Məhkəmə qərarları › İş №2-2(103)-625/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-625/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-625/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3324/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16 may 2022-ci il və 20 may 2022-ci il tarixli qərardadlarından Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 132.997,08 (yüz otuz iki min doqquz yüz doxsan yeddi manat səkkiz qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, e-2-2(113)-3324/2021 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3324/2021 saylı qərardadı ilə apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3324/2021 saylı qərardadı ilə şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Cavabdeh MMC apellyasiya şikayəti ilə bərabər ərizə verərək, Bakı Kommersiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qiyabi qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsini üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəmənin olmasından xəbərsiz olmuşdur. Cavabdeh təsadüfən xx.xx.2021-ci il tarixdə məhkəmənin elektron sisteminə daxil olarkən qeyd olunan qiyabi qətnamədən xəbər tutmuşdur. Eləcə də, Cavabdeh MMC-nin Nəbiyev adında əməkdaşı (işçisi) yoxdur və qeyd olunan qiyabi qətnamə poçt vasitəsilə də cavabdehə gəlməmişdir. Qeyd edilən səbəblərdən apellyasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3324/2021 saylı qərardadı ilə ərizə rədd edilmiş və Bakı Kommersiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, e-2-2(113)-3324/2021 nömrəli qiyabi qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra Cavabdeh MMC şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli e-2-2(113)-3324/2021 saylı qərardadlarının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3324/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Cavabdeh MMC həm Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından, həm də xx.xx.2022-ci il tarixli qərardadından ayrı-ayrılıqda şikayətlər vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, qiyabi qətnamə cavabdehə təqdim edilməmişdir. Halbuki, Bakı Kommersiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qiyabi qətnaməsi xx.xx.2021-ci il tarixdə elektron imza ilə imzalanaraq “Azemis” Məhkəmə Aktlarının Elektron İnformasiya Sisteminə yüklənmişdir. Həmçinin iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qiyabi qətnaməsi poçt vasitəsi ilə cavabdehin hüquqi ünvanına göndərilmiş və xx.xx.2021ci il tarixində Nəbiyev adlı şəxs tərəfindən imza etməklə qəbul edilmişdir (iş üzrə məhkəmənin cavabdehə göndərdiyi məhkəmə bildirişləri də Nəbiyev adlı şəxs tərəfindən imza etməklə qəbul edilmişdir). Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmçinin, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin cavabdeh prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Belə ki, cavabdeh şikayətdə Bakı Kommersiya Məhkəməsinin həm xx.xx.2022-ci il tarixli, həm də xx.xx.2022-ci il tarixli, e2-2(113)-3324/2021 saylı qərardadlarının ləğv edilməsini də xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh MMC-nin Məhkəmənin məhz konkret olaraq hansı qərardadından hansı əsasla şikayət etməsi aydın şəkildə ifadə edilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, kollegiya hesab edir ki, şikayətlər əsassızdır və birinci instansiya məhkəməsinin qərardadlarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayətlər təmin edilməməli və qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3324/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16 may 2022-ci il və 20 may 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar