-iş günü olduğu üçünü) təsadüf edir. Bu baxımdan iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin oktyabr ayının 5-də (İddiaçının nümayəndəsi məhkəmə göndərdiyi mülahizədə təklifin məhz həmin tarixdə göndərildiyini göstərmişdir) mediasiya prosesinin tətbiqi barədə təklif göndərilərkən 3 il 2 gün müddət keçmişdir.
49. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
50. Tərəflərin mediasiya prosesində olduğu və iddia müddətinin axımının dayandığı bir aylıq müddət nəzərə alındığı halda belə, iddiaçının hazırkı iddianı xx.xx.2023-cü ildə qaldırmaqla iddia müddətini buraxması açıq-aşkardır.
51. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.
52. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-743/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Fuad Abdıyev
Aida Hüseyn