Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-624/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının direktoru Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1012/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə icraçı İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, 20/22 nömrəli xidmət müqaviləsi imzalanmışdır.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə pretenziya məktubu göndərilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən 38877,42 manat (otuz səkkiz min səkkiz yüz yetmiş yeddi manat qırx iki qəpik) əsas borc, 6999,73 manat (altı min doqquz yüz doxsan doqquz manat yetmiş üç qəpik) ƏDV məbləği və məhkəməyə ödənilmiş 227,63 manat (iki min iki yüz iyirmi yeddi manat altmış üç) dövlət rüsumu olmaqla, cəmi 46104,79 manat (qırx altı min yüz dörd manat yetmiş doqquz qəpik) məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“İcraçı”) ilə cavabdeh Azərbaycan Respublikası Mədəniiyət Nazirliyi (“Sifarişçi”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 20/22 nömrəli xidmət müqaviləsinin şərtlərinə əsasən icraçı sifarişçiyə hazırkı müqavilənin 1.1-ci və 1.2-ci bəndində qeyd edilən reklam xidmətlərini göstərmək, sifarişçi isə müqavilənin 4.1-ci bəndi üzrə ödəniş şərtləri əsasında bu xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini icraçıya ödəmək barəsində öhdəlik götürmüşdür. Bu müqaviləyə əsasən xidmətlər üzrə sifarişçiyə hesab-faktura verildikdən sonra onların dəyəri 3 gün ərzində tam olaraq icraçının hesabına köçürülməlidir. Beləliklə, sifarişçi müqavilənin yuxarıda qeyd olunan bəndləri üzrə ödənişlərini tam olaraq bu günə qədər ödəməyərək, icraçı qarşısında 38877,42 manat (otuz səkkiz min səkkiz yüz yetmiş yeddi manat qırx iki qəpik) əsas borc, 6999,73 manat (altı min doqquz yüz doxsan doqquz manat yetmiş üç qəpik) ƏDV daxil olmaqla, cəmi 45877,16 manat (qırx beş min səkkiz yüz yetmiş yeddi manat on altı qəpik) məbləğində borcu yaranmışdır. İcraçı müqavilə üzrə öhdəliklərini tam olaraq icra etmişdir. Lakin cavabdeh olan sifarişçi üzərinə götürdüyü öhdəliyi bu günə qədər tam yerinə yetirməmişdir. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına, münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə, bugünə qədər səbr və təmkinlə gözlənilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini xx.xx.2023-cü il tarixindən başlayaraq artıq 10 aydan çoxdur ki, icra etməkdən qəsdən yayınmışdır.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq, iddia tələbinin əsaslılığının müəyyən edilməsi üçün ilk növbədə tələbin istinad etdiyi əqdin etibarlılığı, yəni əqd bağlanarkən qanunla həmin əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtlərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı). Göründüyü kimi, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, həmin əqdin etibarlılığı yoxlanmalıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinin tələbinə uyğun olaraq, əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Hazırda iddiaçı tərəf tələbinin əsası kimi tərəflər arasında bağlandığını iddia etdiyi xx.xx.2022-ci il tarixli, 20/22 nömrəli müqaviləyə istinad edir. Bildirilmişdir ki, qeyd olunmuş müqavilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə əqdlərin etibarlılığına dair müəyyən edilmiş şərtləri ödəmədiyindən, etibarsız (əhəmiyyətsiz) müqavilədir. Belə ki, müqavilənin Azərbaycan Respublikasının həmin dövr üzrə Mədəniyyət Naziri tərəfindən imzalandığı göstərilsə də, Nazirlik tərəfindən həmin imza etibarlı qəbul edilmir. Əvvəla, cavabdeh tərəfdə belə bir müqavilə nümunəsi mövcud deyildir. Eyni zamanda, müqavilə cavabdehin möhürü ilə təsdiq edilməmişdir. Bu hal isə özlüyündə cavabdehin iddia olunan müqavilə tərəfi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 324.4-cü maddəsi ilə müəyyən edilmiş iradə ifadəsinin realizə olunmadığını ifadə edir. Qeyd olunanlarla yanaşı, mübahisə predmeti müqavilədən onun dövlət satınalmaları ilə bağlı sahəvi münasibətləri tənzimlədiyi və dövlət vəsaiti hesabına müvafiq işlərin görülməsinin nəzərdə tutulduğu müəyyən edilir. Müqavilənin qiyməti də onun dövlət satınalmaları sahəsinə aid olduğunu təsdiq edir. Belə ki, Mülki Məcəllənin 404-1-ci maddəsinə görə dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir. İddiaçı tərəfin mübahisə predmeti müqavilənin bağlandığını iddia etdiyi dövrdə - 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş “Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinin tələbinə görə malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda onların satın alınması açıq tender üsulu ilə aparılır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə" 20 may 2013-cü il tarixli Q-12 nömrəli Kollegiya Qərarının həmin dövr üzrə qüvvədə olmuş 2-ci bəndinə görə dövlət satınalmalarının müvafiq satınalma prosedurları keçirilməklə aparılması üçün minimum məbləğ 5000 (beş min) manat müəyyən edilmişdir. Göründüyü kimi, əgər iddiaçı tərəfin iddia etdiyi kimi cavabdeh Mədəniyyət Nazirliyi həmin müqavilələri bağlasaydı, müvafiq satınalma prosedurları həyata keçirilməli idi. Hazırkı mübahisə üzrə dövlət satınalmaları ilə bağlı qanunvericiliklə müəyyən edilmiş həmin prosedurların mövcud olmaması ilə yanaşı, sözügedən müqavilələr həmçinin qanunvericiliklə müəyyən edilmiş satınalma müqaviləsinin nümunəsinə uyğun olmayan formada bağlanmışdır. Belə ki, mübahisə predmeti müqavilələrin bağlandığı dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi" qüvvədə olmuşdur. Aydındır ki, qanunvericiliyin həmin imperativ tələbinə də əməl edilməmiş, mübahisə predmeti müqavilə qanunda nəzərdə tululmuş formaya uyğun bağlanmamışdır. Bu hal da sözügedən müqavilənin etibarsızlığının digər elementidir. Bundan başqa, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1.3-cü maddəsinin tələbinə görə Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfat daxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim (tərtib) etməlidir. İşdə olan sənədlərdən isə iddia olunan görülmüş işlərə dair elektron qaimə-fakturanın 5 gün müddətində cavabdehə təqdim edildiyi müəyyən olunmur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1012/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsinin olması zəruridir. İstinad olunan müqavilədə tərəf qismində Azərbaycan Respublikası Mədəniiyət Nazirliyi göstərilsə də, müqavilə dövlət orqanı olan nazirlik tərəfindən təsdiqlənməmişdir. Təqdim olunan müqavilə və digər sənədlərdə nazirliyin möhürü mövcud deyildir. Ona görə də hazırkı tərəflər arasında müqavilə bağlanmış sayıla bilməz. Müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Hazırkı halda isə qeyd olunan hallara əsasən belə bir razılaşmanın olması öz təsdiqini tapmır və ona görə də bir tərəfi hazırkı cavabdeh olan müqavilə mövcud deyil. Müqavilə olmasa belə, iddiaçının göstərdiyini iddia etdiyi xidmətlərə gəldikdə isə həmin xidmətlərin göstərilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunan qiymət cədvəli və xx.xx.2023-cü il tarixli akta gəldikdə isə, təqdim olunan həmin sənədlərdə sifarişçi qismində hazırkı cavabdeh göstərilsə də, naməlum imza çəkilmiş (ad, soyad yoxdur), möhürlə təsdiqlənməmişdir. Eyni zamanda təqdim olunmuş fotoşəkillər də mötəbər sübut qismində qəbul oluna bilməz.
8. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1012/2025 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı olararaq cavabdeh Azərbaycan Respublikası Mədəniiyət Nazirliyi (“Sifarişçi”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 20/22 nömrəli xidmət müqaviləsinin şərtlərinə əsasən icraçı sifarişçiyə hazırkı müqavilənin 1.1-ci və 1.2-ci bəndində qeyd edilən reklam xidmətlərini göstərmək, sifarişçi isə müqavilənin 4.1-ci bəndi üzrə ödəniş şərtləri əsasında bu xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini icraçıya ödəmək barəsində öhdəlik götürmüşdür. Bu müqaviləyə əsasən xidmətlər üzrə sifarişçiyə hesabfaktura verildikdən sonra onların dəyəri 3 gün ərzində tam olaraq icraçının hesabına köçürülməlidir. Beləliklə, sifarişçi müqavilənin yuxarıda qeyd olunan bəndləri üzrə ödənişlərini tam olaraq bu günə qədər ödəməyərək, icraçı qarşısında 38877,42 manat (otuz səkkiz min səkkiz yüz yetmiş yeddi manat qırx iki qəpik) əsas borc, 6999,73 manat (altı min doqquz yüz doxsan doqquz manat yetmiş üç qəpik) ƏDV daxil olmaqla, cəmi 45877,16 manat (qırx beş min səkkiz yüz yetmiş yeddi manat on altı qəpik) məbləğində borcu yaranmışdır. İcraçı müqavilə üzrə öhdəliklərini tam olaraq icra etmişdir. Lakin cavabdeh olan sifarişçi üzərinə götürdüyü öhdəliyi bu günə qədər tam yerinə yetirməmişdir. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına, münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə, bugünə qədər səbr və təmkinlə gözlənilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini xx.xx.2023-cü il tarixindən başlayaraq artıq 10 aydan çoxdur ki, icraetməkdən qəsdən yayınmışdır. İşə baxan məhkəmə həqiqətin müəyyən olunması üçün işin hər tərəfli, tam və obyektiv araşdırılmasını təmin etməyərək iddiaçı olaraq tərəflərindən təqdim edilən vacib əhəmiyyət daşıyan cavabdeh Mədəniyyət Nazirliyinin sifarişi üzrə müqavilə əsasında görülən işləri birbaşa sübut edə bilən faktların olduğu fotoları qəbul etməmişdir. Həmçinin iş zamanı cavabdeh məhkəməyə etiraz təqdim edərək müqavilədə Mədəniyyət Nazirinə aid imzanın həqiqiliyini qəbul etməyərək müqavilənin etibarsız olduğunu qeyd etmişdir. Bu zaman məhkəmə yenə düzgün qərar verməyərək ekspertiza təyin etməmiş və etirazı haqlı saymışdır. Digər bir hal isə etirazda öz əksini tapan mövcud müqavilənin dövlət satınalmaları ilə bağlı olmasına baxmayaq açıq tender üsulu keçirilmədən bağlanmasıdır. Qeyd etmək istəyirik ki, əgər cavabdeh Mədəniyyət Nazirliyi mövcud qanunvericiliyin tələbi üzrə satınalma qaydalarına əməl etmədən xidmətləri sifariş edib müqavilə bağlayırsa burada məsiluyyət cavabdehin üzərində olmaldır. İddiaçı tərəf olaraq öz tərəflərindən müqavilə icra olunub və müqavilə münasibətləri yaranib.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən iddiaçının direktoru Qanuni nümayəndə apellyasiya şikayətinə müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
11. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4 və 324.5. maddələrinə əsasən,əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
13. 331.1-ci maddəsinə əsasən,yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
14. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. Həmin Məcəllənin 390.2 maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
18. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
19. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
20. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
21. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən, əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
26. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən , apelleyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı iddia təmin olunmalıdır.
34. “Sifarişçi qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə icraçı İddiaçı MMC arasında reklam xidmətlərinin göstərilməsinə xx.xx.2022-ci il tarixli, 20/22 nömrəli xidmət müqaviləsi bağlanmışdır.
35. Müqavilənin 1.1-ci maddəsinə əsasən reklan xidmətlərinin göstərilməsinə dair sifarişçi icraçıya sifariş edir və icraçı müqavilənin əlavələrdə göstərilən qaydada, müddətdə və ünvanlarda sifarişçiyə reklamların yerləşdirilməsinə dair öz xidmətlərini göstərir.
36. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən icraçı özünə məxsus olan reklam qurğularında, müəyyən olunmuş müddət ərzində və lazımi qaydada sifarişçinin reklamlarının yerləşdirilməsini təmin edir.
37. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən icraçı reklam daşıyıcılarının yerləşdiyi dövr üçün hər təqvim ayının ilk 5 günündən gec olmayaraq reklam xidmətlərin görə xidmət haqqının ödənilməsi üçün sifarişçiyə hesabfakturanı təqdim edir. Sifarişçi bu hesab-fakturanı aldıqdan sonra 3 təqvim günü ərzində ödənişi həyata keçirir.
38. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər müqavilədə göstərilən öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirməmələrinə görə məsuliyyət daşıyırlar.
39. xx.xx.2022-ci il tarixli, 01 nömrəli qiymət cədvəlinin məzmunundan müəyyən olunur ki, tərəflər İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə ümumi dəyəri 45877,16 manat (ƏDV daxil) olan reklam lövhələrinin quraşdırılması xidmətlərinin göstərilməsi barədə razılığa gəlmişlər. Sənəd cavabdeh tərəfdən imza və möhürlə təsdiqlənmiş, sifarişçi tərəfdən isə yalnız imza edilmişdir.
40. xx.xx.2023-cü il tarxili akta əsasən, şifarişçi icraçıya reklamın yerləşdirilməsi üçün 18% ƏDV daxil 45877,16 manat məbləğində ödəniş etməyi öhdəsinə götürdükləri, bunları imzalamaları təsdiq etdikləri qeyd olnumuşdur.
41. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 370 nömrəli “Hesab” adlı sənədin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 20/22 saylı müqavilə üzrə göstərilən reklam xidmətlərinin ümumi dəyəri 45877,16 manat təşkil edir. Sənəd İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
42. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə pretenziya məktubu göndərilərək, borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsinin olmadığını, müqavilənin tərəf qismində çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənmədiyini, müqavilə və digər sənədlərdə nazirliyin möhürünün mövcud olmadığını qeyd etsədə bu hallar iş materilları ilə təkzib olunur.
44. Belə ki, Bakı Apellyasiya məhkəmsinin 2-2(103)-624/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə apellayasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə xidmət müqaviləsinin sifarişçi qrafasındakı imzanın sabiq mədəniyyət naziri Anar Kərimova məxsus olub-olmasının müəyyən edilməsi məqsədi ilə məhkəmə xətsünalsıq ekspertizası təyin edilmiş, AR Ədliyyə Naziriliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2025-ci il 3-16-16/2-4/1219/2025 saylı ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli, 20/22 nömrəli Müqavilənin sonunda “Sifarişçi” qrafasındakı imza, 93-cü vərəqində olan xx.xx.2021-ci il tarixli, 20/22 nömrəli Müqaviləyə 1 nömrəli Əlavədə “Sifarişçi” qrafasındakı imza və 94-cü vərəqində olan xx.xx.2023-cü il tarixli Aktda qrafasındakı imza eyni şəxs X8 tərəfindən icra olunduğu müəyyən olunmuşdur.
45. Göründüyü kimi tərəflər arasında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə icraçı İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, 20/22 nömrəli xidmət müqaviləsi müqavilənin imzalandığı dövr üzrə mədəniyyət naziri olmuş X8 tərəfindən imza ilə təsdiq edilmişdir.
46. Həmçinin xx.xx.2023-cü il tarxili şifarişçinin icraçıya reklamın yerləşdirilməsi üçün 18% ƏDV daxil 45877,16 manat məbləğində ödəniş etməyi öhdəsinə götürdüyü aktda sifarişçi qrafasında Mədəniyyət Nazirliyi yazısı hissəsindəki imza ekspert rəyinə əsasən, sabiq mədəniyyət naziri Anar Kərimov tərəfindən imzalanmışdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, müqaviləyə Mədəniyyət Nazirliyi tərəfindən möhür vurulmasada, müqavilə həmin vaxt mədəniyyət naziri olmuş X8 tərəfindən imzalanaraq təsdiq edilmiş, iddiaçı tərəfindən göstərilmiş xidmətlər cavabdeh tərəfindən bəyənilmişdir. Belə ki, iddiaçı şirkət tərəfindən göstərilən reklam xidmətləri ilə bağlı cavabdeh tərəfindən etiraz edilməmiş, iş materillarına əlavə olunmuş fotoşəkillərə əsasən reklam lövhələri yerləşdirilmişdir.
48. Kollegiya qeyd edir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qərarında qeyd olunmuş hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
50. Kollegiya xüsusi ilə qeyd etmək istəyir ki, cavabdeh tərəflər arasındakı müqaviləni əhəmiyyətsiz əqd olduğunu bildirsə də, iş materilları ilə təsdiq olunur ki, müqavilə səlahiyətli şəxs (səlahiyyət müddətində sabiq mədəniyyət naziri) tərəfindən imzalanmaqla qanuvericiliklə nəzərdə tutulmuş forma tələbə riayət olunaraq tərtib olunmuşdur.
51. Yuxarda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir.
52. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
53. Ona görə də, kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1012/2025 nömrəli qətnaməsi ləğv edilsin iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən cəmi 46104,79 manat ƏDV daxil (qırx altı min yüz dörd manat yetmiş doqquz qəpik) məbləğində pul İddiaçınə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 115 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.