Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-627/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ərizə üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-322/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 30 dekabr 2021-ci il tarixli 16/2022 saylı müqaviləyə əsasən göstərilən reklam xidmətlərinə görə yaranmış cəmi ƏDV daxil 22.544,49 manat məbləğində əsas borcun, müqavilənin 4.6-cı bəndinə uyğun hesablanmış 100.484,96 manat məbləğində cərimənin, ümumilikdə 123.029,45 manat pulun ödənilməsi və çəkilmiş məhkəmə xərclərinin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-322/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 7.664 (yeddi min altı yüz altmış dörd) manat 10 (on) qəpik, cərimə borcu üzrə 400 (dörd yüz) manat, ümumilikdə 8.064 (səkkiz min altmış dörd) manat 10 (on) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat, 64 (altmış dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-322/2025 nömrəli qətnaməsindən xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən apellyasiya şikayəti daxil olmuşdur və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
4. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-439/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-322/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsindəki ikinci icraat
5. Bakı Kommersiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2-2(113)-322/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 322/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş şikayət geri qaytarılmışdır.
6. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-2(113)- 322/2025 nömrəli qətnaməsindən xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti və müddət bərpa barədə ərizə verərək buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e-2-2(113)-322/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-2(113)-322/2025 nömrəli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və cavabdeh "xxxx" MMC tərəfindən verilən apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e-2-2(113)-322/2025 nömrəli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-322/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunması və Cavabdehin buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin əsassız olduğu üçün təmin edilməməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh öz ərizəsində müddətin buraxılmasının üzrlü səbəbi kimi qətnamədən birinci dəfə apellyasiya şikayəti verərkən qanunla müəyyən edilmiş dövlət rüsumunun verərkən səhvən tam həcmdə ödənilməməsinə əsaslanmışdır. Məhkəmə isə heç bir əsaslandırma etmədən buraxılmış prosessual müddət üzrlü sayıb bərpa etmişdir. Halbuki, cavabdehin istinad etdiyi bu hal həmin müddətin bərpası üçün üzrlü səbəb kimi çıxış edə bilməz.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-322/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
11. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
12. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
16. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
17. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
18. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
19. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
20. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Məhkəmənin mövqeyi
21. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
22. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e-2-2(113)- 322/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə onun apellyasiya şikayəti elektron sistemə yüklənmiş, yuxarıda qeyd olunduğu kimi, bu şikayət apellyasiya instansiyası tərəfindən qeyri-mümkün hesab edilmişdir.
24. Kollegiya hesab edir ki, cavabdeh apellyasiya şikayətini ilk dəfə vaxtında verdiyi nəzərə alınaraq, onun sonradan verdiyi şikayət üzrə müddətin bərpa edilməsi məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün məqsədəuyğun sayılmalıdır.
25. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, e-2-2(113)-322/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.