Məhkəmə qərarları › İş №2-2(103)-629/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-629/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-629/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "Cavabdeh” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı "İddiaçı" MMC-nin cavabdeh "Cavabdeh” MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1201/2021 saylı 07 may 2021-ci il tarixli iddianı təmin etmə tədbiri barədə qərardadından (hakim Aytən Əliyeva) hər iki tərəfin şikayəti əsasında işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC cavabdeh "Cavabdeh” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh MMC-dən ******* manat əsas borc, Mülki Məcəllənin 449.1ci maddəsinə əsasən 244705,15 AZN cərimə, həmçinin öncədən sifariş verilmiş, ancaq cavabdeh tərəfindən qəbul edilməmiş hazır məhsula görə 2 135 917, 36 (ƏDV daxil) AZN, cəmi 3.518.153,51 AZN borcun və 30 AZN dövlət rüsumunun bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müqavilə üzrə 20 000 manatın alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 07.05.2021-ci il tarixdə iddianı təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi həcmində cavabdehin əmlaklarına (daşınar və daşınmaz əmlak, o cümlədən əsas vəsaitləri, avadanlıqları, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə q., Sumqayıt şossesi 15) həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, e-2-2(113)-1201/2021 saylı qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, e-2-2(113)-1201/2021 saylı qərardadı ilə "Cavabdeh” MMC-nin əmlakı üzərinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla 1.137.531 manat məbləği həcmində həbs qoyulmuşdur. Həmin qərardaddan hər iki tərəf şikayət vermişdir. İddiaçı şikayətində Bakı Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, e-2- 2(113)-1201/2021 saylı qərardadının iddiaçının təmin etmə barədə ərizəsinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın təmin tədbiri barədə ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmini tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıdığı, iddia tələbində göstərilən məbləğə aid müvafiq sənədlər iş materiallarına əlavə edildiyindən, iddia məbləği küllü miqdarda olduğundan iddianın təmin tədbiri barədə ərizə tam təmin edilməlidir. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, e-2-2(113)- 1201/2021 saylı qərardadının ləğv edilməsini və iddiaçının iddianın təmin etmə tədbirinə dair ərizəsinin rədd olunması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdi. Cavabdehin şikayəti onunla əsaslandırılmışdır kiL birinci instansiya məhkəməsi iddiaçının iddianın təmin etmə tədbirinə dair ərizəsini təmin edərkən qanunvericiliyin tələblərini pozaraq prosessual pozuntuya yol vermiş və hazırkı iş üzrə hələ yekun məhkəmə qərarı və bununla bağlı icra sənədi mövcud olmadığı halda, “İcra haqqında” Qanunun 58-ci maddəsinin müddəalarına istinad etmişdir. Bundan əlavə qanunvericiliyin tələblərinə əsasən iddianın təmin etmə tədbirinə dair ərizə kifayət qədər əsaslandırılmalı və ərizədə göstərilən halları təsdiq edən sübutlar ərizəyə əlavə olunmalıdır. Lakin iş materiallarından da göründüyü kimi iddiaçı ərizəsində cavabdehin əmlakları (daşınar və daşınmaz əmlak, o cümlədən əsas vəsaitlərin, avadanlıqların) üzərinə iddia məbləği həcmində həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etsə də ərizəyə cavabdehin daşınar və daşınmaz əmlakları, əsas vəsaitləri və avadanlıqları ilə bağlı kifayət qədər sübutlar əlavə etməmişdir. Məhkəmə isə bu hallara qərardadında heç bir münasibət bildirməmiş, cavabdehə məxsus əmlakların mövcud olub-olmaması ilə bağlı araşdırma aparmalı olduğu halda qanunverciliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməkdən yayınmaq üçün yalnız “İcra haqqında” Qanunun qeyd olunan 58-ci maddəsinin müddəalarına istinad etməklə kifayətlənmişdir. Bu hal isə yuxarıda da qeyd etdiyim kimi prosessual hüquq normalarına uyğun hesab oluna bilməz. Həmçinin məhkəmənin nəzərinə çatdırıram ki, hazırki iş üzrə bundan əvvəl də iddiaçı təxminən eyni məzmunlu iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.02.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş və Cavabdeh MMC-nin bank hesablarına iddia tələbi həcmində həbs qoyulmuş, pul vəsaiti yetərli olmadıqda cavabdehin əmlaklarına “İcra haqqında” qanunun 58.1-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla iddia tələbi həcmində həbs qoyulması qərara alınmışdır. Məhkəmə həmin qərardadı da hazırda mübahisələndirilən qərardadla eyni formada əsaslandırmışdır. Həmin qərardaddan da cavabdeh tərəfindən şikayət verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 11.03.2021-ci il tarixli 2-2(103)-374/2021 saylı qərardadı ilə şikayət təmin olunaraq Bakı Kommersiya Məhkəməsinin 03.02.2021-ci il tarixli qərardadı əsassız olduğu üçün ləğv edilmişdir. Göründüyü kimi hazırda mübahisələndirilən qərardadla da Məhkəmə “İcra haqqında” qanunun 58.1.1-ci maddəsinə istinad etməklə (birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak) təkrarən cavabdehin bank hesabları üzərinə həbs qoymuş olur. Halbuki iddiaçının iddianın təmin etmə tədbirinə dair ərizəsində belə bir tələbi olmamışdır. Belə olan halda isə məhkəmə tələbdən kənara çıxmışdır. Yuxarıda qeyd olunan hallar mübahisələndirilən qərardadın əsassız olduğunu sübut edir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1201/2021 saylı, 16 may 2021-ci il tarixli və 19.05.2021-ci il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə oğlu tərəflərindən verilmiş şikayəti müdafiə edərək təmin edilməsini, qarşı tərəfin şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 tərəflərindən verilmiş şikayəti müdafiə edərək təmin edilməsini, qarşı tərəfin şikayətinə etiraz edərək göstərmişdir ki, cavabdeh şirkət dövriyyəsi və illik gəliri yüksək olan müəssisə olduğundan iddia təmin ediləcəyi təqdirdə qətnamənin icrasını təmin etmək üçün kifayət qədər vəsaiti vardır. Buna görə də iş üzrə iddianı təmin etmə tədbiri görülməsinə hər hansı zərurət yoxdur. Cavabdeh bu barədə sənədlərin elektron informasiya sisteminə yükləndiyini göstərərək qarşı iş üzrə görülmüş iddianı təmin etmə tədbirinin ləğv edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, şikayətləri iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçı və cavabdehin şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, e-2-2(113)-1201/2021 saylı qərardadı ləğv edilməli, iddiaçı "İddiaçı" MMC-nin iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İş üzrə tətbiq edilə bilən iddianı təmin etmə tədbirləri MPM-nin 158.1-ci maddəsində sadalanmışdır. Mülki Prosessual Məcəllənin 164-cü maddəsinə əsasən iddia rədd edildiyi təqdirdə cavabdehin iddianı təmin etmə tədbirinin tətbiqi nəticəsində ona dəymiş ziyanı iddiaçıdan tələb etmək hüququ olduğundan və iddiaçı bu halda iddianı təmin etmə tədbiri nəticəsində qarşı tərəfə vurduğu ziyana görə məsuliyyət daşıdığından iş üzrə hansı iddianı təmin etmə tədbirinin tətbiq edilməli olduğunu seçmək hüququ məhkəməyə deyil, iddiaçıya aiddir. Göstərilənlərə əsasən məhkəmə cavabdehin şikayətinin bu dəlili ilə razılaşır ki, iddiaçı öz ərizəsində yalnız iddia tələbi həcmində cavabdehin əmlaklarına (daşınar və daşınmaz əmlak, o cümlədən əsas vəsaitləri üzərinə həbs qoyulmasını xahiş etdiyi halda, məhkəmə ərizədəki tələbdən kənara çıxaraq öz təşəbbüsü ilə cavabdehin əmlakı üzərinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla 1.137.531 manat məbləği həcmində həbs qoyulması barədə qərardad qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçının əvvəlki iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi üzrə qəbul edilmiş 11.03.2021-ci il tarixli qərardadında da qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddianı təmin etmə tədbiri görülməsi barədə qərardad qəbul edərkən “İcra haqqında” Qanunun 58.1-ci maddəsinə istinad etməklə hüquq normasını tətbiq etməklə səhvə yol vermişdir. Belə ki, qeyd edilən norma icra sənədinin icrası ilə bağlı tələb borclu hüquqi şəxsin əmlakına yönəldildiyi hallarda üzərinə həbs qoyulması və onun satılmasının hansı növbəlilik üzrə həyata keçirilməli olduğunu tənzimləyir. İddianı təmin etmə tədbiri görülərək cavabdehin əmlakı üzərinə həbs qoyulması ardıcıllığı MPM-nin 158.1-ci maddəsində nəzərdə tutulmuşdur. Cavabdeh MMC-nin dövriyyəsinin və gəlirlərinin yüksək olması ilə əlaqədar iş üzrə iddianı təmin etmə tədbiri görülməsinə hər hansı zərurət olmadığına dair cavabdehin şikayət ərizəsinin dəlilləri məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, iddiaçıya olan əsas borc tələbi 1.000.000 manatdan yüksək olduğundan iddia təmin ediləcəyi təqdirdə iddiaçının hesablaşma hesablarındakı vəsait həmin məbləğin ödənilməsi üçün kifayət etməyə bilər. Buna görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək iddiaçının iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi qismən təmin edilərək cavabdehin yalnız iddiaçının ərizəsində qeyd etdiyi əmlakları üzərinə həbs qoyulması barədə yeni qərardad qəbul edilməlidir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, cavabdeh iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə 03.02.2021-ci il tarixli qərardaddan verdiyi şikayət ərizəsində iddianı təmin etmə tədbirinin növünün dəyişdirilərək işə mahiyyəti üzrə baxılanadək məhkəmə tərəfindən ona məxsus daşınar və daşınmaz əmlaklar, əsas vəsaitlər üzərinə həbs qoyulmasına etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, Şamaxı şosesi 15 ünvanında yerləşən daşınmaz əmlak (“Pepsi-Kola” zavodu) cavabdehin mülkiyyətindir. Cavabdehin mülkiyyətində olan üzərinə həbs qoyulmalı olan digər daşınmaz və daşınar əmlaklar, o cümlədən əsas vəsaitlər (bina, tikinti, qurğu, avadanlıq, nəqliyyat vasitələri və s) barədə isə qərardadın icrası mərhələsində icra məmuru tərəfindən müvafiq sorğular verilməklə məlumat əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində geniş tətbiq edilməklə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasında təsbit edilmiş hüquq və azadlıqların məhdudlaşdırılmasının hədlərinin müəyyən edilməsinin əsas meyarlarından biridir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizələrə baxılarkən məhkəmə tərəfindən yalnız iddiaçının deyil, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin təmin edilməli olduğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə kollegiyası hüquq və azadlıqlara müdaxilənin ağlabatan mütənasibliyi prinsipini nəzərə alaraq hesab edir ki, iddiaçının ərizəsi 1.137.531 manat əsas borcdan əlavə digər pul tələbləri həcmində cavabdehin əmlakı üzərinə həbs qoyulması hissəsində təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı və cavabdehin şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, e-2-2(113)-1201/2021 saylı qərardadı ləğv edilməli, iddiaçı "İddiaçı" MMC-nin iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi qismən təmin edilərək Cavabdeh MMC-nin daşınar və daşınmaz əmlakları, əsas vəsaitləri üzərinə ******* manat həddində istifadə və istismarına məhdudiyyət qoyulmadan həbs qoyulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı və cavabdehin şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 07 may 2021-ci il tarixli, e-2-2(113)-1201/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı "İddiaçı" MMC-nin iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi qismən təmin edilərək Cavabdeh MMC-nin daşınar və daşınmaz əmlakları, əsas vəsaitləri üzərinə ******* manat həddində istifadə və istismarına məhdudiyyət qoyulmadan həbs qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar