Məhkəmə qərarları › İş №2-2(103)-628/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-628/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-628/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçılar “xxxx” MMC və “X5 Stansiyası” MMC-nin vəkili və nümayəndəsi Vəkil, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə iddiaçıların iddianı təminetmə tədbirinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2296/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış 02.07.2020-ci il tarixli 1-10/135 nömrəli Elektrik enerjisinin tranzit ötürülməsi və alqı-satqısı haqqında müqavilənin “xxxx” ASC ilə “X5 Stansiyası” MMC arasında bağlanmış müqavilə hesab edilməsi, həmin müqaviləyə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsinin qanunsuz hesab edilməsi və cavabdehin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinin icrasının davam etdirilməli olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianı təminetmə tədbirinin tətbiq edilməsi barədə ərizə də təqdim edərək, 02.07.2020-ci il tarixli 1-10/135 nömrəli müqaviləyə əsasən elektrik enerjisinin tranzit ötürüldüyü “xxxx” MTK-ya, “X3” MMC-yə və “Azərkimya İstehsal və X2” ASC-yə elektrik enerjisinin verilişinin “X5 Stansiyası” MMC tərəfindən “xxxx” ASC-yə ötürülən elektrik enerjisi nəzərə alınmadan dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə, cavabdeh, “X5 Stansiyası” MMC-də sərhəddə quraşdırılmış hesabat sayğacının göstəriciləri əsas götürülərək tərtib edilmiş elektrik enerjisinin tranzit ötürülməsini təsdiq edən sənədləri imzalamaqdan imtina edir. Eyni zamanda, elektrik enerjisi ötürülən “xxxx” MTK (enerji kodu: 07/1-38), “X3” MMC (enerji kodu: 02/1-640) və “Azərkimya İstehsal və X2” ASC (enerji kodu: 06/1-1166) ilə hesablaşmalar zamanı “X5 Stansiyası” MMC tərəfindən “xxxx” ASC-yə ötürülmüş elektrik enerjisi cavabdeh tərəfindən nəzərə alınmır. Bu günə kimi cavabdehə 662.424 kVts elektrik enerjisi ötürülmüşdür. Elektrik enerjisinin cavabdehə ötürülməsinə baxmayaraq cavabdeh bir neçə dəfə həmin müəssisələrə borclu olduqlarını əsas gətirərək elektrik enerjisinin verilişini dayandırmışdır. Bakı Kommersiya Məhkəməsinin 27.04.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadla razılaşmayan iddiaçılar ondan şikayət verərək, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişlər. Şikayətin dəlillərinə görə, cavabdeh tərəfindən “xxxx” MTK-ya, “X3” MMC-yə və “Azərkimya İstehsal və X2” ASC-yə ötürülən elektrik enerjisinin verilişinin dayandırılması həmin müəssisələrdə istehsal fəaliyyətinin dayandırılmasına, bu isə yüzlərlə insanın işsiz qalmasına, eyni zamanda həmin müəssisələrdə maddi itkilərin baş verməsinə səbəb olacaqdır. Əgər hazırkı işə 1 il və ya uzun müddət ərzində baxılacaqsa, onda həmin müəssisələr bu müddətdə elektrik enerjisinin olmaması səbəbindən fəaliyyət göstərməyəcək və müəssisələrdə çalışan yüzlərlə insan işsiz qalacaq? Digər tərəfdən, qərardadda iddiaçı tərəfindən irəli sürülən iddia tələbi ilə iddianı təmin etmə tədbiri barədə tələbin eynilik təşkil etdiyi qeyd edilmişdir. Lakin bildirir ki, tələblər eynilik təşkil etmir. Bakı Kommersiya Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçıların vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 157 və 158-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilməsi mülki iş (kommersiya mübahisəsi) üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, bu tədbirin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu tədbirin tətbiq olunması o halda realizə olunur ki, iddia ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlsin. İddianı təmin etmə tədbirinin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli xxxxun mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. İddianı təminetmə tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan xxxxi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin xxxxlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual xxxx bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “... iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi ilə iddianın təmin etmə tədbiri barədə tələbi eynilik təşkil edir. Belə ki, hər iki halda mübahisələndirilən müqavilə predmetinin təmin edilməsinə yönəlmiş tələblərdir. Belə olan halda iddianın təmin etmə tədbiri institutu tələblərinin hazırkı ərizəyə tətbiq edilməsi yolverilməzdir.” Qeyd olunan qərardaddan görünür ki, həmin məhkəmə aktında hazırkı iddianı təminetmə tədbiri tətbiq edilməzsə, bunun hansı nəticələrə gətirib çıxara biləcəyi, xüsusən də, şikayətdə istinad olunan müəssisələrin istehsal fəaliyyətinin dayandırılmasına səbəb olub-olmayacağı müzakirə edilməmiş və xxxxi qiymət verilməmişdir. Digər tərəfdən, MPM-in 164-cü maddəsinə görə, əgər hazırkı iş üzrə iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilərsə, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Bu mənada məhkəmə kollegiyası şikayətlə qərardadın ləğvi hissədə qismən razılaşır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda xxxxi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual xxxx normalarının pozulması ilə qəbul edilmişdir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş həmin məhkəməyə göndərilməli, şikayət qismən təmin olunmalıdır (MPM-in 398.0.2-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2296/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş həmin məhkəməyə göndərilsin. İddiaçılar “xxxx” MMC və “X5 Stansiyası” MMC-nin şikayəti qismən edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar