Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-628/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı borcun və faizin tutulması barədə iddiası üzrə iddianı təmin etmə tədbirinin görülməsi barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2400/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxx” MMC Cavabdeh MMC- yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 10.000 manat məbləğində borcun, 500 manat məbləğində faizlərin, 30 manat dövlət rüsumunun, cəmi 10.530 manat məbləğində pulun tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan nəqliyyat vasitələrinin və bank hesabında olan vəsaitlərin üzərinə 10.530 manat həddində həbs qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2400/2020 saylı qərardadı ilə ərizə təmin edilərək Cavabdeh MMC-yə məxsus əmlak üzərinə iddia tələbi həddində, yəni 10.500 manat həcmində həbs qoyulmuşdur. Cavabdeh qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddianın təmin edilməsi barədə ərizəsi tam əsassızdır və heç bir əsaslandırma aparılmadan verilmişdir. Belə ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, “Ehtimal edirik ki, cavabdehə münasibətdə iddia təmin etmə tədbirləri görülməzsə iddia tələbləri təmin edildiyi halda qətnamənin qısa müddətdə icrası çətinliklər yaradar”. Göründüyü kimi iddiaçı təmin tədbiri ərizəsini tamamilə əsaslandırmamış, hətta öz ərizəsində belə təmin tədbirinin tətbiq olunmasının vacibliyini özünün ehtimalına əsaslandığını qeyd etmişdir. Buna baxmayaraq məhkəmə heç bir əsas olmadan iddiaçının tamamilə əsaslandırılmamış ərizəsini təmin etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İddiaçının iddia tələbi kifayət qədər mübahisəlidir. Belə ki, iddia ərizəsində göstərilən və tələb olunan 10.530 manat vəsaitin haradan yarandığı göstərilməmiş, eyni zamanda iddia ərizəsinə əlavə olunan təhviltəslim aktlarından məhz hansı üzrə mübahisə yarandığını göstərməmiş, habelə həmin aktdakı məbləğlərin təsdiqi ilə bağlı hər hansı sənədləri (qaimə, qəbz və s.) əlavə etməmişdir. Bundan əlavə borcun təsdiqi ilə bağlı hər hansı üzləşmə aktı da yoxdur. Məhkəmə isə iddiaçının iddia tələbini araşdırmadan onun iddia tələbi həcmində, yəni 10.530 manat məbləğində cavabdehin bank hesabındakı pul vəsaitinin üzərinə həbs qoymuşdur. Bu hal isə öz növbəsində onsuz da çətin vəziyyətdə olan sahibkarın, şirkətin fəaliyyətinə ciddi çətinlik yaradacaq və şirkətdə çalışan işçilərin vəziyyətini pisləşməsinə səbəb olacaq. Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e- 2-2(113)-2400/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçı qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatı dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2400/2020 saylı qərardadı dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmə tədbiri görülə bilər. Məcəllənin 158.3-cü maddəsində əmlak üzərinə həbs qoyulması ardıcıllığı nəzərdə tutulmuşdur. 153.3.1-ci maddəyə əsasən birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulur. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Hazırkı halda iddiaçının tələbi pul tələbi olduğundan iddia təmin edilərsə gələcəkdə qətnamənin icrasının təmin edilməsi üçün iş üzrə iddianı təmin etmə tədbiri görülərək cavabdehin mülkiyyətində olan avtonəqliyyat vasitələri və bank hesabında olan pul vəsaitləri üzərinə iddia tələbi- 10.530 manat həddində həbs qoyulması barədə iddiaçının ərizəsi əsaslıdır. Şikayət apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı ərizəsində cavabdehin nəqliyyat vasitələri və bank hesablarında olan pul vəsaitləri üzərinə həbs qoyulmasını xahiş etmiş, məhkəmə isə ərizəni təmin etsə də, qərardadın nəticə hissəsində cavabdehə məxsus hansı əmlak üzərinə həbs qoyulduğunu dəqiq qeyd etməmişdir. Üzərinə həbs qoyulmalı olan əmlakların məhkəmə tərəfindən dəqiq qeyd edilməməsi isə hazırkı halda cavabdehin hüquqlarına zidd olmaqla icra mərhələsində cavabdehə məxsus daşınmaz əmlaklar və ya bilavasitə istehsalda istifadə edilən əmlaklar üzərinə həbs qoyulmasına səbəb ola bilər. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə qəbul edilmiş qərardad həmin hissədə dəyişdirilməli, iddiaçının ərizəsi əsasında hazırkı mərhələdə cavabdehin hansı əmlakları üzərinə həbs qoyulmalı olduğu göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2400/2020 saylı qərardadı dəyişdirilməli, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh MMC-yə məxsus minik avtonəqliyyatı və bank hesablarında olan pul vəsaitləri üzərinə iddia tələbi həddində, yəni ümumilikdə 10.500 manat həddində həbs qoyulmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2400/2020 saylı qərardadı dəyişdirilsin. İşə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh MMCyə məxsus minik avtonəqliyyatı və bank hesablarında olan pul vəsaitləri üzərinə iddia tələbi həddində, yəni ümumilikdə 10.500 manat həddində həbs qoyulsun. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-628/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-628/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver