Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-624/2023 04.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Quliyevanın katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-864/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı ilə alıcı Cavabdeh MMC arasında 18 oktyabr 2021-ci il tarixli AS-B/21 saylı sement məhsullarının alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı sement məhsullarını alıcıya satmağı, alıcı isə malların dəyərinin satıcıya ödənilməsini öz öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ödənilməmiş 31448 (otuz bir min dörd yüz qırx səkkiz) manat məbləğində əsas borcun və ödənilmiş 210 manat məbləğdə dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, o, müqavilə üzrə öhdəliyini yerinə yetirsə də Cavabdeh MMC aldığı məhsulun dəyərini ödəməmişdir. Belə ki, Cavabdeh MMC-nin hal-hazıradək İddiaçı MMC-yə ödənilməmiş 31448 manat məbləğində borcu qalmışdır.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-864/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan aldığı sement məhsullarını tikinti şirkətlərinə nisyə satmış, lakin tikinti şirkəti məhsulun dəyərini vaxtında köçürmə və ya nəğd şəkildə ödəyə bilmədiyindən ayrı icra təklif edilmiş, iddiaçı isə ayrı icranı qəbul etməkdən qəti şəkildə imtina etməklə, müqavilənin 10.1ci bəndinə uyğun olmayan hərəkətlərə yol vermişdir. Bu səbəbdən də müqavilə üzrə öhdəliklərin icrası cavabdehin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilmişdir. Bununla belə, cavabdeh "xxxx" MMC-nın qanuni təmsilçisi Nümayəndə2 tərəfindən İddiaçı MMC-nin Ziya adlı əməkdaşına alınmış malın dəyərindən 5000 manat nağd şəkildə ödəniş edilmiş, lakin həmin şəxs cavabdehin qanuni təmsilçisinə ödənişə dair qəbz təqdim etməkdən yayınmış və iddia qaldırılarkən cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 5000 manat nəzərə alınmamışdır. Beləliklə, işə baxılarkən Mülki Məcəlləsinin 425 və 435-ci maddələrinə riayət edilməməsi məhkəmənin qanuni və əsaslı nəticəyə gəlməməsinə səbəb olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin işdə iştirakını təmin etməmiş və onun iştirakı olmadan işə baxıb qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi alınmış malın dəyərindən 5000 manatını iddiaçının nümayəndəsinə nağd şəkildə ödəməsini heç bir sənəd və yaxud vasitə ilə sübut edə bilməmişdir. Hər iki tərəf vergi ödəyicisi olduğu üçün Cavabdeh MMC-nin nümayəndəsi “Nəğdsiz hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-li Qanunun tələblərinə uygun olaraq müxtəlif ödəniş vasitələri ilə birbaşa nağd qaydada iddiaçının bank hesabına köçürməklə və ya ödəniş terminalları ilə həyata keçirə bilərdi. Lakin cavabdeh yaranmış borc üzrə ödəniş etməmişdir. Cavabdehin birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 425 və 435-ci maddələrinin tələblərinə riayət olunmaması barədə dəlilləri əsassızdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır.
12. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
17. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
18. Eyni zamanda iş materiallarında olan EBBL seriyalı 751970 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4608 manat, EBBL seriyalı 752497 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4608 manat, EBBL seriyalı 894748 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4608 manat, EBBM seriyalı 138850 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4608 manat, EBBM seriyalı 324427 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4608 manat, EBBM seriyalı 553314 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4608 manat, EBBM seriyalı 747530 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4680 manat, EBBM seriyalı 862759 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2720 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
19. "xxxx" ASC tərəfindən tərtib edilmiş yük nəqliyyat qaimələrindən məlum olur ki, alıcı İddiaçı MMC tərəfindən müxtəlif daşıyıcı şirkətlər vasitəsilə mallar Cavabdeh MMCyə çatdırılmışdır. Qaimələr Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
20. Cavabdeh də cəmi 31448 manat dəyərində sement məhsulunun aldığını mübahisələndirmir.
21. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 31448 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
22. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçının nümayəndəsi cavabdehin icra ilə bağlı onlara hər hansı başqa təklif ilə çıxış etmədiyini bildirdi. İşin materiallarından da həmin hallar hər hansı sübutla təsdiq olunmur. Həmçinin kollegiya qeyd edir ki, bununla bağlı sübutlar mövcud olsa belə, cavabdehin özünün də istinad etdiyi Mülki Məcəllənin 435-ci maddəsində qeyd edilir ki, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh ödəniş müqabilində başqa icranın iddiaçı tərəfindən qəbul edilməsini tələb edə bilməz. Çünki bu sonuncunun hüququdur. Həmçinin cavabdeh iddiaçının nümayəndəsinə 5000 manat ödənildiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdehə digər tikinti şirkətləri tərəfindən ödəniş edilməməsi isə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bildirişləri isə cavabdehin ünvanına göndərilmişdir.
23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-864/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Fuad Abdıyev
Aida Hüseyn