Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-63/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı1 QSC-nin nümayəndəsi Nümayəndə1, cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə cavabdehlər P.Əsgərov və Cavabdeh2 qarşı lizinq borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-612/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlərin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli 5xx/xx/2012 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 34.988,95 manat əsas borc, 1.682 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 36.700,95 manat pul vəsaitinin cavabdehlərdən birgə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdehlər ondan apellyasiya şikayətləri verərək, ləğv edilib, Cavabdeh2 iddianın ona aid hissədə, cavabdeh P.Əsgərov isə bütövlükdə rədd olunmasını xahiş etmişlər. Cavabdeh P.Əsgərovun apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı ilə onun arasında lizinq müqaviləsi bağlansa da (bu müqavilə və hətta 2015-ci il tarixdə həmin müqavilə uzadıldıqda belə), bildiyinə görə təxmini 2014-cü ilin aprel ayından avtomobilin istifadəsindən qazanc əldə olunmadığına görə lizinq ödənişləri üzrə gecikmələr yaranmışdır. O, heç bir zaman həmin avtomobili şəxsən idarə etməmiş və onun adına da iddiaçı tərəfindən heç bir zaman etibarnamə verilməmişdir. Hətta onun yük avtomobili üçün nəzərdə tutulmuş sürücülük kateqoriyası da olmamışdır. Amma buna baxmayaraq lizinq müqaviləsində sublizinq hüququ da nəzərdə tutulmamışdır. Beləliklə, 2012-ci ildən 2014-cü illər ərzində həmin avtomobil müxtəlif şəxslər tərəfindən idarə olunurdu və təbii ki, həmin şəxslərin adlarına da etibarnamələr verilmişdir. Nəticədə, 2014-cü ilin sonuna qədər ödəmələrdə bir qədər gecikmələr yaranmış və bununla bağlı da lizinq haqlarının ödənilməsi mümkün olmamışdır. Bununla əlaqədar müqavilənin vaxtından əvvəl xitam verilməsi haqqında tərəfindən həm şifahi, həm yazılı müraciət iddiaçıya olunsa da, o, bunları nəzərə almamışdır. Əksinə, iddiaçı onu məcbur etmişdir ki, lizinq müqaviləsinin müddətini 2015-ci ildən etibarən daha 3 il müddətinə uzatsın. 2012-ci ildə ilk lizinq müqaviləsi bağlandıqda əmlakın dəyəri ümumlikdə 55.000 manat təşkil etmiş və 41.250 manat iddiaçı tərəfindən, qalan 13.750 manat pul isə onun tərəfimdən ödənilmişdir. Beləliklə, faktiki olaraq lizinq obyekti olan avtomobil onların iddiaçı ilə birgə iştirakı ilə alınmış və hər biri bu avtomobilin alınması üçün pul xərcləmişdir. Ancaq buna baxmayaraq, iddiaçı avtomobillə bağlı tək olan mülkiyyətçi kimi davranmışdır. Halbuki, o, lizinq şirkəti ilə birgə bu avtomobili əldə etmişdir. Daha sonra, bu əlavə imzalanaraq artıq 2014-cü ildən etibarən avtomobil iddiaçı tərəfindən ondan məcburi alınmış və özünün müvəqqəti saxlanc yerində saxlanılmışdır. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə görə, daxili maliyyə lizinqi müqaviləsində nəzərdə tutulan öhdəlikərin 3 il müddətə götürüldüyünü nəzərə alaraq, o da onlarla üçtərəfli qaydada xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsini bağlayaraq zamin qismində iştirak etmişdir. Lakin 3 il müddəti bitməmiş lizinq alan və lizinq verən arasında müəyyənləşdirilmiş müddət onun xəbəri olmadan dəyişdirilmiş və zamin çıxdığı öhdəliklər əsaslı şəkildə dəyişdirilərək ona məlumat verilməmiş və ən əsası da odur ki, onun razılığı olmadan lizinq müqaviləsinə dəyişiklik olunmuşdur. Zaminlik müqaviləsi 3 illik müddətə bağlanmış və o da təbii ki, bu müddətə və icra olunmalı olan öhdəliklərə dair zaminlik öhdəliklərini üzərinə götürmüşdür. Amma buna baxmayaraq onun xəbəri olmadan lizinq müqaviləsinin əsas şərtləri dəyişdirilmiş və onun məsuliyyət həddi də xəbəri olmadan öz aralarında dəyişdirilmişdir. Halbuki, o, tərəf olaraq bundan vaxtında məlumatlı olmalı idi. Hesab edir ki, onun zaminlik öhdəliyinə avtomatik olaraq xitam verilibdir. Çünki o, zaminlik öhdəliyini özü üçün müəyyənləşdirdiyi həddə götürmüşdü. Bu hədd də tərəflər arasında dəyişdirilmiş və o, bu haqda nə məlumatlandırılmış, nə də ki, bu sənədi imza etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh P.Əsgərovun vəkili və nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayətləri qəbul etməyib, rədd olunmalarını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, iddiaçının hüquqi varisi olduğu lizinq verən “X6” QSC ilə lizinq alan P.Əsgərov arasında bağlanmış xx.xx.2012-ci il tarixli 5xx/xx/2012 nömrəli Daxili maliyyə lizinqi müqaviləsi ilə 1 ədəd SHACMAN SX3315DT406 markalı yük avtomobili sonuncuya 36 ay müddətə lizinqə verilmiş, xx.xx.2012-ci il tarixli təhvil-təslim aktı ilə həmin avadanlıq tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğun formada cavabdeh P.Əsgərova təhvil verilmiş, xx.xx.2012-ci il tarixli 509 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 lizinq alan P.Əsgərovun xx.xx.2012-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəlikləri ilə bağlı zamin olması barədə öhdəlik götürmüşdür. xx.xx.2012-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ödəniş cədvəli xx.xx.2015ci il tarixdə iddiaçı və cavabdeh P.Əsgərov tərəfindən restrukturizasiya edilmiş, həmin tarixdən 36 ay müddətə yeni ödəniş cədvəli təsdiq olunmuşdur. xx.xx.2012-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə tərtib edilmiş xx.xx.2020ci il tarixli maliyyə arayışına görə, cavabdeh P.Əsgərovun əsas borcu 34.988,95 manat, faiz borcu 1.682 manat təşkil edir. İddiaçı və X4 Edilməsi Agentliyi tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli akta əsasən P.Əsgərova lizinqə verilmiş 1 ədəd SHACMAN SX3315DT406 markalı yük avtomobili yararlı vəziyyətdə Binəqədi anbarında saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/552 nömrəli rəyinə əsasən, P.Əsgərovun “X6” QSC-yə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı məlumatları, xx.xx.2012-ci il tarixli 5xx/xx/2012 nömrəli daxili maliyyə lizinq müqaviləsinin və xx.xx.2015-ci İl tarixli restrukturizasiyası olmuş yeni ödəniş cədvəlinin şərtləri nəzərə alınmaqla P.Əsgərovun xx.xx.2016-cı il tarixə (sualda göstərilən tarix) “X6” QSC-yə olan əsas və mükafat borcu 18.184,00 manat məbləğdə müəyyən edilir, o cümlədən xx.xx.2016-cı il tarixə əsas borc 12.827 manat, mükafat borcu üzrə 5.357 manat. “Lizinq mühüm iqtisadi-hüquqi hadisə olub, iqtisadiyyata investisiya qoyma forması, istehsalı maliyyələşdirmə üsuludur. Lizinq dünya kommersiya təcrübəsinə bəlli olan elə bir vasitədir ki, onun köməyi ilə sahibkar sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan yeni əmlakı müvəqqəti istifadə üçün əldə edir, istifadə müddəti başa çatdıqda isə o, həmin əmlakı ya sahibinə qaytarır, ya istifadə müddətini uzadır, ya da mülkiyyət hüququ ilə əldə edir. Nə alqı-satqı, nə icarə, nə də kredit müqavilələrinin bu kimi kompleks məsələni ayrı-ayrılıqda həll etmək qabiliyyəti və imkanı vardır. Odur ki, lizinq, qeyd olunan müqavilələrin hər biri ilə müqayisədə əlverişli, sərfəli və münasib vasitədir. Bu səbəbdən, lizinqdən istifadə edilməsi böyük üstünlüyə malikdir. Belə ki, istehsalı təşkil etmək və ya istehsalı yenidən qurmaq üçün az olmayan məbləğdə investisiya lazımdır. Əgər sahibkar lizinq vasitəsi ilə avadanlıq əldə edirsə, onda investisiyaya ehtiyac qalmır. Lizinqin üstünlüyü də məhz bundan ibarətdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərardadı, 12-ci bənd). “Hüquq ədəbiyyatında lizinqin əsasən 2 növü fərqləndirilir: 1) əməliyyat (operativ) lizinqi; 2) maliyyə lizinqi. Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. ... Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarı). Lizinq münasibətləri Mülki Məcəllənin XXXVİİİ fəsli ilə tənzimlənir və həmin Məcəllənin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı verilmişdir. Adıçəkilən normaya əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin: Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Maddə 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun vəziyyətdə ona təhvil verilən lizinq obyekti əmlakdan istifadəyə görə müqavilə ilə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, 2015-ci ilin dekabr ayından etibarən heç bir ödəniş etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh P.Əsgərov müqavilə üzrə iddiaçıya xx.xx.2016-cı il tarixə olan cəmi 18.184,00 manat məbləğdə borcunu ödəməlidir. Belə ki, lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Bu baxımdan, maliyyə lizinqi müqaviləsində müəyyən edilmiş lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə görə haqq və lizinq verənin mükafatı ilə yanaşı, lizinq obyekti olan əmlakın dəyəri də daxil edilir. Hazırkı işdə lizinq obyekti lizinq alanın öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixdə lizinq verənə qaytarıldığından, lizinq alan lizinq obyektindən qalan lizinq müddəti ərzində istifadə edə bilməmiş, eləcə də, lizinq obyekti lizinq verənin mülkiyyətində qalmışdır. İddiaçı isə öz iddiasında lizinq obyektinin qeyd olunan tarixdən də sonrakı lizinq müddəti üçün hesablanmış lizinq ödənişlərinə görə borcun ödənilməsinə dair tələb irəli sürmüşdür. Başqa sözlə, iddianın tam təmin edilməsi iddiaçının lizinq müqaviləsi üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə artıq gəlir etməsinə, bununla da əsassız varlanmasına səbəb olardı. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı yalnız lizinq alanın lizinq obyektindən faktiki istifadə etdiyi müddət üçün hesablanmış lizinq ödənişlərinin ödənilməsini tələb etməkdə haqlıdır, iş üzrə keçirilmiş ekspert rəyi ilə bu məbləğ müəyyən edilmişdir. Bu mənada məhkəmə kollegiyası cavabdeh P.Əsgərovun apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, 2015-ci ildə ödəniş cədvəlinin restrukturizasiya edilməsi ilə razılaşan cavabdeh, irəli sürdüyü kimi, avtomibilin bundan əvvəlki tarixlərdə müxtəlif şəxslər tərəfindən idarə olunmasından məlumatlı olduğunu və buna etiraz etmədiyini bir daha təsdiq etmişdir. Şikayətin müqavilənin vaxtından əvvəl xitam verilməsi haqqında cavabdeh tərəfindən iddiaçıya şifahi və yazılı müraciət edilməsi də hər hansı mötəbər sübutla təsdiqini tapmır. 2014-cü ildə avtomobilin iddiaçı tərəfindən məcburi alınması barədə də cavabdeh heç bir sübut təqdim etməmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini isə məhkəmə kollegiyası əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin: Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.” Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda əks olunan hüquqi mövqelərinə görə, “Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. ... Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır.” İşdən görünür ki, xx.xx.2012-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ödəniş cədvəli xx.xx.2015-ci il tarixdə iddiaçı və cavabdeh P.Əsgərov tərəfindən restrukturizasiya edilmiş, bununla da müqavilənin müddəti daha üç ilə artırılmışdır, Cavabdeh2 zamin kimi bu barədə məlumatlandırılması iş materialları ilə təsdiq olunmur, iddiaçı faktı təkzib etmir. Bu da özlüyündə Cavabdeh2 xx.xx.2012-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliklərə görə zaminliyinə xitam verilmişdir deməkdir. MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia cavabdeh P.Əsgərova münasibətdə müzakirə olunan qaydada qismən təmin edilməli, Cavabdeh2 qarşı rədd edilməli, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-612/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia cavabdeh X3 münasibətdə qismən təmin edilsin. 18.184 (on səkkiz min yüz səksən dörd) manat məbləğdə lizinq borcu cavabdeh X1 tutularaq İddiaçı1 QSC-yə ödənilsin. İddia Cavabdeh2 aid hissədə təmin edilməsin. Cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-63/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-63/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver