Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-624/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 562/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 35644.98 manat (ƏDV-siz məbləğ) müqavilələr üzrə icra edilməmiş əsas borc məbləği, 96948,98 manat dəbbə pulu, 1820 manat iddiaçının çəkdiyi hüquqi xərclər (vəkilə ödənilmiş xidmət haqqı) 200 manat ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq və digər xərclər, və 427 manat iddianın məhkəməyə verilməsi ilə bağlı dövlət rüsumu olmaqla cəmi 136.839,96 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək Cavabdeh MMC-dən 35644.98 manat (ƏDV-siz məbləğ) müqavilələr üzrə icra edilməmiş əsas borc məbləği, 82159,2 manat dəbbə pulu, 1820 manat iddiaçının çəkdiyi hüquqi xərclər (vəkilə ödənilmiş xidmət haqqı) 200 manat ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq və digər xərclər, və 427 manat iddianın məhkəməyə verilməsi ilə bağlı dövlət rüsumu olmaqla cəmi 120.251,18 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-562/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən TES/TS/01 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 35447,9 (otuz beş min dörd yüz qırx yeddi manat, doxsan qəpik) manat (ƏDV-siz) əsas borc məbləği, 1773 (bir min yeddi yüz yetmiş üç) manat dəbbə pulu, hüquqi yardımla bağlı çəkilmiş xərcin əvəzi olaraq 1000 (bir min) manat və mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 205 (iki yüz beş) manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. İddiaçı Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-562/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli TES/TS/01 saylı xidmət müqaviləsi bağlanmışdır və işgüzar münasibətlər həmin müqaviləyə əsasən tənzimlənmişdir. Belə ki,cavabdeh tərəfindən iddiaçıya müqavilə müddəti ərzində ümumilikdə 1 200 000,00 ( bir milyon iki yüz min) manat məbləğində ödəniş edilmişdir. Lakin bu məbləğin 41531,28 ( qırx bir min beş yüz otuzbir manat iyirmi səkkiz qəpik) manat məbləğinə uyğun olaraq iddiaçı tərəfindən işlərin görülməsinə dair tamamlama aktları təqdim edilməmiş, TES/TS/01 saylı xx.xx.2020-ci il tarixlmi üqavilənin 3.1 ci bəndinin tələbinə əsasən- “Sifarişçi” Tərəflər arasında qarşılıqlı imzalanmış aylıq iş tamamlama aktına uyğun olaraq faktiki icraedilmişxidmət haqqından bu müqavilənin 2.2.2 bəndində nəzərdə tutulmuş predmetləri təmin etdiyi üşün aylıq test ödənişindən 10 (on) faiz və net8000 azn özündə saxlamasının təmin edilməsini araşdırmadan, müqavilənin 3 və 4 nömrəli əlavələrinin müqavilənin 8.3 bəndinin tələblərinə əməl edilmədən iddiaçı tərəfindən müqavilə şərtlərinə zidd olaraq birtərəfli qaydada hazırlanaraq iş materiallarıa əlavə edilmiş, lakin tərəflər tərəfindən təsdiq edilməmişdir. Belə ki, məhkəməyə bununla bağlı elektron fakturaqaimələr və ödəniştapşırıqları təqdim olunsa da, məhkəmə tərəfindən hər hansı araşdırmaaparılmamışdır. Əlavələrin tərəflər tərəfindən təsdiq olunmamasına məhkəmə tərəfindən hər hansımövqe bildirilməmişdir. Belə ki, "xxxx" MMC iddia ərizəsinin Əlavəsi olan Qoşma 1-də göstərilən siyahı üzrə 90759.70 manat məbləğində Cavabdeh MMC-nin ona borcu olduğunu iddia edir. Öz iddiasını sübut etmək məqsədilə siyahıda göstərildiyi kimi tamamlama aktlarına və elektron faktura-qaimələrə istinad edir. Lakin, iddiaçının siyahı üzrə istinad etdiyi 14 ədəd tamamlama aktlarının və elektron fakturaqaimələrinin 7 ədədinə - EBCE 179384 seriya nömrəli, 20,09.2022-ci il tarixli, EBCE 179937 seriya nömrəli, xx.xx.2022-ci il tarixli, EBCE 180044 seriya nömrəli, xx.xx.2022-ci il tarixli, EBCİ 255148 seriya nömrəli, xx.xx.2022-ci il tarixli, EBCİ 255443 seriya nömrəli, xx.xx.2022-ci ü tarixli, EBCL 920813 seriya nömrəli, xx.xx.2022-ci il tarixli, EBCN 646116 seriya nömrəli, xx.xx.2023-cü il tarixli elektron faktura-qaimələrə uyğun olaraq “X3" MMC tərəfindən ödənişlər edilmişdir. Əlavə olaraq siyahıya uyğun olaraq 6, 13 və 14-cü sırada qeyd olunan EBCJ 774841 seriya nömrəli, xx.xx.2022-ci il tarixli, EBDJ 086624 seriya nömrəli, xx.xx.2023-cü il tarixli və EBDJ 086173 seriya nömrəli, xx.xx.2023-cü il tarixli elektron faktura-qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər həyata keçirilsə də, iddiaçı tərəfindən hər hansı işlər görülməmişdir. Belə ki, həmin elektron faktura-qaimələr üzrə tamamlama aktlarının mövcud olmaması da bunu tam şəkildə sübut edir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya müqavilə müddəti ərzində ümumilikdə ******* manat məbləğində Ödəniş edilmişdir ki, bu məbləğin 41531,28 manat məbləğinə uyğun olaraq iddiaçı tərəfindən işlərin görülməsinə dair tamamlama aktları təqdim edilməmişdi. Yuxarıda qeyd olunan ödənişlərin edilməsinə dair siyahı və ödəniştapşırıqları məhkəməyə təqdim olunsa da, məhkəmə tərəfindən həmin sənədlərə hüquqi qiymət verilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddianın əsasını təşkil edən və iddiaçının istinad etdiyi elektron vergi-hesab fakturalara (EBCJ 774841 seriya nömrəli, xx.xx.2022-ci il tarixli, EBDJ 086624 seriya nömrəli, xx.xx.2023-cü il tarixli və EBDJ086173 seriya nömrəli, xx.xx.2023-cü il tarixli elektron vergi-hesab fakturalar)münasibətdə cavabdeh tərəfindən ödənişlər həyata keçirilsə də, iddiaçı tərəfindən hər hansı işlər görülməmişdir. Həmin işlərə dair təhvil-təslim aktlarının olmaması bunu əyanişəkildə sübutedir. Həminişlərin görülməsinə dair təhviltəslim aktları məhkəməyə təqdim edilməməsinə baxmayaraq, məhkəmə öz-özlüyündə elektron vergi-hesab fakturaları xidmətlərin göstərilməsi kimi qiymətləndirmişdir. Halbuki, məhkəmə bu hissədə iddianın həcmini azaltmalı və təhvil-təslim aktları ilə əsaslandırılmamış elektron vergi-hesab fakturaları iddia tələbindən çıxartmalıydı. Nəzərə alınmalıdır ki,müqavilənin 3.1 ci bəndinə əsasən-Sifarişçi” Tərəflər arasındaqarşılıqlı imzalanmış aylıq iş tamamlama aktına uyğun olaraq faktiki icra edilmiş xidmət haqqından bumüqavilənin 2.2.2 bəndində nəzərdə tutulmuş predmetləri təmin etdiyi üşün aylıq test ödənişindən 10 (on) faiz və net 8000 azn özündə saxlamaqla 30(otuz) gün ərzində köçürmə yolu ilə “İcraçı”nın bank hesabına ödənilməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
12. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
16. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
23. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC-nin Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, TES/TS/01 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə göstərilmiş sınaq (materialların keyfiyyətinin müəyyən edilməsi) xidmətlərinə görə cavabdehin onlara 35644,98 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və etirazında əsas kimi ona istinad edir ki, iddiaçının istinad etdiyi elektron qaimələr üzrə ödənişlər edilmişdir, iddia tələbi əsassızdır.
24. İddiaçı məhkəməyə xidmət müqaviləsi, e-qaimələr, tamamlama aktları təqdim etmiş və müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməsini sübuta yetirə bilmişdir. Lakin cavabdeh borcun ödənildiyini bildirsə də, birincisi, etirazda nömrələri göstərilən ödənişlərin edildiyi e-qaimələr hazırki iş üzrə mübahisə predmeti deyil, ikincisi, mübahisə predmeti olan qaimələr üzrə isə ödənişləri təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Etirazda göstərilən yalnız bir EBCN646116 saylı e-qaimə üzrə hissəvi ödəniş edilmişdir, həmin ödəniş də iddiaçı tərəfindən nəzərə alınmaqla iddia məbləğini formalaşdırmışdır.
25. Qeyd edilənlərdən görünür ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir. Cavabdeh özü şikayətində elektron qaimələrin vergi sistemi tərəfindən təsdiq edilməsini etiraf etmişdir. Məhkəmə şikayətdə qeyd edilənlərə qətnamədə ətraflı şəkildə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
26. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
27. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-562/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.